Məhkəmə qərarları › İş №2-1(3-10)-89/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-89/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-89/2026 30.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli *-*(***)-****/**** saylı qərarının tam icra olunmamış, belə ki, ##.##.2021-ci il tarixdən pensiyanın azaldılmış 10 man 46 qəp pul məbləğinin iddiaçının razılığı olmadan, həmçinin məhkəmə qərarı olmadan azaldılmış 10 manat 46 qəpik pul məbləğinin pensiyanın üzərinə əlavə edilməsi və pensiyaya əlavə olunan ayadək hesablanıb geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolu ilə ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. O, ##.##.2013-cü il tarixinə kimi əmək fəaliyyətini davam etdirmişdir. Bu barədə DSMF-nin Mingəçevir şəhər şöbəsinə işdən azad olduğunu bildirmiş, yığılan sosial sığorta kapitalının hesablanıb pensiyasına əlavə olunmasını xahiş etmişdir. İddiaçının müraciətinə baxılaraq ##.##.2006-cı ildən ##.##.2013-cü ilədək yığılan sosial sığorta kapitalını hesablayıb, 2013-cü ilin may ayında pensiyasının üzərinə 42,19 AZN əlavə olunmuşdur. Bundan sonra pensiyanın hesablanmasında iddiaçıda şübhə yaratdığı üçün 2018-ci ilin sonunda DSMF-nin Mingəçevir şəhər şöbəsinə yenidən müraciət etmiş, ##.##.2019cu il tarixli **/*** nömrəli cavab məktubunda ##.##.2007-ci ildən ##.##.2013-cü il tarixə kimi pensiya kapitalının 4038 man 60 qəp olduğu bildirilmiş və ##.##.2013-cü il tarixdə yenidən hesablama zamanı əskik hesablanmış 630 manat pul məbləği pensiyasına əlavə olunmuşdur. Bundan sonra ## ###### 2021-ci il tarixli ********** saylı cavab məktubundan məlum olmuşdur ki, Mingəçevir şəhər şöbəsi tərəfindən düzgün hesablanmamış və bu səbəbdən iddiaçıya keçmiş dövr ərzində 639 manat 05 qəpik artıq pensiya məbləği ödənilmişdir. Bunu əsas gətirərək iddiaçının pensiyasının məbləği 392 manat 4 qəpikdən 381 manat 24 qəpiyə azaldılmışdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçıya Fondun Mingəçevir şəhər şöbəsi tərəfindən ## #### 2007-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun qaydada Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. - Araşdırma zamanı iddiaçının ##.##.2013-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə Mingəçevir şəhər şöbəsi tərəfindən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 3468,96 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (144 ay - 72 ay (pensiyaçı kimi işlədiyi ayların miqdarı) aya bölünməklə (3468,96/72=48,18 manat) əmək pensiyasının (168,71 manat) üzərinə əlavə edilərək 216,89 (48,18+168,71) manat (##.##.2021-ci il tarixədək indeksləşdirilməklə 381,94 manat ona ödənilməli olduğu halda, səhvən 4096,08 manat müəyyən edilmiş sığorta kapitalı 72 aya bölünərək (4096,08/72=56,89 manat) vaxtilə səhv hesablanmış əmək pensiyasının (166,09 manat) üzərinə əlavə edilməklə (56,69+166,09=222,98 manat (##.##.2021-ci il tarixə indeksləşdirilməklə 392,40 manat)) ##.##.2021-ci il tarixədək ona ödənildiyi müəyyən olmuşdur. - Bununla belə Şəki İnzibati Məhkəməsinin 2-1 (***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı ilə Mərkəzi Filialın ##.##.2022-ci il tarixli *********** nömrəli qərarının ləğv olunması qərara alınmışdır. Sözügedən qərar tam olaraq icra edilmiş və 2023-cü ilin mart ayından etibarən iddiaçının əmək pensiyasından aparılan tutulma dayandırılmışdır.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının həmin qərardan əvvəlki pensiya məbləğinin azaldılma əsası aradan qaldırılaraq pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıya ##.##.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 6 ildən çox işlədikdən sonra müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. - Cavabdeh tərəfindən əmək pensiyası yenidən hesablanarkən yığılan pensiya kapitalı məbləği 96-ya bölünməklə hesablanmışdır. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi və pensiyanın əvvəlki qaydada ödənilməsinə (bərpasına) nail olmaqdır. - Şəki İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli *********** nömrəli qərarı ləğv edilmişdir. Həmin Qərar əslində hazırda mübahisələndirilən qərara əsasən aparılan əsassız tutulmanının dayandırılmasına yönəlmişdir. - Şəki İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarına əsasən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması” haqqında ## ###### 2022-ci il tarixli *********** nömrəli qərarına əsasən iddiaçının pensiyasından tutulmuş vəsaitin İddiaçı geri qaytarılması öhdəliyi qoyulmuşdur. Həmin Qərar isə hazırda mübahisələndirilən qərara əsasən aparılan əsassız tutulmanının geri qaytarılmasına yönəlmişdir. - Yuxarıda göstərilən qərarlar əsasında iddiaçı müvafiq tutulmanın dayandırılmasına və həmin qərara əsasən aparılan əsassız tutulmanın geri qaytarılmasına nail olsa da, qərar əsasında pensiyanın yenidən hesablanması nəticəsinə pensiya məbləğinin əsassız azaldılmasına nail olmamışdır. Həmin hissə mübahisə predmeti olmamışdır. - Hazırda həmin qərar əsasında iddiaçının pensiya məbləği azaldıldığından və qərar əsassız olduğundan ləğv edilməli, onun yaratmış olduğu nəticənin aradan qaldırılması cavabdehə həvalə edilməlidir.

7. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti iddia tələbinə etiraz ərizəsinin dəlilləri təkrarlanmaqla məzmunca eynilik təşkil etmişdir.

9. Cavabdeh orqanın apellyasiya şikayətinə əlavəsi onunla əsaslandırılmışdır ki, iddiaçı özünün izahatında bildirmişdir ki, onun hüquqi marağı ##.##.2021-ci il tarixli *********** nömrəli inzibati aktın ləğv edilməsi və həmin inzibati aktın hüquqi nəticələrinin aradan qaldırılmasıdır. - Bununla bağlı qeyd edək ki, inzibati aktın tam və ya hissəvi ləğvi iddianın mübahisələndirmə haqqında iddia növü ilə bağlıdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçının inzibati aktı mübahisələndirməsi üçün nəzərdə tutulmuş müddətin ötürülübötürülməməsinin də araşdırılması zəruri hallardan biridir. - İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia dedikdə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının izahatından da aydın olduğu kimi iddia növü mübahisələndirmə haqqında iddiadır, yəni inzibati aktın ləğvi məhkəmədən xahiş edilmişdir. Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - İşin faktiki hallarından göründüyü kimi, iddiaçının pensiya məbləğinin azaldılması ilə əlaqədar inzibati akt ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. Bununla bağlı iddiaçıya ##.##.2021-ci il tarixli *********** nömrəli və ##.##.2021-ci il tarixli *********** nömrəli məktublar ünvanlanmışdır. Qeyd edilənlər əsasında iddiaçı barəsində ##.##.2022-ci il tarixli *********** nömrəli qərar əsasında artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə qərar çıxarılmış İddiaçı ##.##.2013-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində 639,05 manat artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması tələb edilmişdir. - İddiaçı sözügedən inzibati aktı Şəki İnzibati Məhkəməsində (2-1(116)-1651/2022) mübahisələndirmiş, qeyd edilən xüsusatlar müvafiq nömrəli məhkəmə qərarında öz əksini tapmaqla iddia tələbi təmin edilməklə ##.##.2022-ci il tarixli *********** nömrəli qərar ləğv edilmişdir. - Daha sonra, iddiaçı yaşa görə əmək pensiyasından icra edilmiş tutulmaların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. - Qeyd edək ki, əvvəlki inzibati iş üzrə mübahisələndirilən inzibati akt məhkəməyə və elektron məhkəmə sisteminə əlavə edilmiş və həmin sənədlə iddiaçı tanış olmuşdur. Həmin inzibati aktla tanış olan iddiaçı hərəkətsizlik göstərmiş və inzibati aktı mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən analoji situasiyaya münasibət bildirilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; -(##.##.2022-ci ilədək olan redaksiyası) 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (## ### 2022-ci il tarixli 530 VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır). Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Qanunun keçid müddəaları : 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.3. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli qərarı. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Kollegiya bildirir ki, cavabdeh orqan, mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili kimi, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin düzgün tətbiq edildiyini, pensiyanın hesablanması zamanı yol verilmiş hesab səhvinin sonradan "İnzibati icraat haqqında" Qanunun 63.1-ci maddəsinə uyğun olaraq aradan qaldırıldığını, əks yanaşmanın dövlət büdcəsinə əlavə maliyyə yükü yaradacağını və pensiya sistemində ədalət prinsipinin pozulmasına səbəb olacağını göstərmişdir.

26. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır.

27. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya ##.##.2021-ci il tarixli qərar əsasında əmək pensiyası yenidən hesablanmış, nəticədə onun pensiyasının məbləği azaldılmış, sonradan isə həmin qərara əsaslanmaqla ##.##.2022-ci il tarixli "Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında" inzibati akt qəbul edilmiş və iddiaçının pensiyasından tutulmalar aparılmışdır.

28. Göründüyü kimi, cavabdehin ##.##.2022-ci il tarixli qərarı müstəqil hüquqi nəticə doğuran inzibati akt olmayıb, bilavasitə ##.##.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında inzibati aktdan irəli gələn nəticələrin icrasına xidmət etmişdir. Başqa sözlə, artıq ödənildiyi iddia olunan pensiya məbləğinin mövcudluğu yalnız ##.##.2021-ci il tarixli qərarın hüquqi qüvvəsinə əsaslanmışdır.

29. Kollegiya qeyd edir ki, Şəki İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə cavabdehin ##.##.2022-ci il tarixli *********** nömrəli "Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında" qərarı ləğv edilmişdir. Həmin qərarın hüquqi mahiyyəti iddiaçının pensiyasından aparılan tutulmaların dayandırılmasına yönəlmişdir.

30. Bundan başqa, Şəki İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehin üzərinə həmin ləğv edilmiş-## ###### 2022-ci il tarixli *********** nömrəli inzibati akt əsasında iddiaçının pensiyasından tutulmuş vəsaitin geri qaytarılması öhdəliyi qoyulmuşdur. Beləliklə, həmin məhkəmə qərarı vasitəsilə artıq aparılmış tutulmaların nəticələri də aradan qaldırılmışdır.

31. Beləliklə, əvvəlki məhkəmə qərarları nəticəsində iddiaçı yalnız ##.##.2021-ci il tarixli qərardan irəli gələn iki hüquqi nəticənin - pensiyadan tutulmaların dayandırılmasına və tutulmuş məbləğin geri qaytarılmasına nail olmuşdur.

32. Lakin həmin işlərdə əmək pensiyasının yenidən hesablanmasının qanuniliyi və bunun nəticəsində pensiya məbləğinin azaldılması məsələsi mübahisə predmeti olmamış, məhkəmələr tərəfindən qiymətləndirilməmişdir. Bu səbəbdən də ##.##.2021-ci il tarixli qərarın hüquqi qüvvəsi formal olaraq qüvvədə qalmış və iddiaçının pensiyasının azaldılmış məbləğdə ödənilməsi davam etmişdir.

33. Kollegiya hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsində hüquqi marağı da məhz həmin davam edən hüquqi nəticənin aradan qaldırılmasına yönəlmişdir.

34. Belə ki, artıq ödənilmə barədə qərarın və həmin qərara əsasən aparılmış tutulmaların qanunsuz hesab edilərək məhkəmə tərəfindən ləğv olunması əslində həmin tutulmaların hüquqi əsasını təşkil edən ilkin inzibati aktın da qanuniliyinin ayrıca məhkəmə nəzarəti qaydasında yoxlanılmasını zəruri edir. Əks yanaşma qəbul edildiyi halda, artıq ödənilmə barədə qərarın ləğv edilməsinə baxmayaraq, həmin qərarın əsasını təşkil edən inzibati akt qüvvədə qalacaq və iddiaçının pensiyası azaldılmış məbləğdə ödənilməyə davam edəcəkdir ki, bu da hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz.

35. Kollegiya, cavabdehin apellyasiya şikayətində göstərdiyi “hesab səhvinin aradan qaldırılması” barədə dəlilini də əsaslı hesab etmir.

36. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi inzibati aktlarda mövcud olan yazı və hesab səhvlərinin düzəldilməsi imkanını nəzərdə tutur. Lakin həmin norma inzibati orqana maraqlı şəxsin hüquqi vəziyyətini pisləşdirən yeni hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək, yaxud şəxsin artıq əldə etdiyi hüquqları birtərəfli qaydada məhdudlaşdırmaq səlahiyyəti vermir.

37. Cavabdeh orqanın apellyasiya şikayətinə əlavəsinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının pensiya məbləğinin azaldılması ilə əlaqədar inzibati akt ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. Bununla bağlı iddiaçıya ##.##.2021-ci il tarixli *********** nömrəli və ##.##.2021-ci il tarixli *********** nömrəli məktublar ünvanlanmışdır. Qeyd edilənlər əsasında iddiaçı barəsində ##.##.2022-ci il tarixli *********** nömrəli qərar əsasında artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə qərar çıxarılmış, iddiaçı bunu mübahisələndirmiş, iddia tələbi təmin edilməklə ##.##.2022-ci il tarixli *********** nömrəli qərar ləğv edilmiş, daha sonra, iddiaçı yaşa görə əmək pensiyasından icra edilmiş tutulmaların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Əvvəlki inzibati iş üzrə mübahisələndirilən inzibati akt məhkəməyə və elektron məhkəmə sisteminə əlavə edilmiş və həmin sənədlə iddiaçı tanış olmuşdur. Həmin inzibati aktla tanış olan iddiaçı hərəkətsizlik göstərmiş və inzibati aktı mübahisələndirmək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür.

38. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli, obyektiv və ədalətli araşdırılmasının təmin edilməsi məqsədilə, ##.##.2021-ci il tarixli inzibati aktla əlaqədar inzibati icraatın aparılması zamanı iddiaçının dinlənilmə hüququnun təmin edilib-edilməməsi, iddiaçının qərarın qəbul edilməsi barədə məlumatlı olub-olmaması, qəbul edilmiş inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim edilib-edilməməsi barədə məlumatların, eyni zamanda qərarın qəbul edilməsi zamanı toplanmış inzibati icraat materiallarının əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ##.##.2025-ci il tarixli sorğu göndərilmişdir.

39. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sorğuya cavab məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ##.##.2021-ci il tarixli inzibati akt iddiaçıya təqdim edilməmiş, onun qəbul olunması barədə iddiaçıya rəsmi məlumat verilməmiş, habelə inzibati icraat zamanı iddiaçının dinlənilmə hüququnun təmin edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən ancaq iddiaçıya ##.##.2021-ci il tarixli *********** nömrəli və ##.##.2021-ci il tarixli *********** nömrəli məktublar ünvanlanmışdır. Həmin məktublarda isə iddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2021-ci il tarixli qərarın qəbul edilməklə əmək pensiyasının azaldılması barədə məlumat verilməmiş, həmin qərar ona təqdim edilməmişdir. Cavabdeh orqanın qeyd etdiyi məktublara münasibətdə (qarşılıq olaraq) isə iddiaçı tərəfindən onun pensiyasından tutulmuş vəsaitlərin geri qaytarılması məhkəmə qaydasında cavabdehdən tələb edilmiş, onun tələbi də məhkəmə tərəfindən təmin edilmişdir.

40. Belə olan halda, iddiaçının həmin inzibati aktdan xəbərdar olmaması və nəticə etibarilə onu əvvəlki dövrdə məhkəmə qaydasında mübahisələndirməməsi onun hüquqlarından imtina etməsi və ya prosessual passivliyi kimi qiymətləndirilə bilməz. Əksinə, bu hal inzibati orqanın qanunla üzərinə düşən prosessual vəzifələri yerinə yetirməməsinin nəticəsi olmuşdur.

41. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

42. Cavabdeh orqan isə iddiaçının qeyd edilən qərardan məlumatı olduğunu bildirir. Lakin inzibati aktın iddiaçıya təqdim olunması faktını sübut etmə vəzifəsi cavabdeh orqanın üzərinə düşsə də, cavabdeh bunu mötəbər sübutlarla təsdiq edə bilmir. Belə ki, maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq rəsmi məlumat verilmə anı kimi inzibati aktın çatdığı an hesab olunur. Hər hansı bir inzibati aktın təqdim edilməsi barəsində mübahisə mövcuddursa, onda rəsmi məlumat verilmənin sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan isə İnzibati İcraat haqqında qanuna əsasən yol verilən bütün sübut vasitələri ilə sübutetməni həyata keçirə bilər.

44. Məhkəmə kollegiyası qənaətinə görə, mübahisələndirmə haqqında iddia, həmin inzibati aktın iddiaçıya İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməmiş, yalnız iddiaçının həmin inzibati aktdan məlumatlı olduğuna istinad etmişdir.

45. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinə əlavəsində göstərdiyi xüsusatlar iddiaçıya müvafiq inzibati aktın rəsmi qaydada təqdim edilməsi sayıla bilməz.

46. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar, əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə qərarları, habelə ##.##.2021-ci il tarixli inzibati aktın qəbul edilməsi zamanı inzibati icraat qaydalarının pozulması birlikdə qiymətləndirildikdə, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2021-ci il tarixli qərarının hüquqi əsaslarının mövcud olmadığı qənaətinə gəlinir.

47. Göründüyü kimi, iş üzrə müəyyən edilmiş hallar və məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2021-ci il tarixli inzibati akt qəbul edilərkən iddiaçının inzibati icraatda iştirak etmək, öz mövqeyini bildirmək və dinlənilmək hüququ təmin edilməmiş, həmin inzibati aktın qəbul edilməsi barədə iddiaçı lazımi qaydada məlumatlandırılmamış və qəbul olunmuş qərar ona təqdim edilməmişdir. Bununla yanaşı, həmin inzibati akt əsasında qəbul edilmiş ##.##.2022-ci il tarixli "Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında" qərarın və həmin qərara əsasən aparılmış tutulmaların məhkəmə qaydasında əsassız hesab edilərək ləğv olunması da göstərir ki, ##.##.2021-ci il tarixli inzibati akt iddiaçının hüquqi vəziyyətinə mənfi təsir göstərən nəticələr yaratmışdır.

48. Beləliklə, əvvəlki məhkəmə qərarları ilə yalnız ##.##.2021-ci il tarixli inzibati aktın icrası nəticəsində yaranmış artıq ödəniş və tutulmalarla bağlı hüquqi nəticələr aradan qaldırılmış, lakin həmin inzibati aktın özü qüvvədə saxlanıldığından iddiaçının əmək pensiyasının azaldılmış məbləğdə hesablanması davam etmişdir. Halbuki, hüquqi müəyyənlik və pozulmuş hüquqların tam bərpası prinsipləri baxımından şəxsin hüquq və qanuni mənafelərinə mənfi təsir göstərən, qəbul edilməsi zamanı inzibati icraat tələblərinə riayət olunmayan inzibati aktın qüvvədə saxlanılması mümkün hesab edilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin ##.##.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında inzibati aktı həm həmin aktın qəbul edilməsi zamanı inzibati icraat qaydalarının pozulması, həm də həmin akt əsasında yaranmış hüquqi nəticələrin sonradan məhkəmə qərarları ilə əsassız hesab edilməsi baxımından qanuni və əsaslı hesab edilə bilməz.

50. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ##.##.2021-ci il tarixli inzibati aktının ləğv edilməsi və həmin aktın yaratdığı hüquqi nəticələrin aradan qaldırılmasının cavabdehin üzərinə qoyulması barədə gəlinmiş nəticə qanuni və əsaslı olmuşdur.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunsuz olmuş və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

53. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar