Məhkəmə qərarları › İş №2-1(3-6)-1020/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1020/2026

28.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1020/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "cavabdehin ##.##.2024-cü il tarixli rədd qərarının qanunsuz sayılaraq ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi hüququnun iddiaçının adına tanınması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Bakı şəhəri Nərimanov rayonu X1 prospekti 35 ünvanında 0,002830 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış binasına iddiaçı İddiaçı mülkiyyət hüququ ##.##.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Binanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli **** nömrəli "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" ilə göstərilən binanın yerləşdiyi 28,3 kv.m torpaq sahəsi cavabdeh tərəfindən icarə şərtləri əsasında iddiaçıya müvəqqəti istifadəyə verilmişdir. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə görə, icarənin müddəti ##.##.2024-cü ildən ##.##.2026-cı ilədək müəyyən edilmiş, lakin müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (icarəyəverənin etirazı olmadıqda). Müqavilənin 5.6-cı bəndinə görə, icarəyə verilən torpaq sahəsi yalnız icarə predmetidir və özəlləşdirilməsi qadağandır. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müaciət edərək göstərilən torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmiş və ##.##.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, obyekt ticarət cərgəsinin bir hissəsi olduğuna görə torpaq sahəsindən yalnız ##.##.2024-cü ildə tərəflər arasında bağlanmış **** nömrəli icarə müqaviləsi əsasında istifadə mümkündür. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "cavabdehin ##.##.2024-cü il tarixli rədd qərarının qanunsuz sayılaraq ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi hüququnun iddiaçının adına tanınması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin rədd məktubunda qərarın hüquqi və faktiki əsasları göstərilməmişdir. Bu isə "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 60.1 və 60.2-ci maddələrinə ziddir. Həmin maddələrə əsasən, inzibati aktda qərarın əsasları, hüquqi dəlilləri və məqsədi açıq şəkildə göstərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11, 12, 70-ci maddələrinə görə, sahibkarlıq fəaliyyəti məqsədilə istifadə olunan torpaq sahələrinin özəlləşdirilməsi mümkündür. Obyektin uzunmüddətli və qanuni fəaliyyət göstərməsi faktı da bu torpaq üzərində mülkiyyət hüququnun tanınması üçün əsas yaradır. Cavabdeh tərəfindən verilmiş qərar əsassız, hüquqi cəhətdən yetərsiz və iddiaçının sahibkarlıq hüquqlarını pozan inzibati akt hesab olunur. Cavabdeh iddianı qəbul etməmiş və yazılı etirazında bildirmişdir ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətlərinə Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *-**-*/*-A-****/**-*/**** nömrəli və ##.##.2025-ci il tarixli *-**-*/*-A-****-*/**** nömrəli məktubları ilə cavab verilərək, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının ticarət cərgəsinin bir hissəsində yerləşməsi səbəbindən adıçəkilən torpaq sahəsindən yalnız ##.##.2024-cü ildə iddiaçı ilə bağlanılmış **** nömrəli icarə müqaviləsi əsasında istifadənin mümkünlüyü barədə iddiaçıya məlumat verilmişdir. Əlavə olaraq, Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış ##.##.2024-cü il tarixli **** nömrəli icarə müqaviləsində adıçəkilən torpaq sahəsinin yalnız icarə müqaviləsi əsasında istifadəsinin mümkünlüyü qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *** nömrəli sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu X1 prospekti 35 ünvanında yerləşən 28,3 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş, Xidmət ilə bağlanmış ##.##.2024-cü il tarixli **** nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.48-ci bəndinə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətləri sırasına daxildir. Həmçinin, iddiaçı ilə Xidmət arasında bağlanan ##.##.2024-cü il tarixli **** nömrəli icarə müqaviləsinin 5.6-cı bəndində qeyd olunmuşdur ki, icarəyə verilən torpaq sahəsi yalnız icarə predmetidir və özəlləşdirilməsi qadağandır. Göründüyü kimi, sözügedən torpaq sahəsinin özəlləşdirmə predmeti olmaması icarə müqaviləsində öz əksini tapmış və iddiaçı bundan məlumatlı olmuşdur. Eyni zamanda, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə tələbi əsassızdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətində olan torpaq sahəsi olmaqla, onun üzərində sərəncam vermək (icarəyə, istifadəyə vermək) cavabdehin səlahiyyətinə aiddir. Bundan əlavə, dövlət əmlakının özəlləşdirilməsi məsələləri "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, özəlləşdirmə yalnız qanunvericiliklə özəlləşdirilməsinə icazə verilmiş dövlət əmlakı barəsində mümkündür. Tərəflər arasında mövcud olan razılaşmaya, yəni torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə müqaviləyə əsasən, sözügedən torpaq sahəsinin cavabdehin razılığı olmadan satılması, bağışlanması qəti qadağandır, həmin torpaq sahəsi yalnız icarə predmetidir və özəlləşdirilməsi qadağandır. Iddiaçının torpaq sahəsinin özəlləşdirilməsi barədə tələbi tərəflər arasında mövcud olan müqaviləyə və qanunvericiliyə ziddir. Bundan başqa, məhkəmə cavabdeh tərəfindən inzibati icraat zamanı iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini və tələbə dair qərardad qət olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam və düzgün araşdırmamış, mövcud sənədlərə və mülki qanunvericiliyin tələblərinə uyğun olan hallara düzgün hüquqi qiymət verməmiş, sübutların tam araşdırılması prinsipini pozaraq, cavabdehin mövqeyinə üstünlük vermiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Mübahisəli obyekt iddiaçının mülkiyyətindədir. Bu halda torpaq sahəsi ilə bağlı hüquq məsələsi yalnız icarə münasibətləri ilə məhdudlaşdırıla bilməz. Qanunvericiliyə görə, çox hallarda obyekt şəxsin mülkiyyətindədirsə, həmin obyektin yerləşdiyi torpaq sahəsi də mülkiyyətçiyə məxsus olmalıdır. Eləcə də, cavabdehin imtinası formal xarakterlidir və obyekt qarajların əhatəsində yerləşir və xüsusi dövlət təyinatlı ərazi (park, yol zolağı, strateji obyekt və s.) deyil. Mübahisəli torpaq sahəsi ictimai istifadə üçün nəzərdə tutullan ərazidə deyil. Həmin ərazi dövlət və ya strateji obyektlərin yerləşdiyi sahəyə daxil deyil. Torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi ərazidir və obyektin normal istifadəsi həmin torpaq sahəsi ilə birgədir. Buna baxmayaraq, cavabdeh torpaq sahəsinin özəlləşdirilməsinin mümkün olmaması barədə əsaslandırılmış hüquqi mövqe təqdim etməmiş, birinci instansiya məhkəməsi isə bu halı araşdırmadan iddianı rədd etmişdir. Məhkəmə Azərbaycan Dövlətinin sahibkarlıq siyasətinin mahiyyətinə, əsas pirinsiplərinə əməl etməmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 iddiaya etirazın dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiyinə və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; 6.1. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: 6.1.1. özəlləşdirilməsi qadağan olunan əmlak; 6.1.2. özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; 6.1.3. müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlak; 6.1.4. dövlət əmlakı satıcısının qərarı ilə özəlləşdirilən əmlak. 29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı: ...

3. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamə:

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

11. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçının hüquqi marağı onun müllkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X1 prospekti 35 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən ibarətdir. Cavabdeh iddiaçıya imtina cavabı verdiyinə görə o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçının əsaslandığı yeganə dəlil ondan ibarətdir ki, qeyri-yaşayış binası onun mülkiyyətində olduğuna görə cavabdeh binanın altında yerləşən torpaq sahəsini onun tələbi ilə ona satmalıdır. Kollegiya qeyd edir ki, dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən və yuxarıda sadalanan normalara görə, digər dövlət əmlakları kimi, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması da müvafiq dövlət orqanının qərarı ilə baş tuta bilər. Hazırkı işdə cavabdehin belə bir qərarı yoxdur. Özəlləşdirilmənin başlanması alıcının iradəsindən asılı deyil. Iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli **** nömrəli icarə müqaviləsinin şərtlərindən də görünür ki, binanın yerləşdiyi 28,3 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmiş, eyni zamanda, həmin torpaq sahəsinin yalnız icarə predmeti olması və özəlləşdirilməsinin qadağan edildiyi göstərilmişdir. Göründüyü kimi, torpaq sahəsi iddiaçıya icarəyə verildiyi vaxt tərəflər onun özəlləşdirilməsinin qadağan edilməsi barədə razılığa gələrək bunu öz imzaları ilə təsdiq etmişlər. Müqavilə bugünədək ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Torpaq sahəsinin iddiaçının icarəsində olmasının onun üçün verdiyi üstünlük bundan ibarətdir ki, cavabdeh həmin torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edəcəyi halda, torpaq sahəsinin satın alınmasını ilk növbədə iddiaçıya təklif etməli olacaq. Digər tərəfdən, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı icraat qaydalarının hər hansı pozuntusuna yol verildiyi müəyyən olunmamışdır. Kollegiya bunu da qeyd edir ki, iddiaçının öz iddia ərizəsində iddia tələbinin qanuni əsası kimi istinad etdiyi "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 60.1-ci, 60.2ci maddələri və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11, 12, 70-ci maddələri tamamilə başqa hüquq münasibətlərini tənzimləyir və hazırkı işin həllinə aidiyyəti yoxdur. Eyni zamanda, iddiaçının apellyasiya şikayətinin işin faktiki hallarının tam və düzgün araşdırılmaması, işin hallarına düzgün hüquqi qiymət verilməməsi, sübutların tam araşdırılması prinsipinin pozulması, maddi və prosessual hüquq normalarının pozulması, həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Dövlətinin sahibkarlıq siyasətinin mahiyyətinə, əsas pirinsiplərinə əməl edilməməsi barədə dəlilləri əsaslı deyil. Birinci instansiya məhkəməsi maddi və ya prosessaul hüquq normalarının tələblərini pozmamış, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar