Məhkəmə qərarları › İş №2-1(3-6)-1028/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1028/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1028/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsayeva Afərin Tapdıq qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın, texniki pasportun, torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarına əsasən müəyyən edilir ki, İsayeva Afərin Tapdıq qızına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. "xxxx" ASC-nin ##.##.2025-ci il tarixli arayışından görünür ki, torpaq sahəsin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildirilmiş, qeydiyyata alınmasına etiraz edilməmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0590 ha təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Sahənin 6.35 m 7.55 m məsafəsindən yüksək gərginlikli (6 kVt-lıq) elektirik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin hər hansı dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat yoxdur. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Torpaq sahəsinin baş planı və ortofoto görüntüsü əlavə edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İsayeva Afərin Tapdıq qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 590 kv.m. torpaq sahəsi üzərində İsayeva Afərin Tapdıq qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarış və plan-kadastrı cizgisinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

5. Məhkəmənin qərarı ilə ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi prosessual hüquq varisliyi qaydasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsayeva Afərin Tapdıq qızına Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarı əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. "xxxx" ASC-nin nəzarət idarəsinin verdiyi ##.##.2025-ci il tarixli cavabdeh orqana təqdim edilməsi üçün verilmiş arayışdan görünür ki, torpaq sahəsin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildirilmiş, qeydiyyata alınmasına etiraz edilməmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə notariat qaydada ərizə verərək qeyd etmişdir ki, Qaradağ RİK XDS tərəfindən verilmiş ## ###### 1989 cu il tarixli, ****** saylı qərara əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində onun adına ayrılmış torpaq sahəsi sənəd üzrə sahəsi 600 kv/m. göstərilmişdir. Plan-Sxem çəkilişi zamanı torpaq sahəsinin azalaraq mövcud vəziyyətdə 590 kv/m. ölçüdə rəsmi reyestrlərdə qeydiyyata alınmasına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən çıxarış verilməsinə etirazı yoxdur, razıdır. Uzun illərdir ki, iddiaçı onun adına ayrılmış torpaq sahəsindən bütün ailə üzvləri ilə birlikdə təyinatı üzrə istifadə edir və faktiki olaraq sahiblik və istifadə hüququnu həyata keçirir.

7. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi çoxmənzilli yaşayış binalarının həyətində yerləşir. Həmçinin təqdim olunan yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 590 kv.m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 590 kv.m. torpaq sahəsi üzərində iddiaçı İsayeva Afərin Tapdıq qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edlmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir.

20. Belə ki, birinci instansiya məhkəməsində iddia tələbi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 590 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarış və plan-kadastrı cizgisinin verilməsindən ibarət olmuşdur.

21. Cavabdeh orqan isə göstərilən torpaq sahəsinin çoxmənzilli yaşayış binalarının həyətində yerləşdiyini, təqdim olunan yerləşmə cizgisi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcud olduğunu, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsünün 600 kv.m qeyd edilsə də, faktiki 590 kv.m təşkil etdiyini bildirərək, imtina cavabı vermişdir.

22. İş materiallarından görünür ki, Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarına əsasən, İsayeva Afərin Tapdıq qızına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı onun adına ayrılmış torpaq sahəsindən bütün ailə üzvləri ilə birlikdə təyinatı üzrə istifadə edir və faktiki olaraq sahiblik və istifadə hüququnu həyata keçirir.

23. Eyni zamanda işin apellyasiya baxışı zamanı Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli cavab məktubundan görünür ki, sorğuda qeyd olunmuş koordinatlar üzrə araşdırma aparılmışdır. Həmin torpaq sahəsi sözügedən ərazidə mövcud binalar üçün ümumi istifadədə deyildir.

24. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli sorğusuna verilmiş cavab məktubundan görünür ki, qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsi X1 İcraiyyə Komitəsinin ##.##.1969-cu il tarixli **/**** nömrəli Qərarı ilə “məişət xidmət idarəsi”nə ayrılmış 0.1461 hektar ərazinin bir hissəsini əhatə edir.

25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin ## ### 2026-cı il tarixli sorğusuna verilmiş cavab məktubundan görünür ki, qeyd olunan koordinatlar üzrə yerləşən torpaq sahəsi X1 İcraiyyə Komitəsinin ##.##.1969-cu il tarixli **/**** nömrəli Qərarı ilə “məişət xidmət idarəsi”nə ayrılmış 0.1461 hektar ərazinin hüdudlarına düşən hissəsi 43 kv.m təşkil edir.

26. Kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması iş materiallarında olan (qərar) sənədlərlə təsdiq olunur. Həmçinin, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Eyni zamanda mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını təkzib edən dəlillər təqdim olunmamışdır.

27. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin ## ### 2026-cı il tarixli sorğusuna verilmiş cavab məktubunu nəzərə alan iddiaçının vəkili iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin 557 m2 issəsində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Lakin məhkəmə iclası keçirilən ərəfədə vəkilin orderi təqdim edilmədiyinə görə (məhkəmə iclası qurtardıqdan sonra vəkil orderi elektron məhkəmə sisteminə yerləşdirilmişdir) dəqiqləşdirmə ərizəsi nəzərə alınmamış və birinci instansiya məhkəməsində verilən iddia tələbi üzrə qəbul edilən qərardan verilən apellyasiya şikayətinə baxılmışdır.

28. Təqdim edilən sənədlərin təhlilindən məlum olur ki, iddiaçı Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin 557 m2 hissəsində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlıdır.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən hüquqi əsaslandırma düzgün olsa da, işin apellyasiya məhkəməsində araşdırılması zamanı iddiaçıya verilə biləcək sahənin 557 m2 olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı torpaq sahəsinin 590 m2 hissəsində dəyişdirilməli və iddiaçıya Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin 557 m2 hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı torpaq hissəsinin 590 m2 hissəsində dəyişdirilsin. İddiaçı İsayeva Afərin Tapdıq qızına Qaradağ rayon X1 İcraiyyə Komitəsinin **/*** nömrəli, ##.##.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin 557 m2 hissəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar