Məhkəmə qərarları › İş №2-1(3-6)-1075/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1075/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1075/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ##.##.2024- cü il tarixli, **** nömrəli icarə müqaviləsinə əsasən icarəyəverən (cavabdeh) Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 19 (registr № ***- 00011650-008) ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən,ümumi sahəsi 5.9 kv.m təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təssərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin (iddiaçının) müddətli istifadəsinə vermişdir. Həmin icarə müqaviləsinin 2.1-ci bəndində əsasən bir aylıq icarə haqqı 100 manatdır. Həmin icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək müəyyən edilir. Həmin icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında 2 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (icarəyə verən) ilə iddiaçı (icarəçi) arasında ##.##.2024-cü il tarixli, **** saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, cavabdehin ##.##.2024-cü il tarixli, ** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən Nəsimi rayon MənzilKommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə iddiaçının müddətli istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən, icarə haqqının məbləği bir ay üçün 100 manat müəyyən edilmiş və icarə müqaviləsinin müddəti ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixinədək müəyyən edilmiş, daha sonra müqavilə tələbləri çərçivəsində, yəni müqavilənin 3.1-ci maddəsi üzrə yenidən müddəti 1 il müddətinə uzadılmışdır. Bütün müddətlər üzrə hazırki iddiaçı tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz, qüsursuz icra edilmişdir. Eyni zamanda müqavilə öhdəlikləri pozulduğu təqdirdə cavabdeh orqan əsla müqavilə müddətinin uzadılmasını təmin etməz, əksinə müqaviləyə xitamın əsasları ilə çıxış etmiş olardı. İcarə müqaviləsi üzrə bu günədək icarə haqları gecikdirilmədən ödənilmiş, bütün müqavilə öhdəlikləri düzgün olaraq yerinə yetirilmişdir. İcarəyə verilmiş həmin “pilləkənaltı” sayılan qeyri-yaşayış sahəsinin heç bir tikinti yerinə aidiyyatı yoxdur. O, ayrıca bir tikili formasındadır və müqavilədə qeyd edilməsinə baxmayaraq, orada yaşayanların ümumi istifadəsində olan sahə deyildir. Eyni zamanda əgər belə hal olsaydı dövlət tərəfindən onun ixtiyarına icarəyə verilməsi qeyrimümkün olardı. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın hərraca çıxarılması və hərracda satılması barədə” Təlimata əsasən sözügedən qeyriyaşayış sahəsi hərraca çıxarılaraq, tərəfindən satın alınaraq “hərrac protokolu” əsasında rəsmiləşdirilməsi və özəlləşdirilməsi zərurəti mövcuddur. Cavabdehin imtinası əsassızdır. Daşınmaz əmlakın balansaxlayıcısı olan Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi həmin əmlakın iddiaçının adına özəlləşdirilməsinə razılıq məktubu vermişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli, **** nömrəli icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən həmin müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında yerləşən 5,9 kv.m qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsindədir. İddiaçının icarəsində olan qeyri-yaşayış sahəsi pilləkanaltı sahə olması səbəbindən həmin sahənin yalnız icarə əsasında istifadəyə verilməsinin mümkünlüyü iddiaçıya bildirilmişdir. Qanunvericiliyin müvafiq tələblərinə əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanılmasına cavabdehin məcbur edilməsi barədə tələbi əsassızdır. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.1-ci bəndindən görünür ki, icarəçi mübahisə predmeti olan sahəni özəlləşdirmək hüququnun olmaması ilə bağlı üzərinə öhdəlik götürmüş və qeyd olunan şərt əsas götürülməklə həmin sahə onun icarəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, müqavilədə cavabdehin üzərinə həmin sahənin gələcəkdə özəlləşdirilməsi ilə bağlı hər hansı vəzifə qoyulmamışdır.

5. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 22.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə yalnız müqavilənin şərtlərinə baxıb qərar vermiş, Dövlət Proqramı və normativ aktların tələblərini nəzərə almamışdır. Bu da qərarın qanunsuzluğunu göstərir. Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının tələbi təmin edilə bilməz, çünki cavabdeh müvafiq əmlakı satmaq öhdəliyi daşımır. Lakin, dövlət əmlakının özəlləşdirilməsi yalnız icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir və hüquqi prosedurlar tamamlanmalıdır. İcarə faktı öz-özlüyündə özəlləşdirmə hüququ yaratmasa da, dövlət tərəfindən müəyyən edilmiş prosedurların yerinə yetirilməsi iddiaçıya özəlləşdirmə hüququ üçün əsas yaradır. Məhkəmə iddiaçının “bərabərlik prinsipi” ilə bağlı arqumentini rədd etmişdir lakin bu arqument yalnız müqavilə şərtlərinə əsaslana bilər. Tərəflər arasında icarə müqaviləsi bağlansa da, dövlət tərəfindən müəyyən edilmiş normativ aktlara əsasən iddiaçı dövlət əmlakını sonradan özəlləşdirmək hüququna malikdir. Məhkəmə iddiaçının hüquqi əsaslarını qiymətləndirmədən, yalnız müqavilənin icarəyə aid bəndinə əsaslanaraq qərar vermişdir, bu isə hüquqi səhvdir. Məhkəmə sübutların tam təhlilini aparmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunu: 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; 1.0.7. özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir; 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 22.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1. icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, 19 (registr № ***-

18. 00011650-008) ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən,ümumi sahəsi 5.9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsini tələb edir.

19. Cavabdeh orqan isə müqavilədə cavabdehin üzərinə həmin sahənin gələcəkdə özəlləşdirilməsi ilə bağlı hər hansı bir vəzifə qoyulmadığını bildirərək, imtina cavabı vermişdir.

20. İş materiallarından göründüyü kimi daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ##.##.2024-cü il tarixli, **** nömrəli icarə müqaviləsinə əsasən icarəyəverən (cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təssərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə icarəçinin (iddiaçının) müddətli istifadəsinə vermişdir. Hazırda iddiaçı həmin müqaviləyə əsaslanaraq həmin qeyri-yaşayış sahəsinin onun adına özəlləşdirilməsini tələb edir.

21. Qanunvericiliyin normalarından göründüyü kimi sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, **** nömrəli icarə müqaviləsinin 7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Yəni, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsi özəlləşdirilmək şərti ilə iddiaçıya icarəyə verilməmişdir.

22. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ## ### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında yerləşən 5.9 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış ## ###### 2024-cü il tarixli, **** nömrəli icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Belə ki, bağlanılmış ## ###### 2024-cü il tarixli, **** nömrəli icarə müqaviləsinin tərkib hissəsi olan eskiz layihəsindəki sözügedən sahə pilləkən marşları, ümumi istifadədə olan pilləkən və aralıq meydançanın alt hissəsində yerləşdiyindən özəlləşdirilmə obyekti hesab edilmir.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd edilən ünvanda yerləşən 8,0 kv.m. qeyri-yaşayış sahəsinə dair X2 ilə Xidmət arasında ##.##.2022-ci il tarixli **** nömrəli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqavilədə əmlakın özəlləşdirilməsi ilə bağlı hər hansı bir qadağa olmamışdır. İcarəyə götürülmüş qeyri-yaşayış sahəsinin icarəçi tərəfindən özəlləşdirilməsi barədə Xidmətin ##.##.2022-ci il tarixli ** nömrəli Sərəncamı əsasında qeyd olunan müqaviləyə xitam verilmişdir.

24. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X3 * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli sorğuya cavab məktubuna sözügedən əmlaka dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, İddiaçı eyni ünvanda mülkiyyətində 8 kv.m ümumi sahəsi olan digər qeyri-yaşayış sahəsi də var. Həmin qeyri-yaşayış sahəsi Sürayyə Nəsibova tərəfindən özəlləşdirilərək alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış, sonuncu isə 8 kv.m sahə üçün mülkiyyət hüququna dair çıxarış əldə etmişdir.

25. Odur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdehin üzərinə mübahisə predmeti olan sahənin iddiaçının adına özəlləşdirilməsi barədə öhdəlik qoyulmamışdır. Yəni, cavabdeh qeyd edilən əmlakın iddiaçının adına özəlləşdirilməsi üçün hər hansı öhdəlik daşımır.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar