Məhkəmə qərarları › İş №2-1(3-6)-1107/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1107/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1107/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Bahadirov İlqar Vahid oğlunun cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bahadirov İlqar Vahid oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxinə qarşı “çıxarışın verilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Səbail bələdiyyəsinin *** nömrəli ## ###### 2005-ci il tarixli “Səbail rayonu ərazisində olan 400 kv.m torpaq sahəsinin vət. İ.V.Bahadirovun adına sənədləşriilməsi barədə” Qərarı ilə Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 400 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. Bahadirov İlqar Vahid oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır.

2. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bahadirov İlqar Vahid oğlu Səbail bələdiyyəsinə müraciət etmiş, əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş, bələdiyyə ərazisində 400 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il ## ###### tarixli *** saylı qərar qəbul edilmiş, bunun müqabilində bank hesabına əvvəlcədən 1664 manat haqq ödənilmişdir.

3. Bahadirov İlqar Vahid oğlunun adına sənədləşdirilməsi nzəərdə tutulmuş 400 kv.m torpaq sahəsinin cizgisi Səbail bələdiyyəsi tərəfindən tərtib edilmişdir.

4. ****** nömrəli kassa mədaxil orderindən görünür ki, Bahadirov İlqar Vahid oğlu tərəfindən torpaq alqısı üçün bir min altı yüz altmış dörd manat ödənilmişdir.

5. Səbail bələdiyyəsinin Bahadirov İlqar Vahid oğluna ünvaladığı ## ####### 2025-ci il tarixli **-***-B-**-***/**** nömrəli ## ####### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim edilmiş Səbail rayonu Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı Qərarı və ona əsas olan sənədlərin ləğvi barədə Səbail bələdiyyəsinin arxiv bazasında aşkar edilmədi.

6. İddiaçı Bahadirov İlqar Vahid oğlu nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli 3-21-3-3-0/2-B-0647-8/2025 ************ nömrəli məktubu ilə bildirilmişdir ki, X4 Uçotu İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamış, bundan əlavə qeyd edilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış, həmçinin, təqdim edilmiş Bakı şəhəri, Səbail Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarının arxiv arayışı təqdim edilməmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

7. İddiaçı Bahadirov İlqar Vahid oğlu Bakı İnzibati Məhkəməsində cavabdeh Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən 400 kv.m torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərinə iddiaçının mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvaiq reyestrdən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Səbail bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində iddiaçı Bahadirov İlqar Vahid oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü və digər texniki sənədlər, həmçinin reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən 400 kv.m torpaq sahəsi Bahadirov İlqar Vahid oğluna ayrılmışdır. Hal-hazırda həmin qərar qüvvədədir və iddia olunan torpaq sahəsidə uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Qeyd olunmalıdır ki, həmin qərar əsasında torpaq sahəsinin yeri və koordinatları müəyyən olunmuş, müvafiq yerləşmə cizgisi tərtib olunmuşdur. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin cizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi və Səbail bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində iddiaçı Bahadirov İlqar Vahid oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, planölçü və digər texniki sənədlər, həmçinin reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxinə həvalə edilməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmamışdır. Həmçinin cizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

Tərəflərin izahatları

14. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində işə cəlb olunmuş üçüncü şəxs Səbail bələdiyyəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı işə onların iştirakları olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxinin və üçüncü şəxs Səbail bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı Bahadirov İlqar Vahid oğlunun cavabdeh xxxx publik hüquqi şəxsinə qarşı tələbi “Səbail bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, *** saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində iddiaçı Bahadirov İlqar Vahid oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, planölçü və digər texniki sənədlər, həmçinin reyestrdən çıxarışın verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.

26. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail bələdiyyəsinin *** nömrəli ## ###### 2005-ci il tarixli “Səbail rayonu ərazisində olan 400 kv.m torpaq sahəsinin vət. İ.V.Bahadirovun adına sənədləşriilməsi barədə” Qərarı ilə Səbail rayonu, Salyan şossesi 12 ünvanda yerləşən bələdiyyə ərazisinə məxsus 400 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. Bahadirov İlqar Vahid oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır. Bununla bağlı torpaqların alqı-satqısına dair akt ərtib olunmuşdur. Bahadirov İlqar Vahid oğlu tərəfindən torpaq alqısı üçün bir min altı yüz altmış dörd manat ödənilmişdir. Bahadirov İlqar Vahid oğlunun adına sənədləşdirilməsi nəzərdə tutulmuş 400 kv.m torpaq sahəsinin cizgisi Səbail bələdiyyəsi tərəfindən tərtib edilmişdir.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

29. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

30. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

31. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.

32. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir.

33. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

34. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

35. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

36. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər.

37. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

38. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

40. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

41. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

42. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

43. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar).

45. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.

46. Beləliklə, müəyyən olunur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Səbail bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı Qərarı əsasında iddiaçıya ayrılmışdır. Həmin qərar hal-hazırda da qüvvədədir, ləğv olunmamış və dəyişdirilməmişdir.

47. Birinci instansiya məhkəməsinə təqdim olunmuş təqdim edilmiş ## ####### 2025ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin giriş çıxışı sərbəst olmaqla daş hasarla sərhədlənib, üzərində iki mərtəbəli yarımçıq tikili ( yaşayış evi tipli) və hovuz təməli vardır.

48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Səbail bələdiyyəsinin *** nömrəli ## ###### 2005-ci il tarixli qərarı nə bələdiyyənin, nə də ki Dövlət Arxivinə təhvil verilməmişdir. Lakin qeyd edilən hal iddiaçının ziyanına şərh oluna bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

50. Bundan başqa qeyd olunmalıdır ki, hazırki torpaq sahəsi ilə eyni ünvanda olan Bakı şəhəri, Səbail rayonu Salyan şosesi 12 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddia tələbinə kassasiya instansiyası qaydasında baxan məhkəmə *- *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsinə istinad edərək cavabdehin kassasiya şikayətini qeyri-mümkün saymışdır.

51. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024cü il tarixli, 2- *(***)-***/**** nömrəli, X6 xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X2 xxxx publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, Cəfər Həsənəliyevin xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və X7 xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.”

52. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

54. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Pərviz Hüseynov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar