Məhkəmə qərarları › İş №2-1(3-6)-1111/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1111/2026

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1111/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "Prezident təqaüdündən tutulmaların qadağan edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1970-ci ildə anadan olmuşdur. O, Füzuli rayonu Dədəli inzibati ərazi dairəsinin Işıqlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu 20-ci sahə E.Əzimov küçəsi ev 129Q-də yaşayır. Iddiaçı ##.##.2006-cı ildə "Müharibə veteranı" vəsiqəsi verilmişdir. Ona ##.##.2017-ci ildə ##.##.2022-ci ilədək "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Iddiaçıya ##.##.2018-ci il tarixli qərarla ##.##.2017-ci ildən ##.##.2022-ci ilədək "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir. Iddiaçıya ##.##.2018-ci ildən "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Iddiaçıya təyin edilən əlillik Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2021-ci ildə "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Iddiaçıya təyin edilmiş əlilliyin etibarsız edilməsi səbəbindən cavabdehin ##.##.2022-ci il tarixli qərarı ilə ona ödənilən Prezident təqaüdünün təyinatı dayandırılmış və ##.##.2017-ci ildən ##.##.2021-ci ilədək müddət üzrə 10846,37 manat artıq ödəmə müəyyən edilmişdir. Bununla yanaşı, eyni səbəbdən ##.##.2025-ci il tarixli qərarla ##.##.2021-ci ildən əmək pensiyası dayandırılmış və ##.##.2018-ci ildən ##.##.2021-ci ilədək müddət üzrə 21520,01 manat artıq ödəmə müəyyən edilmişdir. Artıq ödənilmiş 21520,01 manat əmək pensiyasının 17517,55 manat hissəsi son üç ildə ödənildiyinə görə cavabdeh iddiaçıdan 17517,55 manat məbləğin qaytarılmasını tələb etmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçıya ##.##.2019-cu ildən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Cavabdeh artıq ödənilmiş məbləğləri iddiaçıya ödənilən həmin Prezident təqaüdündən hər ay 16 manat olmaqla tutmağa başlamışdır. Iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Prezident təqaüdündən tutulmaların dayandırılması və tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, "... Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən sizə ##.##.2017-ci il tarixindən (əlilliyinizin müəyyən edildiyi tarixdən) müharibə ilə əlaqədar II dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi olan şəxs kimi Prezident təqaüdü təyin olunmuş və əlilliyiniz etibarsız edildiyi üçün ödənişi ##.##.2021-ci il tarixindən dayandırılmışdır. Nəticədə Prezident təqaüdü üzrə ##.##.2017-ci il tarixindən ##.##.2021-ci il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanına əsasən müharibə veteranlarına təsis edilən Prezident təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941 -1945-ci iiiər Böyük Vətən müharibəsi iştirakçılarına, Ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Bildiririk ki, sizə ##.##.2019-cu il tarixindən (Prezident təqaüdünün təsis edildiyi tarixdən) 80 manat məbləğində müharibə veteranlarına Prezident təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən müharibə ilə əlaqədar müəyyən edilmiş əlilliyiniz etibarsız edildiyindən və qüvvədə olan əlilliyiniz müəyyən edilmədiyindən sizə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdünün təyin edilməsi və artıqödəmə barədə qəbul edilmiş qərarın ləğv edilməsi mümkün hesab edilməmişdir. Həmçinin bildiririk ki, əlilliyiniz müəyyən edildikdən və bu barədə məlumatlar Nazirliyin müvafiq altsistemində qeydə alındıqdan sonra təkrar müraciətiniz əsasında Prezident təqaüdü hüququnuza yenidən baxılacaqdır." BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonra isə iddianın dəqişdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Prezident təqaüdündən tutulmaların qadağan edilməsi, tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edmiş və ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verilmiş və ##.##.2017-ci ildən ##.##.2022-ci ilədək 5 il müddətinə 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ##.##.2017-ci ildən pensiya və təqaüdlə təmin edilmişdir. ##.##.2021-ci ildə pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron altsistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq heç bir məlumat verilmədən etibarsız hesab edilərək ##.##.2021-ci il tarixdə pensiya və təqaüdü dayandırılmışdır. Sonradan cavabdeh tərəfindən yazılı məktub göndərilərək bildirilmişdir ki, pensiyasından 21520,01 manat və Prezident təqaüdündən 10846,37 manat artıq ödəmə məbləğləri geri qaytarılmalıdır. Cavabdeh sosial hüquqlarını əsassız olaraq pozmuş, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının Prezident təqaüdündən tutulmalar edilməsi cavabdehə qadağan edilmiş və iddiaçının Prezident təqaüdündən tutulmuş vəsaitin ona geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, "Inzibati icraat haqqında" Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda "Inzibati icraat haqqında" Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Hazırkı işdə iddiaçıya Prezident təqaüdü təyinatı aparılarkən onun etimad hüququnu istisna edən Qanunun 67.6-cı maddəsində sadalanan hallardan hər hansı birinin olması müəyyən edilmir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublıikası Qanunun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki üsulu qeyd edilmişdir: pensiyaçının razılığı və məhkəmə qərarı ilə. Iddiaçı hazırkı məzmunda iddianı qaldırdığına görə ondan artıq ödənilmiş təqaüdün tutulmasına razı olmaması barədə iradə ifadəsini bəyan etmişdir. Cavabdehin nümayəndəsi hmin maddənin tələbinin yalnız pensiyaçılara şamil edildiyini, təqaüdlə bağlı isə belə məhdudiyyətin olmamasını bildirsə də, məhkəmə həmin normanın hazırkı işə tətbiqini istisna edən halın mövcudluğunu müəyyən etməmişdir. Belə ki, cavabdeh iddiaçının müharibə veteranı adı ilə bağlı ona verilən Prezident təqaüdündən tutulmalar edərkən ona artıq ödənilmiş pensiya ödənişlərinin olmasına istinad edir. Belə olan halda, qeyd olunan normanın hazırkı mübahisəyə tədbiqi mümkündür. Bundan başqa, iddiaçıya ödənilən təqaüd onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı döyüşlərdə iştirakı ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən təsis edilən ödənişdir və məhz qeyd edilən məqsədlərlə ödənilir. Cavabdeh isə iddiaçıaya artıq ödənilmiş pensiya məbləğini həmin təqaüddən tutmaqla ona ödənilən təqaüdün mahiyyətinə zidd hərəkət etmiş və pensiya ödənişi ilə Prezident təqaüdünü eyniləşdirməklə düzgün qənaətə gəlməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, iddiaçıya ##.##.2017-ci ildən (əlilliyinin müəyyən edildiyi tarixdən) müharibə ilə əlaqədar II dərəcə əlilliyi olan şəxs kimi Prezident təqaüdü təyin olunmuş və əlilliyi etibarsız edildiyi üçün ödənişi ##.##.2021-ci ildən dayandırılmışdır. Nəticədə Prezident təqaüdü üzrə ##.##.2017-ci ildən ##.##.2021-ci ilədək 10846,37 manat məbləğində artıq ödəmə müəyyən olunmuş və bu barədə iddiaçıya ##.##.2022-ci il tarixli məktubla məlumat verilmiş, ##.##.2022-ci il tarixli ***** nömrəli qərarla isə artıq ödənilmiş vəsaitin aşkarlanması təsdiqlənmişdir. Bundan sonra ##.##.2023-cü il tarixli ***/*-**-*/*-N-****/**** nömrəli qərarla ##.##.2023-cü ildən ##.##.2025-ci ilədək olan dövr ərzində iddiaçıya müharibə veteranlarına Azərbaycan Respublikası Prezident təqaüdü üzrə edilən ödəniş məbləğindən hər ay 16 manat olmaqla tutulma aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli iş üzrə "üç ulduz" fərqləndirici nişanı təyin edilmiş ##.##.2024-cü il tarixli qərarında deyilir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Bundan başqa, iddiaçı inzibati orqan olmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Şəxsə əsassız ödənilmiş pensiyanın dayandırılması və pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Hazırkı iddia "məcburetmə haqqında" iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. IPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. Bundan başqa, hazırda iddiaçı barəsində təqaüdlə bağlı artıq ödəmə qərarı qüvvəsindədir və məhkəmə iddiaçının hazırkı iddiasını ondan artıq ödənilmiş təqaüdün tutulmasına razı olmaması barədə iradə ifadəsini bəyan etdiyi kimi qəbul etmişdir. Lakin qərar qəbul edilən zaman müvafiq qaydada iddiaçıya məlumat verilmiş və 2023-cü ilin yanvar ayından tutulmalar aparılır. Məhkəmə niyə məhz indi iddiaçının tutulmanı mübahisələndirdiyini, inzibati orqana tutulmaların dayandırılması ilə bağlı müraciətinin olub-olmamasını aydınlaşdırmamışdır. Qanunvericilikdə təqaüddən tutulmaların aparılması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Eyni zamanda, məhkəmə əsassız olaraq cavabdehin iddiaçının müharibə veteranı ilə bağlı ona verilən Prezident təqaüdündən tutulmalar edərkən ona artıq ödənilmiş pensiya ödənişlərinin olmasına istinad etdiyini və belə olan halda, qeyd olunan normanın hazırkı mübahisəyə tədbiqinin mümkün olduğu, cavabdehin isə iddiaçıya artıq ödənilmiş pensiya məbləğini həmin təqaüddən tutmaqla ona ödənilən təqaüdün mahiyyətinə zidd hərəkət etdiyi və pensiya ödənişi ilə Prezident təqaüdünü eyniləşdirməsi ilə bağlı qənaətə gəlmişdir. Halbuki yazılı etirazda və məhkəmə iclasında verilmiş izahatda iddiaçıya Prezident təqaüdü üzrə ##.##.2017-ci ildən ##.##.2021-ci ilədək artıq ödəmə müəyyən olunduğu və müvafiq qərar əsasında tutulmanın Prezident təqaüdündən aparıldığı qeyd olunmuşdur. Həmin təqaüdlə bağlı pensiyadan heç bir tutulma aparılmır. Göründüyü kimi, məhkəmənin pensiya ilə bağlı normaların təqaüdlə bağlı mübahisəyə tətbiqinin mümkünlüyünü əsaslandırdığı fikirləri tamamilə əsassızdır. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuş, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçı İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.14. Gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır; 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur; 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda; 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Işdən görünür ki, iddiaçı İddiaçı müharibə veteranıdır və ##.##.2017-ci ildə ona ##.##.2022-ci ilədək "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Iddiaçıya ##.##.2017-ci ildən ##.##.2022-ci ilədək olan müddət üçün "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü", ##.##.2018-ci ildən isə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Bundan sonra ##.##.2021-ci ildə ona təyin edilən əlillik "Əlillik" altsistemində etibarsız hesab edilmişdir. Bu səbəbdən ##.##.2022-ci ildəiddiaçıya ona ödənilən Prezident təqaüdünün təyinatı dayandırılmış və ##.##.2017-ci ildən ##.##.2021-ci ilədək müddət üzrə 10846,37 manat artıq ödəmə müəyyən edilmişdir. Eyn zamanda, ##.##.2025-ci il tarixli qərarla ##.##.2021-ci ildən əmək pensiyası dayandırılaraq ##.##.2018-ci ildən ##.##.2021-ci ilədək müddət üzrə 21520,01 manat artıq ödəmə müəyyən edilmişdir. Artıq ödənilmiş 21520,01 manat əmək pensiyasının 17517,55 manat hissəsi son üç ildə ödənildiyinə görə cavabdeh iddiaçıdan 17517,55 manat məbləğin qaytarılmasını tələb etmişdir. Cavabdehin ##.##.2023cü il tarixli qərarı ilə iddiaçıya ##.##.2019-cu ildən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş ona artıq ödənilmiş məbləğlər ödənilən həmin Prezident təqaüdündən hər ay 16 manat olmaqla tutulmağa başlanmışdır. Iddiaçı təqaüdündən aparılan tutulma ilə razılaşmamış və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bildirir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, "Inzibati icraat haqqında" Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda, məhz iddiaçı etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş Prezident təqaüdünü xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tutulması qanunsuzdur. Odur ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh etimad hüququna istinadı istisna edən "Inzibati icraat haqqında" Qanunun 67.6-cı maddəsinə istinad etməmiş, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərar və qərardadlarda (*-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli işlər üzrə qərarlar, *-*(***)-****/**** nömrəli, *-*(***)-****/**** nömrəli işlər üzrə qərardadlar) hüquqi mövqe məhz yuxarıda qeyd olunan məzmunda olmuşdur. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, mövcud vahid məhkəmə təcrübəsinə görə, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddiasında təqaüdün ödənişinin dayandırılması barədə qərarı mübahisələndirməmişdir və bu məsələ məhkəmə araşdırmasının predmeti deyildir. Mübahisə artıq ödənilmiş pulun iddiaçıdan tutulmasının qanuniliyi ilə bağlıdır. Belə olan halda, apellyasiya şikayətinin qeyd olunan dəlili əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin digər dəlili hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olması və iddiaçının IPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürməsindən ibarətdir. Kollegiya bununla da razılaşmır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddialara inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar aiddir. Lakin hazırkı iddiada nə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması, nə də inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair tələb vardır. Belə olan halda, həmin iddia məcburetmə haqqında iddia deyildir və ona Inzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq olunmur. Sözügedən iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara aiddir və bu iddia üçün iddia müddəti nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində, həmçinin, bildirmişdir ki, məhkəmənin pensiya ilə bağlı normaların təqaüdlə bağlı mübahisəyə tətbiqinin mümkünlüyünü əsaslandırdığı fikirləri tamamilə əsassızdır. Kollegiya qeyd edir ki, bu xüsusat birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassız olmasına dəlalət etmir. Belə ki, əvvəla, iddiaçıdan tutulan pulun bir hissəsi məhz ona ödənilmiş pensiya məbləği olduğuna görə birinci instansiya məhkəməsinin istinadı əsassız deyil. Digər tərəfdən, birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmin dəlillə yanaşı, həm də cavabdehin davranışının etimad hüququnun qorunması prinsipinə zidd olması ilə əsaslandırmışdır və bu dəlil özlüyündə iddianın təmin edilməsi üçün kifayətdir. Başqa sözlə, məhkəmənin qərarında pensiya ilə bağlı normaların təqaüdlə bağlı mübahisəyə tətbiqinin mümkünlüyü qeyd olunmasaydı belə, etimad hüququnun qorunması prinsipinin pozulması iddianın təmin edilməsi üçün kifayət qədər əsas verir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar