Məhkəmə qərarları › İş №2-1(3-6)-1125/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1125/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1125/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması”” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı İddiaçı ##.##.1954-cü il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosal Ekspert Komissiyasında müayinəyə dair məlumata əsasən iddiaçıya ##.##.2017-ci il tarixdə qiymətləndirmə əsasında “ÜİX stabil gərginlik stenokardiyası FS III.Əvvəllər keçirilən miokard infarktı, Postinfarkt kardioskleroz. Sol mədəcik çatmamazlığı, ÜÇ II dərəcə.Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya II mərhələ, II risk faktoru, təkrarlanan hipertonik krizlə” diaqnozu ilə ##.##.2022-ci ilə qədər ikinci dərəcəli əlillik müəyyən edilmişdir.

3. Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ilə iddiaçıya ##.##.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu ##.##.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir.

4. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən iddiaçının ##.##.1979-cu il tarixdən ##.##.1991-ci il tarixədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində işlədiyi dövrlər onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir.

5. Əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçıya ##.##.2022-ci il tarixdən ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməmişdir. Sözügedən qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hazırki tələblə müraciət etmiş, lakin iddiaçının müraciətinə baxılmış və cavab olaraq ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filialda mövcud sənədlərdə iddiaçının dövlət qulluğu stajı 15 ildən az (11 il 7 ay 10 gün) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

8. İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi və ##.##.2022-ci il tarixdən ödənilməmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya yaşı əlillik müddətində tamam olmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 32.2.-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İddiaçı pensiya yaşma əlillik müddətində çatdığından bəhs edilən normaya görə iddiaçının dövlət qulluqçusu kimi əlili ömürlük təyin edilə bilərdi. İddiaçı ilk iddiasında pensiyanın ilkin təyinat olunmuş əlillik kimi saxlanılmasını və keçmiş illərdən qalmış artımları və fərqlərin ödənilməsini xahiş etsə də, dəqiqləşdirilmiş tələbində əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsini deyil , dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, məhkəmə də onun bu tələbinə baxmışdır. Beləliklə, iddiaçı pensiya yaşına çatmasına baxmayaraq yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə dövlət qulluğunda stajı 15 ildən az olduğundan, dövlət qulluqçusunun pensiyasını təyin etməkdən imtina etməklə cavabdeh haqlı olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya yaşına çatdığı ##.##.2018-ci il tarixində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun həmin pensiya növünə hüququ yaranmalı idi. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən tarixdə İddiaçı dövlət qulluqçusu kimi deyil, məhz ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququ yarandığına görə ona istər ##.##.2018-ci il tarixində, istərsə də qeyd edilən tarixdən sonrakı istənilən dövrdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilə bilməzdi. Nəzərə almaq lazımdır ki, pensiyanın bir növündən digər növünə keçirilmə avtomatik baş vermir. Bu zaman şəxsin yeni təyin edilən pensiya növünə də subyektiv hüququ olmalıdır. Məsələn, yaşa görə pensiya təyin edilən şəxs sonradan onun pensiyasının ailə başçısını itirməyə görə pensiyaya keçirilməsi üçün müraciət edirsə, həmin şəxsə münasibətdə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün şərtlər mövcud olmalıdır. Qeyd edilən hal əlilliyə görə pensiyanın pensiya yaşına çatmaqla əlaqədar ömürlük müəyyən edilməsinə də aiddir. Əgər əlilliyə görə pensiya təyinatı zamanı şəxs pensiya yaşına çatmamışdırsa, ona pensiya əlillik müddətinə təyin edilir. Lakin şəxs əlilliyə görə pensiya aldığı müddət ərzində pensiya yaşına çatarsa, pensiyanın ömürlük müəyyən edilməsi üçün əlillik də müddətsiz müəyyən edilməlidir. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsi ömürlük təyinatı tənzim edir. “Təyin edilmə” və “müəyyən edilmə” isə fərqli anlayışlardır. Pensiya təyin edilməsi həmin təyinat üçün sərtlər müəyyən edildikdən sonra bas tutur. Əgər iddiaçı əlilliyə görə pensiya alarkən pensiyanın müddətsiz olmasına nail olmaq istəyirdisə, iik növbədə əlilliyin müddətsiz müəyyən edilməsini təmin etməli idi. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi və ##.##.2022-ci il tarixdən ödənilməmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından məlum olur ki, iddiaçı İddiaçı ##.##.1954-cü il tarixində doğulmuşdur və hazırda ümumi əsaslarla yaşa görə əmək pensiyası alır. İddiaçının pensiya işinə əlavə edilmiş * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli 2-1(81)-4453/2017 qərarına əsasən İddiaçı ##.##.1979cu il tarixindən ##.##.1991-ci il tarixinədək Bakı şəhər XDS İK-nin Sosial Təminat İdarəsində İşlədiyi dövrlər (11 il 7 ay 10 gün) onun dövlət qulluqçusu kimi qulluq stajına daxil edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" və "Əlillik" altsistemləri vasitəsilə əldə edilmiş məlumatlara əsasən, iddiaçıya ilk dəfə ##.##.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə Əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu ##.##.2022-ci il tarixinədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 41-ci maddəsinin tələblərinə uyğun olaraq əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Deməli, pensiya ödənişinin ##.##.2022-ci il tarixinədək həyata keçirilməsi qanunauyğun olmuşdur. İddiaçı İddiaçı ümumi əsaslarla, yəni Qanunun 7-ci maddəsinin tələblərinə əsasən yaşa görə pensiya hüququ 63 il 6 ay yaş həddinə çatdığı ##.##.2018-ci il tarixində yaranmış və əlilliyə görə pensiya ödənişi başa çatdıqdan sonra ##.##.2022- ci il tarixindən etibarən ona ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)-1998/2025 qərarı ilə hazırkı iş üzrə iddiaçı İddiaçı "dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, nəticə olaraq iddiası rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarında məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər aşağıdakı kimi qeyd edilmişdir: "Əmək pensiyaları haqqında" Qanunun 32.2-ci maddəsində imperativ şəkildə bildirilib ki, Əlilliyə görə əmək pensiyası, həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir. Buradan belə nəticə çıxır ki, 32.2-ci maddənin dispositiv şərtlərində pensiya yaşına çatmış əlilliyi olan şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün əlilliyin yenidən qiymətləndirilməsi şərti nəzərdə tutulmamışdır. Qanunvericilikdəki əsas şərt, əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün şəxs "Əmək pensiyaları haqqında” Qanunda müəyyən edilən pensiya yaşına çatmalı və həmin an əlillik statusu olmalıdır. Hətta əvvəllər əlilliyə görə əmək pensiyası təyin edilmiş olsa belə, həmin dövr ərzində şəxs pensiya yaşına çatarsa, həmin şəxsin əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi hüququ yaranır. Bu halda əlavə müraciət tələb olunmur və məsələ inzibati orqanın xidməti vəzifəsinin icrası qaydasında həll olunmalıdır." Məhkəmənin bu mövqeyinə münasibətdə bildiririk ki, Qanunun 32.2-ci maddəsinə Əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin maddənin tələbinə görə şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən şəxs həm də pensiya yaşına çatmışdırsa, o zaman əlillik müddətli müəyyən edilmiş olsa belə, pensiya ömürlük təyin edilir. İddiaçı əlilliyə görə əmək pensiyası ##.##.2017-ci il tarixində təyin edilmiş, lakin iddiaçı pensiya yaşına ##.##.2018-ci il tarixində çatmışdır. Deməli, iddiaçı əlilliyə görə pensiya təyinatı aparılan zaman pensiya yaşına çatmadığından ona əlilliyə görə əmək pensiyası ömürlük təyin edilə bilməzdi. İddiaçının pensiya yaşına çatdığı ##.##.2018ci il tarixində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun həmin pensiya növünə hüququ yaranmalı idi. Belə ki, Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən tarixdə İddiaçı dövlət qulluqçusu kimi deyil, məhz ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququ yarandığına görə ona istər ##.##.2018-ci il tarixində, İstərsə də qeyd edilən tarixdən sonrakı istənilən dövrdə dövlət qulluqçusu kimi yaşa görə Əmək pensiyası təyin edilə bilməzdi. Nəzərə almaq lazımdır ki, pensiyanın bir növündən digər növünə keçirilmə avtomatik baş vermir. Bu zaman şəxsin yeni təyin edilən pensiya növünə də subyektiv hüququ olmalıdır. Məsələn, yaşa görə pensiya təyin edilən şəxs sonradan onun pensiyasının ailə başçısını itirməyə görə pensiyaya keçirilməsi üçün müraciət edirsə, həmin şəxsə münasibətdə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün şərtlər mövcud olmalıdır. Qeyd edilən hal əlilliyə görə pensiyanın pensiya yaşına çatmaqla əlaqədar ömürlük müəyyən edilməsinə də aiddir. Əgər əlilliyə görə pensiya təyinatı zamanı şəxs pensiya yaşına çatmamışdırsa, ona pensiya əlillik müddətinə təyin edilir. Lakin şəxs əlilliyə görə pensiya aldığı müddət ərzində pensiya yaşına çatarsa, pensiyanın ömürlük müəyyən edilməsi üçün əlillik də müddətsiz müəyyən edilməlidir. Çünki Qanunun 32.2-ci maddəsi ömürlük təyinatı tənzim edir. "Təyin edilmə" və "müəyyən edilmə" isə fərqli anlayışlardır. Pensiya təyin edilməsi həmin təyinat üçün şərtlər müəyyən edildikdən sonra baş tutur. Başqa sözlə, təyinat şərtləri müəyyən edilməlidir ki, pensiya təyin olunsun. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir. Əgər iddiaçı əlilliyə görə pensiya alarkən pensiyanın müddətsiz olmasına nail olmaq istəyirdisə, ilk növbədə əlilliyin müddətsiz müəyyən edilməsini təmin etməli idi. Təsadüfi deyil ki, iddiaçının pensiya yaşına çatdığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 5.3-cü və 5.3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən məlum olur ki, pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün ilk növbədə onun əlilliyinin şəxsin müraciəti əsasında yenidən qiymətləndirilməsi və əlillik dərəcəsinin müddətsiz müəyyən olunması əsas şərtdir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilən zaman əlillik dərəcəsi 5 il müddətinə müəyyən edilmiş, pensiya yaşına çatdığı tarixdən etibarən əlilliyin müddətsiz müəyyən olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən müraciəti qeydə alınmamışdır. IPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin qeyd olunanlardan görünür ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işi ətraflı araşdırmamışdır.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəliilərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (##.##.2017-ci il tarixədək qüvvədə qüvvədə olan redaksiyası) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; (hazırda qüvvədə olan redaksiya):

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu (## #### 2018ci il tarixədək qüvvədə olan redaksiya): Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı ... 23.2.... Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, cavadehin sonuncu imtina məktubu ##.##.2024-cü ü il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.1, “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “iddiaçıya 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi və ##.##.2022-ci il tarixdən ödənilməmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “## #### 2017-ci il tarixli dəyişikliklərlə (***-VQD nömrəli Qanun) 20.11.1 və 20.11.2-ci maddələr yeni redaksiyada verilmişdir ki, bunlar 5 il dövlət qulluğu stajının tələb olunduğunu göstərir. Lakin, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi ##.##.2017-ci il tarixdə hər iki Qanunun əvvəlki redaksiyaları qüvvədə idi ki, burada 5 il dövlət qulluğu stajı tələb olunurdu. Həmin dövrdə iddiaçının dövlət qulluğu stajı 11 il 7 ay 10 gün olmuşdur, bu da müvafiq şərtlərə uyğun gəlir.”

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

26. İşin faktiki hallarına əsasən iddiaçıya ##.##.2017-ci il tarixdə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxs kimi beş il müddətinə əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlilliyin qüvvədə olduğu ##.##.2022-ci il tarixədək dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ödənişi həyata keçirilmişdir. Əmək pensiyasının təyin edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarı ilə iddiaçıya ##.##.2022-ci il tarixdən ümumi əsaslarla yaşa görə pensiya təyin edilmişdir.

27. Hazırda iddiaçının hüquqi marağı iddiaçıya 2-ci qrup əlil hesab edildiyinə görə dövlət qulluqçusu kimi ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixə kimi təyin edilmiş əmək pensiyasının müddətsiz hesab edilməsi barədədir.

28. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

29. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Qanunun 32.2-ci maddəsinin dispozisiya şərtlərində pensiya yaşına çatmış əlilliyi olan şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün əlilliyin yenidən qiymətləndirilməsi şərti nəzərdə tutulmamışdır. Qanunvericilikdə nəzərdə tutulan şərt ondan ibarətdir ki, əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün şəxs “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən pensiya yaşına çatmalı və həmin an əlilliyi müəyyən edilmiş şəxs olmalıdır. Şəxsə daha əvvəl əlilliyə görə əmək pensiyasının əlillik dövrü üçün təyin edilmiş olmasına baxmayaraq, həmin dövrün daxilində şəxsin “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən pensiya yaşına çatdığı hallarda da onun əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsini tələb etmək haqqı yaranır. Bunun üçün pensiya yaşına çatdıqdan sonra əlavə olaraq şəxsin müraciəti tələb olunmur. Həmin məsələ inzibati orqanın xidməti vəzifəsinin icrası qaydasında həll olunmalıdır.

30. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsindəki “şəxsin müraciəti əsasında” sözləri həmin normanın birinci hissəsinə, yəni “əlilliyə görə əmək pensiyasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün təyin olunması” hissəsinə aiddir. Yəni, həmin normada əlillik müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi təqdirdə (yaşa görə pensiya hüququ olmadıqda) müraciətin imperativliyi nəzərdə tutulmuş, əlilliyə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin olunması hissəsində şəxsin müraciətinin olması nəzərdə tutulmamışdır.

31. Əmək pensiyası yaşına çatmış əlilliyə görə pensiya alan şəxslərə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi zamanı bunun mütləq şəkildə müvafiq müraciətlə şərtləndirilməsi inzibati icraat haqqında qanunvericiliyin əsas prinsip və tələbləri ilə ziddiyyət yaratmış olardı. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.

32. Əlilliyə görə pensiya alan şəxs əmək pensiyası yaşına çatdıqda və həmin an onun əlillik statusu mövcud olduqda (əlilliyin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq) inzibati orqan qanunvericiliyin müddəalarını pensiya alan şəxsə izah etməli, pensiya yaşı çatdığı üçün əlilliyə görə pensiyanın ömürlük təyin edilməsi, şəxsin hansı pensiya növünü seçməsi, həm də hər iki pensiya növündən hansı üzrə təyin ediləcək pensiyanın məbləği barədə ətraflı məlumat verməli, bundan sonra şəxsin mövqeyi nəzərə alınaraq ona əlilliyə görə ömürlük, yaxud yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul etməlidir. İnzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan maraqlı şəxsə yardım etməyə, iddiaçının malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.

33. Hazırki işdə də iddiaçının əlillik statusu qüvvədə olduğu dövrdə, yəni ##.##.2017-ci ildən ##.##.2022-ci il tarixinədək ikinci dərəcə əlillik statusu mövcud olmuş və pensiya yaşına çatması (tərəflər arasında mübahisə doğurmayan bir haldır) müəyyən edildiyi üçün, iddiaçının dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasını ömürlük almaq hüququ yaranmışdır. Bu baxımdan, cavabdeh inzibati orqan, müvafiq qanunvericiliyə uyğun olaraq, əlilliyə görə pensiyanın ömürlük təyin edilməsi məsələsini tam şəkildə həll etməmişdir.

34. Bununla yanaşı “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğu halda, dövlət qulluğu stajının müddətindən asılı olmayaraq iddiaçının tələbini təmin etmək üçün hüquqi əsas yaranır. Bu məsələyə aydınlıq gətirərək, ## #### 2017-ci il tarixli dəyişikliklərlə (***-VQD nömrəli Qanun) 20.11.1 və 20.11.2-ci maddələr yeni redaksiyada verilmişdir ki, bunlar 5 il dövlət qulluğu stajının tələb olunduğunu göstərir. Lakin, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edildiyi ##.##.2017-ci il tarixdə hər iki Qanunun əvvəlki redaksiyaları qüvvədə idi ki, burada 5 il dövlət qulluğu stajı tələb olunurdu. Həmin dövrdə iddiaçının dövlət qulluğu stajı 11 il 7 ay 10 gün olduğundan iddiaçı qanunla müəyyən edilən tələbi ödəmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

35. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli üç ulduzlu qərarında da eyni mövqe ifadə olunmuşdur.

36. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar