Məhkəmə qərarları › İş №2-1(3-6)-1138/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1138/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1138/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yerləşmə cizgisinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və Donuzkökəltmə sovxozu ərazisində istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq sahəsi ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunduğu bildirilmişdir.

2. -Arxiv fondunda saxlanılan Əzizbəyov rayon XDS İK-nın ##.##.1990-cı il tarixli, **/**** nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Binə qəsəbəsində */** saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.

3. -Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, göstərilən torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsinin ərazi hüdudlarında yerləşir. Neca (Tekuis) əsasən dövlət torpağıdır. Donuzkökəltmə sovxozunun ərazisi daxilində yerləşir.

4. Bununla yanaşı məktuba iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları, eləcə də həmin sahənin qonşuluğunda olan və dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin ilkin qeydiyyat sənədləri əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının ##.##.1990-cı il tarixli, **/**** saylı qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində */** saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan sərəncama əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmış, tikintinin təsdiq edilmiş 185-000- 111c tipli layihə üzrə aparılması qərara alınmışdır. İddiaçı sərəncama əlavə edilmiş layihə əsasında qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikmiş və və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilməsi üçün Xəzər RİH-ə müraciət etsə də, imtina edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, torpaq sahəsi iddiaçıya Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın ##.##.1990-cı il tarixli, ** nömrəli qərarına əsasən Binə qəsəbəsində ayrılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən olunur ki, Əzizbəyov rayon XDS İK-nın ##.##.1990- cı il tarixli, **/**** nömrəli qərarına uyğun olaraq, iddiaçıya fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində */** saylı sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı həmin sənədin tərtib edilərək təqdim edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı tələbi ilə cavabdehin imtinasını mübahisələndirir.

10. Məhkəmə hesab edir ki, nə qədər ki iddiaçıya torpaq sahəsi ayrılması barədə səlahiyyətli qurumun qərarı qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarında yerləşməklə, Bakı şəhəri, Xəzər rayonunun ərazi hüdudları daxilindədir, həmin, yəni 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir.

11. Xüsusi olaraq qeyd edilməlidir ki, DƏDKR-in * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən və Əzizbəyov rayon XDS İK-nın eyni dövrdə qəbul etdiyi qərarlar əsasında ayrılmış torpaq sahələrinə münasibətdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgiləri tərtib edilərək təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçı ilə analoji hüquqi və faktiki vəziyyətdə olan şəxslərə yerləşmə cizgilərinin verilməsi ilə bağlı formalaşmış inzibati praktikası mövcuddur. Lakin cavabdeh, eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə fərqli yanaşmanın zəruriliyini əsaslandıra bilməmiş, bununla da bərabərlik (eyni hallara eyni münasibət) prinsipini pozmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Məhkəmə qərarından göründüyü kimi, iddiaçının Xəzər Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə cavab olaraq torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisinə düşdüyündən cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, göstərilən torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazisi daxilində yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmçinin həmin Məcəllənin 13-cü maddəsinin 2-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.' Bundan əlavə, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cızgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12- ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. ## ###### 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. 29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ###### 1999-cu il tarixli, *** №-li Fərmanın (#.#.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur.

18. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991- ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

24. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, Əzizbəyov rayon XDS İK-nın ##.##.1990- cı il tarixli, **/**** nömrəli qərarına uyğun olaraq, iddiaçıya fərdi yaşayış evi tikdirmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində */** saylı sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı həmin sənədin tərtib edilərək təqdim edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı tələbi ilə cavabdehin imtinasını mübahisələndirir.

25. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, ## ###### 2001ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin 14cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər.

26. Sadalanan normalardan müəyyən edilir ki, istər torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə əsasən, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin — qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici aktların qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, yerləşmə cizgisinin hazırlanması, habelə torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd olunan torpaqayırma tədbirlərinin icrasını bilavasitə torpaqayıran orqanın səlahiyyətlərinə aid etmişdir.

27. Torpaqayırma prosesi başa çatdıqdan sonra isə ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan-ölçü sənədlərinin tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

28. Məhkəmə tərəfindən müəyyən edildi ki, Əzizbəyov (indiki Xəzər) rayon XDS İK-nın ##.##.1990-cı il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi naturada təhvil verilmiş olsa da, cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır.

29. Məhkəmə hesab edir ki, nə qədər ki iddiaçıya torpaq sahəsi ayrılması barədə səlahiyyətli qurumun qərarı qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarında yerləşməklə, Bakı şəhəri, Xəzər rayonunun ərazi hüdudları daxilindədir, həmin, yəni 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir.

30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

31. Apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq məhkəmə Kollegiyası onu da qeyd edir ki, Oxşar mübahisə ilə bağlı Azərbaycan Respublikasının İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

32. Həmin qərardadda göstərilmişdir ki, “15. ...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (V.S.Quliyevin Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli; R.N.Nəcəfovun Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; R.N.İsmayılovun Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ######## 2023- cü il tarixli, 2-1(102)- ****/**** nömrəli; S.H.Abdulovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## #### 2023-cü il tarixli, *-*(***)- ****/**** nömrəli; S.T.Rəhimovanın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## #### 2023- cü il tarixli, *-*(***)-****/**** nömrəli; N.R.Əliyevin Xəzər rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli; N.M.Eyvazovun Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə ## ####### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olubolmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir..”.

33. Göründüyü kimi, bu növ işlərlə bağlı formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. Hazırkı halda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim edilməmişdir.

34. Xüsusi olaraq qeyd edilməlidir ki, DƏDKR-in * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən və Əzizbəyov rayon XDS İK-nın eyni dövrdə qəbul etdiyi qərarlar əsasında ayrılmış torpaq sahələrinə münasibətdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgiləri tərtib edilərək təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçı ilə analoji hüquqi və faktiki vəziyyətdə olan şəxslərə yerləşmə cizgilərinin verilməsi ilə bağlı formalaşmış inzibati praktikası mövcuddur. Lakin cavabdeh, eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə fərqli yanaşmanın zəruriliyini əsaslandıra bilməmiş, bununla da bərabərlik (eyni hallara eyni münasibət) prinsipini pozmuşdur.

35. Məhkəmə iddiaçının istifadəsində olan torpaq sahəsinin Donuzkökəltmə sovxozunun ərazisində yerləşməsinə münasibətdə bildirir ki, bu fakt həmin torpağın dövlət mülkiyyətinə aid edilməsini istisna etmədiyindən, vəziyyəti cavabdehin xeyrinə dəyişmir.

36. Məhkəmə həmçinin, iddia tələbində Əzizbəyov rayon XDS İK-nın torpaq ayırma sənədinin nömrəsinin 19/1806 əvəzinə 19/1808 kimi qeyd edilməsini işin mahiyyətinə təsir etməyən hal hesab edərək texniki səhv kimi qəbul edir.

37. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını təsdiq edən hər hansı rəsmi sənəd təqdim edilmədiyindən torpaq sahəsinə dair cizginin verilməsindən imtina əsassız sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar