Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1149/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, Cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı əlillik təyinatı barədə qərarın dəyişdirilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekpsert Komissiyasının imtinası qanunsuz hesab olunmaqla ona sol orta beyin arteriyası hövzəsində, keçirilmiş işemik insultdan sonbrakı qalıq əlamətləri, sağ tərəfli kobud spastik Hemiparez diaqnozlu xəstəliklərlə ##.##.2022-ci il tarixdən birinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekpsert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Doğulduğu vaxtdan sağlamlığı normal olsa da, yaşı artdıqca sağlamlığında problemlər yaranmağa başlamış və 2023-cü ildə beyin insultu keçirmiş, ona sol orta sonrakı qalıq beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan əlamətləri, sağ tərəfli kobud spastik Hemiparez diaqnozu qoyulmuş ##.##.2022-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən, sağlamlığın 70% pozulması qeyd edilmişdir. Lakin 2022-ci ildən hal-hazırkı vaxtadək sağlamlığı bərpa edilməmiş, müstəqil hərəkət etmək qabiliyyətini itirmişdir. Daha sonra 2023-cü ildə yenidən əlillik dərəcəsinin düzgün təyin edilməsi ilə bağlı müraciət etmiş və ona ##.##.2023-cü il tarixdə sağlamlığının 80% pozulması ilə əlaqədar yenidən, ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra, ##.##.2023-cü il tarixdə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sənəd Dövriyyəsi tərəfindən verilmiş məktubla bildirilmişdir ki, “ ... təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, **** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" na uyğun olaraq, Sizə ##.##.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir”. Daha sonra, 2024-cü ildə yenidən əlillik dərəcəsi dəyişdirilərək, düzgün əlillik dərəcəsinin təyin edilməsini xahiş etsə də, ##.##.2025-ci il tarixdə yenidən əmək qabiliyyətinin 65% itirilməsi ilə bağlı ikinci dərəcə əlillik təyin edilmişdir. 2022-ci il tarixdən 2025-ci il tarixinədək sağlamlığı bərpa olunmamış, ona birinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçirilmiş və ona müxtəlif səbəblərlə birinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya ilkin əlillik təyinatı Bakı Baş Səhiyyə Idarəsinin ##.##.2022-ci il tarixli göndərişi əsasında ümumi xəstəlik səbəbindən müddətsiz OFP 70 faiz təyin edilmişdir. Daha sonra iddiaçı yenidən həmin tibb müəssisəsi vasitəsilə ##.##.2023-cü il tarixdə yeni göndərişlə müraciət etmişdir. Həmin göndəriş əsasında ona ümumi xəstəlik səbəbilə 2 il müddətinə OFP 80 faiz təyin edilmişdir. Növbəti və sonuncu dəfə iddiaçı həmin tibb müəssisəsi vasitəsilə ##.##.2025-ci il tarixdə göndəriş rəsmiləşdirmişdir. Göndəriş elektron qaydada əvvəlki göndərişlərə müqayisəli baxış keçirilməklə iddiaçının əyani müayinəsi keçirilmədən qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz OFP 65 faiz təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edək ki, yuxarıdakı qaydalara əsasən iddiaçının əlilliyi birinci yox, ikinci dərəcə əlilliyin təyinatı üçün əsasdır. Hazırkı vəziyyətdə iddiaçının ona 2022-ci ildən 1-ci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı iddiası mümkün sayılmamalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (hakim B.M.Cəlalov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərdən açıq şəkildə görünür ki, ##.##.2022-ci il tarixdən etibarən iddiaçıya ümumi xəstəlik səbəbi ilə Il dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz sol orta beyin arteriyası hövzəsində işemik insult, insultdan sonrakı qalıq əlamətlər və sağ tərəfli kobud spastik hemiparez qeyd olunmuşdur. Həmçinin sənədlərdə göstərilir ki, sağlamlıq vəziyyəti bərpa olunmamış, müstəqil hərəkət qabiliyyəti məhdudlaşmış və funksional pozuntular qalıcı xarakter daşıyır. Bu, əlilliyin davam edən və ağırlaşan xarakterini sübut edir. ##.##.2023-cü il tarixdə yenidən II dərəcə əlillik təyin edilmiş, sağlamlığın 80% pozulması qeyd olunmuşdur. Bu fakt təqdim edilmiş sənədlərdə əks olunmuşdur. ##.##.2025-ci il tarixdə yenidən tibbi göndəriş verilmiş, bu göndəriş əvvəlkilərdən fərqlidir, qiymətləndirmə əvvəlki sənədlərlə müqayisə edilmədən aparılmışdır. Nəticədə OFP 65% təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ##.##.2022-ci ildən məlumatlı olub və buna görə iddia müddəti keçmişdir. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə müddət şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanır. Məhkəmə bu normanı yanlış tətbiq etmişdir, çünki hüquq pozuntusu yalnız 2022-ci ildə baş verməmiş, 2023 və xüsusilə ##.##.2025ci il tarixli yeni inzibati hərəkət mövcuddur və məhz bu tarixdə hüquqları yenidən və daha ağır formada pozulmuşdur. Buna görə müddət 2025-ci ildən hesablanmalıdır. Inzibati Prosessual Məcəllənin 2.2 və 32.1-ci maddələrinə görə, hər yeni inzibati qərar ayrıca mübahisələndirilə bilər, inzibati aktın dəyişdirilməsi və ya yenidən qiymətləndirilməsi yeni hüquqi nəticə yaradır. ##.##.2025-ci il tarixli göndəriş əvvəlki qərarın davamı deyil, yeni inzibati aktdır ve yeni hüquqi nəticə doğurur. Məhkəmə bunu nəzərə almamışdır. Əlilliyin düzgün müəyyən edilməməsi birdəfəlik akt deyil, davam edən hüquq pozuntusudur. Bu halda hüquqi yanaşma belədir və hər yeni qiymətləndirmə yeni müddət başlanğıcıdır. Inzibati Prosessual Məcəllənin 14 və 58-ci maddəsinə görə, məhkəmə bütün sübutları tam və obyektiv araşdırmalıdır və işin faktiki hallarını hərtərəfli müəyyən etməlidir. Lakin məhkəmə 2025-ci il göndərişini düzgün qiymətləndirməmiş, tibbi vəziyyətin ağırlığını nəzərə almamış və yalnız formal əsasla qərar vermişdir. Inzibati Prosessual Məcəllənin əsas məqsədi şəxsin pozulmuş hüquqlarının effektiv müdafiəsini təmin etməkdir. Lakin məhkəmə işin mahiyyətinə girməmiş və tibbi qiymətləndirmənin düzgünlüyünü yoxlamamışdır. Bu, ciddi prosessual pozuntudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 71-ci maddəsinə əsasən məhkəmə müdafiəsi hüququ və hüquq və azadlıqların təminatı məhkəmənin formal yanaşması bu hüquqları faktiki olaraq məhdudlaşdırılmışdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə iddia müddəti hüququn müdafiəsinə maneə yaratmamalıdır və formalizm ədalət prinsipini üstələməməlidir. Bu işdə isə formal yanaşma, real hüquq pozuntusunun nəzərə alınmaması və sosial həssas vəziyyətin (əlillik) qiymətləndirilməməsi müşahidə olunur. ##.##.2025-ci il tarixli göndəriş və OFP 65% təyini işin əsas hüquqi faktıdır, əsasdır. Məhkəmə bunu nəzərə almamış və bu isə qərardadın ləğvi üçün kifayət qədər əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Hazırda isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, işin materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə müraciət edərək, ona sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultdan sonrakı qalıq əlamətlər, sağtərəfli kobud spastik hemiparez diaqnozu ilə ##.##.2022-ci il tarixdən birinci dərəcə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmədə irəli sürdüyü hüquqi nəticədən aydın olur ki, iddiaçının məqsədi ona ##.##.2022-ci ildən müəyyən edilmiş əlillik vəziyyətinin dərəcə və ya orqanizmin funksiyalarının pozulması faizi baxımından dəyişdirilməsi, yəni həmin tarixdən daha yüksək əlillik dərəcəsinin tanınmasıdır. Deməli, iddiaçının tələbi mahiyyət etibarilə cavabdeh inzibati orqanın əvvəlki əlillik təyinatı barədə qərarının hüquqi nəticələrinin dəyişdirilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini yoxlayarkən haqlı olaraq iddianın növünü və iddia tələbinin predmetini müəyyən etmiş, tələbin əlillik barədə əvvəlki inzibati aktın dəyişdirilməsinə yönəldiyini nəzərə alaraq onu mübahisələndirmə xarakterli tələb kimi qiymətləndirmişdir. Inzibati aktın ləğvi və ya dəyişdirilməsi tələbi ilə qaldırılan iddia mübahisələndirmə haqqında iddia hesab edilir və belə iddia üzrə qanunvericilik xüsusi müddət müəyyən etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan, inzibati şikayət verildiyi hallarda isə şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu müddət iddiaçının maddi-hüquqi tələbinin məhkəmə qaydasında araşdırılmasına keçilməsi üçün ilkin prosessual şərtdir və məhkəmə həmin şərtə riayət edilib-edilmədiyini tərəflərin dəlillərindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Iddiaçıya ilkin əlillik təyinatının ##.##.2022-ci il tarixdən müəyyən edilməsi, onun həmin əlillik təyinatından və həmin təyinatın məzmunundan məlumatlı olması işin mübahisəsiz hallarındandır. Iddiaçının sonrakı illərdə də eyni məsələ ilə əlaqədar müvafiq tibb müəssisələri vasitəsilə yeni göndərişlər rəsmiləşdirməsi, əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi, 2023-cü ildə və 2025-ci ildə təkrar qiymətləndirmə prosedurlarından istifadə etməsi onun 2022-ci ildə qəbul edilmiş inzibati aktın hüquqi nəticələrindən xəbərdar olduğunu əlavə olaraq təsdiq edir. Belə olduğu halda, ##.##.2022-ci il tarixdən birinci dərəcə əlilliyin müəyyən edilməsi barədə tələb həmin tarixdə yaranmış və iddiaçıya məlum olmuş inzibati-hüquqi vəziyyətin dəyişdirilməsinə yönəldiyindən, bu tələbin məhkəməyə qanunla müəyyən edilmiş müddətdə verilməsi tələb olunurdu. Apellyasiya şikayətində əsas dəlil kimi göstərilir ki, məhkəmə iddia müddətinin axımını yalnız 2022-ci il tarixli ilkin əlillik təyinatından hesablamaqla səhvə yol vermiş, halbuki 2023-cü ildə və xüsusilə ##.##.2025-ci il tarixdə yeni göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş üzrə aparılmış qiymətləndirmə nəticəsində iddiaçı üçün yeni hüquqi vəziyyət yaranmışdır. Lakin bu dəlil birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Əksinə, həmin dəlilin özü iddia predmetinin dəqiq müəyyən edilməsinin zəruriliyini göstərir. Əgər 2025-ci ildə aparılmış qiymətləndirmə ayrıca hüquqi nəticə yaradan yeni inzibati akt kimi qəbul edilirsə, bu halda həmin akt yalnız özünün yaratdığı hüquqi nəticələr çərçivəsində və qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirilə bilər. Lakin sonrakı qiymətləndirmənin mövcudluğu əvvəlki illərdə qəbul edilmiş və vaxtında mübahisələndirilməmiş inzibati aktların yenidən, müddətsiz və retroaktiv qaydada mübahisələndirilməsi üçün əsas yaratmır. Inzibati icraatın təbiətindən irəli gələn əsas prinsip ondan ibarətdir ki, hər bir inzibati akt onun qəbul edildiyi vaxtdan hüquqi nəticə doğurur və həmin aktdan narazı olan şəxs qanunla nəzərdə tutulmuş müddətdə hüquqi müdafiə vasitələrindən istifadə etməlidir. Şəxsin eyni sosial təminat münasibəti üzrə sonradan təkrar müraciət etməsi, yeni tibbi göndərişin rəsmiləşdirilməsi və ya yeni qiymətləndirmənin aparılması əvvəlki inzibati aktın mübahisələndirilməsi üçün ötürülmüş prosessual müddəti avtomatik olaraq bərpa etmir. Əks yanaşma inzibati aktların sabitliyi, hüquqi müəyyənlik və prosessual intizam prinsipləri ilə ziddiyyət təşkil edərdi. Bu halda hər bir yeni müraciət əvvəlki illərə aid hüquqi vəziyyətin yenidən mübahisələndirilməsi üçün qeyri-məhdud imkan yaradardı ki, belə nəticə iddia müddəti institutunun məqsədinə uyğun hesab edilə bilməz. Apellyasiya şikayətində 2025-ci il tarixli göndərişin “əvvəlki qərarın davamı deyil, yeni inzibati akt” olduğu vurğulansa da, bu yanaşma iddiaçının irəli sürdüyü tələbin ##.##.2022-ci il tarixdən birinci dərəcə əlilliyin müəyyən edilməsinə yönəlməsi faktını aradan qaldırmır. Əgər iddiaçı yalnız 2025-ci il qiymətləndirməsinin nəticəsini mübahisələndirmiş olsaydı, həmin mübahisənin mümkünlüyü həmin aktın təqdim və ya elan edildiyi tarixdən hesablanmalı idi və mümkün hüquqi nəticə də həmin sonuncu qiymətləndirmənin hüquqi təsiri ilə məhdudlaşmalı idi. Lakin iddiaçı məhkəmədən 2022ci ildən etibarən daha ağır əlillik statusunun müəyyən edilməsini xahiş etmişdir. Bu isə mahiyyət etibarilə 2022-ci il tarixli əlillik təyinatının nəticələrinin dəyişdirilməsini tələb etmək deməkdir. Mübahisənin predmeti iddiaçının istinad etdiyi bütün tibbi hallar deyil, məhkəmədən xahiş edilən konkret hüquqi nəticə ilə müəyyən olunur. Apellyasiya şikayətində iddiaçının sağlamlıq vəziyyətinin bərpa olunmaması, müstəqil hərəkət etmək qabiliyyətinin itirilməsi, funksional pozuntuların qalıcı xarakter daşıması, 2023-cü ildə orqanizmin funksiyalarının pozulmasının daha yüksək faizlə qiymətləndirilməsi və 2025-ci ildə aparılmış qiymətləndirmənin düzgün olmaması barədə dəlillər irəli sürülmüşdür. Lakin həmin dəlillər iddianın maddi-hüquqi əsaslılığına aid olan məsələlərdir. Iddianın mümkünlük şərtləri mövcud olmadıqda məhkəmə mübahisənin mahiyyətinə, o cümlədən tibbi əsasların əlillik dərəcəsinin dəyişdirilməsi üçün yetərli olubolmamasına qiymət verməyə keçə bilməz. Inzibati məhkəmə icraatında mümkünlük şərtlərinin yoxlanılması iddianın əsaslılığının araşdırılmasından əvvəl gələn müstəqil prosessual mərhələdir. Bu mərhələdə məhkəmənin vəzifəsi iddiaçının tələb etdiyi hüquqi nəticəyə məhkəmə qaydasında baxılmasının prosessual baxımdan mümkün olubolmadığını müəyyən etməkdir. Məhkəmə iddianın müddət şərtinə cavab vermədiyini müəyyən etdikdən sonra tibbi göstəricilərin mahiyyət üzrə araşdırılmasına keçməməkdə haqlı olmuşdur. Iddiaçının apellyasiya şikayətində istinad etdiyi məhkəməyə müraciət hüququ və səmərəli hüquqi müdafiə prinsipi də bu nəticəni dəyişdirmir. Məhkəməyə müraciət hüququ şəxsin istənilən vaxt, qanunla müəyyən edilmiş prosessual şərtlərdən kənar şəkildə inzibati aktları mübahisələndirmək imkanı kimi başa düşülə bilməz. Prosessual müddətlər hüquqi müəyyənliyin, inzibati aktların sabitliyinin və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Qanunla müəyyən edilmiş müddətlərin tətbiqi şəxsin məhkəməyə müraciət hüququnun inkarı deyil, həmin hüququn hüquqi nizam daxilində həyata keçirilməsinin şərtidir. Iddiaçı tərəfindən müddətin bərpası barədə vəsatət verilsə də, birinci instansiya məhkəməsi həmin vəsatəti də düzgün olaraq rədd etmişdir. Prosessual müddətin bərpası üçün müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi əsaslandırılmalı və bu hallar müvafiq sübutlarla təsdiq edilməlidir. Iş materiallarından görünür ki, iddiaçı 2022-ci il tarixli əlillik təyinatından sonra 2023-cü ildə və 2025-ci ildə təkrar inzibati müraciətlər etmiş, yeni göndərişlər rəsmiləşdirilmiş, əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün prosedurlardan istifadə etmişdir. Bu hallar iddiaçının öz hüquqlarının müdafiəsi üçün inzibati qaydada müraciət etmək imkanına malik olduğunu göstərir. Lakin həmin müddət ərzində 2022-ci il tarixli əlillik təyinatının məhkəmə qaydasında vaxtında mübahisələndirilməsinə obyektiv maneə yaradan hal göstərilməmiş, belə halı təsdiq edən sübut təqdim edilməmişdir. Xəstəlik və ya əlillik vəziyyəti özlüyündə müddətin bərpası üçün avtomatik əsas sayıla bilməz, bu hal yalnız konkret dövrdə şəxsin məhkəməyə müraciət etməsini real olaraq istisna edən obyektiv maneə kimi sübuta yetirildiyi halda üzrlü səbəb kimi qəbul edilə bilər. Hazırkı işdə isə belə sübutlar mövcud deyildir. Qeyd olunmalıdır ki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı göstərdiyi hallar sosial baxımdan əhəmiyyətli ola bilər və bu hallar müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Lakin məhkəmə icraatında sosial əhəmiyyət daşıyan hər bir hal prosessual mümkünlük şərtlərini aradan qaldırmır. Inzibati məhkəmə məhz qanunda nəzərdə tutulmuş iddia növü, iddia predmeti və prosessual müddətlər çərçivəsində hüquqi müdafiəni təmin edir. Məhkəmə iddiaçının faktiki vəziyyətinə rəğmən, qanunla müəyyən edilmiş müddət şərtini nəzərə almadan əvvəlki inzibati aktın hüquqi nəticələrini dəyişdirə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(112)-12168/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1149/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1149/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver