Məhkəmə qərarları › İş №2-1(3-6)-1182/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1182/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1182/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İsmayılova Sevda Güli qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, İsmayılzadə Fərid Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 , cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İsmayılova Sevda Güli qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)- *****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İsmayılova Sevda Güli qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.1979-##.##.1980-ci il tarixlərdə Saray Üzümçülük sovxozunda mühasib, ##.##.1980-##.##.1980-ci il tarixlərdə “Azərkinoremsnab” İdarəsinin mərkəzi anbarında hesablayıcı, ##.##.1980-##.##.1984-ci il tarixlərdə Bakı ş., Nəsimi r., MKTB ** saylı MİSdə hesabdar, ##.##.1984-##.##.1984-ci il tarixlərdə hesablama-nəzarət qrupunda baş mühasib, ##.##.1984-##.##.2004-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar, ##.##.2004-##.##.2005-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar vəzifələrində işləyinin ümumi sığorta stağına daxil edilməklə (cəmi staj - 25 il, 9 ay, 3 gün) pensiya hüququnun yarandığı ##.##.2025-ci il tarixdən əmək pensiyasının təyin edilərək ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddiaçının pensiya hüququnun yarandığı ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ##.##.1961-ci ildə Bakı şəhərində doğulmuşdur. ##.##.1979-##.##.1980-ci il tarixlərdə Saray Üzümçülük sovxozunda mühasib, ##.##.1980-##.##.1980-ci il tarixlərdə “Azərkinoremsnab” İdarəsinin mərkəzi anbarında hesablayıcı, ##.##.1980-##.##.1984-ci il tarixlərdə Bakı ş., Nəsimi r., MKTB ** saylı MİS-də hesabdar, ##.##.1984-##.##.1984-ci il tarixlərdə hesablama-nəzarət qrupunda baş mühasib, ##.##.1984-##.##.2004-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar, ##.##.2004-##.##.2005-ci il tarixlərdə ** saylı MİS böyük hesabdar vəzifələrində işləmişdir. Ümumi sığorta stajı əmək kitabçasına əsasən 25 il, 9 ay, 3 gün təşkil edir. İddiaçı əmək pensiyası yaşının tamam olması ilə bağlı Dost Xidməti vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 2 dəfə müraciət etmiş, 64 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətlərinə verilmiş ##.##.2025 və ##.##.2025-ci il tarixli cavablarda pensiya təyin etməkdən imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “təqdim etdiyi sənədlərlə ümumi sığorta stajı 24 il, 9 ay, 3 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş Nəsimi r., MKTB mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-##.##.2005-ci ildədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X6 MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci il fevral, 1994-ci il mart-avqust, 1995-ci il noyabr- dekabr, 2001-ci il aprel-iyun aylarında iddiaçının adına rast gəlinməmişdir. Həmçinin 1982-ci ilin noyabr-dekabr, 1983-ci ilin mayavqust, 1984-ci ilin noyabr-dekabr, 1986-cı ilin avqust- dekabr, 1989-ci ilin iyul-dekabr və 1992-ci ilin əmək haqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağını dəqiqləşdirmək mümkün olmamışdır”. X8 Qanun maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd edilməlidir ki, sığorta stajı qanunvericiliyə əsasən 2006- cı ilə kimi olan dövr üzrə əmək kitabçası ilə müəyyən edilir. Cavabdehə əmək kitabçası iddiaçı tərəfindən təqdim edilmişdir. Eyni zamanda əmək kitabçasına şübhə etdiyi halda X8 Qanun maddə 31.2-1 maddəsinə əsasən cavabdehin imkanı olmuşdur ki, onun mötəbərliyi yoxlasın, Arxiv İdarələrinə, Nəsimi MKTB müvafiq sorğular versin. Cavabdeh bu imkan və hüququndan istifadə etmək əvəzinə pensiyanın təyin edilməsi ilə əlaqəsi olmayan sənədi əsas tutub imtina vermişdir. X4 əsasən iddiaçının sığorta stajı sübut edilməlidir, əmək haqqı alıbalmamağı pensiya təyin etmək hüququnu məhdudlaşdıra bilər. Digər tərəfdən cavabdehin 1982-ci ilin əmək haqqı sənədlərini tələb etməsinin özü qeyri-ciddi bir hərəkətdir, 43 ilin sənədini 2025-ci ildə tapılması mümkün olmaya da bilər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2024-cü il tarixindən ##.##.2025-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 64 yaş müəyyən edilib. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ümumi sığorta stajı 24 il 9 ay 3 gün təşkil edir. Əmək kitabçasının surətində qeyd olunmuş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1980-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X6 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci ilin fevral, 1994-cü ilin martavqust 1995-ci ilin noyabr, dekabr, 2001- ci ilin aprel, may, iyun aylarında adına rast gəlinməyib. Həmçinin 1982-ci ilin noyabr, dekabr, 1983-cü ilin may-avqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağının dəqiqləşdirilməsi mümkün olmayıb. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının da təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh tərəfindən məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya 21,06.2025-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində olmaqla yaşa görə sosial müavinət təyin edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)- *****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı İsmayılova Sevda Güli qızına 64 yaşının tamam olduğu ##.##.2025-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi, eləcə də iddiaçının işlədiyi qurumun arxiv sənədlərinin natamam olması iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi arasında ##.##.1980-cü il tarixdən ##.##.2005-cİ il tarixlərdə fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə iddiaçının adına rast gəlinmədiyi dövrləri də iş stajına daxil etmişdir. Bu ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanıeyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İsmayılova Sevda Güli qızı ##.##.1961-ci il tarixdə doğulmuşdur; İddiaçının ИT-İ seriyalı ******* nömrəli ##.##.1979-cu il tarixli əmək kitabçasına əsasən ##.##.1979-##.##.1980, ##.##.1980-##.##.1980, ##.##.1980-##.##.2005-ci il tarixlərdə işləməsinə dair qeydlər mövcuddur; Mübahisəli sosial sığorta stajı 10.096.1980-ci il tarixdən ##.##.2005-ci iI tarixədək fasiləsiz işlədiyi Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində 1982-ci ilin fevral, noyabr, dekabr, 1983-cü ilin may-avqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci il, 1994cü ilin mart-avqust 1995-ci ilin noyabr, dekabr, 2001-ci ilin aprel, may, iyun aylarında olan əmək fəaliyyəti dövrüdür; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli *-**-**-*/*-****/**** saylı məktubu ilə X2 dair sənədlər məhkəməyə təqdim edilmişdir: - ##.##.1980-ci il tarixli ** nömrəli əmrlə ##.##.1980-ci il tarixdə Nəsimi rayon Mİİ ** saylı Mİİ-nə hesabdar vəzifəsinə qəbul edilmişdir. - ##.##.1984-cü il tarixdən, ##.##.1984-cü il tarixli, ** nömrəli əmrlə ** saylı Nəsimi rayon Mİİ-nə hesabdar vəzifəsinə keçirilmişdir. - ##.##.2005-ci il tarixli **** saylı əmrdən görünür ki, X2 rayon MKTB-nin ** saylı mənzil-kommunal istismar sahəsinin hesabdar, ##.##.2005-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2025-ci il tarixli M/** nömrəli arayışdan görünür ki, İsmayılova Sevda Güli qızı ИT-İ seriyalı ******* nömrəli ##.##.1979-cu il tarixdə açılmış əmək kitabçasına əsasən ##.##.1980-ci ildən Nəsimi rayonu Mənzil İdarəsinə işə hesabdar vəzifəsinə qəbul olunmuş, ##.##.2005-ci il tarixli 46 * saylı əmrə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2026-cı il tarixli *-**-*F/*-***/**** saylı məktubu ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyin 1980-1996-cı illərə dair arxiv sənədləri natamamdır, 1997-2005-ci illərə dair arxiv sənədləri isə ümumiyyətlə Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; Cavabdeh qurum tərəfindən X6 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci ilin fevral, 1994-cü ilin martavqust 1995-ci ilin noyabr, dekabr, 2001-ci ilin aprel, may, iyun aylarında adına rast gəlinməyib. Həmçinin 1982-ci ilin noyabr, dekabr, 1983-cü ilin mayavqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağının dəqiqləşdirilməsi mümkün olmadığı və bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək haqqı alıb-almaması barədə məlumatların hazırda təqdim edilə bilməməsi, eləcə də iddiaçının işlədiyi qurumun arxiv sənədlərinin natamam olması iddiaçının əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi arasında ##.##.1980-cü il tarixdən ##.##.2005-cİ il tarixlərdə fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının ##.##.1961-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 24 il 9 ay 3 gündür. Cavabdehin apellyasiya şikayətinin (iddiaya etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində ##.##.1980-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. X6 rayon MKTB ilə tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən əməkhaqqı hesablama cədvəllərində 1982-ci ilin fevral, 1994-cü ilin martavqust 1995-ci ilin noyabr, dekabr, 2001- ci ilin aprel, may, iyun aylarında adına rast gəlinməyib. Həmçinin 1982-ci ilin noyabr, dekabr, 1983-cü ilin may-avqust, 1984-cü ilin noyabr, dekabr, 1986-cı ilin avqust-dekabr, 1989-cu ilin iyul-dekabr aylarının və 1992-ci ilin əməkhaqqı hesablama cədvəlləri arxivdə aşkar edilmədiyindən həmin dövrlər üzrə əməkhaqqı alıb-almamağının dəqiqləşdirilməsi mümkün olmayıb. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının işlədiyi həmin mübahisəli dövrlərin 2006-cı il ######ın #dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il # #### tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin # ##### tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olurdu. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)- *****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Fərid İsmayılzadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar