Məhkəmə qərarları › İş №2-1(3-6)-1210/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1210/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1210/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı İsmayılzadə Elşən Fərrux oğlunun iştirakı ilə, İddiaçı İsmayılzadə Elşən Fərrux oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İsmayılzadə Elşən Fərrux oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Üçüncü şəxs xüsusi mülkiyyətində olan ünvan 1 (ünvan 4) ünvanında yerləşən mənzilimdən istifadə hüququna xitam verilməsi öhdəliyinin cavabdeh Suraxanı RPİ-nin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Üçüncü şəxs xüsusi mülkiyyətində olan ünvan 1 (ünvan 2) ünvanında yerləşən mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Suraxanı RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə ünvan 1-i (ünvan 3) almışdır. Qeyd edilən mənzil tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi 1125010090). 2025-ci ildə * saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət etdikdə, ona təqdim olunmuş arayışdan məlum olmuşdur ki, tanımadığı Üçüncü şəxs onun mənzilində qeydiyyatdadır. Onun qeydiyyatdan çıxarılması ilə bağlı tərəfindən Suraxanı RPİ-yə müraciət olunmuş və müraciətinin müsbət həlli mümkün olmadığından ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmçinin mənzilindən qeydiyyatda olan həmin şəxs heç bir zaman mənzilində yaşamamışdır. 3-cü şəxsin ona məxsus mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində ona maneələr yaradır. Həmçinin onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qaldığına görə mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. Beləliklə də, hesab edir ki, məhkəmə tərəfindən 3-cü şəxs ona məxsus ünvan 1 (ünvan 3) ünvanından, yəni onun mənzilindən qeydiyyatdan çıxarılmalıdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil, qərar çıxarılarkən maddi hüquq norması kobud şəkildə pozulmuşdur. Belə ki, üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməyi barədə məhkəmə qərardadı ona təqdim olunmamış, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.3cü maddəsinin tələbi pozulmuşdur. Bu səbəbdən o, iddiaçının tələbi daxilində öz maraqlarını qorumaq və mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29.1-ci maddəsinin tələbi pozulub. Bildirmişdir ki, o, "xxxx" MMC-nin direktorudur, MMC-nin hüquqi ünvanı ünvan 5dir. Ona dövlət Xanabad kəndində həyət evi verib, orada yaşayır, MMC-ni idarə edir, orada ulu öndər Heydər Əliyevin adına tikiş fabriki tikilir, həmin fabrikdə 300 yerli sakin işlə təmin ediləcəkdir. Qeydiyyatı olmadığı və şəxsiyyət vəsiqəsi qüvvədən düşdüyü halda Qarabağa keçid portalından keçə bilməyəcək, bankda heç bir əməliyyat həyata keçirə bilməyəcək, işçiləri əmək haqqı ilə təmin edə bilməyəcəkdir, ## #### 2026-cı il tarixdə açılışı nəzərdə tutulan tikiş fabrikinin işi dayanacaqdır. Göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, ##.##.2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış ciddi problemlə əlaqədar stasionar müalicədə olduğu səbəbindən məhkəmə iclasının bir ay müddətinə təxirə salınmasını xahiş etmiş, lakin müalicədə olmasını təsdiq edən sənəd və sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2020-ci il tarixli qərarına istinadən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri pulik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 1042, ünvan 3) üzərində İsmayılzadə Elşən Fərrux oğlunun xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə 1125010090 qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. - * saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş ******* №-li “Yaşayış yeri üzrə qeydiyyatı haqqında” arayışdan müəyyən olunur ki, ##.##.1947-ci il təvəllüdlü Üçüncü şəxs ünvan 1 (Yeni qaydalarla: ünvan 3) ünvanında pasport qeydiyyatındadır. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh Suraxanı RPİ-nin ##.##.2026-cı il tarixli, 54/2-A-*****/**/** №-li cavab məktubunun surətindən müəyyən olunur ki, “... vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz.” - Bakı İnzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2026-cı il tarixli, 18/2-**** №-li cavab məktubunda göstərilmişdir ki, Üçüncü şəxs ##.##.2023-cü il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məktuba Üçüncü şəxs ünvan 1 ünvanına qeydiyyata alınmasına əsas olmuş aşağıda qeyd olunan sənədlərdən: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən MH seriyalı ******* reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ ilə ##.##.2007-ci il tarixdə № ********* qeydiyyat nömrəsi ilə X1 adına qeydiyyata alınmışdır. ##.##.2023-cü il tarixdə X1 tərəfindən * saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi Xidmətinə ünvanlanmış ərizədə göstərilmişdir ki, ünvan 1 ünvanına Üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmir. İşin faktiki hallarından göründüyü kimi yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası üçüncü şəxsin onun cəlbi barədə məhkəmə qərardadının ona təqdim olunmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, üçüncü şəxs hazırkı mübahisə barədə məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsinə ünvanladığı ərizədən də müəyyən olunur ki, üçüncü şəxs Üçüncü şəxs hazırda fəaliyyəti və işləri Qarabağ bölgəsində yerləşir və faktiki olaraq həmin ərazidə olur. Ərizə ilə bildirmişdir ki, qeydiyyatla bağlı məsələlərin qısa müddət ərzində həll edilməsi onun üçün çətinlik yaradır. Yaşadığı yer üzrə qeydiyyata düşmək mümkün deyil. Yaşayış yeri ilə bağlı məsələni həll etmək və uyğun ünvan taparaq qeydiyyatdan çıxmaq üçün ona 2-3 ay müddətin verilməsini xahiş etmişdir. Göstərilən müddət ərzində qeydiyyat məsələsini şəxsən qanunvericiliyə uyğun şəkildə həll ediləcəyini bildirmişdir. Eyni zamanda üçüncü şəxs apellyasiya şikayətində də "xxxx" MMC-nin direktoru olduğunu, MMC-nin hüquqi ünvanının ünvan 5 olduğunu, ona dövlət tərəfindən Xanabad kəndində həyət evi verilərək orada yaşadığını, MMC-ni idarə etdiyini, MMC tərəfindən həmin kənddə ulu öndər Heydər Əliyevin adına tikiş fabriki tikildiyini bildirmişdir. Göründüyü kimi üçüncü şəxs hazırda sözügedən evdə yaşamadığını bildirmişdir. Lakin həmin evdə iddiaçının ailə üzvü olmayan və faktiki olaraq həmin evdə yaşamayan üçüncü şəxs qeydiyyatdadır. Bu isə iddiaçının həmin ev üzərində qanunvericiliklə mövcud olan hüquqlarını məhdudlaşdırır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarı). Göründüyü kimi, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə hər hansı əmlak hüquqları mövcud deyildir, eyni zamanda o, həmin ünvanda faktiki olaraq yaşamır, qeydiyyat formal xarakter daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar