Məhkəmə qərarları › İş №2-1(3-6)-123/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-123/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-123/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı aksiz markası olmayan malların müsadirə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(112)-16495/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 240 manat olan 8 ədəd spirtli içkinin satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, e-2-1(120)-4324/2025 saylı qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, **********6429 saylı “X3nin həyata keçirilməsi haqqında” qərarına əsasən, fərdi sahibkar Cavabdeh məxsus “şərab evin”də X3 tədbiri həyata keçirilmişdir. X3 tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 240 manat olan 8 ədəd spirtli içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində "Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X3nin nəticəsinə dair” xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 103206 saylı Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar "Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2025-ci il tarixli, DVX seriyalı, 003697 saylı Protokol tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi Cavabdeh X3 tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş və imzalamışdır. Eyni zamanda yoxlama zamanı yazılı izahat verərək fəaliyyət göstərdiyi obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məmulatlarının aşkar edilməsi faktını təsdiqləmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən xx.xx.2025-ci il tarixli, **********8569 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 240 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(112)-16495/2025 saylı qərardadı ilə (hakim S.İ.Qənbərova) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(112)-16495/2025 saylı qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş və apellyasiya şikayətində qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-cü il tarixli, **********6429 saylı “X3nin həyata keçirilməsi haqqında” Qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 11 ünvanında yerləşən şərab evində fərdi sahibkar Cavabdeh (VÖEN:**********) fəaliyyət göstərdiyi ticarət obyektində X3 tədbiri həyata keçirilmişdir. X3 tədbiri zamanı sahibkar Cavabdeh məxsus “şərab evin”də aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 240 manat olan 8 ədəd spirtli içki aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X3nin nəticəsinə dair” xx.xx.2025-cü il tarixli, DVX seriyalı, 103206 saylı Aktlar tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2025-cü il tarixli, DVX seriyalı, 003697 saylı Protokolla tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi Cavabdeh X3 tədbiri zamanı iştirak etmiş və tərtib edilmiş sənədlərlə tanış olub imzalamışdır. Tərtib edilmiş sənədlərin bir nüsxələrin almışdır. İddiaçı qeyd edilən malların satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə istinad etməklə bildirmişdir ki, aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimləndiyindən hazırkı mübahisə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Baş İdarə Bakı İnzibati Məhkəməsinin gətirdiyi dəlillərlə əlaqədar bildirir ki, məhkəmənin gəldiyi nəticədən fərqli olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmir. Başqa sözlə cavabdehin yol verdiyi pozuntu İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta hesab edilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsində dəyəri 500 manatdan aşağı olan aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması əməli inzibati xəta kimi təsbit edilmişdi. Lakin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1357-VQD saylı Qanun ilə 450-ci maddə ləğv edilmişdir. Bununla da qeyd edilən pozuntu inzibati xəta kimi qanunvericilikdən çıxarılmışdır. Başqa sözlə desək, cavabdehin yol verdiyi hüquq pozuntusunda İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətaların tərkib əlamətləri yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsinə əsasənyalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda məhkəmənin cavabdeh tərəfindən törədilən əmələ inzibati xəta kimi yanaşması, o cümlədən aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydasının inzibati xətalara dair icraat qaydasında baxılmalı olması barədə gəldiyi nəticə tamamilə yanlışdır. Yuxarıda da qeyd etdiyi kimi cavabdehin əməli inzibati xəta hesab olunmadığından onun barəsində inzibati məsuliyyət tədbiri kimi inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi olan inzibati tənbeh də tətbiq edilə bilməz. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən vergi ödəyicisi kimi qeydə alınmış, əsas fəaliyyət növü alkoqollu içkilərin pərakəndə satışı olmuşdur. İş materiallarında olan X3nin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********6429 saylı qərardan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 11 ünvanında yerləşən şərab evində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək X3nin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X3nin nəticəsinə dair xx.xx.2025-ci il tarixli, 103206 serialı aktdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 11 ünvanında yerləşən şərab evində keçirilən X3 zamanı aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış 240,00 manat məbləğində alkoqollu içkinin satış məqsədilə saxlanılması aşkar edilmişdir. İş materiallarında olan markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə xx.xx.2025-ci il tarixli 003697 saylı protokoldan görünür ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən şərab evində keçirilən X3 zamanı siyahıya alınmış markalanmamış (nişanlanmamış) məhsullar qutuda möhürlənərək Vergi Məcəlləsinin 89.14-cü maddəsinə uyğun olaraq götürülmüşdür. İş materiallarında olan markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə xx.xx.2025-ci il tarixli, 003630 saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 11 ünvanında yerləşən şərab evində keçirilən X3 zamanı siyahıya alınmış və ya xx.xx.2025-ci il tarixli protokolla götürülmüş markalanmamış məhsullar müvəqqəti olaraq saxlanılması üçün X2 təhvil verilmişdir. İş materiallarında olan cavabdehin Bakı şəhəri OVN və Uçotun Təşkili Baş İdarəsinə təqdim etdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanında yerləşən şərab evində vergi əməkdaşları tərəfindən aşkar edilmiş aksiz markasız 8 ədəd kosken vodka adlı alkoqollu içkini tanımadığı şəxsdən 1 ədədi 30 manat olmaqla 240 manata nağd almışdır. İş materiallarında olan Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********8569 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-cü maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılması, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 240.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********8570 saylı tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan 240.00 manat vəsait xx.xx.2025-ci il tarixə kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinun hesabına ödənilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-203/2024 saylı qərardadında aşağıdakılar göstərilmişdir: “ ... 21. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

22. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər mütləq ödənilmiş olmalı, xüsusən də qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmağa imkan verən müvafiq prosessual normalar mövcud olmalıdır.

23. Hazırki işə münasibətdə kollegiya ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin cavabdeh X1 qarşı iş üzrə” 2(102)-2010/2022 nömrəli, 10 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeləri xatırlatmağı zəruri hesab edir: “Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir. Müsadirənin anlayışı isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmişdir. Həmin normaya əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi, əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə, müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir”.

24. Kollegiya göstərilən hüquqi mövqeni nəzərə almaqla qeyd edir ki, digər qanunlarda nəzərdə tutulan prosessual hüquq normaları məhkəmə icraatının aparılması qaydalarını və həmin icraat nəticəsində qəbul edilməsi mümkün olan qərarlarla bağlı məsələləri tənzimləyən prosessual qanunvericilik aktlarına daxil edildikdən sonra tətbiq oluna bilər.

25. Nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM-lə və İPM-də başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPMlə tənzimlənir. Bu mənada, Vergi Məcəlləsində müəyyən edilmiş qayda, prosessual qanunvericilik aktlarına (İPM və MPM-ə) daxil edilməklə uyğunlaşdırılmadığından, malların müsadirə edilməsi ilə bağlı iddialara mövcud vəziyyətdə inzibati məhkəmə icraatı qaydasında baxılması istina edilir.

26. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən, müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Buna görə, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolveriləndir”. Beləliklə, Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müvafiq və yetərli əsas qismində təfsir oluna bilməz. Bu zaman müsadirə institutunun yuxarıda istinad olunan normalarda təsbit olunmuş anlamda tətbiqi üçün şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı əməldə təqsirli sayılması və bunun üzərindən həmin əmlakın müsadirəsi üçün tələb olunan digər şərtlərin də yerinə yetirilməsi tələb olunur. Belə iddia həm də İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi də qiymətləndirilə bilməz. Qanunvericilikdə müsadirə inzibati tənbeh növü kimi nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünün tətbiq edilməsi tələbinə isə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində müsadirəyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi anlayış verilmişdir ki, bu da qeyd olunan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: “ ... 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 87.6-ci maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2-1(112)-16495/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar