Məhkəmə qərarları › İş №2-1(3-6)-1233/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1233/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1233/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib olunması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Donuzkökəltmə sovxozunun ##.##.1998-ci il tarixli, ** №-li əmrinin arxiv çıxarışından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasının ** №-li qərarına əsasən İddiaçı 0,08 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.

2. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə hazırki tələblə müraciət etmiş və onun müraciətinə cavabdeh Xəzər RİH ##.##.2025-ci il tarixli, 5-12/2-H- 119-***/**** №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur.”

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

3. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Xəzər RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən sahəsi 0,08 ha torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdeh Xəzər RİHnin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 528.1 kv metr torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdeh Xəzər RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1989-cu il tarixli, *** №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş ##.##.1998-ci İl tarixli ** nömrəli qərarın tələbinə uyğun olaraq Abşeron rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Sözügedən torpaq sahəsi qanuni əsaslarla ona verilmişdir. Lakin torpaq sahəsinin verildiyi zaman onun yerləşmə sxemi (plan cizgisi) əlavə sənədlərə əlavə edilməmişdir. Hal- hazırda sözügedən torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) verilməsi zərurəti yaranmışdır. Belə ki, tərəfindən Xəzər RİH-yə ərizə ilə müraciət edilərək, ona məxsus Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda torpaq sahəsinin yerləşmə sxeminin (plan cizgisinin) təqdim olunması xahiş olunsa da, cavabdeh inzibati orqan sözügedən ərizəyə imtina məktubu ilə cavab vermişdir. Lakin sözügedən torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin *** nömrəli qərarı, Donuzkökəltmə sovxozunun ##.##.1998-ci il ** nömrəli qərarın tələbinə uyğun olaraq ona qanuni şəkildə ayrılmışdır və hal-hazırda istifadəsindədir. Buna görə də inzibati orqanın bu hərəkəti tamamilə qanunsuzdur.

6. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz (mülahizə) təqdim olunmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçı İddiaçı ayrılmış 521,8 kv.metr torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.

8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə cavab olaraq dövlət mülkiyyətində olan kənd təsərrüfatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfinədn tərtib olunması məqsədəmüvafiq hesab olunmuşdur. Azərbaycan Respublikasının ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlanmış ##.##.2021- ci il tarixli, ************ nömrəli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir (məktubun surəti əlavə olunur). Sənədlərdən göründüyü kimi torpaq sahəsi Xəzr Rayon İcra hakimiyyət tərəfindən ayrılmadığından plan (cizgini) verilməsi də Xəzər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İddiaçıya torpaq sahəsi Abşeron rayon XDS İK-nın müvafiq qərarına əsasən 1990-cı ildə ayrılmışdır. Abşeron rayon XDS İK təərfindən ayrılan torpaq sahələrinə sənədlər Milli Arxiv İdarəsinin Bakı filialında deyil Abşeron rayon Dövlət Arxivində saxlanılır. Eüyni zamanda iddiaçıya yarılmış Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin Xəzər Rayon İcra Hakimiyyətinə qaytarılması barədə rəsmi sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Xəzər rayon İcra Hakimiyyətinə təhvil verilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, hər hansı formatda xəritəçəkmə, planalma və ya mərz nöqtələrinin yerə keçiirlməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səalhiyyətinə deyil. Torpaq sahələrinin sənədləşdiirlməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgiplan, cizgi-sxem cə sair terminlər tətbiq olunmur.Bu cür hallarda tələb olunan texniki kadastr “Toroaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericlikdə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

11. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

12. İddiaçı İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

14. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsi (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür): 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; ... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

15. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

20. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

21. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində fərdi yaşayış evi tikmək üçün iddiaçı İddiaçı ayrılmış 521,8 kv.metr torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

23. İş materiallarında olan Donuzkökəltmə sovxozunun ##.##.1998-ci il tarixli, ** №-li əmrinin arxiv çıxarışından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin ## ####### 1989-cu il tarixli *** №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasının ** №-li qərarına əsasən İddiaçı 0,08 ha torpaq sahəsi ayrılması qərara alınmışdır.

24. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil.

25. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

26. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

27. İddiaçı Abşeron rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli, 3-48-1RA/2-H-1523- **/** №-li məktubu ilə təqdim edilmiş Donuzkökəltmə sovxozunun ##.##.1998-ci il tarixli, ** №-li əmrinin arxiv çıxarışını məhkəməyə təqdim etmişdir.

28. İşin birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, 3-21-3- 30/2-****/**** №-li cavab məktubunda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 528.1 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə keçmiş Binə Donuzkökəltmə sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir.

29. Beləliklə, həmin məktubdan da görünür ki, sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir.

30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli **** saylı sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama *-** nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır.

31. Göründüyü kimi, əvvəllər Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqların bir qismi, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi sonradan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini məhz Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinə münasibətdə təmin etməkdə haqlı olmuşdur.

32. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

33. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (*-*(***)-****/**** saylı ##.##.2022-ci il tarixli və *-*(***)-****/**** saylı ##.##.2023cü il tarixli qərarlar).

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar