Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1245/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs: “İnşaat Konstruksiyaları” MMC) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qaraj sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsində “İnşaat Konstruksiyaları” MMC-dən iddiaçının xeyrinə mənzil sahəsinin müqavilədə göstərilən 54,6 kv.metr ölçüdən faktiki ölçü olan 40,4 kv.metr sahədən 14 kv.metr fərq üçün hər kv.metrə 916 manat hesablanmaqla 12824 manat vəsait tutulması qət edilmişdir.
2. “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayon İcra şöbəsinə ünvanladığı ##.##.2023- cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsindəki borc məbləğini ödəmək üçün pul vəsaiti yoxdur. Bu səbəbdən tələbin onun mülkiyyətində olan Bakı şəhəri, İ.Zülalov, 19 ünvanında, binanın zirzəmisində yerləşən, 18 kv.m sahəsi olan qaraj sahəsinə yönəldilməsi, onun üzərinə həbs qoyulması, qiymətləndirilməsi, tələbkara təklif edilməsi və ya hərrac yolu ilə satılaraq borcun bağlanılması xahiş edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, borclu “İnşaat Konstruksiyaları” MMC-nin mülkiyyətində olan müxtəlif daşınar əmlakların və Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qaraj sahəsinin üzərinə həbs qoyulmuş və qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilmişdir.
4. “xxxx” MMC tərəfindən Yasamal rayon İcra şöbəsinə təqdim edilmiş ##.##.2023-cü il tarixli rəyə əsasən Bakı şəhəri, İ.Zülalov, 19 ünvanında binanın zirzəmisində 18 kv.metr sahəsi olan qarajın həmin tarixə bazar dəyəri 12880 manat qiymətləndirilmişdir.
5. Yasamal rayon İcra şöbəsinin iddiaçıya ünvanladığı ##.##.2023-cü il tarixli məktubla Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qaraj sahəsi borcun qiymətə müvafiq əvəzi qismində ona təklif edilmişdir.
6. Yasamal rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qarajın borcun qismən ödənilməsi hesabına iddiaçıya verilməsi və onun adına rəsmiləşdirilməsi cavabdehə həvalə edilmişdir.
7. Cavabdehin Yasamal rayon İcra şöbəsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində çıxış edən sənədlər siyahısında nəzərdə tutulmamışdır.
8. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda təqdim olunan sənədlərdə müvafiq qeyri-yaşayış sahəsinin “İnşaat Konstruksiyaları” MMCyə məxsus olması qeyd edilsə də, qeyd olunan qeyri-yaşayış sahəsinin həmin MMCnin adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumatın aşkar edilmədiyi, habelə həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədinin idarədə aşkarlanmadığı bildirilmiş və daşınmaz əmlakın (mənzil) texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatları və eskiz planı məhkəməyə təqdim edilmişdir.
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Yasamal rayonu, İ. Zülalov küçəsi 19 ünvanında yerləşən qeyriyaşayış sahəsi olan qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 18 kv.metr, faktiki 17.9 kv.metr təşkil edir.
10. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
11. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ. Zülalov küçəsi, 19 ünvanında, binanın zirzəmisində yerləşən 18 kv.metr qeyri-yaşayış sahəsi olan qaraj sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə “İnşaat Konstruksiyaları” MMC məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir.
13. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İnşaat Konstruksiyaları" MMC-dən 12975 manat pul tutularaq ona ödənilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- ***/****-*** saylı, ##.##.2022-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə Yasamal rayon İcra şöbəsinin təqdimatına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- ***/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə “İnşaat Konstruksiyaları” MMC-yə məxsus İsfəndiyar Zülalov, 19 ünvanında, binanın zirzəmisində, sahəsi 18 kv.metr olan qaraj sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra qanunvericiliyin tələblərinə uyğun olaraq qaraj sahəsi ona təklif olunmuş, təklifi qəbul etdikdən sonra qaraj sahəsi ona verilmişdir. Bu fakt ##.##.2024-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Hal-hazırda qaraj iddiaçının istifadəsindədir. Yasamal rayon İcra Şöbəsi tərəfindən qaraj sahəsinin onun adına rəsmiləşdirilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə həvalə edilməsi barədə ##.##.2024-ci tarixli qərar qəbul edilmişdir. Qərar ##.##.2024-cü il tarixli, **/**-******/** saylı məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin ##.##.2024-cü il tarixli *-***- **/*-*****/**** saylı məktubu ilə “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı üçün əsas qismində çıxış edən sənədlər siyahısında nəzərdə tutulmadığını göstərməklə, qərarın icrasından imtina etmişdir. Sonradan ##.##.2025- ci il tarixli, ************ saylı məktubla bildirilib ki, həmin qeyri -yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi idarədə aşkarlanmamış və həmin qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda “tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasında dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarının tələbinə görə “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır. Həmin ünvanda, yəni Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ** saylı binanın 1-ci mərtəbəsində “Araz market” və “Tibb Mərkəzi” fəaliyyət göstərirlər. Bakı İnzibati Məhkəməsinin qərarları ilə hər iki qeyri-yaşayış sahələri dövlət reyestrində qeydiyyata alınıb və onlara müvafiq çıxarışlar da verilmişdir.
15. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərdə müvafiq qeyri-yaşayış sahəsinin “İnşaat Konstruksiyaları” MMC-yə məxsus olması qeyd edilsə də, qeyd olunan qeyriyaşayış sahəsinin həmin MMC-nin adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi idarədə aşkarlanmamışdır.
16. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli icra vərəqəsi əsasında hazırkı iş üzrə üçüncü şəxsdən iddiaçının xeyrinə 12824 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədinin təmin edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin mülkiyyətində olan Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qaraj sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə qətnaməsinin icrası proseduru çərçivəsində həmin əmlak tutulmalı olan pulun müəyyən hissəsinin müqabilində üçüncü şəxs tərəfindən təklif edilmiş, iddiaçı bununla razılaşmış və icra məmuru tərəfindən tərtib edilmiş müvafiq akta əsasən həmin qeyri yaşayış sahəsi iddiaçıya təqdim edilmişdir. İddiaçı mübahisəli qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası isə ondan ibarət olmuşdur ki, sözügedən qeyriyaşayış sahəsinin həmin üçüncü şəxsin adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi İdarədə aşkarlanmamışdır. Hazırkı iş üzrə Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən qarajla bağllı “İnşaat Konstruksiyaları” MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin əmlakla bağlı notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilməmişdir. Həmin əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması barədə icra məmurunun qərarı isə həmin şəhadətnaməni əvəz edə və Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müvafiq maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edə bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin mahiyyətinə aid olmayan “İnşaat Konstruksiyaları” MMC-ni zəruri olmadığı halda 3-cü şəxs qismində prosesə cəlb etməklə işin həllini süni şəkildə uzatmışdır. Müsadirə və ya borcun əmlaka yönəldilməsi prosesində əmlakı alınmış şəxs (borclu) artıq “üçüncü şəxs” statusunda ola bilməz. Çünki qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin əmlak artıq borcun əvəzi kimi borclunun mülkiyyətindən çıxmışdır.Məhkəmənin “İnşaat Konstruksiyaları” MMC-ni prosesdə “üçüncü şəxs” kimi tanıması, əmlakın mənsubiyyəti ilə bağlı hələ də qeyri-müəyyənlik varmış kimi süni bir görüntü yaradır. Halbuki, icra sənədi və protokol əsasında həmin əmlak artıq rəsmi olaraq iddiaçının mülkiyyətinə keçmişdir. Məhkəmə bu prosessual addımı işin mahiyyətini qəsdən mürəkkəbləşdirmək və mülkiyyət hüququnun qeydiyyatını ləngitmək məqsədi daşımışdır. Üstəlik, borclu MMC əmlakın borc əvəzi iddiaçıya verilməsinə dair hələ ##.##.2023-cü il tarixli məktubu ilə rəsmi və qəti iradəsini ifadə etmişdir. İddiaçı tərəfindən həm iddia ərizəsində, həm də yazılı məhkəmə çıxışında Bakı İnzibati Məhkəməsinin digər hakiminin məhz həmin binada (İ. Zülalov 19) və eyni borcluya münasibətdə çıxardığı analoji qərar (İş № *-1 (112)-1434/2023) əsas gətirilmişdir. Yuxanda qeyd olunan qanuni qüvvəyə minmiş qərarı ilə məhz həmin binada yerləşən 480 kv.m-lik qeyri-yaşayış sahəsi (market və tibb mərkəzi) dövlət reyestrində qeydiyyata alınmışdır. Sual olunur: Necə olur ki, eyni binada 480 kv.m-lik geniş sahə üçün istismar sənədinin yoxluğu maneə yaratmır, lakin 18 kv.m-lik qaraj üçün bu, qeydiyyatdan imtina üçün “keçilməz sədd” olur? Cavabdeh orqan binanın istismara icazə sənədinin olmamasını qeydiyyatdan imtina üçün əsas gətirmiş, hakim də bu bəhanəni hüquqi təhlil aparmadan “qanuni” hesab etmişdir. Amma həmin binada (İ. Zülalov 19) yerləşən 480 kv.m-lik qeyri-yaşayış sahəsinə dövlət reyestrində çıxarış verilmişdir. Eyni zamanda, istismara verilməmiş binada pasport qeydiyyatı qanunla mümkün olmadığı halda, iddiaçı məhkəmə qərarı ilə məhz həmin binadakı mənzilinə pasport qeydiyyatına alınmışdır. Əgər dövlət orqanları eyni binada həm çıxarış verir, həm də sakini qeydiyyata alırsa, deməli “istismar aktı yoxdur” bəhanəsi yalnız iddiaçıya münasibətdə tətbiq edilən hüquqi ayrı-seçkilikdir. Bir də ki, bu fakt sübut edir ki, imtina qanuna deyil, subyektiv ayrı-seçkiliyə əsaslanır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
139-1.1.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
2.1-daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .....
26. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu:
45.1 əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir 53.1. Qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur 53.1-1. Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır. 53.1-2.. Tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir 53.1-3.Tələbkar imtina etdikdə və ya bu Qanunun 53.1-1-ci maddəsində müəyyənləşdirilmiş müddət ötürüldükdə daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak tələbkarın imtina etdiyi, yaxud müddətin ötürüldüyü gündən 3 ay müddətində satılmalıdır .
27. “Notariat haqqında” Qanunun 63-cü maddəsinə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-1-ci, 53.1-2-ci və 62.20-ci maddələrinə uyğun olaraq tələbkar tərəfindən əldə edilməsi tələbkarın yazılı müraciəti əsasında notarius tərəfindən bu barədə şəhadətnamə verilməsi ilə rəsmiləşdirilir. Şəhadətnamə müvafiq əmlakın tələbkar tərəfindən qəbul edilməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkar tərəfindən imzalanaraq “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilən protokol əsasında verilir
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
32. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli icra vərəqəsi əsasında hazırkı iş üzrə üçüncü şəxsdən iddiaçının xeyrinə 12824 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədinin təmin edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin mülkiyyətində olan Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qaraj sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhkəmə qətnaməsinin icrası proseduru çərçivəsində həmin əmlak tutulmalı olan pulun müəyyən hissəsinin müqabilində üçüncü şəxs tərəfindən təklif edilmiş, iddiaçı bununla razılaşmış və icra məmuru tərəfindən tərtib edilmiş müvafiq akta əsasən həmin qeyri yaşayış sahəsi iddiaçıya təqdim edilmişdir.
33. Belə ki, Yasamal rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qarajın borcun qismən ödənilməsi hesabına iddiaçıya verilməsi və onun adına rəsmiləşdirilməsi cavabdehə həvalə edilmişdir.
34. Cavabdehin Yasamal rayon İcra şöbəsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində çıxış edən sənədlər siyahısında nəzərdə tutulmamışdır.
35. İddiaçı mübahisəli qaraj üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir.
36. Cavabdehin imtinasının əsası isə ondan ibarət olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsinin həmin üçüncü şəxsin adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi İdarədə aşkarlanmamışdır.
37. Birinci instansiya məhkəməsinin icra proseduru çərçivəsində borclunun tələbin yönəldildiyi daşınmaz əmlakı üzərində tələbkarın mülkiyyət hüququnun yaranması üçün həmin əmlakın üzərinə həbs qoyulmalı, həmin əmlak tələbkara təklif edilməli, tələbkar tərəfindən əmlakın qəbulu tələbkar və icra məmuru tərəfindən tərtib edilmiş protokolla rəsmiləşdirilməli, həmin protokol əsasında notarius tərəfindən müvafiq şəhadətnamə verilməli, məhz notarius tərəfindən verilmiş həmin şəhadətnamə Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən həmin əmlak üzərində tələbkarın mülkiyyət hüquuqunun qeydə alınması üçün əsas kimi çıxış etməsi mövqeyinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, Yasamal rayon İcra şöbəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, İ.Zülalov, 19 ünvanındakı binanın zirzəmisində yerləşən 18 kv.m sahəsi olan qarajın borcun qismən ödənilməsi hesabına iddiaçıya verilməsi və onun adına rəsmiləşdirilməsi cavabdehə həvalə edilmişdir və həmin vaxt “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarı qəbul edilməmişdir.
38. Odur kİ, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarı qəbul olunandan əvvəlki dövrdə həmin Qərarda tövsiyyə olunan qaydada icra məmurunun rəsmiləşdirilmə aparmaması (protokol əvəzinə qərar qəbul etməsi) iddiaçının məhkəmə qərarının icrası nəticəsində əldə etdiyi əmlaka hüququn qeydiyyata alınmasına maneə deyildir.
39. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2024-cü il tarixli Qərarının məzmunu ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qanunvericiliyin şərhi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciətində göstərilir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında T.Əfəndiyevanın İ.Ağayevə qarşı evin boşaldılması və evə köçürülmə tələbinə və s. tələblərə dair iddia ərizələri üzrə mülki iş vardır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli qətnaməsi ilə T.Əfəndiyevanın İ.Ağayevə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, həmçinin iş üzrə ## #### 2017-ci il tarixli Qərardadla iddianın təmin tədbiri qismində İ.Ağayevə məxsus fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra sənədi üzrə borclu qətnaməni könüllü icra etmədiyi üçün onun mülkiyyətində olan fərdi yaşayış evi borcun əvəzi kimi tələbkar T.Əfəndiyevaya təklif olunmuşdur. Sonuncu təklifi qəbul etmiş və mübahisə predmeti olan daşınmaz əmlak icra məmurunun məktubuna əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə T.Əfəndiyevanın adına qeydə alınmışdır. Sonradan T.Əfəndiyeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin evin İ.Ağayev tərəfindən boşaldılması və özünün oraya köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müraciətdə qeyd edilmişdir ki, mülki iş müxtəlif instansiya məhkəmələrinin icraatında olmuş, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları məhkəmələr tərəfindən fərqli qaydada təfsir və tətbiq edilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə müvafiq olaraq üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur, tələbkar imtina etdikdə isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılır. Normanın məzmunundan belə görünür ki, tələbkar təklifi qəbul etdiyi halda, hər hansı digər prosedur olmadan borclunun əmlakı tələbkara verilir və o, əmlaka mülkiyyət hüququnu əldə edir. Bu hal isə məhz daşınmaz əmlakın tələbkarın mülkiyyətinə verilməsi halında qeyrimüəyyənliyin yaranmasına səbəb olur. Mövcud təcrübəyə əsasən, bu kimi hallarda icra məmuru tələbkar tərəfindən qəbul edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərazi üzrə daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət edir və həmin orqan icra məmurunun məktubu əsasında tələbkarın adına qeydiyyat aparır. Lakin istər Mülki Məcəllədə, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi belə bir hal, yəni icra məmurunun məktubu nəzərdə tutulmamışdır.
40. Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki: -“İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair, habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - Konstitusiyanın 29-cu maddəsinin İ və III hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, 129- cu maddəsinin İ və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır”.
41. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarı ## ##### 2024-cü ildə qəbul edilmiş və həmin vaxt Mülki Məcəllənin 139-1.1.3-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsində “icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr” daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas verən sənədlər kimi təsbit edilməmişdi. Həmin dəyişikllik müvafiq qanunlara ## #### 2025-ci il tarixli Qanunla edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi də ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 139-1.1.3-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddələri genişləndirici təfsir edilməli, müvafiq normalara dəyişiklik edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli və müvafiq dəyişikliyə qədər tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır.
42. Lakin, nəzərə almaq lazımdır ki, cavabdehin digər imtina dəlili ondan ibarətdir kİ, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi İdarədə aşkarlanmamışdır. Apellyasiya baxışı zamanı mübahisə ilə bağlı Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 19 ünvanında inşa edilmiş (“İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilmişdir.) çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məhkəmə sorğusu verilmişdir. Məhkəmə sorğusuna ## ###### 2026-
43. cı il tarixdə cavab məktubu daxil olmuş və qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə qeydiyyat üçün əsas olan sənədlər aşağıdakılardır: .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: .... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; .... 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; ....
45. Beləliklə, yuxarıda tətbiq olunan normalardan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara qəbul Aktı cavabdeh orqana təqdim olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
46. İddiaçının apellyasiya şikayətinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilməsi dəlili ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı iddiaçı bildirmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada heç bir mənzilə çıxarış verilməmişdir, yalnız bir qeyri-yaşayış sahəsinə məhkəmə qərarı əsasında çıxarış verilmişdir.
47. Beləliklə, hazırkı halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinin pozulması halı müəyyən edilmir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.