Məhkəmə qərarları › İş №2-1(3-6)-126/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-126/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-126/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan ölçü və ölçü sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X1 məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan ölçü və ölçü sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi barədə Bakı İnzibati Məhkəməsinin müraciətinə əsasən işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX-nın Abşeron Ərazi İdarəsi tərəfindən 15 may 2014-cü il tarixdə verilmiş arayışa əsasən yüklü edilən əmlakın reyestr nömrəsi: **********21, qeydiyyat nömrəsi ********** olan 11 aprel 2014-cü il tarixdə verilmiş seriya RX ******* saylı çıxarış və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarış və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədlərin və onların verilməsinə əsasən olmuş müvafiq qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3952/2024 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan ölçü və ölçü sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4211/2025 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan ölçü və ölçü sənədlərinin ləğv edilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə inzibati işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,20 ha torpaq sahəsi X4 icarəsindədir; xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsi X3 icarəsindədir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsinə dair müvafiq sənədlər ərazinin coğrafı koordinatları təqdim edilmədiyindən və həmin torpaq sahəsinin vətəndaş İddiaçı ayrılmasına dair Suraxanı RİH-də heç bir məlumat olmadığından sorğunun cavablandırılması imkan xaricindədir; Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli, məktubunda göstərilmişdir ki, Hövsan südçülük sovxozu ərazisi Bakı şəhərinin inzibati ərazisində yerləşir; Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı ilə əlaqə saxlanılmış və o öz adına aid heç bir daşınmaz əmlakın mövcud olmadığını bildirmişdir. Sözügedən torpaq sahəsinin yerləşdiyi ərazi Xəzər rayonu, Qala qəsəbəsinin inzibati ərazi vahidinə aiddir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X5 aid olmaqla Bakı şəhərinin (Xəzər rayonunun) inzibati ərazisinin hüdudları daxilində yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılığı ilə bağlı olaraq işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Sumqayıt İnzibati Məhkəməsi Abşeron Rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba istinad edərək hesab etmişdir ki, mübahisə predmeti torpaq sahələri Bakı şəhərinin inzibati ərazisində yerləşdiyinə görə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən iddiaya ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Bakı İnzibati Məhkəməsidir. Bakı İnzibati Məhkəməsi isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktuna istinad edərək hesab etmişdir ki, mübahisə predmeti torpaq sahələri Abşeron rayonunun inzibati ərazisində yerləşdiyinə görə Bakı İnzibati Məhkəməsi işə baxmağa səlahiyyətli deyildir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, hazırkı mübahisə daşınmaz əmlaka dair qeydiyyatın və texniki sənədlərin mübahisələndirilməsi ilə əlaqədar olmaqla, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Həmin normada iddianın hər hansı növləri istisna edilməyərək, bütün iddia növlərinə aid xüsusi aidiyyət qaydası müəyyən edilmişdir. Bu qayda ərazi ilə bağlı olan mübahisə predmetinin və məhkəmənin ərazi baxımından zəruri olan yaxınlığını təmin edir. Eyni zamanda ərazi aidiyyətinin məhz daşınmaz əmlakın olduğu yer üzrə müəyyən edilməsi məhkəmənin daşınmaz əşyanın yerində müayinəsi də daxil olmaqla, həmin əmlakla bağlı müvafiq sübutların operativ və daha əliverişli qaydada əldə edilməsinin təmininə xidmət edir. Sadalanan hərəkətləri ən qısa müddətdə, ən çevik şəkildə və ən etibarlı formada daşınmaz əşyanın olduğu yerin məhkəməsi həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hazırkı iş üzrə mübahisə X4 və X3 icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən müvafiq olaraq 0,20 ha və 0,08 ha torpaq sahələri ilə bağlıdır. Həmin torpaq sahələrinin Abşeron rayonunun yoxsa Bakı şəhərinin inzibati ərazisində yerləşməsinin müəyyən edilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və onun 1 saylı Bakı Ərazi İdarəsinə və 4 saylı Abşeron Ərazi İdarəsinə müvafiq sorğular (çıxarışlar və torpaq sahəsinin planı və ölçüsü sənədləri əlavə edilməklə) ünvanlanmışdır. Sorğulara gələn cavablardan müəyyən edilir ki, həmin torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş X5 aid olmaqla Bakı şəhərinin (Xəzər rayonunun) inzibati ərazisinin hüdudları daxilində yerləşir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15.3-cü bənd). Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən, ... Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 8, 9, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarış, plan ölçü və ölçü sənədlərinin ləğv edilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar