Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-127/2026 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İbrahimxən oğlunun cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İbrahimxən oğlunun və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2023-cü il tarixli ******* qərarına əsasən, 12 iyul 1965-ci il təvəllüdlü İddiaçı İbrahimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.
2. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli ******* qərarına əsasən, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasın. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İbrahimxən oğlu məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinə xidmətinin xx.xx.2025-ci il tarixli 99453869 nörməli qərarı ləğv edilməklə onun xx.xx.1965-ci il təvəllüdlü İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İbrəhimxən oğlu xx.xx.1965-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Orta təhsilini Əli- Bayramlı (indiki Şirvan) şəhəri 16 saylı tam orta məktəbdə almışdır. Əli-bayramlı şəhərində əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərinə təhsil almaq üçün getmişdir. SSSR-in dağılması dönəmində Rusiya Federasiyasına işləmək məqsədi ilə getdiyindən müvəqqəti yaşamaq üçün icazə verildi. Sonradan Rusiya Federasiyasının vətəndaşlığın qəbul etdi. Bir neçə il Azərbaycan Respublikasında yaşadıqdan sonra 1999-cu ildə Ukrayna Respublikasına getmişdir. xx.xx.2009-cu il tarixdə Ukrayna vətəndaşı ilə nikah münasibətlərini rəsmiləşdirmişdir. İddiaçının nikahından 27 oktyabr 2011-ci il tarixdə X6 adlı bir övladı anadan olmuşdur. Onun Ukrayna Respublikasından daimi qeydiyyata alınmağına dair xx.xx.2015-ci il tarixli İH075702 nömrəli daimi yaşayış sertifikatı verilmişdir. Daha sonra hərbi mükəlləfiyyətli olmağı barədə 3 illik razılaşma imzalanmışdır. xx.xx.2023-cü il tarixdə atası X1 vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəlmişdir. Müvafiq qaydada 3 ay müddətinə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçıya məxsus pasportun müddətinin bitməsi ilə əlaqədar Ukrayna Respublikasına buraxılmağına məhdudiyyəti nəzərə alaraq, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət etmişdir. Onun daimi yaşayış yerinin Ukrayna Respublikası olduğundan Rusiya Federasiyasında müvəqqəti yaşamağa, müraciət etməyə, həmçinin, maddi cəhəttdən imkanı olmadığına görə gedə bilmir. Rusiya Federasiyasının vətəndaşı olduğundan və pasportunun müddəti bitdiyindən mövcud vəziyyətlə əlaqədar (müharibə şəraiti) Ukrayna Respublikası onu qəbul etmir. Onun Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi vətəndaşlığına görə müraciətinə baxmır. Hazırda Rusiya Federasiyasının vətəndaşlıq müddəti bitmişdir. Vətəndaşlığı olmayan şəxsdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023- cü il tarixli ******* nömrəli qərar verilmişdir. Daha sonra Ukraynanın Azərbaycan Respublikasında Fövqəladə və X7 Husyevə və Rusiya Federasiyasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri cənab Mixail Yevdokimova müraciət etdi. Müarciətləri müsbət nəticə verməmişdir. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair Dövlət Miqrasiya Xidmətinə müraciət etdi. Dövlət Miqrasiya Xidmətinə xidməti tərəfindən xx.xx.2025-ci il tarixli 99453869 nörməli qərar qəbul edilmişdir. Qərara əsasən, İddiaçı İbrəhimxən oğlunun xx.xx.2023-cü il tarixli 417641/m nömrəli müraciət əsasında icraat aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 və 4.4-cü bəndləri rəhbər tutularaq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli təkrar müraciətinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluq şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda şəxsin Rusiya Federasiyasının vətəndaşlığının əldə etməsinə dair əsasların mövcud olmadığı və Rusiya Federasiyasının vətəndaşı sayılmadığı qeyd edilmişdir. Müraciətin dəlilləri iş materialları ilə birlikdə araşdırılaraq hesab edilir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv olunmalı və yeni inzibati akt qəbul edilərək İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Təkrar müraciət üzrə icraat zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli X2 (MAPS) üzrə məlumat şöbəsinə sorğu göndərilmiş, daxil olmuş məlumatda İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7- dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. Hesab edir ki, Dövlət Miqrasiya Xidmətinə xidməti tərəfindən xx.xx.2025ci il tarixli 99453869 nörməli qərarı əsassızdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı”nın (Qərar) 4.1.4.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Lakin təcrübədən görsənir ki, 4.1.4.1-ci yarımbənddə qeyd olunan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilərkən xx.xx.1998-ci il tarixədək 18 yaşı tamam olduğu təqdirdə, onlara münasibətdə 4.1.1-ci yarımbəndi tətbiq olunaraq xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaları tələb olunur. Göstərilən tarixədək 18 yaşı tamam olmayan şəxslərin isə valideyinlərinin yaşayış yeri üzrə qeydiyyatları araşdırılır. Halbuki, Qərarın 4.1.4-cü yarımbəndində “yetkinlik yaşına çatmayan şəxs” və ya “uşaq” sözündən deyil “şəxs” sözündən istifadə olunmuşdur. Bu isə bu bəndlə bağlı Qanunvericinin yaş həddi müəyyən etmədiyini göstərir. Habelə hər iki yarımbənddə Qərarın 4.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanındığı hallar göstərilmişdir ki, 4.1-ci bəndinə əsasən isə bu hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Belə olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxs doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, onun xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olubolmamasından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Mövcud sənədlərə əsasən İddiaçı İbrəhimxəlil oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılmış və onun Rusiya Federasiyasının vətəndaşı olmasını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə sözügedən Qaydanın 4.4-cü bəndində göstərilmiş şərtlər yoxlanılır. Həmin bəndin tələbinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli təkrar müraciətinə əlavə edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluq şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda şəxsin Rusiya Federasiyasının vətəndaşlığının əldə etməsinə dair əsasların mövcud olmadığı və Rusiya Federasiyasının vətəndaşı sayılmadığı qeyd edilmişdir. Təkrar müraciət üzrə icraat zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli X2 (MAPS) üzrə məlumat şöbəsinə sorğu göndərilmiş, daxil olmuş məlumatda İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998- ci il oktyabrın 7- dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər (o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun) Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir (sistem üzrə sorğunun cavabı əlavə edilir). Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar ləğv edilərək İddiaçı İbrəhimxən oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2025-ci il tarixli, 99453869 nömrəli qərar qəbul edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı İbrahimxən oğlu apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi əlavə araşdırma aparmamış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir.
9. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı İbrahimxən oğlu apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
13. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
20. Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı İbrahimxən oğlu vətəndaşsızlıq vəziyyətindədir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edir.
21. Cavabdeh orqan isə iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir.
22. İş materiallarında olan kimi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Konsulluq şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının Rusiya Federasiyasının vətəndaşlığının əldə etməsinə dair əsasların mövcud olmadığı və Rusiya Federasiyasının vətəndaşı sayılmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən əldə edilənlərə əsasən İddiaçı İbrahimxən oğlunun Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi İddiaçı İbrahimxən oğlu vətəndaşsızlıq vəziyyətindədir, cavabdeh orqanın araşdırma nəticəsində iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.
23. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı İbrahimxən oğlunun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir.
24. Eyni zamanda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı İbrahimxən oğlu barədə Xidmətin strukturuna daxil olan qurumların arxiv-uçot sənədləri üzrə heç bir məlumat aşkar edilmədi.
25. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Hazırki işdən isə görünür ki, iddiaçının xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı yoxdur.
26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İbrahimxən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.