Məhkəmə qərarları › İş №2-1(3-6)-1274/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1274/2026

14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1274/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İbrahimov Əhliman Polad oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İbrahimov Əhliman Polad oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qarabağ müharibəsi əlillik dərəcəsinin tibbi müayinələrin nəticəsi ilə uyğunlaşdıraraq 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, 2- 1(103)- ***/**** nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi # ####### 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı İbrahimov Əhliman Polad oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız, əlil kimi ##.##.2016-cı ildən dövlət qeydiyyatına alınması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı işi üzrə protokol qaydasında iddia tələbi dəqiqləşdirilərək “iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilməsi” kimi icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 0# ####### 2021-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli 2- *(***)-****/**** saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, 2-1(103)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı ##.##.2023-cü il tarixli qərarına əsasən qanuni qüvvəsini almış və məhkəmə tərəfindən ## ###### 2023-cü il və ## ######## 2023-cü il tarixli məktublarla qeyd edilən məlumat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. İddiaçı ##.##.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qərarının icra edilmədiyi üçün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanan ##.##.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır. Sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. Məhkəmə tərəfindən iddiaçının ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olan müraciətinə əsasən ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, eyni məzmunlu müraciətinə məhkəmənin ##.##.2023-cü il tarixli məktubu ilə cavab verilmişdir. Belə ki, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır. Sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. İddiaçı yenidən ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müaciət edərək müvafiq icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*-*(***)-*****/****-*** saylı qərardadında cavabdeh inzibati orqanın formal bəyanatına əsaslanaraq “mübahisənin predmeti yoxdur” nəticəsinə gəlinmişdir. Halbuki iş materialları, eləcə də cavabdehin öz rəsmi sənədləri bu qənaətin faktiki və hüquqi əsaslardan məhrum olduğunu açıq şəkildə göstərir. Hazırkı məruzə iş üzrə irəli sürülmüş tələbləri dəyişmir və ya genişləndirmir, əksinə, ##.##.2023-cü il tarixli apellyasiya qərarının real icra edilməməsi ilə bağlı hüquqi mövqeni dəqiqləşdirir və əsaslandırır. Cavabdehin daxili xidmət məruzəsi ilə icranın başa çatmadığının təsdiqi ##.##.2025-ci il tarixində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı qismində iştirak etdiyim e-*-*(***)-****/**** saylı inzibati iş üzrə e-məhkəmə sisteminə rəsmi qaydada “Agentliyin Hüquq şöbəsinin xidmət məruzəsi” təqdim edilmişdir. Həmin rəsmi xidməti sənəddə aşağıdakı hallar açıq və birmənalı şəkildə təsbit olunmuşdur: Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə ləğv edildiyi; ##.##.2023-cü il tarixli apellyasiya qərarı ilə iddianın təmin edildiyi və cavabdehin hərəkətlərinin qanunsuz hesab olunduğu; həmin qərarın hüquqi nəticəsi olaraq iddiaçıya ##.##.2016-cı il tarixdə təyin edilmiş əlillik statusunun bərpası üçün cavabdehin aidiyyəti struktur bölmələrinə göstəriş verilməsinin zəruriliyi. Bu məzmunlu daxili xidmət məruzəsi cavabdehin öz rəsmi sənədi olmaqla, ##.##.2023-cü il tarixli apellyasiya qərarının hələ də faktiki olaraq icra edilmədiyini, icranın başa çatması üçün əlavə inzibati tədbirlərə ehtiyac olduğunu birbaşa təsdiq edir. Eyni inzibati iş üzrə iddiaçı tərəfindən ##.##.2025ci il tarixində məhkəməyə təqdim edilmiş, lakin mahiyyəti üzrə baxılmamış “Əlilliyin müddətsiz kimi tanınması barədə” vəsatət mövcuddur. Həmin vəsatətdə göstərilən hüquqi arqumentlərdən aydın olur ki: iddiaçının əlillik statusu 2006-cı ilin noyabr ayından fasiləsiz şəkildə 2016-cı ilin yanvarına qədər davam etmiş; ##.##.2016-cı il tarixli qərarla ikinci dərəcəli əlillik 5 il müddətinə təyin edilmiş; Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, №*** saylı Qərarının 4.2-ci maddəsinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il davam etdikdə, əlillik müddətsiz müəyyən edilməlidir; bu 10 illik fasiləsiz dövr ##.##.2016-cı il tarixdə tamam olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarının 48 və 49-cu bəndlərində birbaşa göstərilmişdir ki, ##.##.2016-cı il tarixli qərarın ləğv edildiyi və ya dəyişdirildiyi müəyyən olunmamışdır və cavabdeh tərəfindən bu barədə heç bir sübut təqdim edilməmişdir. Bu hüquqi mövqe onu göstərir ki, ##.##.2023-cü il tarixli apellyasiya qərarının icrası yalnız formal deyil, maddi hüquqi nəticələr doğurmalı, o cümlədən əlillik statusunun müddətsiz kimi tanınması məsələsini də əhatə etməli idi. Bu isə icranın hələ də tamamlanmadığını bir daha təsdiqləyir. Cavabdehin daxili sistemində icranın formal göstərilməsi Cavabdehin təqdim etdiyi materiallardan görünür ki, Agentliyin daxili elektron sənəd dövriyyəsi sistemində müvafiq xidməti məruzə “icra edilib” və “tam icra” statusu ilə bağlanmışdır. Lakin bu status yalnız daxili inzibati prosedurun tamamlanmasını ifadə edir və məhkəmə qərarının hüquqi nəticələrinin real icrasını müstəqil şəkildə təsdiq etmir. İcranın sübutu kimi təqdim edilən sənədlərdə ziddiyyətlər cavabdeh tərəfindən icranı sübut etmək məqsədilə təqdim edilən sənədlər: prosessual baxımdan gec təqdim edilmiş, tarixləndirmə ilə faktiki təqdimetmə vaxtı arasında ziddiyyətli, tibbi-sosial müayinələrin real sayını təhrif edən məlumatlar ehtiva edir. Xüsusilə FİN-dən sonra göstərilən “003” sıra nömrəsi iddiaçının uzun illər ərzində dəfələrlə tibbisosial ekspertizadan keçməsi faktını süni şəkildə daraldır və əlilliyin davamlı xarakterini gizlədir. Göstərilənlər bir daha təsdiq edir ki: mübahisənin predmeti mövcuddur; ##.##.2023-cü il tarixli apellyasiya qərarı tam və real şəkildə icra edilməmişdir; icranın tamamlandığını təsdiq edən maddi-hüquqi nəticələr mövcud deyil. Hazırkı məruzə ##.##.2025-ci il tarixli vəsatətin davamı olmaqla, məhkəmənin iş üzrə icra vəziyyətini real hüquqi nəticələr prizmasından qiymətləndirməsi üçün təqdim olunur. Sonradan iddiaçı ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək İPM-in 13-cü maddəsinə uyğun olaraq: 1.bildirişdə iddia tələbinin yanlışlıqla "üçüncü dərəcə" kimi göstərilməsi ilə bağlı maddi xəta aradan qaldırılmasını,

2. Məhkəmə qərarının icrası üzrə icraatın məhz orijinal tələbi olan "##.##.2016-cı ildən AR Ərazi müdafiəsi iə əlaqədar II (iki) qrup, müddətsiz əlilliyin bərpası" predmeti üzrə aparılması təmin edilməsini,

3. Cavabdeh Agentliyin BAM qərarının icrasından yayınmaq üçün istinad etdiyi "arxa tarixli" hərəkətlərinə İPM-in 120.1-ci maddəsi qaydasında hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İbrahimov Əhliman Polad tərəfindən verilmiş məcburi icra tədbirlərinin görülməsi barədə ərizə rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti məcburi icra tədbirlərinin görülməsi barədə ərizə ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Agentliyin ##.##.2025-ci il tarixli xidmət məruzəsində icranın başa çatmadığı etiraf edildiyi halda, məhkəmə bu mexanizmləri tətbiq etməkdən imtina etmişdir. İddiaçının ##.##.2026-cı il tarixli ərizəsində və ilkin iddia tələbində mübahisənin əsl predmetinin ##.##.2016-cı ildən II qrup müddətsiz əlilliyin bərpası olduğunu bildirib. Lakin məhkəmə işi inadla "üçüncü dərəcə əlilliyin təyin edilməsi" kimi yanlış adlandırmış və araşdırmanı yalnız bu dar çərçivədə aparmışdır. Bu, işin mahiyyəti üzrə tam həcmdə baxılmaması deməkdir Məhkəmə sübutlar əsasında mahiyyəti üzrə qərar verməlidir. Agentliyin ##.##.2025-ci il tarixli daxili "Xidmət məruzəsi" e-məhkəmə sisteminə təqdim edilmişdir . Bu sənəddə Agentlik icranın tamamlanmadığını və əlavə tədbirlərin zəruriliyini özü etiraf edir .Bakı İnzibati Məhkəməsi bu sübuta hüquqi qiymət verməyərək "icraya ehtiyac yoxdur" nəticəsinə gəlməsi İPM-in 82-ci maddəsinin "sübutlar əsasında baxış" tələbinin birbaşa pozuntusudur. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh “E-kabinet” vasitəsilə ərizə təqdim edərək Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları

Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz olunmasını qərara almışdır.

Əsaslandırıcı hissə:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini düzgün sayaraq qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarının: IV. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi

25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.

26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 0# ####### 2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarına əsasən qanuni qüvvəsini almış və məhkəmə tərəfindən ## ###### 2023-cü il və ## ######## 2023-cü il tarixli məktublarla qeyd edilən məlumat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Beləliklə, iddiaçıya qanunsuz təyin edilmiş üçüncü dərəcəli əlillik məhkəmənin qərarı ilə ləğv edildiyindən, barəsində qəbul edilmiş ##.##.2016-cı il tarixli qərar (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik) bərpa edilmişdir. Sözügedən qərarın qüvvədə olma müddəti ##.##.2021-ci il tarixdə bitdiyindən iddiaçının əlilliyi dayandırılmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, məcburi icra tədbirlərinin görülməsi barədə ərizə təmin edilməməli, iddiaçıya izah olunmalıdır ki, əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, məcburi icra tədbirlərinin görülməsi barədə ərizə təmin edilməməlidir. Apellyasiya şikayəti məcburi icra tədbirlərinin görülməsi barədə ərizə ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Əlavə olaraq məhkəmə Kollegiyası onu da qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının ##.##.2026-cı il tarixli ərizəsində və ilkin iddia tələbində mübahisənin əsl predmetinin ##.##.2016-cı ildən II qrup müddətsiz əlilliyin bərpası olduğunu bildirib. Lakin məhkəmə işi inadla "üçüncü dərəcə əlilliyin təyin edilməsi" kimi yanlış adlandırmış və araşdırmanı yalnız bu dar çərçivədə aparmışdır. Bu, işin mahiyyəti üzrə tam həcmdə baxılmaması deməkdir. Şikayətin bu dəlili ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, işdə olan yuxarıda qeyd edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli 2- *(***)-****/**** saylı qərarından göründüyü kimi, həmin məhkəmə qərarları ilə iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilmişdir. Beləliklə, məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iddiaçıya qanunsuz təyin edilmiş üçüncü dərəcəli əlillik məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə ləğv edildiyindən, barəsində qəbul edilmiş ##.##.2016-cı il tarixli qərar (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik) bərpa edilmişdir. Sözügedən qərarın qüvvədə olma müddəti ##.##.2021-ci il tarixdə bitdiyindən iddiaçının əlilliyi dayandırılmışdır. Bu səbəbdən də 1-ci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məcburi icra tədbirlərinin görülməsi barədə ərizə təmin edilməməli, iddiaçıya izah olunmalıdır ki, əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Şikayətin digər dəlili ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bildirişində və hazırkı mübahisələndirilən qərardadın girişində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarında mübahisənin predmeti “iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilməsi” olduğu halda, texniki səhv olaraq “üçüncü dərəcə əlilliyin təyin edilməsi” göstərilməsi mahiyyət üzrə düzgün qəbul edilmiş qərardadın ləğvinə və ya dəyişdirilməsinə əsas təşkil etmir. Belə ki, iddiaçı ##.##.2026-cı il tarixli dəqiqləşdirilmiş ərizəsində “Məhkəmə qərarının icrası üzrə icraatın məhz orijinal tələbi olan "##.##.2016-cı ildən AR Ərazi müdafiəsi iə əlaqədar II (iki) qrup, müddətsiz əlilliyin bərpası" predmeti üzrə aparılması təmin edilməsi”ni tələb etsə də yuxarıdakı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarında mübahisənin predmeti “iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilməsi” olduğu aşkardır. Bundan başqa məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı ##.##.2026-cı il tarixli dəqiqləşdirilmiş ərizəsində cavabdeh Agentliyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarının icrasından yayınmaq üçün istinad etdiyi "arxa tarixli" hərəkətlərinə İPM-in 120.1-ci maddəsi qaydasında hüquqi qiymət verilməsini xahiş etmiş, lakin cavabdehin üzərinə həmin məhkəmə qərarı ilə icra olunmalı hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmə Kollegiyası bir daha qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarında mübahisənin predmeti müəyyən etmə və ya tanınma haqqında iddia növü olaraq “iddiaçı İbrahimov Əhliman Polad oğluna üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz hesab edilməsi” olmuş və sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının çıxarılması kifayət edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar