Məhkəmə qərarları › İş №2-1(3-6)-1284/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1284/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1284/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Cəfərov İman Möhsüm oğlunun cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair işi üzrə Açar sözlər: (mənzil növbəsinə götürülmə) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X9 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı Cəfərov İman Möhsüm oğlunun iştirakı ilə, İddiaçı Cəfərov İman Möhsüm oğlunun cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, vəziyyətini nəzərə alıb onun şəhid ailəsi kimi mənzil qeydiyyatına alınmasını və mənzillə təmin edilməsi üçün tapşırıq verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, “Araşdırma zamanı, Sizin ##.##.2025ci il tarixdən ünvan 4 ünvanına daimi qeydiyyata düşməklə mənzil şəraitinizi süni surətdə pisləşdirdiyiniz müəyyən edilmişdir. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları"nın 17-ci bəndinin 3cü hissəsinə əsasən mənzilə ehtiyacı olan hesab edilmiş vətəndaşlar, mənzil şəraitinin yaxşılaşdırılması ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin." Birinci instansiya məhkəməsində icraat İddiaçı Cəfərov İman Möhsüm oğlu cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ailə üzvlərimlə birgə güzəştli mənzil uçotuna - siyahıya alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2025-ci ilin avqust ayından halhazıradək, ünvan 3 ünvanında ailə üzvlərilə birgə daimi qeydiyyatdadır, lakin 13 ildir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayə yaşayır. Həmin ünvanda ##.##.1980-ci il təvəllüdlü həyat yoldaşı- X10 və ##.##.2003-cü il təvəllüdlü oğlu Cəfərov Cavidan İman oğlu da iddiaçı ilə birlikdə qeydiyyatdadırlar və onun himayəsində yaşayırlar. İddiaçı Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli vəsiqəyə əsasən Şəhid ailəsi hesab edilmişdir. Bildirilir ki, iddiaçının mərhum övladı Möhsümov Ruslan İman oğlu ## ###### 2025-ci il tarixdə keçirilən əməliyyatlar zamanı şəhid olmuşdur. İddiaçı uzun illər Abşeron rayonunda kirayədə yaşadığından və 2025 ilin avqust ayından hal-hazıradək, Bakı şəhəri Xətai rayonunda daimi qeydiyyatda olduğundan Xətai Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-C-**- ***/**** saylı cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, Xətai Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/C**** nömrəli arayışında bildirilir ki, P.Həşimov küçəsi ev 15/3A qeydiyyatda olan Cəfərov İman Möhsüm oğluna və ailə üzvləri X10 və Cəfərov Cavidan İman oğluna Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bundan başqa, AR. İpoteka və Kredit Zəmanət Fondunun ## ######## 2025-ci il tarixli, 12- 3\*-C-****-**-****/**** saylı məktubunda bildirilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemində Cəfərov İman Möhsüm oğluna ipoteka kreditinə və güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Tural Məlikov) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə cavabdehin ##.##.2025-ci il tarixli məktubuna istinad edərək onun guya mənzil şəraitini süni surətdə pisləşdirdiyini qeyd etmişdir. Onun Bakı şəhərində qeydiyyata düşməyi mənzil şəraitini süni şəkildə pisləşdirməyi kimi qiymətləndirilə bilməz. Əksinə, uzun illər kirayə şəraitində yaşamış və real olaraq mənzilə ehtiyacı olan şəxsdir. Qeydiyyatın dəyişdirilməsi isə onun faktiki yaşayış vəziyyətini yaxşılaşdırmamış, yalnız hüquqi statusunu rəsmiləşdirmişdir. Məhkəmə nəzərə almamışdır ki, balası Möhsümov Ruslan İman oğlu ## ###### 2025-ci il tarixdə işlədiyi X6 Xidmətində əməliyyat tapşırığı icra edərkən qəhrəmancasına şəhid olmuş və Şəhid ailəsi statusu verilmişdir. Hazırda kirayə kimi yaşayırlar. Balası üçün guşə yaratmış. Balasının dəfn olunduğu evdən ev yiyəsi öz övladına toy etdiyi üçün çıxartmış, digər evdən isə kirayə pulunu gecikdirdiyi üçün çıxarıblar. Hər dəfə ev yiyəsi gəlib evdən çıxardanda məcbur olub balasının guşəsini söküb aparıb başqa evdə qurur. 13 ildir kirayə yaşadığı doğru olsa da, həmin müddətin hamısının Mehdiabad qəsəbəsində yaşamağı doğru deyil. İddia ərizəsi yazılan vaxtı kirayə ev Mehdiabad qəsəbəsində ucuz olduğuna görə təzə köçmüşdür. Bundan başqa, mənzil təminatı məsələlərində əsas meyar şəxsin real sosial vəziyyəti və yaşayış şəraitidir. Məhkəmə həmçinin adına Şəmkir rayonunda torpaq sahələrinin olmasını əsas gətirmişdir. Lakin, həmin torpaq sahələri yaşayış üçün yararlı mənzil deyildir. Qanunvericiliyə görə, şəxsin yaşayış sahəsinə ehtiyacının olub-olmaması müəyyən edilərkən yalnız formal mülkiyyət hüququ deyil, həm də həmin əmlakdan real istifadə imkanları və yaşayış üçün yararlılığı nəzərə alınmalıdır. Bu baxımdan məhkəmənin yalnız torpaq sahələrinin mövcudluğuna əsaslanaraq iddianı rədd etməsi düzgün hüquqi yanaşma deyildir. Bundan başqa, məhkəmə onun şəhid ailəsi üzvü olmağı faktına lazımi hüquqi qiymət verməmişdir. Qanunvericiliyə əsasən, şəhid ailələri mənzil təminatı zamanı xüsusi imtiyazlı kateqoriyaya aiddir və onların sosial müdafiəsi dövlətin prioritet vəzifələrindən biridir. Şahid ailəsi statusu onun mənzil növbəsinə götürülməyi üçün mühüm əsas olduğu halda, məhkəmə bu halı yalnız formal şəkildə qeyd etmiş, lakin qərarın nəticəsinə təsir edən amil kimi nəzərə almamışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə işin taktiki hallarına uyğun deyil, sübutlar birtərəfli qiymətləndirilmiş, sosial vəziyyəti və qanunla təmin olunan üstün hüquqları nəzərə alınmamışdır. Bu isə qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu göstərir. Göstərilənlərə əsasən aydın olur ki, məhkəmənin tətbiq etdiyi maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Məhkəmə iddiaçının Bakı şəhərində kifayət qədər müddət yaşamaması qənaətinə gəlsə də, iş materiallarında iddiaçının uzun müddət faktiki olaraq Bakı və ətraf ərazilərdə yaşaması faktı mövcuddur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. .... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. ... Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respiublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X18 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il # ##### tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı mənzil növbəsinə götürülməsinə və mənzillə təmin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan tələbin təmin edilməsindən imtina edərkən iddiaçının ##.##.2025ci il tarixdən ünvan 4 ünvanına daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirdiyi əsas götürmüşdür. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalara və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarıa əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə 7 il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Hazırkı iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçı ##.##.2025-ci il tarixdən Bakı şəhərinə (Xətai rayonu) yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Hazırda iddiaçının Bakı şəhərində daimi olaraq 7 il müddətində yaşaması öz təsdiqini tapmadığından, cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilməlidir. Həmçinin iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda deyil, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayır. İddiaçının yaşayış yerinin Bakı şəhərində olmasını, başqa sözlə, iddiaçının Bakı şəhərinə ərazi bağlılığını təsdiq edən sübut təqdim edilməmişdir. Bu isə iddiaçının Bakı şəhəri, Xətai rayonundakı qeydiyyatının formal xarakter daşıdığını deməyə əsas verir. Halbuki, istinad olunan Mənzil Məcəlləsinin normalarından göründüyü kimi, mənzil növbəsinə götürülmə vətəndaşların yaşayış yeri üzrə yerli icra hakimiyyəti və ya bələdiyyə orqanına müraciətləri əsasında həyata keçirilir. Bundan başqa, göründüyü kimi, qüvvədə olan mənzil qanunvericiliyi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını konkret müəyyən etmişdir. Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacının olmasıdır. Hazırkı işin materiallarında olan DƏDKR PHŞ tərəfindən təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-037A, KOD-******** nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli Qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı olaraq ayrılmış 0,36 hektar torpaq sahəsi Şəmkir rayonu Atabəy kənd sakini Cəfərova İntizar Hüseyn qızı, Cəfərov İman Möysüm oğlu, X4, X5 və X8 mülkiyyətlərinə verilmişdir. Həmçinin DƏDKR PHŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Çənlibel kəndi (Yeni qaydalarla: Şəmkir rayonu, Çənlibel kəndi, İsmət Qayıbov küçəsi, giriş 49) ünvanında yerləşən 0.09 ha torpaq sahəsi (kateqoriyası: yaşayış məntəqələrinin torpaqları) Cəfərov İman Möhsüm oğlunun xüsusi mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmədiyindən onun yaşayış sahəsinə ehtiyacı olan şəxslər kateqoriyasına aid olmasına əsas verən hallar mövcud deyil. Məhkəmə tərkibi birinci instansiyasının gəldiyi nəticə ilə razılaşır. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Xətai RİH başçısının * nömrəli Sahə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ##.##.1968-ci il təvəllüdlü Cəfərov İman Möhsün oğlu və onun ailə üzvləri (##.##.1980-ci il təvəllüdlü X10, ##.##.2023-cü il təvəllüdlü Cəfərov Cavidan İman oğlu) ünvan 2 ünvanında yaşayır. xxxx publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, Cəfərov İman Möhsüm oğlunun və X10 adına Şəmkir rayonu, Atabəy kəndində yerləşən 1,2405 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Cəfərov İman Möhsüm oğlunun adına Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,09 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Cəfərov İman Möhsüm oğlunun adına Şəmkir rayonu, Atabəy kəndində yerləşən 0,36 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cəfərov Cavidan İman oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Sözügedən daşınmaz əmlaklara dair müvafiq hüquqmüəyyənedici sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Cəfərov İman Möhsüm oğlu, X10 və Cəfərov Cavidan İman oğlu ##.##.2025-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı tərəfindən isə müvafiq iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmə ilə nəticələnə biləcək hərəkət hesab edilir və həmin hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Bundan başqa iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Bakı Ərazi idarəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cəfərov İman Möhsüm oğlunun adına Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1 otaqlı fərdi yaşayış evi mövcuddur. Qüvvədə olan mənzil qanunvericiliyi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını konkret müəyyən etmişdir. Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacının olmasıdır. İş materiallarında mövcud olan rəsmi sənədlər və toplanmış sübutlar isə iddiaçının qanunla müəyyən edilmiş mənzil növbəsinə götürülmə şərtlərinə (Xətai rayonu üzrə qeydiyyat müddəti və mülkiyyətində daşınmaz əmlakın mövcudluğu baxımından) cavab vermədiyini təsdiq edir. Belə olan halda, cavabdeh inzibati orqanın müraciətin təmin olunmasından imtina edilməsi barədə mövqeyi tamamilə qanunauyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli və düzgün qiymətləndirilmişdir. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar