Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1306/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami bələdiyyəsi) “torpaq sahəsinə hüququn qeydə alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** saylı qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən, 450 kv.m torpaq sahəsinə dair iddiaçının icarə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən, 450 kv.m torpaq sahəsi ona 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsi istifadəsindədir. Həmin torpaq sahəsinin icarə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə adına çıxarışın verilməsi üçün cavabdehə ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət etsə də, bu günədək heç bir cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi qanunsuzdur. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nizami bələdiyyəsinin * nömrəli, ## ###### 2006-cı il tarixli qərarı ilə Nizami rayon Nəsimi küçəsi 2406-cı məhəllədə yerləşən ümumi sahəsi 450 kv.m olan torpaq sahəsi 49 (qırx doqquz) il müddətinə iaşə və ticarət məqsədi ilə iddiaçının icarəsinə verilmişdir. Iddiaçı ilə bələdiyyə arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. Hazırda iddiaçı torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan imtinasında, habelə apellyasiya şikayətinin dəlillərində o hallara istinad etmişdir ki: - göstərilən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. - elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi yol kənarı ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bələdiyyə qərarı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasının digər dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, torpaq sahəsinin bələdiyyə, yoxsa dövlət mülkiyyətində olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan birinci instansiya icraatı zamanı ekspertiza keçirilmiş və araşdırmalar aparılmışdır. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli, ## #### 2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki: Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən, 450 kv.metr torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 409226.170 4473778.009 409242.159 4473787.122 409249.796 4473774.016 409250.814 4473774.537 409255.230 4473765.911 409238.973 4473757.497 Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Nizami rayon Bələdiyyəsinin ** saylı, ## ###### 2006-ci il tarixli Qərarı ilə vətəndaş İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən, torpaq sahəsinin faktiki ölçüsü 450 kv.metr (25mx18m) təşkil edir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4- cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Nizmai rayonu, Nizami bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçının faktiki icarəsinə verilmiş 450 kv.metr torpaq sahəsinin, Bakı şəhər Nizami rayonu, Nizami Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Nizami rayon Bələdiyyəsinin ** saylı, ## ###### 2006-ci il tarixli Qərarı ilə iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən torpaq sahəsinin hər hansı cərgəsində və ümumi istifadə üçün nəzərdə tutulan ərazidə yerləşmədiyi müəyyən olunmuşdur. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli təkrar tikinti-texniki ekspertizanın keçirilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **/**** nömrəli, ## ###### 2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki: Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən, 450 kv.m torpaq sahəsinin kateqoriyasının Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Nizami Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən Bakı şəhər Nizami Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş 330 ha torpaq sahəsinin hüdudlarına dair xəritə materialı əlavə edilmədiyindən qərardadın ikinci sualı barədə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən, 450 kv.m torpaq sahəsinin yaşayış binasının önündə, yolkənarı yaşıllıq cərgəsində, ümumi istifadə üçün nəzərdə tutulan ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki: “...Tədqiqat aparılması üçün torpaq sahəsinə baxış keçirilmiş və iş materiallarının məlumatlarından istifadə edilmişdir. Bakı şəhəri, Nizami rayon Bələdiyyəsinin ** saylı, ## ###### 2006-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2406-cı məhəllədə yerləşən 450 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib edilmiş plandan görünür ki, ayrılan sahə 25 metr uzunluqda, 18 metr enində olmaqla yolun kənarında yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsi 25 metr uzunluqda, 18 metr enində olmaqla yolun kənarında yerləşir və torpaq sahəsinin plan üzrə yerləşməsi və digər parametrləri Bakı şəhəri, Nizami rayon Bələdiyyəsinin ** saylı, ## ###### 2006-ci il tarixli Qərarına əlavə edilmiş sxemə uyğundur. Eyni zamanda baxış zamanı torpaq sahəsinin yaşayış binasının önündə, yolkənarı yaşıllıq cərgəsində, ümumi istifadə üçün nəzərdə tutulan ərazidə yerləşmədiyi müəyyən olundu.” Həmçinin, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə bələdiyyə qərarı əsasında icarə hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir. Bundan əlavə rəngli ortofotogörüntüdən də aydın olur ki, iddia olunan torpaq sahəsi yaşayış binasının önü ümumi istifadə üçün ayrılan yerdə yerləşmir. Beləliklə, məhkəmə kollegiyası rəylərin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəylərini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, rəylərin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən ekspertiza tədqiqatına təqdim olunmuş Bakı şəhəri Nizami bələdiyyəsinin * nömrəli, ## ###### 2006-cı il tarixli qərarı, torpağın icarəyə verilməsinə dair müqaviləni, o cümlədən məhkəməyə təqdim edilmiş digər sənədləri nəzərə alaraq, sözügedən torpaq sahəsinin Bələdiyyənin ərazi hüdudları daxilində yerləşməklə, bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilir. Apellyasiya şikayətində qeyd olunan digər dəlil, yəni təqdim olunan yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələrinin qeyd edilməməsi barədə cavabdehin dəlilini də məhkəmə kollegiyası əsassız hesab edərək diqqətə çatdırır ki, iddiaçı həmin sənədlərin tərtib edilməsində iştirak etmir və qeyd olunan sənədlərin tərtibatında uyğunsuzluğun və ya qeyri-müəyyyənliyin olması iddiaçının məsuliyyət sferasına aid deyil. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunan torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən ortofoto görüntü, həmçinin cavabdeh idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerli baxışın nəticələrinə dair müayinə aktından və əlavə edilmiş koordinatlardan torpaq sahəsinin yerləşməsi dəqiq müəyyən edilir. Odur ki, bu hal da cavabdeh inzibati orqan tərəfindən iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınmasından imtina etməsi üçün əsas deyildir. Beləliklə ekspert rəylərindən, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdehin göstərilən sahənin dövlət mülkiyyəti torpağı olması, sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati X17 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə qarşı ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli, X2 Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X12 Cavabdeh * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X6 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli, X3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və X1 Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Son olaraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilməsi iş üzrə araşdırmalar zamanı müəyyən edilmədi. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1306/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1306/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver