Məhkəmə qərarları › İş №2-1(3-6)-1316/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1316/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1316/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmaların qadağan edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. İddiaçı İddiaçı ##.##.1951-ci il təvəllüdlüdür və ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinin ##.##.2014- cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Pensiya işinizdə olan sənədlərin surətlərinə və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 01.01,2006-cı il tarixinədək 37 il 2 ay 18 gün sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2014-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 3316,45 manat (2014- cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq 07.11,2020-ci il tarixindən (müraciət etdiyiniz tarixdən 3 il əvvəl) 295,36 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək ##.##.2021-ci il tarixindən 329,03 manata, 01.01,2022-ci il tarixindən 340,22 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla), ##.##.2023-cü il tarixindən 409,34 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün 01.11,2014-cü il tarixindən işdən çıxdığınız tarixədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 7501 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 543,21 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 587,21 manata çatdırılmışdır. Qanunun 39.1- ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Aktiv vergi ödəyicisi kimi fəaliyyətiniz (VÖEN: **********) dayandırılmadığı halda, pensiyanız Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq ##.##.2019-cu il tarixindən yenidən hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində ##.##.2020-ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətinizdən 3 il əvvəl) 30.11,2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır....”.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasından tutulmaların qadağan edilməsi və tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq, ##.##.2014-cü il tarixdən əmək pensiyası alır. 2023-cü ildə Ali təhsil haqda sənədini * saylı Bakı DOST mərkəzinə təqdim edib pensiyasına əlavələr edilməsini xahiş etmişdir. Nəticədə guya artıq pensiya aldığı bəhanə edilərək pensiyasından hər ay 20 manat tutulmuşdur. Yenidən şikayəti nəzərə alınaraq, pensiyası 340 manatdan 409 manata çatdırılmışdır. 2025-ci ilin pensiyasına 43 manat əlavədən 1 aylıq əlavə yenidən qeyri-qanuni tutulmuşdur. Yenidən şikayət etdikdə və pensiyasından 43 manatın nə səbəbdən tutulduğunu soruşduqda ona qeyri-müəyyən cavab göndərilmişdir.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin ##.##.2014-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı Mərkəzi Filiala müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq ##.##.2025-ci il tarixli *-**-*/*-Q-******/**** nömrəli məktubla cavablandırılmışdır. Belə ki, iddiaçıya məxsus pensiya işində olan sənədlərin surətlərinə və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixinədək 37 il 2 ay 18 gün sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 3316,45 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq ##.##.2020-ci il tarixindən (müraciət etdiyi tarixindən 3 il əvvəl) 295,36 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2021-ci il tarixindən 329,03 manata, ##.##.2022-ci il tarixindən 340,22 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla), ##.##.2023-cü il tarixindən 409,34 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2014-cü il tarixindən işdən çıxdığı tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 7501 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 543,21 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 587,21 manata çatdırılmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Buna baxmayaraq iddiaçının aktiv vergi ödəyicisi kimi fəaliyyətinin (VÖEN: **********) dayandırılmadığı halda, əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq ##.##.2019-cu il tarixindən yenidən hesablandığı, nəticədə yaşa görə əmək pensiyasının məbləğində ##.##.2020-ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) ##.##.2023-cü il tarixinədək artıqödəmə müəyyən edildiyi bildirilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçı İddiaçı yaşa görə pensiya məbləğindən hər hansı tutulma aparılmamışdır. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı maddəsinə əsasən iddiaçı İddiaçı pensiya məbləği yenidən indeksləşdirilərkən (##.##.2025-ci il tarixində 43.88 manat və ##.##.2024-cü il tarixində 45.85 manat) artıqvermə məbləği həmin ötən dövr üzrə verilən fərq məbləğiylə əvəzləşdirilmişdir. Əlavə olaraq MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının qalıq borc məbləği 539.08 manat təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pensiyasından tutulmaların aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilməsi, İddiaçı pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Belə ki, iddiaçı İddiaçı pensiya məbləği yenidən indeksləşdirilərkən (##.##.2025-ci il tarixində 43.88 manat və ##.##.2024-cü il tarixində 45.85 manat) artıqvermə məbləği həmin ötən dövr üzrə verilən fərq məbləğiylə əvəzləşdirilmişdir. Beləliklə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələrin əvəzləşdirilməsi ilə bağlı razılıq əldə edilməsinə dair hər hansı normativ əsas olmadığından, cavabdeh orqan iddiaçıya ötən dövr üzrə verilən fərq məbləği ilə artıq ödənilmiş pensiyanın əvəzləşdirilməsini qanunvericiliyə uyğun aparmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

10. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, iddiaçı isə apellyasia şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

13. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

16. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-12-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

17. Belə ki, iddiaçı əmək pensiyasından tutulmaların qadağan edilməsi və tutulmuş məbləğin ona geri qaytarılmasını tələb edir.

18. Cavabdeh orqan isə iddiaçının əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinin tələbləri pozularaq ##.##.2019-cu il tarixindən yenidən hesablandığı, nəticədə yaşa görə əmək pensiyasının məbləğində ##.##.2020-ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) ##.##.2023-cü il tarixinədək artıqödəmə müəyyən edildiyini bildirərək, imtina cavabı vermişdir.

19. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2014-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuş və sonuncu dəfə ona yenidən hesablama nəticəsində 587,21 manat məbləğində müəyyən edilmişdir. Sonradan cavabdeh tərəfindən xidməti araşdırma əsas gətirilərək iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı inzibati icraata başlanılmış və nəticədə yaşa görə əmək pensiyasının məbləğində ##.##.2020-ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) ##.##.2023cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur.

20. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## ### 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzləşdirilmiş elektron informasiya sistemində iddiaçı İddiaçı əmək pensiyasının aylıq məbləğindən tutulma barədə məlumat aşkar edilməmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İddiaçı əmək pensiyasının məbləğində ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək, ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək ötən dövr üzrə hesablanmış məbləği ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək müəyyən edilmiş artıqödəmə məbləğinin bir hissəsi ilə əvəzlənmişdir .

21. Belə ki, cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentlərini məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

22. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

24. Lakin, hazırkı halda, belə razılıq olmadığından, iddiaçı hazırkı məzmunda inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

25. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən (maddə 13,67.5 və s.), inzibati icraatı lazımi qaydada aparmadan, barəsində qanunsuz hərəkətlər edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar