Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1347/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (iddianın qeyri-mümkünlüyü) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə qarşı “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli **** saylı qərarından görünür ki, Lerik RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun29.12.2015-ci il tarixli məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Kəskin reaktiv vəziyyət” və ##.##.1993-cü ildən ##.##.1993- cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Sağ göz almasının əzilməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Xəzər rayon idarəsinin ##.##.2017-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli *** nömrəli arayışı, N nömrəli hərbi hissənin tibb bölüyündən verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, N hərbi hissədən verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR” kimi şəhadətləndirilmişdir. Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2021-ci il tarixli, *******AAE*F nömrəli göndərişindən görünür ki, iddiaçıya “əsas diaqnoz – F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin ifadəli şəxsiyyət dəyişkənliyi, ağırlaşma – F07.8 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davraşın pozğunluqları, nəzərəçarpan kobud davranış pozuntusu psixopatanənzər sindrom, yanaşı xəstəliklər – F02.8 başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, ağıl zəifliyi və çox saylı özüm kəmərlə” diaqnozu qoyulmuşdur. Tibbi-sosial ekspert komissiyasının ##.##.2021-ci il tarixli qərarından görünür ki, iddiaçıya “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin ifadəli şəxsiyyət dəyişkənliyi” diaqnozu üzrə “Meyar 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki koordinator funksiyanın pozuntuları ilə müsayiət olunan baş beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri” meyarı ilə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının *********** saylı ##.##.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər sakini ##.##.1971-ci il təvəllüdlü İddiaçı (FIN:*******) dair tibb müəssisəsinin *******AAFLK nömrəli göndərişi DTSERA əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 21420046238). Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli **** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəskin reaktiv vəziyyət. Sağ göz almasının əzilməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başın alın nahiyyəsində xırda çapıqlar, baxımsız, sol əli ödemlidir, sağ gözündən güllə yaralanması almışdır. Hərbi qərarda baş-beyin travması barədə məlumat qeyd edilməmişdir. ##.##.2021-ci il tarixli **** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi" PHŞ Tibbi Rəyində qeyd olunmuş “Üzvi mənşəli (kəllə-bevin travması) şəxsiyyət pozuntusu. Demensiya başlanğıcı istisna edilmir” və digər ixtisaslaşmış müəssisənin Epikrizlərinə əsasən, psixiatrik müalicələrə son 1-2 ildə başlanılmış və xəstəliyi baş beyin travması ilə əlaqələndirilmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" yə müvafiq olaraq 2.2.9 bəndinə müvafiq olaraq ümumi səbəb ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilən II qrup ümumi əliliyinin II qrup Müharibə Əlilliyi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və II qrup Müharibə əlili kimi ona ödənilməli olan birdəfəlik 6.600 manat birdəfəlik sığorta pulunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulması, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh xxxx ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizələr təmin edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1971-cı il tarixində Lerik rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. 1991-ci ilin oktyabr ayında Bakıda Kimya-Biologiya Təmayüllü Məktəbinin tələbəsi olarkən könüllü surətdə torpaqların müdafiəsində iştirak etmək üçün Füzuli döyüş bölgəsinə getmişdir. Füzuli rayonunun həmin vaxtı Fialitovka kəndində yerləşən və komandiri Azərbaycanın şəhid Milli Qəhrəmanı Rasim Ibrahimovun komandiri olduğu *** saylı taburda xidmətə başlamışdır. Döyüşlərə atıldığı ilk günlərdə cəsarətli və qorxmaz olduğunu görən komandir Rasim Ibrahimov iddiaçını hər an düşmən tankının qabağına çıxmalı olan ən riskli taqım olan 30 nəfərlik "Qrantamyot Taqımına" komandir təyin etmişdir. Füzuli rayonunun müdafiəsi uğrunda aparılan döyüşlərin qızğın vaxtında iki dəfə ##.##.1993-cü il tarixində və ##.##.1993-cü il taixində yaralanmışdır. Uzun müddətli müalicələrə baxmayaraq döyüşlərdə aldığı həmin 2 travmaya görə əmək qabiliyyətini tamamilə itirmişdir. Lakin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq müharibə zamanı aldığı travma barəsində Müdafiə Nazirliyininin Mərkəzi Hərbi Həkim Komissiyası rəy verməmişdir ki, iddiaçının hərbi xidmətə daxil olmağı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxiv Arayışı yoxdur. Çox çətinliklə də olsa, həmin Arxiv Arayışını ##.##.2015-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən ala bilmişdir. Məhz həmin Arxiv Arayışdan sonra iddiaçı "Hərbihəkim ekspertizası haqqında Əsasnaməyə" əsasən ##.##.2017-ci il tarixində Müdafiə Nazirliyininin Mərkəzi Hərbi Həkim Komissiyasından keçirilərək Hərbi Həkim Komissiyasının **** nömrəli Qərarı ilə 1993-cü ildə döyüşlərdə aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının Müdafiəsi zamanı aldığı göstərilmişdir. Lakin iddiaçıya qanunsuz olaraq ##.##.2021-ci il tarixində ümumi xəstəliklərlə bağlı II qrup əlillik dərəcəsi verilmişdir. Hüquqi müstəvidə iddiaçıya Müharibə Əlilinin verilməsində heç bir hüquqi maneə yoxdur. Cavabdeh iddia tələbinə etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X8: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin ifadəli şəxsiyyət dəyişkənliyi.; Meyar 2.2 ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..." səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Vətəndaşın müraciəti əsasında əyani müayinə aparılaraq müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli **** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəskin reaktiv vəziyyət. Saö göz almasının əzilməsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başın alın nahiyyəsində xırda çapıqlar, baxımsız, sol əli ödemlidir, sağ gözünən güllə yaralanması almışdır. Hərbi qərarda baş-beyin travması barədə məlumat qeyd edilməmişdir. ##.##.2021-ci il tarixli **** nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq Mərkəzi" PHŞ Tibbi Rəyində qeyd olunmuş "Üzvi mənşəli (kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Demensiya başlanğıcı istisna edilmir" və digər ixtisaslaşmış müəssisənin Epikrizlərinə əsasən, psixiatrik müalicələrə son 1-2 ildə başlanılmış və xəstəliyi baş beyin travması ilə əlaqələndirilmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qərarı ilə (Səlma Qənbərova) iddia təmin edilib, iddiaçı İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdhin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli)kəskin ifadəli şəxsiyyət dəyişkənliyi.” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" X1 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” X1nin (VÖEN: **********) hüquqi varis olan Cavabdeh X1 (VÖEN: **********) ilə əvəz edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə ərizə təmin edilmiş və Cavabdeh "xxxx" X1 Cavabdeh ilə əvəz edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Inzibati Prosessual Məcəllə: Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi qeyd olunmasına nail olmaqdan ibarətdir. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Iş üzrə materiallardan görünür ki, ##.##.2021-ci il tarixli, *******AAE*F nömrəli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Iddiaçı isə ##.##.2023-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra hazırkı tələblə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Belə ki, IPM-in 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu qayda, şikayət instansiyasına şikayət verildiyi hallarda, şikayət instansiyasının şikayət üzrə qəbul etdiyi qərara münasibətdə də eynilə şamil olunur. Göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Eyni zamanda, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan ötürülməsini təsdiq edən sübutlar, eləcə də ötürülmüş müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, ötürülmüş müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. Iddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Birinci instansiya məhkəməsi isə iddia müddətinin ötürüldüyünü nəzərə almamış, müddətlə bağlı mümkünlük şərti ödənilmədiyi halda, iddiaya mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçı müvafiq tibb müəssisəsinə yenidən müraciət edərək, barəsində yeni göndərişin tərtib edilməsini, daha sonra onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün həmin göndərişin TSEK-ə göndərilməsini tələb edə bilər. Həmin göndəriş əsasında ona xüsusi səbəbdən əlillik dərəcəsinin təyin edilməsindən imtina olunduğu təqdirdə isə qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı mübahisələndirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, şikayət qalan hissədə təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və IPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.