Məhkəmə qərarları › İş №2-1(3-6)-1349/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1349/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1349/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli, 3-48-RA/2-N-1223-**/** №li məktubu ilə təqdim edilmiş Abşeron rayon * №-li Zeytun Sovxozunun ##.##.1997ci il tarixli, ** №-li əmrinin arxiv çıxarışından müəyyən olunur ki, Sovxoz fəhlələrinin fərdi ev tikmək üçün torpaq sahəsi alması haqqında verdikləri ərizələri nəzərə alaraq, sovxoz həmkarlar təşkilatının ** №-li, ## ###### 1997-ci il tarixli protokoluna əsasən İddiaçı 1000 kv m. torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır (Əsas: S/X həmkarlar təşkilatı, ##.##.1997-ci il, ** №-li).

2. Suraxanı RİH ##.##.2025-ci il tarixli, 5-20/2-N-78-***/** №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı’’nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin Tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, stifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətiniz müsbət həlli səlahiyyətlərimiz xaricindədir”.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3- 30/2-*****/**** №-li cavab məktubunda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.134 ha təşkil edir. Sahə üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilindədir (X1). Sözügedən sahə keçmiş 1 X4 sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci it tarixli, **** nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Bundan əlavə torpaq sahəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilindədir. Həmçinin Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon * saylı Zeytun Sovxozunun ## ###### 1997-ci il tarixli, ** saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozunun ərazisində yerləşən 1000 kv.metr topraq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabeh Suraxanı RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, * saylı Zeytun Sovxozunun ## ###### 1997-ci il tarixli, ** saylı əmrindən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin ## ###### 1989-cu il tarixli, * saylı əmrinə, Bakı şəhər XDS İK-nin ## ###### 1989-cu il tarixli * saylı əmrinə, Azərbaycan SSR Aqrar-Sənaye Komitəsinin ## ###### 1989-cu il tarixli ** saylı əmrinə əsaslanaraq sovxoza 24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin vaxtı sovxozda fəhlə kimi işlədiyi üçün ona fərdi ev tikmək məqsədi ilə torpaq sahəsi ayrılması üçün sovxozun həmkarlar təşkilatına ərizə ilə müraciət etmiş və sovxozun həmkarlar təşkilatının ## ###### 1997-ci il tarixli, ** saylı protokoluna əsasən ona ev tikmək üçün 1000 kv.m torpaq sahəsi ayrılmış, həmin vaxtdan etibarən o, ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmişdir və ailəsilə birlikdə orada yaşayır.

6. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il ## ###### tarixli ***-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # ###### tarixli *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5- ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə cizginin verilməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul çıxarılması xahiş olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Abşeron rayon * №-li Zeytun Sovxozunun ##.##.1997-ci il tarixli ** saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində fərdi ev tikmək üçün iddiaçı İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib olunması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin iddiaçı İddiaçı 29 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı iddia qaldırması cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Bildiririk ki, ötən illər ərzində torpaq sahəsi ayrılması haqqında müvafiq qurumların sərəncam və ya qərarlarından təkrar istifadə edilərək ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və buda ciddi qanun pozuntuları ilə nəticələnir. Odur ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Abşeron rayon * nömrəli Zeytun Sovxozunun ##.##.1997-ci il tarixli ** nömrəli əmrinə əsasən X2 ərazisində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 1000 kv.m sahənin iddia olunan sahə ilə uyğun gəlib-gəlməməsi, yəni sənədin sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümükn hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli, 695-IQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, iddiaçı Abşeron rayon * saylı Zeytun Sovxozunun ## ###### 1997-ci il tarixli, ** saylı əmrinə əsasən ona ayrılmış 1000 kv. metr topraq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsini tələb edir.

20. Cavabdeh orqan isə Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də əsasən Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmadığını bildirərək, imtina cavabı vermişdir.

21. İş materiallarında olan Abşeron rayon * saylı Zeytun Sovxozunun ## ###### 1997-ci il tarixli, ** saylı əmrinə əsasən iddiaçı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozunun ərazisində yerləşən 1000 kv. metr topraq sahəsi ayrılmış, həmin vaxtdan etibarən o, ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmişdir və ailəsilə birlikdə orada yaşayır.

22. Belə ki, qanunvericiliyin normalarından göründüyü kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.

23. Eyni zamanda cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə Abşeron rayon * saylı Zeytun Sovxozunun ## ###### 1997-ci il tarixli, ** saylı əmri (inzibati akt) ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır.

24. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının niyyəti məhz faktiki istifadəsində olan torpaq sahəsinə dair cizginin tərtib olunmasından ibarət olduğundan cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasından cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar