Məhkəmə qərarları › İş №2-1(3-6)-1354/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1354/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1354/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "yerləşmə cizgisinin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin yerquruluşu cizgisinin çəkilməsi və təsdiqlənməsi öhdəliyinin cavabdeh Bakı Şəhər Cavabdeh həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi Əzizbəyov XDS IK -nin ## ##### 1990-ci il tarixli * saylı qərarı ilə İddiaçı ayrılmışdır. Torpaq sahəsi ayrılan vaxtdan ailənin daimi istifadəsindədir. Torpaq sahəsi hasara alınmışdır. Etibarnamə əsasında nümayəndə X1 aidiyyatı üzrə ##.##.2024-cü il tarixində cavabdehə müraciət etmişdir, cavabdeh ərizəni təmin etməmiş və bu barədə rəsmi məlumatda verməmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur, torpaq sahəsi 600 kv.m təşkil edir heç bir uyğunsuzluq yoxdur. O, məcburiyyət qarşısında qalaraq məhkəmədə iddia qaldırır. Torpaq sahəsini ayıran orqan onun cizgisini xəritədən çıxarışı təqdim edirlər ki, vətəndaş həmin sənədlərlə reyestr xidmətinə müraciət edərək torpaq üzrərində hüquqlarını dövlət qeydiyyatına aldırır. Burada da torpaq sahəsini ayıran orqan indiki Xəzər IH-dir, (keçmiş Əzizbəyov rayonu) ona görə də cizgini təqdim etməlidir. Məhkəmədə iddia qaldırılmış və sonra da iddianın geri qaytarılması barədə ərizə verilmişdir, cavabdeh yenə də icra etməkdən imtina etmişdir. Buna görə də yenidən iddianın verilməsi məcburiyyətində qalmışdır. Cavabdeh orqanın iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti elektron kabinet vasitəsilə etiraz təqdim edərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərin (Azneft IB Abşeronneft NQÇI) hüdudları daxilində yerləşir. Eyni zamanda torpaq sahəsinin 7 və 37 metrlik məsafəsində müvafiq olaraq 1202 və **** nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft- qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qərarın ləğv olunmasını, iddianın təmin edilməməsini xahiş etmişdirlər. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Iddia ərizəsindən göründüyü kimi, iddiaçının Cavabdeh daxil olmuş müraciətinə cavab olaraq torpaq sahəsi “X6” MMC-nin ərazisinə düşdüyündən cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin məhkəməyə ünvanladığı mütəxəssis rəyində qeyd edilmişdir ki, sahədə elektrik xətti keçir, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsində olan “Kontrakt sahənin” hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇI), torpaq sahəsinin ətrafında ləğv olunmuş quyu məlumatları var. Qanunvericiliyin tələblərinə əsasən bildirilmişdir ki, istehsalın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə sözügedən torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Bundan əlavə, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq, Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərin (Azneft IB Abşeronneft NQÇI) hüdudları daxilində yerləşdiyindən və eyni zamanda torpaq sahəsinin 7 və 37 metrlik məsafəsində müvafiq olaraq 1202 və **** nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcud olması səbəbindən həmin sahəyə dair hər hansı bir hüquq müəyyənedici sənəd verilə bilməz. Mübahisəli torpaq sahəsinin 7 və 37 metrlik məsafəsində müvafiq olaraq 1202 və **** nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan RespublikasıNazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs iştiraklarını təmin etməmişdirlər. Iddiaçı dəftərxana vastisilə ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hüzür yerində olduğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının təxirə salınmasını, bu mümkün olmadıqda isə apellyasiya şikayətində göstərilən halların izahat kimi qəbul edilərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Işin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının ## #### 1970-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (1971-ci il ######ın #-dən qüvvəyə minmişdir). Həmin Torpaq Məcəlləsinin: - 9-1-ci maddəsinə əsasən SSR Ittifaqının və müttəfiq respublikaların torpaq qanunvericiliyi əsaslarına görə, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində dövlət idarəetməsi SSRI Nazirlər Soveti, Azərbaycan SSR Nazirlər Soveti, Naxçıvan MSRR Nazirlər Soveti, yerli xalq deputatları Sovetlərinin icraiyyət komitələri, habelə SSR Ittifaqının və Azərbaycan SSR-in qanunvericiliyinə müvafiq surətdə bunun üçün xüsusi vəkil edilmiş dövlət orqanları tərəfindən həyata keçirilir. - 12-ci maddəsinə əsasən torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi) istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir. - 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18,19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Istifadədə olan torpaq sahəsi başqasının istifadəsinə yalnız həmin sahə bu Məcəllənin 47-51-ci maddələrində nəzərdə tutulmuş qaydada alındıqdan sonra verilir. - 20-ci maddəsinə əsasən X2 X4 Sovetinin Icraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa, hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər... - 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün aydıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 25-ci maddəsinə əsasən torpaqdan müdətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. - 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. ... Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (Icra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin ## #### 1999-cu il tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Sadalanan normaların birgə təhlilindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından və əlavə edilmiş materiallardan görünür ki, Əzizbəyov Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli Qərarı ilə iddiaçı İddiaçı Buzovna qəsəbəsində fərdi yaşayış evi tikmək üçün *** nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən əmr Bakı Şəhər Icra Hakimiyyəti Aparatının arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Hazırda iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Iddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan və ölçü sxeminin) hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq akt qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçünün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Apellyasiya şikayətinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, - Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. - Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. - Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması; mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. - Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Beləliklə, məhkəmə kollegiyası normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə inzibati akt ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və hal-hazırda öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki: “... Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Əzizbəyov Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli Qərarı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Inzibati iş materiallarından aydın olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsindən alınmış rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin ortofotogörüntüsündən sahənin qonşuluğunda yaşayış evlərinin yerləşdiyi və yaşayış məntəqəsi olduğu müşahidə olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərində qeyd etdiyi “iddiaçının istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün H.Z.Tağıyev adına NQÇI hüdudları daxilində yerləşməsi barədə” dəlili ilə razılaşmayaraq, həmin dəlili əsassız hesab edərək diqqətə çatdırır ki, bu hal iddiaçıya ayrılmış torpaq sahəsinə dair onun yerləşmə sxeminin verilməsi üçün maneə deyildir. Əvvəla ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in * saylı Bakı Ərazi Idarəsinin mübahisəli ünvanda yerləşən torpaq sahəsi hasarlanmış və ortofoto görüntüdə də göstərilən sahənin “yaşayış məntəqəsi” olduğu görünür. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüvvədə olan tələblərinə uyğun hərəkət etmişdir. Ikincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Odur ki, bu hal qüvvədə olan inzibati aktın tərkibinə aid yerləşmə cizgisi kimi texniki sənədin verilməsini istisna etmir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, işin bu halları ayrılmış torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinin araşdırılması zamanı əhəmiyyət kəsb edə bilər. Hazırkı halda iddiaçının hüquqi marağı və istəyi ona inzibati akt əsasında ayrılmış torpaq sahəsinə plan-ölçü sxeminin (yerləşmə cizgisinin) (hansı ki, inzibati aktın tərkib hissəsi kimi tərtib edilməli olduğu halda tərtib edilməmişdir) verilməsinə yönəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin Azərbaycan Respublikasında Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan H.Z.Tağıyev adına NQÇI hüdudları daxilində yerləşibyerləşməməsindən aslı olmayaraq, torpaq sahəsinin ayrılması barədə qərar qüvvədə olduğundan, bu hal hazırkı iddianın təminini istisna edə bilməz. (Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı) Məhkəmə kollegiyası diqqətə çatdırır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaqayırma sənədlərinin tamlığının, eyni zamanda dəqiqliyinin təmin olunması cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından, cavabdehin həmin səlahiyyətə malik olub-olmaması da onu mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə Ali Məhkəmə tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli; *-*(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ## #### 2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli; *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarları). Beləliklə, yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar