Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1361/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), Nuriyev Elnur Aləm oğlundan və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Cəlal oğlunun və 3-cü şəxs Ramana Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə qarşı (üçüncü şəxslər Sabunçu rayonu Ramana Bələdiyyəsi və üçüncü şəxs1) “şəxsin hansı qəbirstanlıqda dəfn edilməsi barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1942-ci il təvəllüdlü X1 hansı qəbirstanlıqda dəfn edilməsinə dair məlumatın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası mərhum 1942-ci il təvəllüdlü X1 ##.##.1986-cı il tarixindən ünvan 1 ünvanındakı əmlakın mülkiyyətçisi olmuşdur. Mərhum atası iddiaçının anasından ayrılandan sonra tək yaşamışdır. İddiaçının atası X3 ##.##.2025-ci il tarixində vəfat etmişdir. Lakin buna baxmayaraq indiyə qədər atasının harda dəfn olunması barədə məlumat əldə edə bilməmişdir. Məsələ ilə əlaqədar bir neçə dəfə rəsmi olaraq cavabdeh Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə rəsmi müraciət olunsa da, müraciətlərinə müsbət cavab verilməmişdir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi haqqında Əsasnaməyə əsasən Bələdiyyələrlə iş baş idarəsi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İddiaçının tələbində göstərilənlər Baş idarənin fəaliyyət istiqamətinə aid deyil. Əlavə olaraq bildirilir ki, İddiaçı sözügedən məsələ ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinə baxılaraq cavablandırılmışdır. Müəyyən edilmişdir ki, müraciət müəllifinin atasının axırıncı qeydiyyat ünvanı ünvan 2 olmuş və mərhumun Ramana qəbirstanlığında dəfn olunması, habelə onun vəfat etməsi ilə bağlı Ramana bələdiyyəsinə hərhansı məlumat və ya sənəd daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasına, 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin rədd edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası məhkəmə iclasının cavabdehin nümayəndəsinin işitrakı olmadan keçirilməsini mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində 1942-ci il təvəllüdlü X1 hansı qəbirstanlıqda dəfn edilməsinə dair məlumatın verilməsini tələb edir. Lakin iş materaiallarından görünür ki, iddiaçı sözügedən tələblə bağlı düzgün cavabdehə müraciət etməmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsinin 2-ci bəndinin 4- cü abzasında qeyd olunmuşdur ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının: 2.1.5. dəfnlərin vahid dövlət reyestri – Azərbaycan Respublikasında mövcud olan qəbiristanlıqlarda dəfn edilmiş şəxslər barəsində vahid məlumat bazası; 4.1. Dəfnlərin vahid dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. 4.2. Dəfnlərin vahid dövlət reyestrinin aparılması qaydası, vahid reyestr kitabının forması, dəfnlərin vahid dövlət reyestrindən arayışın forması və verilməsi qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. 12.1. Qəbiristanlıqlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qaydalara və nizamnamələrinə uyğun olaraq idarə olunurlar. 12.2. Qəbiristanlıqların normal fəaliyyətinin təşkil edilməsi məqsədi ilə bələdiyyə 12.2.1. qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; 12.2.2. qəbiristanlığın müdiriyyətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir; 12.2.3. qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir; 12.2.4. mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bu Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir; 12.2.5. əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi haqqında Əsasnamənin: 2.1. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin (bundan sonra – bələdiyyələr) fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür; 2.1.2. bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir; 2.1.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Qanunvericiliyin tələbindən göründüyü kimi Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi yalnız onun Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətlərinə aid məsələləri həll edir. Dəfnlərin vahid dövlət reyestri və qəbiristanlıqların idarə olunması ilə bağlı məsələlər isə Baş İdarənin səlahiyyətinə aid olmadığı üçün, iddiaçının tələbi üzrə o, cavabdehlik daşımır. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, dəfnlərin vahid dövlət reyestri Bələdiyyələrlə iş baş idarəsi tərəfindən aparılmır. Bildirilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi haqqında” Əsasnaməyə əsasən Bələdiyyələrlə iş baş idarəsi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. İddiaçının tələbində göstərilənlər Baş idarənin fəaliyyət istiqamətinə aid deyil. Belə olan halda kollegiya hesab edir ki, dəfn olunmuş şəxslərin vahid dövlət reyestrinin aparılması Bələdiyyələrlə İş Baş İdarəsinin fəaliyyət istiqamətinə aid olmadığından, iddiaçının mərhum atasının harada dəfn olunması barədə məlumatın verilməsi üzrə həmin inzibati orqan cavabdehlik daşımaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1361/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1361/2026
18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver