Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-137/2026 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, X11 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16845/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə qarşı ““RENAULT” markalı 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 99RK744 nəqliyyat vasitəsi sürmə etibarnaməsi ilə xx.xx.2024-cü il tarixdən bu günə qədər X2 adına olmuşdur və etibarnamə əsasında müvəqqəti nəqliyyat vasitəsini sürməyə götürmüşdür. xx.xx.2024-cü il tarixdən bu günədək ləğv edilməmiş qalmışdır. Bütün bu dövr ərzində bütün qayda pozuntuları nəqliyyat vasitəsi sürmə etibarnaməsi ilə maşını idarə edən X2 idarəçiliyi zamanı qeydə alınmış və ödənilmişdirsə özü tərəfindən ödənilmişdir. Araşdırma aparılarsa bütün protokollar, cərimələr tətbiq olunarkən sürücü X7 olmuşdur. Kamera görüntülərinə baxılarsa, bu fakt da öz təsdiqin tapmış olacaqdır. Bütün qeyd edilənləri sadalamaqda məqsədi onu ifadə etməkdir ki, ümumiyətlə 99RK744 nəqliyyat vasitəsini idarə etməmişdir. Qeyd edilən protokollar, ödəniş qəbzləri, anten məlumatları və yaddaşda qalan kamera görüntüləri araşdırılarsa, bütün bunların həqiqət olması faktı aşkar ediləcəkdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdən protokollar cərimələr tətbiq olunarkən araşdırılmasını sürücü X3 aid olduğunda ondan tələb edilməsini; cərimələr ona yazıldığından ona aid olmadığından 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsini Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X15 İdarəsinə ərizə ilə müraciət etdi. Ərizəni onunla əsaslandırıdı ki, maşının mülkiyyətçisi iddiaçıdır, ancaq maşını, o, idarə etməmişdir, cərimələr tətbiq olunarkən sürücü X3 aid olduğundan ondan tələb olunmasını və maşın iddiaçının mülkiyyətində olduğundan 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-İ- 861891 saylı xx.xx.2025-ci il tarixli 3-13-xx/xx-176737 saylı məktubları ilə imtina etmişdir. Məktubda cərimələrin həqiqətən X3 yazıldığı bildirilsə də, “RENAULT” 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməsi imtina edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16845/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün hesab edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 3-13-16/2-İ-161891 nömrəli xx.xx.2025-ci il tarixli, 3-13-16/2-İ-176737 nömrəli xx.xx.2025-ci il tarixli məktublarında cərimələrin həqiqətən X3 yazıldığını bildirmişlər. Hesab edir ki, “RENAULT” 99RK744 nəqliyyat vasitəsini qayda pozuntuları nəqliyyat vasitəsi sürmə etibarnaməsi ilə maşını idarə edən X2 idarəçiliyi zamanı qeydə alınmış və özü tərəfindən ödənilmişdir, cərimələr X3 yazıldığından, ona aid olmadığından “RENAULT” 99RK744 nəqliyyat vasitəsinin cərimə meydançasından tərəfindən götürülməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən maşını etibarnamə əsasında X3 məbləğin hissə-hissə ödənilməsi şərtilə satmışdır. Onun tərəfindən maşın idarə edilən zamanı da cərimələr yazılmışdır. Bugünə qədər Nicat Qurbanov həmin cərimələri ödəməyəcəyini bildirir və bu əsasla da İddiaçı məxsus maşın qanunsuz olaraq cərimə meydançasına yerləşdirilibdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1980ci il təvəllüdlü İddiaçı Ağdam rayonu, Seyidli kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı məcburi köçkün həyat yoldaşı X4 ilə birgə ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. - İddiaçı tərəfindən X3 verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “RENAULT” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı X3 nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək idarə etməyə vermişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 3-13-16/2-İ-161891 nömrəli xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “RENAULT” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin keçmiş sürücüsü tərəfindən yol hərəkəti qayda pozuntularına yol verildiyinə görə barəsində tətbiq edilmiş cərimələrinin ödənilməməsi səbəbindən avtomobilin üzərində olan həbsin götürülməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında İnzibati Xətalar Məcəlləsinin 122.1, 122.2-ci maddələrinə uyğun olaraq avtomobilin etibarnamə üzrə istifadəçisi vətəndaş X7 barəsində Məcəllənin müxtəlif maddələrilə inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Mövcud qərarlar üzrə tətbiq olunmuş cərimələr qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən Məcələnin 150.11-ci maddəsinə uyğun olaraq üzərinə dəbbə pulu hesablanmış və nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur. Nəzərə çatdırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Həmin qərar əsasında nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilir və inzibati cərimə müvafiq dəbbə pulu ilə birlikdə ödənildikdən sonra avtomobil sahibinə qaytarılır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 3-13-16/2-İ-176737 nömrəli xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “RENAULT” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrilə İnzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Mövcud qərarlar üzrə tətbiq olunmuş cərimələr qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq üzərinə dəbbə pulu hesablanmış və nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş, cavabdeh tərəfindən ona ünvanlanmış 3-13-16/2-İ-161891 nömrəli xx.xx.2025-ci il və 3-13-16/2-İ-176737 nömrəli xx.xx.2025-ci il tarixli məktublardan müəyyən edilir ki, mülkiyyətçisi olduğu “RENAULT” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi halda barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinə ünvanlanan müraciətlərə baxılmış, mövcud qərarlar üzrə tətbiq olunmuş cərimələr qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədiyindən Məcələnin 150.11-ci maddəsinə uyğun olaraq üzərinə dəbbə pulu hesablanmış və nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının cavabdeh qurum tərəfindən hər hansı hüquqlarının pozulması müəyyən edilmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının inzibati xəta törətməməsi ilə əlaqədar inzibati tənbehin ləğv edilməsinə dair işlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalıdır, eləcə də, avtonəqliyyat vasitəsi ilə bağlı etibarnamənin ləğvi ilə bağlı mübahisələr mülki məhkəmə icraatı qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində ifadə olunmuş hüquqi mövqeyə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmələr tərəfindən araşdırma nəticəsində qeyd edilən tələblərlə bağlı iddiaçıya səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 16845/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16845/2025 nömrəli, 27 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-137/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-137/2026
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver