Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1384/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı "Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,20 ha bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Bakı Şəhəri Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli **/** nömrəli qərarına əsasən, Pirşağı qəsəbəsində yaşayış evinin tikilməsi məqsədilə İddiaçı 2000 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgisi də tərtib olunaraq təsdiq edilmişdir. Göstərilən sənədlər Azərbaycan Respublikasının Milli Arxiv Idarəsində saxlanılır. İddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,20 ha bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Lenin Rayon XDS IK-nin ##.##.1987 il tarixli **/** nömrəli sərəncamına əsasən, iddiaçıya bağ sahəsi ayrılmışdır. Qeyd edilən bağ sahəsi uzun müddətdir ki, iddiaçının sahiblik və istifadəsindədir. Iddiaçı istifadəsində olan Sabunçu rayonu (əvvəlki Lenin rayonu) Pirşağı qəsəbəsində 0,20 ha torpaq sahəsinin adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən bugünə qədər tam araşdırma aparılmamış, lazım olan araşdırma aparılması yerinə ərizənin icrasından qanunsuz və əsassız imtina edilməsini daha rahat çıxış yolu hesab etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi iddiaya etiraz verərək bildirmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində keçmiş Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli qərarına istinad edilməmiş, eləcə də cizgidə istinadlar və məsafələr göstərilməmişdir. Elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi Pirşağı bağ massivində yerləşir. Idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı ayrı-ayrı hissələrə ayrılmış torpaq sahəsi göstərilmiş, həmçinin sahədə olan yarımçıq tikilinin bir hissəsinin digər şəxsin mülkiyyətində olan sahədə yerləşdiyi müəyyən edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,20 ha bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyini sübuta yetirə bilməmişdir. Cavabdehin imtina əsası kimi qeyd etdiyi "yerləşmə cizgisində keçmiş Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli qərarına istinadın edilməməsi" ilə bağlı məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinə verilmiş yerləşmə cizgisi torpağın ayrılmasına dair qərarın ayrılmaz hissəsidir və həmin yerləşmə cizgisində müvafiq qərara istinadın edilməməsi iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas deyildir. Yerləşmə cizgisində müvafiq qərara istinad olunması iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti torpaq ayırmanı həyata keçirən qurumun səlahiyyətləri daxilində olan məsələdir. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamış, bununla bağlı iddiaçının spesifik sahə üzrə məlumatı olmamışdır ki, həmin hallar nəzərə alınmaqla imtinanın göstərilən dəlili də əsassız hesab edilməlidir. Yerləşmə cizgisində torpaq sahəsinin ayrılmasına dair qərarına istinad olunmasa da, mübahisəli torpaq sahəsinin yerləşmə cizgisi olduğuna istinad olunmuşdur. Odur ki, mülkiyyət hüququnun realizəsindən torpaq sahəsinin yuxarıda istinad olunmuş səbəblər ilə imtina edilməsi yolverilməz hesab edilməlidir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində keçmiş Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli qərarına istinad edilməmiş, eləcə də cizgidə istinadlar və məsafələr göstərilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Pirşağı bağ massivi ərazisində yerləşməklə, qonşuluğunda bağ sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri yerləşir. Idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı ayrı-ayrı hissələrə ayrılmış torpaq sahəsi göstərilmiş, həmçinin sahədə olan yarımçıq tikilinin bir hissəsinin digər şəxsin mülkiyyətində olan sahədə yerləşdiyi müəyyən edilmişdir. Bakı Inzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırma aparılmamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə işə onun iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.8. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı:
1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı" təsdiq edilsin (əlavə olunur). ...
7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı":
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
"Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Iddiaçı 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasının əsası kimi həmin torpaq sahəsinin ona ayrılması barədə Bakı Şəhəri Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli **/** nömrəli qərarına istinad edir. Müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya ayrıldığı zaman Xalq Deputatları Soveti Icraiyyə Komitəsi tərəfindən torpaq sahəsinin cizgisi də tərtib olunmuşdur. Eyni zamanda, göstərilən sənədlər hazırda Azərbaycan Respublikasının Milli Arxiv Idarəsində saxlanılır. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi qərar ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 1.4-cü bəndinin təsiri altına düşür və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas sayılır. Bununla yanaşı, sənədlərin hazırda milli arxiv fondunda əsasının olması Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 7-ci hissəsinin tələblərinə uyğundur. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - təqdim edilmiş yerləşmə cizgisində keçmiş Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli qərarına istinad edilməmiş və cizgidə istinadlar və məsafələr göstərilməmişdir, - elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi Pirşağı bağ massivi ərazisində yerləşməklə, qonşuluğunda bağ sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri yerləşir, - Idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı ayrı-ayrı hissələrə ayrılmış torpaq sahəsi göstərilmiş, həmçinin sahədə olan yarımçıq tikilinin bir hissəsi digər şəxsin mülkiyyətində olan sahədə yerləşir. Kollegiya qeyd edir ki, ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 1.4-cü bəndinə görə, mülkiyyət hüququnun qeydiyyat alınması üçün əsas kimi "rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar" nəzərdə tutulmuşdur. Xalq deputatları sovetinin qərarı ilə yanaşı həm də cizginin qeydiyyat orqanına təqdim edilməli olması nəzərdə tutulmamışdır. Bu səbəbdən cavabdehin həmin cizginin məzmununa irad tutması və hətta bunu imtinanın əsası kimi göstərməsi yolverilməzdir. Eyni zamanda, yerləşmə cizgisi XDS tərəfindən tərtib edilmiş sənəddir və həmin cizgidə XDS IK-nin qərarına istinad edilməməsi, istinadların və məsafələrin göstərilməməsi iddiaçının davranışından və iradəsindən asılı olmayan haldır. Ona görə də qeyd olunan çatışmazlıq iddiaçı üçün hər hansı mənfi hüquqi nəticələr doğura bilməz. Digər tərəfdən, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin məhz istifadəsində olan torpaq sahəsinə aid olması mübahisə doğurmadığına görə cavabdehin qeyd olunan dəlili formal xarakter daşıyır. Torpaq sahəsinin Pirşağı bağ massivi ərazisində yerləşməklə, qonşuluğunda bağ sənədləri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin yerləşməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil özlüyündə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaradan hal deyildir. Cavabdeh həmin xüsusatı imtinanın hüquqi əsası kimi göstərsə də, bunun konkret olaraq iddiaçının hüququnun qeydiyyata alınmasına hansı səbəbdən mane olduğunu əsaslandıra bilməmişdir. Cavabdehin sonuncu dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Işin 30-cu vərəqində olan ##.##.2025-ci il tarixli "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı"ndan görünür ki, cavabdehin əməkdaşı iddiaçının göstərdiyi torpaq sahəsini müayinə etmişdir. Müayinə zamanı iddiaçının nümayəndəsi tərəfindən göstərilən 2000 kv.m sahənin 1275 kv.m hissəsi ***b nömrəli qeydiyyatdan keçmiş bağla eyni hasar daxilində qalan sahədən göstərilmişdir (həmin hissədə darvaza olmadığından giriş sərbəstdir), digər hissəsi isə sahənin şimal hissəsindəki bitişik sahə göstərilir, həmin sahə hasarla 4 hissəyə ayrılıb sərhədləri şərtidir. Həmin hissədə yarımçıq tikili, natamam ev və faktiki mövsümi balıq satışı kimi istifadə olunan mağaza var. ***b nömrəli bağın ərazisində olan yarımçıq tikilinin bir hissəsi göstərilən sahəyə düşür. Nümayəndə həmin tikilinin söküləcəyini dedi və ***b nömrəli bağın da özlərinə aid olduğunu bildirdi. Göründüyü kimi, iddiaçının naturada göstərdiyi 2000 kv.m torpaq sahəsinin mübahisəli olması, başqa bir şəxsin mülkiyyətində, yaxud qanuni sahibliyində olan torpaq sahəsi ilə üstüstə düşməsi müəyyən edilməmişdir. Müayinə zamanı 2000 kv.m sahənin 1275 kv.m hissəsinin ***b nömrəli qeydiyyatdan keçmiş bağla üst-üstə düşməsi deyil, sadəcə olaraq onunla bir hasar daxilində yerləşməsi müəyyən olunmuşdur. Bunun isə səbəbini iddiaçı həmin bağın özlərinə məxsus olması ilə izah etmişdir. Göründüyü kimi, cavabdehin şərh olunan dəlili də əsaslı deyil və qeydiyyatın aparılmasından imtinaya səbəb ola bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.