Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-140/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1968-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, korpus 1, ev 4v, mənzil 38 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının xidməti stajı uzun müddət xidmətə görə güzəştli şərtlərlə aid edilən xidmət dövrləri də nəzərə alınmaqla 44 il 05 ay 12 gün təşkil edir.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ##.##.2006-cı il tarixli ***/ş saylı əmrinə əsasən ##.##.2006-cı il tarixdən iddiaçı Xətai Mülki Müdafiə regional şöbəsi rəisinin köməkçisi vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ##.##.2006-cı il tarixli ***/ş saylı əmrinə əsasən iddiaçı Mülki Müdafiə alayının (N saylı hərbi hissə) komandiri vəzifəsinə təyin edilmişdir.
5. N nömrəli hərbi hissə komandirinin ##.##.2015-ci il tarixli *** saylı əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin ## ###### 2015-ci il tarixli ****ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) əsasən ehtiyata buraxıldığında görə şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Ona 2015-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ##.##.2024-cü il tarixli ****/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə və 164-cü maddəsinə müvafiq olaraq iddiaçı hərbi geyim forması daşımaq hüququ verilməklə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
7. N nömrəli hərbi hissə komandirinin ##.##.2024-cü il tarixli *** saylı əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin ##.##.2024-cü il tarixli ****/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, 2024-cü ilin növbəti məzuniyyəti (82 təqvim günü) verilməklə, ##.##.2024-cü il tarixdən hərbi hissənni şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Ona 2024-cü il üçün nəzərdə tutulmuş maddi yardım verilmişdir.
8. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının N nömrəli hərbi hissəsinin ##.##.2025-ci il tarixli pul atestatından müəyyən edilir ki, iddiaçının pul təminatı aşağıdakı qaydada olmuşdur: vəzifə maaşı – 669 manat, ərzaq payı müqabilində kompensasiya – 64 manat, hərbi rütbə maaşə - 159 manat, xidmət illərinə görə faiz əlavəsi 50% (##.##.2024-cü il tarixinə - 33 il 3 ay 17 gün), məharət dərəcəsi – 35 %.
9. Cavabdehin iddiaçının müraciətinə ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə cavabdehə təqdim edildikdən sonra baxıla bilər.
10. **/****-****** saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, iddiaçıya ##.##.2016cı il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. Əmək pensiyasının yenidən hesablanması haqqında ## ###### 2024-cü il tarixli, ***-*/*-*-*****/**** saylı qərardan görünür ki, iddiaçının aldığı pensiya məbləği 1832,24 manat təşkil etmişdir.
12. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, X6 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən 40 il 11 ay 17 gün xidmət müddəti üçün cavabdeh tərəfindən müvafiq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla Həzi Bəşirovun əmək pensiyası 1726,87 manat müəyyən edilib. Adıçəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 52691,90 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, Həzi Bəşirovun cavabdehə müraciət etdiyi ## ###### 2024-cü il tarixinə 52691,90 manat pensiya sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 173 aya bölünməklə (52691,90:173 (65 il-56 il 7 ay=101 ay+72 ay (144 ay-72 ay)=304,58 manat) qanuni əmək pensiyasının (1726,87 manat) üzərinə əlavə edilərək onun pensiya məbləği həmin tarixdən 2031,45 (1726,87+304,58) manat müəyyən edilib. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar # ###### 2025-ci il tarixindən hesablanmaqla Həzi Bəşirovun pensiyası cari ilin fevral ayında 2196,00 manata artırılıb. Həmçinin qeyd edilir ki, X7 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən 41 il 4 ay 3 gün xidmət müddəti üçün cavabdeh tərəfindən müvafiq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rübəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla Xasay Paşayevin əmək pensiyası 1881,74 manat müəyyən edilib. Adıçəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 58463,81 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, onun cavabdehə müraciət etdiyi ## ###### 2024-cü il tarixinə 58463,81 manat pensiya sığorta kapitalının 164 aya bölünməklə (58463,81:164 (65 il-57 il 4 ay = 92 ay+72 ay (144 ay-72 ay)=356,48 manat) həmin tarixədək qanuni əmək pensiyasının (1881,74 manat) üzərinə əlavə edilərək onun pensiya məbləği 2238,22 (1881,74+356,48) manat müəyyən edilib. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar # ###### 2025-ci il tarixindən hesablanmaqla Xasay Paşayev pensiyası cari ilin fevral ayında 2412,92 manata artırılıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
13. İddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
14. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarın ləğv edilməsi və iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin ## ###### 2015-ci il tarixli, ****ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuna görə) əsasən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə alayının (N nömrəli hərbi hissə) komandiri vəzifəsindən ehtiyata buraxılmışdır və ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Mərkəzi Filial tərəfindən # ###### 2016-cı il tarixdən (ümumi xidmət 35 il 6 ay 8 gün) hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edildikdən sonra yenidən Fövqəladə Hallar Nazirliyində hərbi xidmətə qəbul edilmiş və Fövqəladə Hallar nazirinin ## ###### 2024-cü il tarixli *****ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə alayının (N nömrəli hərbi hissə) komandiri vəzifəsindən ehtiyata buraxılmışdır. Qanunvericiliyə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən iddiaçı barəsində təqdim olunmuş yeni məlumat vərəqinə əsasən 44 il 5 ay 12 gün xidmət müddətinə və təminat xərcliyinə uyğun olaraq əmək pensiyası yenidən hesablanaraq 1832.24 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi də nəzərə alınmaqla) pensiya məbləği müəyyən edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiyanın məbləği, onunla eyni hərbi hissədə, ondan aşağı vəzifədə xidmət etmiş və ondan aşağı məbləğdə əmək haqqı almış digər şəxslərə təyin olunmuş pensiyanın məbləğindən əhəmiyyətli dərəcədə azdır. Belə ki, onunla eyni vaxtda və eyni əsasla xidmətinə xitam verilmiş FHN Mülki Müdafiə alayının (N nömrəli hərbi hissə) komandirinin müavini (onun müavini) olmuş X1 təyin olunmuş pensiyanın məbləği 2100 manat təşkil edir. Digər müavini X2 da ondan daha çox məbləğdə, yəni 2300 manat məbləğində pensiya təyin olunmuşdur. Eyni hərbi hissədə, ondan aşağı vəzifədə xidmət etmiş şəxslərə münasibətdə ona təyin olunmuş pensiya məbləğinin daha az olması onun pensiya hüquqlarının kobud şəkildə pozulması deməkdir. İddiaçı həmin uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən 2016-cı il tarixindən 35 il 6 ay 8 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İşin araşdırılmış hallarından və qanunvericiliyin təhlilindən müəyyən olunur ki, iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduqdan sonra o, yenidən xidmətə qəbul olunaraq 72 aydan artıq xidmət etmiş, bu səbəbdən də yaşa görə xidmətini başa vurduqdan sonra xidmət keçdiyi orqan tərəfindən göndərilmiş təminat xərcliyi əsasında Qanununun 9.6.1-ci maddəsinin tələblərinə əsasən 44 il 5 ay 12 gün xidmət müddətinə və təminat xərcliyinə (vəzifə maaşı669 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi həcmində 414 manat əlavə, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi həcmində 234,15 manat əlavə, vəzifə maaşının 20 faizi miqdarında digər növ 133,80 manat əlavə və ərzaq payı əvəzinə verilən 64 manat pul kompensasiyası olmaqla, cəmi 1673,95 manat) uyğun əmək pensiyası yenidən hesablanaraq 1832,24 manat (maddi yardımın pensiyanın məbləğinə daxil edilməsi də nəzərə alınmaqla) müəyyən edilmişdir. Hazırkı vəziyyətdə iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı Qanunun 9.6.1-ci maddəsinin tətbiq olunmasının zəruriliyi həm həmin maddənin dispozisiyasında olan əmək pensiyaçısının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etməsi ilə iddiaçının müvafiq subyektlərin sırasına daxil edilməsində, həm də yuxarıda qeyd olunan müvafiq Plenum Qərarında ifadə olunmuş, Qanunun 37.3.1-ci maddəsinin güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən etdiyinə dair hüquqi mövqeyində göstərir. İddia ərizəsinin məzmununda iddiaçı tərəfindən əmək pensiyasının məbləğinə dair iddialar formal mülahizə xarakterli olmaqla heç bir hüquqi əsasa söykənmir. İddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona təyin olunmuş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası təmin edilməmişdir.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı öz mövqeyini əsaslandıra bilməmiş, ona təyin edilmiş pensiyanın düzgün hesablanmaması ilə bağlı formal mülahizələrə əsaslanmışdır. İddiaçı yalnız onun əmək pensiyasının digər 2 şəxslə müqayisəsinə əsaslanmışdır ki, həmin şəxslərlə iddiaçının əmək pensiyası məbləği arasında fərqin yaranma səbəbi cavabdehin nümayəndəsi tərəfindən izah edilmişdir. Həmin şəxslərin əmək pensiyalarının düzgün hesablanıb-hesablanmadığının araşdırılması isə hazırkı məhkəmə baxışının predmeti deyildir.”
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, ## ####### 2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsi İddiaçı iddia tələbini təmin etməyərək maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Qeyd olunmalıdır ki, vətəndaş İddiaçı münasibətdə inzibati icraatın bərabərlik bərabərlik prinsipi pozulmuşdur. Belə ki, onunla eyni vaxtda və eyni əsasla xidmətinə xitam verilmiş FHN Mülki Müdafiə alayının (N nömrəli hərbi hissə) komandirinin müavini (onun müavini) olmuş X1 və digər müavini X2 təyin olunmuş pensiyanın məbləği daha çox məbləğdə pensiya təyin olunması inzibati icraatda bərabərlik prinsipinin və eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə bərabərliyin pozulmasıdır. Eyni vaxtda və eyni əsasla xidmətinə xitam verilmiş FHN Mülki Müdafiə alayının (N nömrəli hərbi hissə) komandirinin müavini (onun müavini) olmuş X1 və digər müavini X2 ondan daha çox məbləğdə pensiya təyin olunmasını nəzərə alaraq, İddiaçı qazanılmış hüquq konsepsiyası baxımdan əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin ## ###### 2024-cü il tarixli, *-**-*/*-*- *****/**** saylı qərarının ləğv edilməsi və iddiaçının əmək pensiyasının yenidən hesablanması zəruridir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair # ###### 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İddiaçı isə əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini hərbi xidmət sahəsində davam etdirdiyindən onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, sadalanmış qanunvericilik normalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra, əmək fəaliyyətini hərbi qulluqçu kimi deyil, məhz digər sahədə davam etdirdiyi halda tətbiq edilə bilərdi. İş materiallarından isə görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, hazırda o, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi fəaliyyətini davam etdirməkdədir. Hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı Qanunun 9.6.1-ci maddəsinin tətbiq olunmasının zəruriliyi həm həmin maddənin dispozisiyasında olan əmək pensiyaçısının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etməsi ilə iddiaçının müvafiq subyektlərin sırasına daxil edilməsində, həm də yuxarıda qeyd olunan müvafiq Plenum Qərarında ifadə olunmuş, Qanunun 37.3.1-ci maddəsinin güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən etdiyinə dair hüquqi mövqeyində göstərir. Bundan başqa onu da qeyd etmək zəruridir ki, iddia ərizəsinin məzmununda iddiaçı tərəfindən əmək pensiyasının məbləğinə dair iddialar formal mülahizə xarakterli olmaqla heç bir hüquqi əsasa söykənmir.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
23. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.3. Hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. Xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. 1.0.5.Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 1.0.8. Fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.15. Əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
25. “Sosial sığorta haqqında” Qanunda göstərilmişdir ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (1.1.6.). Sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (1.1.6.). Məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitiddir (1.1.10.). Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar (2).
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (* nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Daha sonra Məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2016-cı ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, bundan sonra iddiaçı yenidən xidmətə qəbul edilmiş və ##.##.2024-cü il tarixdən yaşa görə ehtiyata buraxılmışdır. Daha sonra iddiaçının əmək pensiyası yenidən hesablanmış və cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarı ilə iddiaçının aldığı pensiya məbləği 1832,24 manat olması müəyyən edilmişdir.
32. Hal-hazırda iddiaçı həmin pensiyanın düzgün hesablanmadığı qənaətinə gələrək pensiyanın yenidən hesablanması barədə ## ###### 2024-cü il tarixli, *-**-*/*- ******/**** saylı qərarın ləğv edilməsini və onun əmək pensiyasının yenidən hesablanmasını istəyir.
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən aparılmış hesablamalar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və bu baxımdan hər hansı hüquqi ziddiyyət aşkar olunmamışdır.
34. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı maddəsindən müəyyən edilir ki, yalnız əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş, 72 ay xidmət etmiş və buraxılmış şəxslərə əmək pensiyası sonuncu təminat xərcliyinə əsasən hesablanır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilib, 72 aydan artıq müddətə xidmət etdiyindən cavabdeh inzibati orqan haqlı olaraq onun pensiyası sonuncu təminat xərcliyinə əsasən hesablamışdır.
36. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
37. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərardadı, 40-cı bənd).
38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli) qəbul etdiyi qərarında hüquqi mövqeyə əsaslanır. Həmin qərarda qeyd edilmişdir ki; “ 23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və IV hissələrinə, 38-ci maddəsinin İ və III hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair # ###### 2022-ci il tarixli Qərarının nəticə hissəsində də təsbit edilmişdir ki, hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 24.Sözügedən Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İddiaçı isə əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini hərbi xidmət sahəsində davam etdirdiyindən onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması qanunvericiliklə nəzərdə tutulmamışdır.
25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, sadalanmış qanunvericilik normalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra, əmək fəaliyyətini hərbi qulluqçu kimi deyil, məhz digər sahədə davam etdirdiyi halda tətbiq edilə bilərdi. İş materiallarından isə görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, hazırda o, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi fəaliyyətini davam etdirməkdədir...”
39. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin əsassızlığı analoji faktlara əsaslanan oxşar iş üzrə kassasiya instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə qərarında da təsbit edilmişdir.
40. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, şikayətin dəlili kimi iddiaçı yalnız onun əmək pensiyasının digər 2 şəxslə müqayisəsinə əsaslanmışdır ki, həmin şəxslərlə iddiaçının əmək pensiyası məbləği arasında fərqin yaranma səbəbi cavabdehin nümayəndəsi tərəfindən izah edilmişdir.
41. Həmin şəxslərin əmək pensiyalarının düzgün hesablanıb-hesablanmadığının araşdırılması isə hazırkı məhkəmə baxışının predmeti deyildir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.