Məhkəmə qərarları › İş №2-1(3-6)-1403/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1403/2026

11.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1403/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sevdimalıyeva Günel Arif qızının sədrliyi və məruzəsi ilə, X2 və Hüseynov Pərviz Aktiv oğlundan ibarət tərkibdə, X7 Əziz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **a saylı qərarı ilə X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.m qeyri-yaşayış təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin ##.##.2006-cı il tarixli 66 a saylı Qərarı ilə - X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.m. qeyri-aşayış torpaq sahəsi satılmışdır. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar aidiyyatı üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsinə müraciət olunsa da, cavabdeh təşkilat tərəfindən bununla bağlı ##.##.2025-ci il tarixli imtina verilmişdir. Iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh orqan tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **a saylı qərarı ilə X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.m qeyri-yaşayış təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin aktı ilə verilmişdir. Inzibati orqanı olan Bakı şəhəri Suraxanı Rayonu Qaraçuxur bələdiyyəsinin sözügedən inzibati aktı hal-hazırda da qüvvədədir. Cavabdeh iddiaçıya verdiyi imtina məktubunda, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmaması qeyd edilmişdir. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi halları iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, Bakı şəhəri Suraxanı Rayonu Qaraçuxur bələdiyyəsinin ##.##.2006-cı il tarixli Qərarından da görünür ki, İddiaçı torpaq sahəsi ayrılması barədə ərizəsi Bələdiyyə üzvlərinin iclasında müzakirə olunmuş və 4500 kv.m torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Bundan əlavə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları özündə əks etdirən bələdiyyənin möhürü ilə təsdiq edilmiş sənəd mövcuddur. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuki iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından yayınmışdır.

6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:

7. Apellyasiya şikayətində göstərilmişdir ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilmiş torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla, dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, faktiki sahə sürüşmə zonasında yerləşir. Idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, texniki baxış zamanı torpaq sahəsinin mürəkkəb relyefli ərazi olduğu, sonradan isə həmin hissənin torpaqla doldurulduğu müəyyən olunmuşdur. Bakı Inzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

8. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli 3-21-3-30/2-N-0356- 8/2025 ************ nömrəli məktubunda göstərilmişdir ki, torpaqların X5 Informasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması mümkün olmamış, bundan əlavə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır, lakin, hesab edirik ki, bu vəziyyət iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, torpaq sahəsinin yerləşmə cizgisində bələdiyyənin qərarına birbaşa istinadın edilməməsi həmin sənədin hüquqi qüvvəsini aradan qaldırmır. Əhəmiyyət kəsb edən hal odur ki, yerləşmə cizgisi bələdiyyə tərəfindən tərtib edilmiş, onun möhürü ilə təsdiq olunmuş və ayrılmış torpaq sahəsinin yerləşməsini, sərhədlərini və koordinatlarını müəyyən etməyə imkan verir. Bu baxımdan, sənəddə qərarın nömrəsi və ya tarixinə istinad edilməməsi formal xarakter daşıyır və torpaq sahəsinin ayrılması faktını şübhə altına almır. Bundan başqa, torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi və ya ərazinin mürəkkəb relyefə malik olması, habelə sonradan torpaqla doldurulması barədə cavabdehin irəli sürdüyü mülahizələr hər hansı mütəxəssis rəyi, ekspertiza və ya digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən həmin iddialar ehtimal xarakteri daşıyır və iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina üçün hüquqi əsas yarada bilməz. Həmçinin, texniki baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olması barədə göstərilən hal da qeydiyyatdan imtina üçün əsas sayıla bilməz. Çünki torpaq sahəsinin koordinatları və yerləşməsi bələdiyyə tərəfindən təsdiq edilmiş sənədlərlə müəyyən edilmişdir. Sərhədlərin dəqiqləşdirilməsi zərurəti yarandıqda bu, müvafiq kadastr və yerquruluşu işlərinin aparılması yolu ilə aradan qaldırıla bilər və belə bir hal şəxsin artıq yaranmış əmlak hüququnun tanınmasına və dövlət qeydiyyatına maneə təşkil etmir.

IV. Apellyasiya instansiya məhkəməsində icraat və Tərəflərin izahatları:

9. Məhkəmə kollegiyasının iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə

Tətbiq olunan hüquq

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

11. “Inzibati icraat haqqında" Azərbaycan Respublikası qanunu Maddə 65 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

13. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23. Faydalı qazıntılar yerləşən sahələrdə tikinti işlərinin aparılması şərtləri Faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyetlərinin layihələşdirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də həmin sahələrdə yeraltı qurğuların yerləşdirilməsinə faydalı qazıntıların çıxarılmasının mümkünlüyü və tikinti işlərinin iqtisadi cəhətdən məqsədəuyğunluğu, habelə dağ-mədən işlərinin təhlükəsiz aparılmasını və yerli şəraiti nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir. Yuxarıda göstərilən obyektlərin inşasına tikinti işləri aparılacaq sahənin altındakı yerin təkində faydalı qazıntılar olmadığı halda da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.Faydalı qazıntılar yerləşən sahələrdə özbaşına aparılan tikinti işləri, onlara qoyulan vəsait, tikililərin sökülməsinə və sahənin rekultivasiyasına çəkilən xərclər ödənilmədən dayandırılır. Maddə 7. Yerin təkindən istifadənin növləri Yerin təkindən istifadənin növləri aşağıdakılardır:su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi;bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması;ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması;öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi;hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi;öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi;qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar ...3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

Maddə 33. Ehtiyat fondu torpaqları Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir.

Maddə 37. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların istifadəsi Ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qalmış torpaq əraziləri texniki meliorasiya və yararlaşdırma (bərpa) işləri aparılanadək təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına keçirilir. Belə torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına həmin ərazilərin (sahələrin) yararlı hala salınmasından sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icazə verilir.

Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;......2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

15. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. VI.Məhkəmənin mövqeyi

16. X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia * saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam II Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı ##.#.2010 tarixli qərar [II Bölmə] ərizə № 1HYPERLINK "https://hudoc.echr.coe.int/eng" \l "{%22appno%22:[%228768/05%22]}"8768/05).

19. X1 Konvensiyasının * saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

21. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Suraxanı Rayonu Qaraçuxur bələdiyyəsinin **a nömrəli ##.##.2006-cı il tarixli “ünvan 1 ünvanda yaşayan vətəndaş İddiaçı qeyri-yaşayış torpaq sahəsinin sənədləşdirilməsi haqqında” Qərarı ilə onun istifadəsinə ayrılmış X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.metr qeyri-yaşayış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları üzrə qeydiyyata alınaraq müfaviq çıxarış verilməsinə nail olmaqdan ibarətdir.

22. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarına görə, Bakı şəhəri Suraxanı Rayonu Qaraçuxur bələdiyyəsinin **a nömrəli ##.##.2006-cı il tarixli “ünvan 1 ünvanda yaşayan vətəndaş İddiaçı qeyri-yaşayış torpaq sahəsinin sənədləşdirilməsi haqqında” Qərarı ilə vətəndaş İddiaçı X3 Günəşliyə gedən yolun sağ tərəfində eskizdə göstərilən yerdə 4500.0 kv.m qeyri-yaşayış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qərara alınmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbə ərazisində yerləşən, vətəndaş İddiaçı ayrılmış 4500 kv.m torpaq sahəsinin aerokosmik görüntüsü (torpaq sahəsinin koordinatları göstərilməklə) Qaraçuxur bələdiyyəsinin möhürü ilə, bələdiyyə sədrinin inzası ilə təsdiq edilmişdir.

23. “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, İddiaçı tərəfindən Qaraçuxur bələdiyyə orqanına ##.##.2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Qaraçuxur bələdiyyə ərazisində 0.45 ha torpaq sahəsinin satılması barədə ##.##.2006-cı il tarixli **a nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən ********* saylı hesaba əvvəlcədən 14400,00 (on dörd min dörd yüz) manat haqq ödənilmişdir.

24. Apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 ##.##.2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.metr torpaq sahəsi Zığ gil yatağı ərazisində və sürüşmə sahəsi daxilində yerləşir.

25. “Yerin təki haqqında” Azərbaycan Respublikası qanuna görə faydalı qazıntılar — yer qabığının maddi istehsal sahəsində istifadə edilən təbii mineral törəmələridir.

26. Iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və plan-ölçü sənədinin verilməsini tələb etmiş, hüququnun yaranmasının əsası kimi bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarına istinad etmişdir.

27. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi bələdiyyə qərarı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olan etibarlı hüquqi əsas kimi qəbul edilə bilməz.

28. Məhkəmə kollegiyası qeyd edir ki, açıq mənbələrdə olan məlumatlara əsasən tərkibində metal olmadığı və əsasən tikinti, keramika, eləcə də sənaye sahələrində xammal kimi istifadə edildiyi üçün gil qeyri-filiz faydalı qazıntı hesab edilir.

29. Belə ki, iş materiallarında olan sorğuya cavabla müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Zığ gil yatağı ərazisində yerləşir və dövlət mülkiyyətinə aid torpaq sahəsidir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, dövlət mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsi yalnız qanunla müəyyən edilmiş qaydada və səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilə bilər.

31. “Torpaq islahatı haqqında” Qanununun 6-cı maddəsinə əsasən, təsdiq edilmiş faydalı qazıntı yataqları dövlət obyekti hesab edilir və dövlət mülkiyyətində saxlanılır. Göründüyü kimi həmin torpaqlar üzərində sərəncam vermək bələdiyyələrin səlahiyyətlərinə aid edilməmişdir.

32. Bundan əlavə, “Yerin təki haqqında” Qanununun 23-cü maddəsinə əsasən, faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələşdirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də həmin sahələrdə yeraltı qurğuların yerləşdirilməsinə dair faydalı qazıntıların çıxarılmasının mümkünlüyünü və tikinti işlərinin iqtisadi cəhətdən məqsədəuyğunluğunu, habelə dağ-mədən işlərinin təhlükəsiz aparılmasını və yerli şəraiti nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir.

33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsində səlahiyyətlidirlər.

34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

35. Deməli, dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin səlahiyyəti yoxdur və bələdiyyə tərəfindən qəbul edilmiş qərar onun qanunla müəyyən edilmiş səlahiyyətlərinin hüdudlarından kənara çıxmaqla qəbul edilmiş inzibati aktdır.

36. Məhkəmə kollegiyası vurğulayır ki, inzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilər. Səlahiyyət həddinin aşılması ilə qəbul edilmiş inzibati akt qanunilik prinsipini pozduğundan hüquqi qüvvəyə malik sayıla bilməz.

37. Bu baxımdan, “Inzibati icraat haqqında” Qanununun 65-ci maddəsinin mənasına görə, səlahiyyətsiz inzibati orqan tərəfindən qəbul edilmiş və qanunun tələblərinə cavab verməyən inzibati akt hüquqi nəticə yarada bilməz.

38. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının hüququnun yaranmasının əsası kimi istinad etdiyi bələdiyyə qərarı dövlət mülkiyyətində olan torpaq sahəsi barəsində səlahiyyəti olmayan orqan tərəfindən qəbul edilmişdir. Bu səbəbdən həmin qərar qanunvericiliyin tələblərinə uyğun olmadığından hüquqi nəticə yaratmır və mübahisəli torpaq sahəsi üzərində hüququn yaranması üçün etibarlı hüquqmüəyyənedici sənəd hesab edilə bilməz.

39. Bu baxımdan, iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və plan-ölçü sənədinin verilməsi barədə tələbi də qanuni əsasdan məhrumdur.

40. Apellyasiya şikayətinə etirazın əsas dəlili ondan ibarətdir ki, torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi və ya ərazinin mürəkkəb relyefə malik olması, habelə sonradan torpaqla doldurulması barədə cavabdehin irəli sürdüyü mülahizələr hər hansı mütəxəssis rəyi, ekspertiza və ya digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən həmin iddialar ehtimal xarakteri daşıyır və iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina üçün hüquqi əsas yarada bilməz.

41. Apellyasiya şikayətinə etirazın bu dəlilinə münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya baxışı zamanı yuxarıda qeyd edilmiş sorğuya cavaba əsasən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.metr torpaq sahəsi sürüşmə sahəsi daxilində yerləşir.

42. Kollegiya qeyd edir ki, Torpaq Məcəlləsinin 22, 33, 37-ci maddələrinin sistemli onu deməyə əsas verir ki, ekzogen geoloji prosesə - sürüşməyə məruz qalan torpaq sahələri təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri hesab olunmaqla məhz dövlətin ehtiyat fondu torpaqlarına aid edilir. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Göründüyü kimi qanun sürüşmə zonası daxilində yerləşən torpaq sahələrinin bələdiyyələr tərəfindən ayrılmasını istisna etmişdir. Lakin normaların yuxarıda qeyd edildiyi kimi sistemli təhlili həmin inzibati aktın qanunsuz deyil, etibarsızlığını şərtləndirir.

43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15.1.4-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, həmin akt dövlət qeydiyyatı üçün hüquqi əsas kimi qəbul edilə bilməz.

44. Hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallar bələdiyyənin mübahisəli torpaq sahəsi barədə qərarı qəbul etmək səlahiyyətinə malik olmadığını təsdiq edir. Bu səbəbdən həmin qərar hüquqi nəticə yaratmır və dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Hüquqi nəticə yaratmayan inzibati akt əsasında daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatının aparılması və planölçü sənədinin verilməsi qanunvericiliyin tələblərinə zidd olardı.

45. Məhkəmə kollegiyası hesab edir ki, dövlət qeydiyyatı hüquq yaradan deyil, mövcud hüququ rəsmən tanıyan institutdur. Hüququn etibarlı hüquqi əsas olmadan dövlət qeydiyyatına alınması dövlət reyestrinin etibarlılığı, qanunçuluq və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır.

46. Odur ki, məhkəmə kollegiyası Bakı şəhəri Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **a saylı qərarı ilə X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.m qeyri-yaşayış təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi tələbinin hüquqi və faktiki əsaslarının olmadığı qənaətinə gələrək iddianın rədd edilməli olduğu nəticəsinə gəlir.

47. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

Nəticə hissəsi

49. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Bakı şəhəri Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, **a saylı qərarı ilə X3 Günəşliyə gedən yolun sağ tərəfində yerləşən 4500 kv.m qeyri-yaşayış təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və plan-ölçü sənədinin verilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Orxan Ismayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar