Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1412/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “kanalizasiya qurğusuna qoşulmaq” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsində 8 ailənin mövcud kanalizasiya qurğusuna qoşulmasını təmin etməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın iddiaçının kollektiv ərizələrinə verdiyi ## ###### 2026-cı il tarixli, 3-53-3/2-kol-107-**/***/**** №-li cavaba görə “ ... Zabrat qəsəbəsi ərazisində, o cümlədən müraciətdə qeyd olunan ünvanda kanalizasiya şəbəkələrinin inşası işlərinin icrası xidmətin tədbirlər planına əsasən mərhələrlə həyata keçiriləcəkdir. Sözügedən ünvanda kanalizasiya qurğusunun mövcud olmasına baxmayaraq cavabdeh təşkilat ərizələrinə müsbət cavab verməkdən qanunsuz və əsassız olaraq yayınır və xahişlərinin icrası məlum olmayan müddətədək təxirə salır. Cavabdeh keçən il Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində, o cümlədən Aşıq Ələsgər adına küçədə də yeni kanalizasiya qurğusu inşa etmişdir. Lakin, sözügedən ünvanda bütün evlərin yeni inşa edilmiş kanalizasiya qurğusuna qoşulması cavabdeh təşkilat tərəfindən təmin edilməmiş, başlanan bu iş başa çatdırılmadan yarımçıq dayandırılmış və 8 ailənin mövcud kanalizasiya qurğusunaqoşulması təmin edilməmişdir. Sözügedən ünvanda mövcud kanalizasiya qurğusu ilə sonuncu ev arasındakı məsafə cəmisi 60 - 70 metrdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı (hakim Quliyev Ramin) ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırki tələbi Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsində 8 ailənin mövcud kanalizasiya qurğusuna qoşulmasının təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı olduğundan, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə yox, xüsusi (mülki) hüquq münasibətlərinə aiddir ki, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə qaldırdığı bu mübahisə təkcə kanalizasiya qurğusuna qoşulmaqla bağlı deyil və tək onun mübahisəsi deyil. Analoji fəlakət, hətta keçən ildəkindən də dözülməz şəkildə bu il də təkrar olunmuşdur. Mübahisəli ərazidə kanalizasiya xətti çəkilməmişdən əvvəl mövcud torpaq kanal vasitəsi ilə yığılan yağış və ya qar suları yaxınlıqdakı süni gölə axıdılırdı və bu fəlakət mövcud deyildi. Cavabdeh təşkilatın kanalizasiya xətti çəkməsi ilə bağlı həmin kanalı ləğv etdiyindən iki ildir ki, bu fəlakətlə üz-üzədirlər. Cvabdeh təşkilatın hərəkət və hərəkətsizliyi nəticəsində çirkab suların atmosfer çöküntülərinə qarışması nəticəsində hər cür infeksion xəstəlik törədicilərinin də çoxalması üçün münbit mənbə yarandığından infeksion xəstəliklərin yayılması ehtimalı çox yüksəkdir. Tərəflərin izahatları: Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etməmiş, nümayəndələsinin iştirakını təmin etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı qüvvədə saxlanılmalıdır.. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (IPM-in 1.1, 2, 3-cü maddələri, IPM-in XV-XIX fəsilləri). “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli * nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “9” oktyabr 2024-cü il tarixli Qərarı ilə bu növ mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması qərara alınmışdır. Belə ki, həmin Qərarın 5-ci bəndindən görünür ki, 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi, Plenum Qərarına əsasən təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması, borcun mübahisələndirilməsi ilə bağlı münasibətlər təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla mülki-hüquqi xarakterə malikdir və bu münasibətlərlə bağlı yaranmış mübahisələrə inzibati deyil, ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı qeyd edir ki, iddiaçının hal-hazırda irəli sürdüyü tələbi Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsində 8 ailənin mövcud kanalizasiya qurğusuna qoşulması ilə bağlıdır. Tərəflər arasında yaranmış münasibət isə istehlakçı və təbii inhisar subyektləri arasında baş verir. Bu halda, iddiaçı ilə cavabdeh arasında həmin məsələ ilə bağlı yaranmış münasibət inzibati deyil, mülki-hüquqi xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istehlak münasibətlərindən irəli gələn hazırkı iddiası inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatında baxıla bilməməsi ilə bağlı birinci instansiyanın mövqeyi qanuni olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. IPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. IPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-1412/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1412/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver