Məhkəmə qərarları › İş №2-1(3-6)-1442/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1442/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1442/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı orqanizm funksiyalarının pozulmasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə (*hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, sağlamlıq imkanlarının pozulmasının 60 faiz olmaqla son göndərişin verildiyi tarixdən əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## #### 1997-ci il tarixdə anadan olmuş, ## ######## 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi, qulluqçu kimi fəaliyyətə başlamışdır. O, xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində həyata keçirmişdir. 2021-ci ilin ## ##### tarixində hərbi hissədə xidmət zamanı növbətçi olarkən, qəfil halı pisləşmiş, başgicəllənmə, huşun itməsi, yıxılma və qusma ilə müşayiət olunan vəziyyət nəticəsində "başın küt travması" diaqnozu ilə dərhal tibb məntəqəsinə çatdırılmışdır. Bu hadisə ilə bağlı ## ##### 2021-ci il tarixində rəsmiləşdirilmiş travma haqqında arayışda göstərilmişdir ki, travma xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. Məsələ üzrə ## ##### 2021-ci il tarixdə məhkəmə-tibbi ekspertiza keçirilmiş və *** saylı ekspert rəyi ilə İddiaçı "qapalı kəllə-beyin travması" və "baş beyin silkələnməsi" diaqnozları təsdiq edilmiş, travmanm təsdiq edilmiş şəraitdə baş verməsi mümkün olduğu və sağlamlığa yüngül dərəcədə zərər vurduğu qeyd olunmuşdur. Qeyd olunan hallar travma haqqında arayışda (№ ***, ##.##.2021) da öz əksini tapmışdır. ##.##.2021-##.##.2022-ci il tarixlərində iddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı (MIN BKH), Müdafiə Nazirliyinin Mərkəzi Tədris və X4 (MN MTE və PAM), Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası (MN МНР), Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar müalicə almışdır. Müalicələr əsasən ##.##.2021-ci il tarixində baş vermiş qapalı kəlləbeyin travmasının nəticəsi kimi yaranan və davam edən baş beyin silkələnməsindən sonrakı vegetativ-damar pozğunluğu, asteno-nevrotik təzahürlər, narahat ayaq sindromu, üzvi şəxsiyyət pozuntusu və dissosiatıv pozuntu (özünə xəsarət cəhdləri ilə) diaqnozları əsasında aparılmişdir. Həmçinin, iddiaçıya kəskin respirator xəstəlik, xroniki faringit (remissiva dövründə), kəskin traxeit, qastroezofageal reflüks xəstəliyi, hər iki süd vəzində fibroz-kistoz mastopatiya (kiçik ölçülü kista və fibroadenoma ilə), həmçinin hər iki gözündə miopiya (refraksiya M 2.0-2.5 D; görmə itiliyinin korreksiyasız 0.1-ə qədər azalması, korreksiya ilə 1.0-a qədər düzəlməsi) diaqnozları qoyulmuşdur. Iddiaçı ##.##.2022-ci il tarixində MN MHP-nın hərbi-həkim komissiyası tərəfindən "Xəstəliklər cədvəli”nin 23-cii maddəsinin III qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" kimi qiymətləndirilmişdir. Səhhətindəki problemlərin davam etməsi səbəbilə təkrarən tibbi müəssisələrə müraciət etmiş, əlavə müayinə və psixiatrik stasionar müalicələrə cəlb olunmuşdur. Xüsusilə, 2022-ci ilin iyun-avqust aylarında Respublika Psixiatriya Xəstəxanasında "baş beyinin travma mənşəli üzvi xəstəliyi", "dissosiativ pozuntu" və "üzvi şəxsiyyət pozuntusu (F07.0)" diaqnozları ilə stasionar şəraitdə müalicə almışdır. ##.##.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində aparılan müayinədən sonra da qevd olunan diaqnozlar təsdiqlənmişdir. 2022-ci ilin iyununda Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə almış, "baş beynin üzvi travması nəticəsində dissosiativ pozuntu və özünə xəsarət cəhdləri" diaqnozu təsdiqlənmişdir (epikriz № ****/**). Ardınca, ##.##.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad Ismayılov tərəfindən müayinə edilmiş, "F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, özünəxəsarət cəhdləri ilə" diaqnozu təyin edilmişdir (rəy №* 7620). Bu nəticə ##.##.2022-##.##.2022 tarixlərində növbəti stasionar müalicə ilə təsdiqlənmişdir. ## ###### 2023-cü il tarixli, **** saylı Hakim Psixiatr Komissiyası rəyinə əsasən İddiaçı "F07.0 - üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə" diaqnozu təsdiq edilmişdir. ## #### 2024-cü il tarixində saat 16:00-da ünvanına təcili tibbi yardım çağırılmış və "kəskin psixi vəziyyət" diaqnozu ilə təcili tibbi yardım göstərilmişdir. ##.##.2025-ci il tarixli Kranial KT nəticələrində sol frontal beyində hipodens (travma izləri olan) sahə qeyd olunmuş, ##.##.2025 tarixli MRT çıxarışında travma sonrası dəyişikliklərin davamlılığı sübut edilmişdir. Eyni zamanda. İddiaçı 2023-2025-ci illərdə müxtəlif tarixlərdə - 25.07- ##.##.2023, 20.01-##.##.2024, 18.12-##.##.2024 və 21.02-##.##.2025 tarixlərində müalicə aldığı stasionar müalicələr, o cümlədən özünəxəsarət hərəkətləri ilə bağlı hospitalizasiyalar tibbi sənədlərlə sübuta yetirilmişdir. İddiaçı ##.##.2023-cü il tarixində Tibbi-Sosial Ekspert Komissiyasının qərarı Baş beynin zədələnməsi və disfunksivası və va somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dissosiativ pozuntu, səthi özünü kəsmələr diaqnozu ilə 2 il müddətliyinə III dərəcə əlillik statusu təyin edilmişdir. Həmin qərara əsasən əlillik müddəti ##.##.2025-ci ilədək etibarlı olmuşdur. Əlillik statusu, hərbi xidmət zamanı alınmış baş beyin travmasının və ondan sonrakı üzvi psixiatrik pozuntuların nəticəsi olaraq tibbi sənədlərlə təsdiqlənmiş və hüquqi qüvvəyə malik olmuşdur. Qeyd edilən bütün hallara baxmayaraq, ##.##.2025-ci il tarixində xxxx tərəfindən iddiaçının əlilliyi əsassız şəkildə ləğv edilmişdir, yeni əlillik təyin edilməmişdir. Bu qərarda əlilliyin ləğv edilməsinə dair heç bir tibbi əsas və müvafiq ətraflı izahat verilməmişdir. Belə ki, imtina cavabında göstərilən Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmaları, özünə xəsarət hərəkətləri ilə, dekompensasiva dövrü. Üzvi dissosiativ pozuntu. Hər iki gözun miopiyası nəticəsində görmə itiliyinin 0.1-a qədər azalması, k/i 1.0. D vitamini çatmamazlığı diaqnozuna baxmayaraq, cavabdeh inzibati orqan imtina cavabi vermişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli,*** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq üzvi (travma mənşəli) səxsiyyət pozuntusu, dissosiativ daxilolmaları əlillik dərəcəsi olaraq göstərilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023cü il tarixli göndərişi əsasında DTSERA-da əyani müayinə nəticəsində qiymətləndirilmiş və 2 il müddətinə Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli, ***** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, özünəxəsarət cəhdləri ilə. Keçirilmiş qapalı kəllə beyin travması (##.##.2021-ci il), baş beyin silkələnməsindən sonrakı davamlı vegetativ damar davamsızlığı şəklində qalıq əlamətləri. Mülayim sinir sisteminin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar alınmışdır” kimi və “Hər iki gözün miopiyası M 2.5 D nəticəsində görmə itiliyinin 0.1-ə qədər azalması nəticəsində hər iki gözün görmə itiliyi 1.0 olmaqla. Xroniki faringit. Fibroz-kistoz mastopatiyası fonunda kiçik ölçülü kista və fibroadenomiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ürəkdöyüntülərinin artmasından, sağ yanaq nahiyəsində dartınmalardan, bəzən görmə hallüsinasiyalarının olmasından şikayətlənmişdir. Bəzən gözünə nəsə göründüyünü, qorxduğu üçün dərhal evdən həyətə çıxdığını ifadə etmişdir. Özünə qəsd etmək istədiyi üçün özünü maşının altına atdığını, qollarında yanıq xəsarətləri törətdiyini, boğazını əlləri ilə sıxaraq özünü boğmağa çalışdığını qeyd etmişdir. Medikamentoz preparatlardan “Ketilept”, “Depakin” təyin edildiyini, lakin yuxululuq və mədəsində narahatlıq yaratdığı üçün onlardan imtina etdiyini vurğulamışdır. Ailəli olub ayrıldığını, əmisi qızında və nəvəsində də belə psixi narahatlıqlar olduğunu bildirmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərində saxlanılmış, zahirən geyimi, baxımı qaydasında (dodağında dolğu, qaşında döymə) olmuşdur. Ünsiyyətə daxil olmuş, suallara dolğun, ətraflı cavablar vermişdir. Əsəbi olduğunu qeyd etmişdir. Vətəndaşın dissosiativ daxilolmaları inkar edilməmiş, lakin hal-hazırda əlillik təyinatına əsas verməmişdir. Üzvi faktoru təsdiq edən instrumental müayinə nəticəsi təqdim etməmiş, anamnestik olaraq intihar cəhdləri olduğunu qeyd etsə də, ətraflı izah edə bilməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-cü il tarixli, **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir)” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. * saylı Klinik Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024cü il tarixli, *****/** saylı Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2025- ##.##.2025-ci il tarixli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünə xəsarət hərəkətləri ilə, dekompensasiya dövrü” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Beləliklə, aparılmış anamnestik, obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.V.Babayev) iddia təmin edilərək, İddiaçı son göndərişin verildiyi ##.##.2025-ci il tarixdən iki il müddətinə orqanizmin funskiyalarının pozulmasının 35-60 faiz müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilərək rəy əldə edilmişdir. Şəxsin axırıcını göndərişində də əsas diaqnoz olaraq F07 göstərilmişdir. Forma 88-ə nəzər salanda F07-nin əlamətlərini analiz etmək olar. Hazırda şəxsdə həmin diaqnoz olsa da, bu əliliyin təyini səviyyəsində deyildir. Məsələn intelektual pozuntular şəxsdə aşkarlanmamışdır. Əlillik təyini üçün ən azı intelektual pozuntular hissəsinə yüngül səviyyədə olması belə qeyd edilməlidir, hazırda iddiaçıda isə ümumiyyətlə “yoxdur” yazılıb. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Hazırkı mübahisə məcburetmə haqqında iddia üzrə yaranmışdır. Buna görə mübahisənin həlli zamanı yalnız cavabdehin əlilliyin müəyyən edilməsindən imtinasının əsaslandırılıb-əsaslandırılmadığının yoxlanılması kifayət etmir. Ilk növbədə müəyyən edilməli olan məsələ iddiaçının sonuncu tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verildiyi ## ##### 2025-ci il tarixə onun xeyrinə əlilliyin müəyyən edilməsi barədə inzibati aktın qəbulunu tələb etməyə maddi-hüquqi əsasının mövcud olub-olmamasıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin məzmunundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2026cı il tarixli ** nömrəli Qərarında ifadə edilmiş hüquqi mövqelərdən irəli gəlir ki, məcburetmə haqqında iddia üzrə əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması üçün iddiaçının həmin aktın qəbuluna maddi-hüquqi tələb hüququ mövcud olmalı, mübahisənin həlli üçün əhəmiyyətli faktiki hallar kifayət qədər müəyyən edilməli və inzibati orqanın qiymətləndirmə azadlığına aid olan məsələlərlə məhkəmənin hüquqi qiymətləndirmə səlahiyyətinə aid olan məsələlər bir-birindən fərqləndirilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əlilliyin müəyyən edilməsi sahəsində şəxsin sağlamlıq vəziyyətinə aid faktların tibbi baxımdan qiymətləndirilməsi ilə həmin faktların normativ hüquqi aktla müəyyən edilmiş əlillik meyarlarına uyğunluğunun hüquqi qiymətləndirilməsi eyni məzmunlu fəaliyyət deyildir. Şəxsin sağlamlıq vəziyyətinin, funksional pozuntularının və onların təzahür dərəcəsinin müəyyənləşdirilməsi xüsusi tibbi bilik tələb etdiyindən bu sahədə inzibati orqanın müəyyən qiymətləndirmə azadlığının mövcudluğu qəbul edilməlidir. Bununla belə, etibarlı tibbi sübutlarla müəyyən edilmiş sağlamlıq vəziyyəti qanunvericilikdə təsbit olunmuş konkret əlillik meyarının şərtlərinə cavab verdikdə, həmin hüquqi nəticənin tətbiqi inzibati orqanın məqsədəuyğunluq mülahizəsinə bağlı deyildir. Belə halda müvafiq meyarın tətbiq olunması və əlilliyin müəyyən edilməsi qapalı səlahiyyət xarakteri daşıyır. Hazırkı iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndi simptomatik hallar da daxil olmaqla üzvi psixi pozuntuların qiymətləndirilməsini tənzimləyir. Qüvvədə olan redaksiyada 7.6.2-ci yarımbənd baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntularla yanaşı üzvi mənşəli şəxsiyyət pozuntusunu - F07.0 kodlu patologiyanı da birbaşa əhatə edir. Meyarların 7.6-cı bəndinə əsasən, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsi qiymətləndirilərkən psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiqi, xəstəliyin başlama yaşı, davametmə müddəti və proqredientliyi, intellektual-amnestik pozuntuların təzahür dərəcəsi, psixotik epizodların mövcudluğu və tezliyi, aqressiv davranış və suisidal cəhdlər də daxil olmaqla şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi, habelə müalicə və reabilitasiya imkanları birlikdə nəzərə alınmalıdır. Bu göstəricilərdən hər hansı birinin ayrıca mövcudluğu və ya mövcud olmaması qiymətləndirmənin nəticəsini avtomatik müəyyən etmir, qiymətləndirmə onların məcmusu əsasında aparılmalıdır. Meyarların 7.6.2.1-ci yarımbəndinə görə, iki il müddətində müşahidə olunan, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlərin yaranmasına və gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığı saxlanılmaqla bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması, o cümlədən yüksək intihar riskinin mövcudluğu orqanizmin funksiyalarının 35-60 faiz pozulması və iki il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsasdır. Iş materiallarının məcmusu iddiaçının ## ##### 2025-ci il tarixdəki sağlamlıq vəziyyətinin qeyd olunan normativ meyar baxımından qiymətləndirilməsi üçün zəruri faktiki halları müəyyən etməyə imkan verir. Iddiaçının ## ##### 2021-ci il tarixində hərbi xidmət vəzifələrini yerinə yetirərkən qapalı kəllə-beyin travması alması iş üzrə mübahisəli hal deyildir. Travmanın baş verməsi hərbi hissənin sənədləri və məhkəmə-tibbi ekspertiza rəyi ilə təsdiq edilmiş, bundan sonrakı dövrdə iddiaçı müxtəlif hərbi və mülki tibb müəssisələrində dəfələrlə müayinə və stasionar müalicə keçmişdir. Müxtəlif tarixlərdə ona travmadan sonrakı vegetativ-damar pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ pozuntu, özünəxəsarət hərəkətləri və suisidal davranışla müşayiət edilən psixi pozuntular diaqnozu qoyulmuşdur. Cavabdehin özünün Tibbi-Sosial Ekspert Komissiyası da ## ##### 2023-cü il tarixli qərarla həmin tibbi məlumatları qiymətləndirərək iddiaçıda hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizm funksiyalarının 60 faiz pozulmasını iki il müddətinə müəyyən etmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, əvvəlki əlillik təyinatı özlüyündə sonrakı dövr üçün əlilliyin avtomatik davam etməsi hüququ yaratmır. Hər bir növbəti qiymətləndirmədə şəxsin həmin dövr üçün aktual sağlamlıq vəziyyəti və qüvvədə olan normativ meyarlara uyğunluğu ayrıca müəyyən edilməlidir. Buna görə 2023-cü il tarixli qərar hazırkı mübahisənin nəticəsini əvvəlcədən müəyyən edən hüquqi prezumpsiya kimi deyil, xəstəliyin əvvəlki klinik və funksional səviyyəsini göstərən və sonrakı tibbi dinamikanın qiymətləndirilməsi zamanı nəzərə alınmalı müqayisəli faktiki məlumat kimi əhəmiyyət daşıyır. Iş üzrə məhz 2025-ci ilin aprel ayına yaxın dövrə aid tibbi məlumatlar isə iddiaçının vəziyyətində əlilliyin müəyyən edilməsini istisna edə biləcək sabit və nəzərəçarpan yaxşılaşmanın baş verdiyini deyil, xəstəliyin davam etdiyini təsdiqləyir. Belə ki, ## ##### 2025-ci il tarixli tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə F07.0 kodlu “üzvi mənşəli şəxsiyyət pozuntusu” əsas diaqnoz, F06.5 kodlu “üzvi dissosiativ pozuntu” isə ağırlaşma kimi göstərilmiş, xəstəliyin gedişi “xroniki”, ağırlıq dərəcəsi isə “ağır” olaraq qiymətləndirilmişdir. Göndərişdə iddiaçının 2023-2025-ci illər ərzində ixtisaslaşdırılmış psixiatriya müəssisələrində dəfələrlə stasionar müalicə keçdiyi göstərilmiş, sonuncu olaraq 21 fevral-## #### 2025-ci il tarixlərində “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, özünəxəsarət hərəkətləri ilə, dekompensasiya dövrü” diaqnozu ilə müalicə aldığı qeyd edilmişdir. Beləliklə, mübahisəli qiymətləndirmədən bilavasitə əvvəlki dövrə aid tibbi sənədlər xəstəliyin yalnız nomenklatur diaqnoz kimi mövcudluğunu deyil, onun davamlı, ağır və dekompensasiya epizodları ilə müşayiət olunan klinik gedişini təsdiq edir. Bundan başqa, cavabdehin özünün apardığı əyani müayinə zamanı iddiaçının bəzən görmə hallüsinasiyalarının olması barədə məlumatı, özünü avtomobilin altına atmaq, qollarına yanıq xəsarətləri yetirmək və boğazını sıxmaq vasitəsilə özünə qəsd etməyə cəhd göstərməsi qeydə alınmış, dissosiativ daxilolmaların mövcudluğu inkar edilməmişdir. Bu hallar Meyarların 7.6-cı bəndində ayrıca qiymətləndirilməli göstəricilər sırasında nəzərdə tutulmuş psixotik təzahürlər, şəxsiyyət və davranış dəyişiklikləri və suisidal cəhdlər baxımından birbaşa əhəmiyyət daşıyır. Meyarların 7.6.2.1-ci yarımbəndində yüksək intihar riski 35-60 faiz funksional pozuntu ilə uyğun gələn hallardan biri kimi bilavasitə göstərildiyindən, iş materiallarında dəfələrlə sənədləşdirilmiş özünəxəsarət və intihar davranışları qiymətləndirmədən kənarda saxlanıla bilməz. Xəstəliyin davametmə müddəti baxımından da həmin yarımbəndin tələbləri ödənilir. Iddiaçının travmadan sonra yaranmış üzvi psixi pozuntuları 2021-ci ildən etibarən müxtəlif tibbi sənədlərdə izlənilmiş, F07.0 diaqnozu sonrakı illərdə dəfələrlə təsdiq edilmiş və 2025-ci ilin aprel ayına qədər iki ildən artıq müddətdə davam etmişdir. Simptomların ağırlığı və müalicəyə rezistentliyi barədə nəticə də iş materialları ilə öz təsdiqini tapır. Iddiaçının uzun müddət ərzində təkrar stasionar psixiatrik müalicələrə ehtiyacının olması, müalicələr fonunda dekompensasiya və özünəxəsarət hallarının davam etməsi, ## ##### 2025-ci il göndərişində vəziyyətin “ağır” və “xroniki” kimi qiymətləndirilməsi bu nəticəni təsdiq edən qarşılıqlı əlaqəli tibbi faktlardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəmənin qərardadı əsasında verdiyi ## ###### 2026-cı il tarixli ** nömrəli ekspert rəyi də bu sübutlar sistemi ilə eyni istiqamətdədir. Ekspertiza nəticəsində iddiaçıda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ və depressiv daxilolmalarla - F07.0” diaqnozu müəyyən edilmiş, aparılmış müalicələrə baxmayaraq psixi vəziyyətdə nəzərəçarpan və sabit yaxşılaşmanın əldə edilmədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin ekspertiza mübahisəli inzibati qiymətləndirmədən sonra - 2026-cı ildə aparılmışdır. Buna görə onun nəticələri ## ##### 2025-ci il tarixdəki sağlamlıq vəziyyətini təkbaşına müəyyən edən sübut kimi qəbul edilmir. Bununla belə, ekspert rəyi mübahisəli tarixə bilavasitə yaxın olan tibbi sənədlərlə müəyyən edilmiş F07.0 patologiyasının sonrakı dövrdə də davam etdiyini və müalicələrə baxmayaraq sabit yaxşılaşmanın baş vermədiyini təsdiqləyən əlavə sübut kimi əhəmiyyətlidir. Cavabdehin iddiaçıda intellektual pozuntunun müəyyən edilməməsinə dair dəlili də fərqli nəticəyə gəlməyə əsas vermir. Meyarların 7.6-cı bəndində intellektual-amnestik pozuntunun təzahür dərəcəsi qiymətləndirmə zamanı nəzərə alınmalı amillərdən biri kimi göstərilmiş, lakin 7.6.2.1-ci yarımbənd F07.0 üzrə 35-60 faizlik funksional pozuntunun müəyyən edilməsi üçün intellektual defisiti ayrıca və məcburi şərt kimi nəzərdə tutmur. Əksinə, həmin yarımbənddə şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığının saxlanıla bilməsi açıq şəkildə qəbul edilir. Bu səbəbdən iddiaçının müayinə zamanı bələdliyinin saxlanılması, xarici görünüşünün səliqəli olması, ünsiyyətə daxil ola və verilən suallara dolğun cavab verə bilməsi 35-60 faizlik funksional pozuntunu istisna edən hallar sayıla bilməz. Bu əlamətlər daha ağır psixi-funksional məhdudiyyətin mövcud olubolmaması baxımından əhəmiyyətli olsa da, 7.6.2.1-ci yarımbəndin tətbiqini özlüyündə aradan qaldırmır. Cavabdehin üzvi faktoru təsdiq edən instrumental müayinə nəticəsinin olmadığı barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Meyarların 7.6-cı bəndində psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiqi tələb edilir. Lakin normada həmin obyektiv təsdiqin yalnız MRT vasitəsilə və ya yalnız müəyyən bir instrumental üsulla aparılması barədə müstəsna qayda nəzərdə tutulmamış, MRT, EEQ və müvafiq laborator testlər mümkün təsdiq üsullarına nümunə kimi göstərilmişdir. Iş üzrə iddiaçının ## ##### 2021-ci il tarixində qapalı kəllə-beyin travması alması rəsmi hərbi sənədlərlə və məhkəmə-tibbi ekspertiza ilə təsdiq edilmişdir. Sonrakı dövrdə müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrində travma mənşəli üzvi psixi pozuntu diaqnozu ardıcıl olaraq müəyyən edilmişdir. ## ###### 2022-ci il və ## ###### 2025-ci il tarixli kranial KT müayinələrində sol frontal payın ağ maddəsində qeyri-spesifik hipodens sahə təsvir edilmişdir. Doğrudur, həmin radioloji tapıntının təkbaşına məhz 2021-ci il travmasının nəticəsi olduğunu qəti müəyyən etmək mümkün deyildir. Eyni zamanda ## #### 2025-ci il tarixli MRT müayinəsinin norma daxilində olması da nəzərə alınmalıdır. Lakin bir instrumental müayinənin normal nəticəsi sənədləşdirilmiş kəllə-beyin travmasını, bundan sonra uzun müddət ərzində ardıcıl qoyulmuş travma mənşəli üzvi psixiatrik diaqnozları, təkrar stasionar müalicələri, digər instrumental məlumatları və məhkəmə-psixiatrik ekspertizasının nəticəsini avtomatik olaraq hüquqi əhəmiyyətdən məhrum etmir. Bu sübutlar təcrid olunmuş deyil, qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməlidir. Cavabdehin 2025-ci il əyani müayinə zamanı bir sıra əvvəlki diaqnostik nəticələri “klinik olaraq öz təsdiqini tapmamışdır” ifadəsi ilə qəbul etməməsi də işdə olan digər sübutların mötəbərliyini aradan qaldırmır. Xüsusilə nəzərə alınmalıdır ki, əyani müayinənin özündə suisidal davranış tarixçəsi, görmə hallüsinasiyalarına dair məlumat və dissosiativ daxilolmalar qeydə alınmışdır. Cavabdehin mövqeyindən əvvəlki stasionar müalicələrdə müəyyən edilmiş əlamətlərin konkret hansılarının artıq mövcud olmadığı, uzunmüddətli hospitalizasiyaların və bilavasitə müayinədən əvvəl qeydə alınmış dekompensasiya dövrünün hansı peşəkar meyar əsasında funksional əhəmiyyət daşımadığı aydın olmur. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə müəyyən edilmiş faktlar bütövlükdə Meyarların 7.6.2.1-ci yarımbəndinin dispozisiya şərtlərinə uyğundur. Belə ki, iddiaçıda F07.0 kodlu üzvi mənşəli şəxsiyyət pozuntusu iki ildən artıq müddətdə davam etmiş, xəstəliyin ağır və xroniki gedişi müxtəlif dövrlərdə təkrar stasionar müalicələrlə müşayiət olunmuş, müalicələrə baxmayaraq dekompensasiya, dissosiativ daxilolmalar, özünəxəsarət və suisidal davranışlar davam etmişdir. Həmin hallar iddiaçının əmək və sosial fəaliyyətinə əhəmiyyətli təsir göstərmiş, bununla yanaşı onun bütövlükdə sərbəst yaşamaq və ünsiyyət qabiliyyəti saxlanılmışdır. Məhz bu klinik-funksional vəziyyət 7.6.2.1ci yarımbənddə nəzərdə tutulan 35-60 faiz intervalının hüquqi konstruksiyasına uyğundur. Cavabdehin təqdim etdiyi əks arqumentlər yuxarıda sadalanan sübutların məcmusundan irəli gələn nəticəni aradan qaldırmır. Intellektual pozuntunun olmaması 7.6.2.1-ci yarımbəndin tətbiqini istisna etmir, aktual MRT müayinəsinin normal olması digər obyektiv və klinik məlumatları avtomatik etibarsız etmir, əyani müayinə zamanı şəxsin bələdliyinin və ünsiyyət qabiliyyətinin saxlanılması da həmin normanın özündə nəzərdə tutulan 35-60 faizlik funksional pozuntu ilə ziddiyyət təşkil etmir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli faktiki halları kifayət qədər araşdırmış, tərəflərin təqdim etdikləri tibbi sübutlar arasındakı ziddiyyətin aradan qaldırılması üçün müstəqil məhkəmə-psixiatrik ekspertizası təyin etməklə Inzibati Prosessual Məcəllənin 12-ci maddəsindən irəli gələn xidməti araşdırma vəzifəsini yerinə yetirmiş, müəyyən edilmiş faktiki hallara müvafiq hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar