Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1446/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1964-cü il təvəllüdlüdür. 2024-cü ildə 60 yaşının tamam olması ilə güzəştli şərtlərə pensiya üçün Dövlət Sosial Müdfafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Lakin həmin orqan iddiaçıya əsassız imtina vermiş və bildirmişdir ki, tələb olunan güzəştli iş stajı yoxdur. Inzibati orqan imtinasını onunla əsaslandırır ki, əmək kitabçasında göstərilən 1985-2002-ci illərə aid qeydlər arxivə təqdim edilməyib. Inzibati orqanın imtinası tamamilə əsassız və qanuna ziddir. Belə ki, işçinin əmək stajını, iş fəaliyyəti dövrünü təsdiq edən əsas sənəd əmək kitabçası hesab olunur. Əgər əmək kitabçası yoxdursa, və ya olmayıbsa, hər hansı səbəbdən itib və ya məhv olubsa o zaman, inzibati orqan haqlı olaraq arxiv qurumlarına sorğu göndərə bilər. Iddiaçının isə rəsmi əmək kitabçası və hərbi bileti var. Kitabça mötəbər əsasda tərtib edilılib və öz dövrünə uyğundur. Iddiaçının iş stajıyla bağlı hər hansı dövrün Dövlət arxininin Bakı filialında olmaması işçinin yox, işəgötürənin təqsiridi və həmin təqsirə görə nəyə görə iddiaçıya haqqı olan sosial pensiya verilməməlidir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbi təmin edilərək, İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi stajı 12 il 11 ay 9 gün (##.##.1983-##.##.1985-ci il, ##.##.1985-##.##.1986-cı il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1989-##.##.1990-cı il, ##.##.1990-##.##.1990-cı il tarixləri arasındakı dövrlər və 2006-2024-cü illər üzrə 6 il 8 ay) təşkil edir və qanunvericiliklə tələb edilən 25 ildən azdır. Bundan əlavə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının müraciət etdiyi tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13042,10 manat təşkil edir. Həmçinin, İddiaçı güzəştli iş stajı ilə bağlı heç bir sənəd təqdim etməmiş, bu səbəbdən cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajina münasibət bildirmək imkanına malik olmamışdır. Məhkəmə öz qərarında "işdə olan" diploma istinad etsə də, belə bir diplom elektron kabinet vasitəsilə iş materiallarına əlavə edilməmiş, məhkəmə icraatı zamanı iddiaçıdan təhsil haqqında sənədi olduğu təqdirdə həmin sənədin təqdim edilməsi istənilmiş, lakin iddiaçının belə bir diplomu məhkəməyə təqdim etməsi barədə cavabdehə məlumat verilməmiş, nəticədə cavabdehə həmin diplomla tanış olmaq imkanı yaradılmamışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ##.##.1985-ci il tarixli, ИT-İ ******* saylı əmək kitabçasında ##.##.1985-##.##.2002-ci il tarixləri arasındakı dövr ərzində BBTI-nin * saylı Tikinti Idarəsinin ** saylı Trestində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ##.##.2024-cü il tarixli, *-**-*F/*- ****/**** saylı məktubuna əsasən BBTI-nin * saylı Tikinti Idarəsinin ** saylı Trestinin 1988ci il üzrə əməkhaqqı cədvəllərində iddiaçının adına əməkhaqqı hesablanması barədə heç bir məlumatın olmadığı, eyni zamanda 1991-2002-ci illərə aid əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. Beləliklə, iddiaçının əməkhaqqı almadığı 1988-ci il üzrə əmək fəaliyyəti cavabdeh tərəfindən onun ümumi iş stajına daxil edilməmişdir. Iddiaçının ##.##.2006-cı il tarixinədək ümumi iş stajina onun hərbi xidmətdə olduğu (##.##.1983-##.##.1985-ci illər), eləcə də BBTInin (Bakı Baş Tikinti Idarəsi) * saylı Tikinti Idarəsində işlədiyi illərdə adına əməkhaqqı hesablanan dövrlər (##.##.1985-##.##.1986-cı il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1989- ##.##.1990-cı il, ##.##.1990-##.##.1990-cı illər) daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarında da qeyd olunduğu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı tələb edilən sənədlərdən biri də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışıdır. Belə olan halda isə aydın olur ki, nə qədər ki, həmin güzəştli iş arayışı təqdim edilmədiyindən iddiaçının qeyd edilən dövr üzrə nə qədər güzəştli iş stajının olması barədə məlumat mövcud deyil və buna uyğun olaraq cavabdeh iddiaçının həmin dövr üzrə nə qədər güzəştli iş stajının olmasına münasibət bildirmək imkanına malik deyil, cavabdehin pensiya təyinatı məsələsini araşdırarkən həmin dövrləri güzəştli iş stajı kimi nəzərə almaq öhdəliyi də yaranmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və həmin dəlillərə münasibətdə tərəflərin məhkəmə iclasında verdikləri izahatları araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın təmin olunmasına dair gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisənin mahiyyətini iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ## #### 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranıbyaranmaması təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən siyahıda nəzərdə tutulmuş işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə isə, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu təminata imkan vermədikdə isə azı 25 il sığorta stajının olması tələb edilir. Iddiaçının ##.##.2024-cü il tarixdə 60 yaşının tamam olması və onun fərdi şəxsi hesabındakı pensiya kapitalının minimum pensiya təminatına kifayət etməməsi tərəflər arasında mübahisələndirilmir. Buna görə hazırkı mübahisənin həlli üçün iddiaçının azı 25 il ümumi sığorta stajına və azı 12 il 6 ay güzəştli pensiya hüququ verən iş stajına malik olub-olmadığı müəyyən edilməlidir. Iş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasından iddiaçının ##.##.1985-ci ildən əmək münasibətlərinə daxil olduğu, həmin əmək münasibətlərinin sonrakı illərdə davam etdiyi, ##.##.1989-cu ildən qaynaqçı peşəsi üzrə işlədiyi və yalnız ##.##.2002-ci ildə həmin əmək münasibətlərinə xitam verildiyi müəyyən olunur. Əmək kitabçasındakı bu qeydlərin saxtalığı, sonradan əlavə edilməsi, səlahiyyətsiz şəxs tərəfindən aparılması və ya başqa səbəbdən hüquqi qüvvədən məhrum olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir. Cavabdeh də əmək kitabçasının özünün mötəbərliyini deyil, ayrı-ayrı illər üzrə arxiv sənədlərinin mövcud olmamasını və 1988-ci ilin əməkhaqqı cədvəlində iddiaçının adının göstərilməməsini əsas götürərək həmin dövrlərin staja daxil edilməsinə etiraz edir. Dövlət Arxivinin Bakı filialının iş materiallarında olan məlumatlarından görünür ki, iddiaçı ##.##.1985-ci il tarixli **-S nömrəli əmrlə ##.##.1985-ci ildən işə qəbul edilmiş, 1985, 1986, 1987, 1989 və 1990-cı illərdə onun adına əməkhaqqı hesablanmışdır. Eyni zamanda arxiv orqanı həmin müəssisənin sənədlərinin natamam olduğunu, 1991-ci ildən sonrakı əməkhaqqı cədvəllərinin və 2002-ci ilin əmr kitablarının Dövlət Arxivinin Bakı filialına ümumiyyətlə təhvil verilmədiyini bildirmişdir. Belə vəziyyətdə 1991-ci ildən sonrakı dövrə dair arxiv sənədlərinin mövcud olmaması həmin dövrdə əmək münasibətlərinin mövcud olmamasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Arxiv orqanının verdiyi məlumatın məzmunu sənədin mövcud olduğu halda həmin sənəddə iddiaçı barədə məlumatın olmamasını deyil, müvafiq ilkin sənədlərin ümumiyyətlə dövlət arxivinə təhvil verilmədiyini göstərir. Sənədlərin işəgötürən və ya digər məsul subyektlər tərəfindən saxlanılmaması və arxivə verilməməsinin mənfi nəticələrinin həmin proseslərə təsir etmək imkanına malik olmayan işçinin üzərinə qoyulması yolverilməzdir. 1988-ci ilə münasibətdə vəziyyət fərqlidir. Həmin il üzrə əməkhaqqı cədvəlinin mövcud olduğu, lakin iddiaçının adına əməkhaqqı hesablanması barədə məlumatın həmin cədvəldə əks olunmadığı müəyyən edilmişdir. Bununla belə, bu halın hüquqi nəticəsi mübahisəli dövrdə qüvvədə olmuş maddi hüquq normaları nəzərə alınmaqla müəyyən edilməlidir. Iddiaçının əmək fəaliyyətinin böyük hissəsinin aid olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında əmək fəaliyyəti onun xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilirdi. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı ayrıca şərt həmin maddəyə sonradan əlavə edilmiş və ## ###### 2002-ci ildən sonrakı əmək fəaliyyəti dövrlərinə aid edilmişdir. Buna görə ## ###### 2002-ci ilədək olan əmək münasibətlərinin staja daxil edilməsi məsələsi sonrakı tarixdə müəyyən edilmiş məcburi sosial sığorta şərti geriyə tətbiq edilməklə həll oluna bilməz. Əmək kitabçasında 1988-ci ildə əmək münasibətlərinə xitam verilməsi barədə hər hansı qeyd yoxdur. Əksinə, işə qəbul olunma barədə ilkin əmr arxiv sənədi ilə təsdiq edilir, 1985-1987-ci illərdə əməkhaqqı ödənilməsi barədə məlumat mövcuddur, 1989 və 1990cı illərdə də həmin müəssisədə əmək fəaliyyətinin davam etdiyi əməkhaqqı sənədləri ilə təsdiqlənir və əmək kitabçasında əmək münasibətinin fasiləsiz davam etməsi əks olunur. Belə sübut məcmusu şəraitində yalnız 1988-ci ilin əməkhaqqı cədvəlində iddiaçının adının olmaması əmək müqaviləsinin həmin il ərzində mövcud olmadığı və ya ona xitam verildiyi nəticəsinə gəlmək üçün kifayət etmir. Cavabdehin əməkhaqqı hesablanmayan dövrlərin səbəblərinin araşdırılmalı olduğuna dair məhkəmə təcrübəsinə istinadı da bu nəticəni dəyişmir. Həmin hüquqi mövqe əməkhaqqı hesablanmamasının bütün hallarda avtomatik olaraq müvafiq dövrün sığorta stajından çıxarılması mənasını daşımır. Konkret dövrün staja daxil edilməsi həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları, əmək münasibətinin mövcudluğunu təsdiq edən sənədlər və iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Digər tərəfdən, hazırkı işin nəticəsi ##.##.2002-##.##.2002-ci il dövrünün staja daxil edilib-edilməməsindən də asılı deyildir. Iddiaçının hərbi xidmətdə olduğu ##.##.1983 -##.##.1985-ci illər, əmək kitabçası ilə təsdiq olunan ##.##.1985-##.##.2001-ci illər və cavabdehin özünün qəbul etdiyi 2006-2024-cü illər üzrə 6 il 8 aylıq sığorta stajı birlikdə götürüldükdə qanunla tələb olunan 25 illik minimum staj həddi aşılır. Buna görə 2002-ci ilin ilk ayları üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin ayrıca müəyyən edilməsi hazırkı mübahisənin nəticəsi üçün həlledici əhəmiyyət daşımır. Cavabdehin əsas dəlillərindən biri iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair işəgötürən tərəfindən verilən xüsusi arayışı təqdim etməməsidir. Iş materiallarından isə iddiaçının işlədiyi müvafiq müəssisələrin hazırda fəaliyyət göstərmədiyi və həmin müəssisələrdən Qaydanın * nömrəli Əlavəsində nəzərdə tutulan formada arayışın alınmasının obyektiv olaraq mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə dəyişiklik edilmişdir. Həmin müddəaya görə işəgötürən fəaliyyət göstərmədiyi üçün xüsusi arayış təqdim edilə bilmədikdə, şəxsin işlədiyi sahə, peşə və vəzifələr 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarla təsdiq edilmiş Siyahıda göstərilənlərlə eynilik təşkil etdiyi halda, 2014-cü il ####un #-dək xitam verilmiş əmək münasibətlərinə münasibətdə güzəştli iş stajı əmək kitabçasındakı qeyd əsasında müəyyən edilə bilər. Sözügedən dəyişiklik əvvəllər fəaliyyətini dayandırmış işəgötürəndən arayış almaq imkanından obyektiv olaraq məhrum olan şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ tənzimləmədir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin aktda bu barədə ayrıca göstərişin olub-olmamasından asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gəlmiş münasibətlərə də şamil edilir. Buna görə Qaydanın 4.1.20-ci yarımbəndinin *** nömrəli Qərarla müəyyən edilmiş redaksiyasının hazırkı mübahisəyə tətbiqinə hüquqi maneə yoxdur. Beləliklə, fəaliyyətini dayandırmış keçmiş işəgötürəndən hazırda əldə edilməsi obyektiv olaraq mümkün olmayan arayışın təqdim edilməməsi özlüyündə iddiaçının güzəştli iş stajının müəyyən edilməsini istisna etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” hissəsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr sırasında nəzərdə tutulmuşdur. Həmin peşənin “Ümumi peşələr” bölməsində yerləşdirilməsi göstərir ki, bu mövqe konkret sənaye sahəsində və ya konkret tipli müəssisədə işləmə şərti ilə məhdudlaşdırılmamışdır. Buna görə iddiaçının işlədiyi tikinti idarəsinin hansı istehsalat sahəsinə aid olması özlüyündə hüququ istisna edən hal deyil. Müəyyən edilməli olan əsas məsələ iddiaçının əmək kitabçasında göstərilən elektrik qaynaqçısı peşəsi üzrə işinin faktiki olaraq əl ilə qaynaq aparılmaqla yerinə yetirilibyetirilməməsidir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin müəssisədə avtomat və yarımavtomat qaynağın tətbiq olunmamasını “hamıya bəlli hal” kimi qəbul etməsinə dair əsaslandırması ilə tam olaraq razılaşmır. Konkret müəssisədə istifadə edilmiş qaynaq texnologiyası hamıya bəlli fakt hesab edilə bilməz və ayrıca faktiki qiymətləndirmə tələb edir. Lakin həmin əsaslandırma qüsuru birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin yanlış olması anlamına gəlmir. Belə ki, iş materiallarında olan əmək kitabçasında iddiaçının ##.##.1989-cu ildən elektrik qaynaqçısı peşəsi üzrə müvafiq ixtisasa malik olması və qaynaqçı kimi əmək fəaliyyətini davam etdirməsi barədə qeydlər vardır. Apellyasiya instansiyasında keçirilmiş şifahi məhkəmə baxışı zamanı məhkəmə kollegiyası bu məsələni bilavasitə iddiaçı ilə aydınlaşdırmış, ona gördüyü qaynaq işinin avtomatlaşdırılmış, yoxsa əl üsulu ilə həyata keçirildiyi barədə sual verilmiş, iddiaçı həmin dövrdə qaynaq işlərini əl ilə yerinə yetirdiyini bildirmişdir. Iddiaçının bu izahatı mübahisəli işin xarakteri barədə özünün bilavasitə qavradığı hala aiddir, əmək kitabçasındakı elektrik qaynaqçısı peşəsinə dair qeydlə məzmun etibarilə uyğundur və iş materiallarında onu təkzib edən konkret texniki, kadr və ya digər sənəd müəyyən edilməmişdir. Cavabdeh nümayəndəsi də apellyasiya baxışında iştirak etməsinə baxmayaraq, iddiaçının məhz əl ilə qaynaq işi aparması barədə izahatının həqiqiliyini şübhə altına ala biləcək konkret fakt və ya sübut göstərməmişdir. Burada cavabdehin əks sübut təqdim etməməsi iddiaçının üzərinə düşən sübutetmə vəzifəsinin cavabdehin üzərinə keçirilməsi kimi qiymətləndirilmir. Iddiaçının güzəştli pensiya hüququnun faktiki şərtlərini sübut etmək vəzifəsi Inzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq onun üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə, əmək kitabçasındakı rəsmi qeydlər, əmək münasibətinin davamlılığını təsdiq edən arxiv məlumatları və şifahi məhkəmə baxışında bilavasitə verilmiş, həmin sənədlərlə ziddiyyət təşkil etməyən konkret izahat məcmu halda bu sübutetmə vəzifəsinin yerinə yetirilməsi üçün kifayətdir. Cavabdehin iddiaçının işlədiyi müəssisəyə oxşar başqa müəssisəyə sorğu göndərilməsi barədə dəlili də fərqli nəticəyə gəlməyə əsas vermir. Başqa müəssisədə müəyyən dövrdə tətbiq edilmiş qaynaq texnologiyasına dair məlumat iddiaçının konkret iş yerində konkret dövrdə hansı üsulla qaynaq işi aparmasını birbaşa təsdiq və ya təkzib edən sübut deyildir. Inzibati Prosessual Məcəllənin 12-ci və 58.6-cı maddələrində təsbit olunmuş xidməti araşdırma prinsipi məhkəmənin mübahisənin düzgün həlli üçün əhəmiyyətli və nəticəyə təsir edə biləcək sübutları toplamasını tələb edir, lakin konkret faktın müəyyən edilməsinə real imkan verməyən dolayı və fərziyyə xarakterli sübutların qeyri-məhdud şəkildə toplanması vəzifəsini yaratmır. Iş üzrə isə müvafiq arxiv və dövlət orqanlarına sorğular göndərilmiş, keçmiş işəgötürənin və onun sənədlərinin taleyi araşdırılmış, mövcud arxiv sənədlərinin natamam olması və sonrakı dövrə aid sənədlərin dövlət arxivinə təhvil verilməməsi müəyyən edilmiş, apellyasiya instansiyasında isə iddiaçının yerinə yetirdiyi işin qaynaq üsulu bilavasitə onun özündən aydınlaşdırılmışdır. Cavabdehin istinad etdiyi əvvəlki məhkəmə aktlarındakı hüquqi mövqelər də hazırkı iş üzrə fərqli nəticə üçün əsas yaratmır. Həmin hüquqi mövqelərin mahiyyəti mübahisənin həlli üçün əhəmiyyətli faktiki halların araşdırılmadan saxlanılmamasından ibarətdir. Hazırkı işdə isə əmək münasibətinin mövcudluğunu təsdiq edən əsas sənəd, arxiv məlumatlarının mövcudluğu və natamamlığının səbəbləri, işəgötürənin fəaliyyət göstərib-göstərməməsi və iddiaçının yerinə yetirdiyi qaynaq işinin xarakteri araşdırılmış və həmin sübutlara məcmu şəkildə qiymət verilmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş halların məcmusundan görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün tələb edilən yaş həddinə çatmış, pensiya kapitalının kifayət etməməsi halında tələb olunan 25 ildən artıq ümumi sığorta stajına, habelə 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1446/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1446/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver