Məhkəmə qərarları › İş №2-1(3-6)-1452/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1452/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1452/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının vəkili Nəcəfli İlham Əmrah oğlunun iştirakı ilə, İddiaçı Məmmədov İlqar Məcid oğlunun cavabdeh Cavabdeh qarşı “hərəkətin qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(*- *)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Məmmədov İlqar Məcid oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müraciətlərinə Ali Məhkəmənin qərarından protest verilməsi məsələsinə mahiyyəti üzrə baxmaması barədə cavabdehin hərəkətsizliyinin qanunsuz sayılmasını, onun müraciətinə qanuna uyğun, əsaslandırılmış və mahiyyəti üzrə cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı bildirir ki, o cavabdehə Ali Məhkəmənin qərarından protest verilməsi məsələsinə baxılması xahişi ilə 4 dəfə yazılı müraciət etmişdir. Lakin cavabdeh onun müraciətlərini mahiyyəti üzrə qiymətləndirməmiş, protestlə bağlı əsaslandırılmış qərar qəbul etməmiş, müraciətini digər təşkilatlara yönəltmişdir. Bu isə inzibati hərəkətsizlikdir. Belə ki, 2017-ci ildə TSERA-nın qərarı ilə ona 5 il müddətinə əlillik təyin edilmişdir. O, həmin qərardan narazı qalaraq məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə iddiası təmin edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin qərar ilə ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı da Ali Məhkəmə tərəfindən ləğv edilərək, prosessual müddət ötürüldüyü üçün iddia mümkünsüz hesab edilmişdir. O, TSERA-nın qərarının qanunsuz olduğunu bildirərək həmin qərarın araşdırılması ilə bağlı, həmçinin, Ali Məhkəmənin müvafiq qərardadından protest verilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinə əsaslandırılmış cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Prokurorluqdan göstərilən faktların qanunuliyinin yoxlanılmasını, hüquqi qiymət verilməsini və səlahiyyəti çərçivəsində qərar qəbul etməsini xahiş etmişdir. Prokurorluq isə bu qanun pozuntusunun araşdırılmasını Qanunu pozan təşkilatın özünə, ƏƏSMN-nə göndərmişdir. Prokurorluğa sonuncu müraciəti ## #### 2026-cı ildə olmuşdur ki, həmin ərizədə əvvəlkilər kimi araşdırılması üçün ƏƏSMN-nə göndərilmişdir.Halbuki göstərilən faktların araşdırılması "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən Prokuror bu Qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirərkən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə təqdimat verir. Məhkəmədə iddiaçının vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″ qərarın ləğv olunması″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Hazırki iş üzrə iddiaçının tələbi Ali Məhkəmənin qərarından protest verilməsi məsələsinə mahiyyəti üzrə baxmaması barədə cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması, onun müraciətinə qanuna uyğun, əsaslandırılmış və mahiyyəti üzrə cavab verilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçının əlillik təyini ilə bağlı qaldırdığı iddia tələbi üzrə məhkəmə mübahisəsi nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan protest verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının mövqeyinə əsasən onun müraciətləri cavabdeh tərəfindən mahiyyəti üzrə araşdırılmamış, protest verilməsi ilə bağlı əsaslandırılmış qərar qəbul edilməmiş və müraciətləri digər orqanlara yönləndirilmişdir. Eyni zamanda işin apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Məmmədov İlqar Məcid oğlunun ona təyin edilmiş əlillik dərəcəsinin əsassız olaraq dayandırılmasından narazı olması, həmin xüsusatla bağlı Ali Məhkəmənin İnzibti Kollegiyasının ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından Ali Məhkəmənin Plenumuna Baş Prokurorluq tərəfindən protest verilməsini tələb etməsi barədə müxtəlif tarixlərdə Baş Prokurorluğa daxil olmuş eyniməzmunlu müraciətləri baxılması üçün aidiyyəti üzrə Ali Məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır (1.1). Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır (1.2). İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır (1.3). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Kolleiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində Ali Məhkəmənin qərarlarından Azərbaycan Respublikası Prokurorluğunun protest verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Qeyd edilən səlahiyyət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində Azərbaycan Respubilikası Ali Məhkəməsinin kassasiya qaydasında baxdığı işlər üzrə qərarlardan əlavə kassasiya qaydasında protest verilməsi məsələsində mövcuddur. Həmin protest o halda verilə bilər ki, prokurorluq ya həmin iddia tələbi üzrə tərəf olsun, yada məhkəmədə dövlətin maraqlarını təmsil etmiş olsun. Odur ki, iddiaçının hazırda cavabdehdən istədiyi hərəkətin edilməsi cavabdehin səlahiyyətlərinə aid olan məsələ deyildir. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar