Məhkəmə qərarları › İş №2-1(3-6)-1465/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1465/2026

16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1465/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Quliyev İntiqam Əzim oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs2 və İslamov Rahim Ziyadxan oğlu zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Quliyev İntiqam Əzim oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş ****** nömrəli, ##.##.2023-cü il tarixli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”dən görünür ki, Quliyev Əzim İbrahim oğlu ünvan 5 ünvanında yerləşən * saylı çörək sexinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Eyni zamanda bu şəhadətnamə ilə rəsmiləşdirilən * saylı yeməkxananın çörək sexi Quliyev Əzim İbrahim oğlunun xüsusi mülkiyyətinə verilmişdir.

2. Bakı şəhəri ** saylı Dövlət notariat kontorunun dövlət notariusunun təsdiqlədiyi *-V- ** nömrəli, ## ##### 2007-ci il tarixli “Qanun üzrə X3 Şəhadətnamə”dən görünür ki, ## ### 2006-cı il tarixdə vəfat etmiş Quliyev Əzim İbrahim oğlunun vərəsəsi, Bakı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 9, mənzil 54-də yaşayan oğlu Quliyev İntiqam Əzim oğlu bu qaydada irs alır : “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin verdiyi 03-cü reyestr kitabının, 44-cü səhifəsində qeyd edilmiş, ****** nömrəli, ##.##.2003-cü il tarixli, 001701 seriyalı mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında ünvan 6 ünvanda yerləşən * saylı yeməkxananın çörək sexindən ibarətdir. Qanun üzrə X3 şəhadətnamə DƏDRX Bakı şəhər Ərazi İdarəsindən qeydiyyatdan keçməlidir”.

3. Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə-** reyestr nömrəli ##.##.20**-ci il tarixli bağışlama müqaviləsindən müəyyən olunur ki, Quliyev İntiqam Əzim oğlu Bakı şəhəri, Xətai rayonu, X1 küçəsində İstifadədə olan 0.02344 ha torpaq sahəsində yerləşən * nömrəli binada 1 mərtəbəli qeyri-yaşayış binası (* saylı yeməkxananın çörək sexi)-ni tam hissə olaraq (162.2 kv/m) üçüncü şəxs2 mülkiyyətinə vermişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Bakı şəhəri, Xətai rayonu X1 küçəsi 9 ünvanında yerləşən qeyri-yaşayış binası (* saylı Yeməkxananın çörək sexi) ##.##.20**-ci il tarixdə 11**007361 qeydiyyat nömrəsi ilə üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixdə № ********** qeydiyyat nömrəsi ilə İslamov Rahim Ziyadxan oğlunun adına qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli 3-21-3-30/2- *****/**** №-li məktubu ilə bildirilmişdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 211.5 kv.m, əsas sahəsi 162.2 kv. metrdən ibarətdir. Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə-** reyestr nömrəli ##.##.20**-ci il tarixli bağışlama müqaviləsində əmlakın sahəsi 162.2 kv. m kimi qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Quliyev İntiqam Əzim oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu X1 küçəsi 9 ünvanında yerləşən qeyri-yaşayış binasına dair (* saylı Yeməkxananın çörək sexi) üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində 6№-li reyestr kitabının 594№-li vərəqində aparılmış qeydin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quliyev İntiqam Əzim oğlu atası Quliyev Əzim İbrahim oğlundan vərəsəlik hüququ əsasında iddiaçıya qalan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (* saylı yeməkxananın çörək sexi) ##.##.20**-ci il tarixdə üçüncü şəxs2 ilə bankdan kredit pul götürərək həmin pulun əsasında üçüncü şəxs2 ilə icarə müqaviləsi bağlamaq məqsədilə notariusda müqavilə bağlamışlar. İddiaçı 2010-cu il tarixdə eyni əsaslarla üçüncü şəxs2 qardaşı ilə də icarə müqaviləsi bağlamış və ödənişlərini vaxtıvaxtında edərək müəyyən olunmuş məbləği bağlamış və icarə müqaviləsinə xitam vermişdir. İddiaçı Quliyev İntiqam Əzim oğlu ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası (* saylı yeməkxananın çörək sexi) uzun illər özü işləyib və orada 2022-ci il tarixədək daimi fəaliyyət göstərib. İddiaçının qeyd edilən qeyri-yaşayış sahəsində müxtəlif texnikalar və apartlar eləcədə 1-saylı yeməkxananın çörək sexinin bütün əşyaları qeyd edilən mülkiyyətdə qalmışdır. İddiaçının hal-hazırda qeyri-yaşayış sahəsində 70-80 (yetmiş səksən ) min manat civarında əmlakı vardır. İddiaçı Quliyev İntiqam Əzim oğluna 2022-ci il tarixdə rəsmi sorğu əsasında ona məlum olmuşdur ki, ##.##.20**-ci il tarixdə üçüncü şəxs2 ilə onun arasında icarə müqaviləsi yox Bağışlama Müqaviləsi bağlamışlar. Bunun əsasında da üçüncü şəxs2 ünvan 7 ünvanında yerləşən qeyriyaşayış binası (* saylı yeməkxananın çörək sexi) ümumi sahəsi 211.5 kv/m sahənin 162.2 kv/m sahəsini bağışlamışdır. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçüncü şəxs2 tam qanunsuz olaraq Seriya №-si ******* saylı çıxarışa əsasən 211.5 kv/m yəni tam mülkiyyət hüququ vermişdir. Qeyd edək ki, üçüncü şəxs2 qeyd edilən mülkiyyəti elə 2022-ci il tarixdə 3 cü şəxsə İslamov Rahim Ziyadxan oğluna satıb. İslamov Rahim Ziyadxan oğlu isə Xətai Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətin fəaliyyətini dayandırıb. İslamov Rahim Ziyadxan oğlu hal-hazırda mülkiyyətdə əsaslı təmir işləri aparır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qanuna zidd hərəkətləri nəticəsində iddiaçı neçə ildir ki, ciddi şəkildə ziyan dəyərək müflis olmuşdur. İddiaçı hal-hazırda DƏDKR * saylı Bakı Ərazi İdarəsinə üçüncü şəxs2 adına olan seriya №si ******* saylı çıxarışın ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın qanunsuz olduğunu və qeydiyyatın yenidən aparılmasına dair rəsmi ərizə ilə müraciət etmişdir.

9. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İslamov Rahim Ziyadxan oğlu üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsində istifadədə olan 0,02344 ha torpaq sahəsində yerləşən * nömrəli binada 1 mərtəbəli qeyri-yaşayış binası (* saylı yeməkxananın çörək sexi) ##.##.20**-ci il tarixli, 4Ə-** №-li bağışlanma müqaviləsi əsasında Quliyev İntiqam Əzim oğlu tərəfindən hədiyyə alan üçüncü şəxs2 adına özgəninkiləşdirilmiş, daha sonra üçüncü şəxs2 ilə İslamov Rahim Ziyadxan oğlu arasında bağlanılmış ##.##.2022-ci il tarixli, *Ə-** nömrəli alqı-satqı müqaviləsi ilə Rahim İslamovun adına qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarının 13-cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərmübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

13. İddiaçı Quliyev İntiqam Əzim oğlu apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ##.##.20**-ci il tarixdə üçüncü şəxs2 ilə bankdan kreditə pul götürərək həmin pulun əsasında üçüncü şəxs2 ilə icarə müqaviləsi bağlamaq məqsədilə notaraiat ofisində müqavilə bağlamışdır. Həmin müqaviləyə görə iddiaçı X2 211.5 kv.metrden 162.2 kv.metrinə dair kirayə müqaviləsi bağlanmışdır. Lakin, notariat ofisində kirayə müqaviləsinin əvəzində 211.5 kv.metrin 162 kv metr əsas sahəsi olan, 49.3 köməkçi hissədən ibarət olan əmlakın üçüncü şəxs2 adına bağışlama müqaviləsi ilə 162 kv.metrin bağışlanma aparılmışdır, DƏDRX-nin * saylı ərazi idarəsi 211.5 kv.metr sahəni tam olaraq üçüncü şəxs2 adına sənədləşdirilmişdir. Notariat ofisində 162 kv.metr bağışlama müqaviləsi olduğu halda cavabdeh tərəfindən saxtalaşdırma aparılaraq 211.5 kv.metr üçüncü şəxs2 adına keçirilmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmədə iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, bildirmişdir ki, əslində onun mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinə dair bağışlama müqaviləsi formal olaraq bağlanmışdır. Belə ki, onun kredit borcuna görə qeyri-yaşayış sahəsi formal olaraq üçüncü şəxs2 Ramil oğlunun adına rəsmiləşdirilmişdir. Lakin üçüncü şəxs2la aralarında olan sövdələşməyə görə yalnız əmlakın 162.2 kv.m hissəsi satılmışdır. Cavabdeh təşkilat səhvən 211 kv.m mülkiyyət hüququna dair çıxarış vermişdir. Qeyd olunanlara əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə izahat verərək, bildirmişdir ki, əmlak vahid olduğuna və ümumi sahəsinin 211 kv.m olması səbəbindən mülkiyyət hüququna çıxarışda 211 kv.m sahə göstərilib.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxslər məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. **.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi 9.1.1; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması 9.1.2; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi 9.1.3; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.) Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.).

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu X1 küçəsi 9 ünvanında yerləşən qeyriyaşayış binasına dair (* saylı Yeməkxananın çörək sexi) üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində 6№-li reyestr kitabının 594№- li vərəqində aparılmış qeydin ləğv olunmasını tələb edir.

26. İddiaçı həmin tələbi cavabdeh inzibati orqan tərəfindən müvafiq qeydiyyatın aparılarkən səhvə yol verilməsi və bağışlama müqaviləsində bağışlama predmetinin qeyri-yaşayış sahəsinin bir hissəsini təşkil etdiyi halda, cavabdeh tərəfindən həmin şəxsin adına bütöv əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınması ilə əlaqələndirir.

27. İş materiallarında olan Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə-** reyestr nömrəli ##.##.20**-ci il tarixli bağışlama müqaviləsindən müəyyən olunur ki, Quliyev İntiqam Əzim oğlu Bakı şəhəri, Xətai rayonu, X1 küçəsində İstifadədə olan 0.02344 ha torpaq sahəsində yerləşən * nömrəli binada 1 mərtəbəli qeyri-yaşayış binası (* saylı yeməkxananın çörək sexi)-ni tam hissə olaraq (162.2 kv/m) üçüncü şəxs2 mülkiyyətinə vermişdir.

28. Göründüyü kimi mübahisə predmeti olan daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) bölünməz vahid əmlak olmaqla, ümumi sahəsi 211.5 kv metr, əsas sahəsi isə bağışlama müqaviləsində göstərildiyi kimi 162.2 kv metrdən ibarətdir. Lakin bağışlama müqaviləsində əmlakın ümumi sahəsi texniki səhv olaraq 162.2 kv.m kimi göstərilmiş və əmlakın tam pay olaraq üçüncü şəxs2 bağışlanması qeyd edilmişdir. Bu isə ona dəlalət edir ki, qeyri yaşayış sahəsi hissəvi şəkildə deyil tam şəkildə özgəninkiləşdirilmişdir. Cavabdeh inzibati orqan isə qanunla üzərinə qoyulmuş vəzifələrə uyğun olaraq hüquqların qeydiyyatının aparılmasını təmin etmişdir ki, bu zaman qeydə alınmış qeyri-yaşayış sahəsinin ölçüsündə hər hansı bir artırmaya yol verilməmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Quliyev İntiqam Əzim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar