Məhkəmə qərarları › İş №2-1(3-6)-1480/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1480/2026

14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1480/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "##.##.2025-ci il tarixli *-***/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1958-ci ildə anadan olmuşdur. Iddiaçı İddiaçı DSMF-nin keçmiş Nərimanov rayon şöbəsi tərəfindən 50 yaşının tamamlandığı ##.##.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraat başlanılmış və cavabdehin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçı Mərkəzi Filiala dəvət olunmuşdur. Iddiaçı ##.##.2025-ci ildə Mərkəzi Filialda qəbul olunmuş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı ##.##.2010-cu ildən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq, 50 yaşının tamamlandığı ##.##.2008-ci ildən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi barədə məlumat verilmiş, iddiaçının mülahizələri dinlənilmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdehin ##.##.2025-ci il tarixli *-***/*-*-*****/**** nömrəli "Əmək pensiyasının yenidən hesablanması haqqında qərar"ına əsasən, iddiaçıya ödənilən 1574,86 manat məbləğində pensiya yenidən hesablanaraq ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək 625,35 manat, ##.##.2023-cü ildən ##.##.2023-cü ilədək 736,39 manat, ##.##.2024-cü ildən ##.##.2024-cü ilədək 818,87 manat, ##.##.2025-ci ildən isə 885,19 manat müəyyən edilmişdir. Yenidən hesablamanın səbəbi kimi "Inventar (artıqvermə) 50-52+PSK səhv hesablanıb" göstərilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "cavabdehin ona göndərdiyi ##.##.2025-ci il tarixli *-**-*/*-k-******/**** nömrəli məktubu əsassız hesab edilməklə əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi, əmək pensiyasından 2025-ci ilin noyabr ayından tutulmuş məbləğin geri qaytarılması və həmin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdehin ##.##.2025-ci il tarixli *-***/*-*-*****/**** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Iddiaçı öz tələbini bununla əsaslandırmışdır ki, ona pensiya "Vətəndaşların pensiya təminatı haqqında" Qanuna müvafiq təyin edildiyinə görə sonradan qəbul edilmiş "Əmək pensiyaları haqqında" Qanunun müddəalarına əsaslanıb pensiyanın məbləğinin azaldılması onun hüquqlarının kobud surətdə pozulması olmaqla qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsinin olmaması barədə Konstitusiyanın 149-cu maddəsinə müvafiq olaraq ona təyin olunmuş pensiyaya tətbiq edilə bilməz. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya etirazında bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin ##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən, ##.##.2006-cı ilədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının ##.##.2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş * №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi ##.##.1992-ci ildə həmin Qanunun 13-cü maddəsinin "a" bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının ##.##.1997-ci tarixli Qanununun 1ci bəndinə uyğun olaraq ##.##.1997-ci ildən ##.##.2000-ci ilədək hər il altı ay artırılmışdır. Göründüyü kimi, ##.##.2000-ci ildən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ##.##.1997-ci ilədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş 52 yaş həddinə uyğun təyin edilməlidir. Qanunun 27-ci maddəsinin ##.##.2010-cu ilədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar ##.##.2010-cu ildən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (##.##.2006-cı ildən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ##.##.2010-cu ildən pensiya kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2008-ci ildən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin ##.##.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, ##.##.2006-cı ilədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə ##.##.2006-cı idən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, ##.##.2006-cı ilədək iddiaçıın ümumi iş stajı 28 il 5 ay 26 gün təşkil edir. Bununla əlaqədar, ##.##.2006-cı ilədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,63 manat (28,49 il x 170 manat:144 ay) hesablanaraq ##.##.2010-cu il tarixinə indeksləşdirilib 52,12 manat müəyyən edilməklə, üzərinə ##.##.2006- ##.##.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6681,60 manat pensiya kapitalına uyğun 46,40 (6681,60:144) manat və 85 manat baza hissəsi əlavə edilərək ##.##.2010-cu il tarixinə 183,52 (52,12+46,40+85) manat (indeksləşdirilərək ##.##.2019-cu il tarixinə 269,86 manat) məbləğində əmək pensiyası təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq ##.##.2008-ci ildən 334,25 manat (indeksləşdirilərək ##.##.2019-cu il tarixinə 678,23 manat)) artıq əmək pensiyası təyin edilərək ona ödənilmişdir. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinin ##.##.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin ##.##.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər ##.##.2019-cu il tarixinə 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Həmçinin, iddiaçıya əmək pensiyası təyin olunduğu gündən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 23098,50 manat pensiya kapitalına görə əmək pensiyasının ##.##.2019-cu ildən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 23098,50 manat pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 118 aya (64 yaş-60 yaş 2 ay)=46+(144 ay-72 ay) bölünməklə 195,75 (23098,50:118) manat qanuni əmək pensiyanızın (269,86 manat) üzərinə əlavə edilərək, pensiya məbləği 465,61 (269,86+195,75) manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 885,19 manat)) artırılmalı olduğu halda, düzgün olmayan pensiya məbləği (678,23 manat) 838,04 manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 1574,86 manat)) artırılaraq iddiaçıya ödənilmişdir. Iddiaçıya son üç il üzrə 22453,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi, iddiaçının əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Məhkəmə iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ##.##.2010-cu ilədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə mindiyi tarixə ##.##.2006-cı ilədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud ##.##.2006-cı ilədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə, həmin orta aylıq əmək haqqının "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixli Qanunu ilə edilmiş dəyişiklik ##.##.2010-cu ildən qüvvəyə minmiş, bu dəyişikliklərlə ##.##.2010-cu ildən sonra qazanılmış hüquqlara münasibətdə ##.##.2006-cı ildən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ ##.##.2010-cu ilədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Belə ki, ##.##.1997-ci ilədək qüvvədə olmuş qanunla "pensiya hüququnun yarandığı" əsası ilə ##.##.2006-cı ildən ##.##.2010-cu ilədək 50 yaşı tamam olmuş şəxslərə təyin edilmiş pensiyanın məbləği məhz orta əmək haqqına istinadla hesablanır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə ##.##.1997-ci il tarixli Qanunla edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri ##.##.1997-ci ildən başlayaraq ##.##.2000-ci ilədək hər il altı ay artırılır. Iddiaçının ##.##.1997-ci ilədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 il stajının olması işin mübahisəsiz halıdır. Mübahisə hüququn hansı qaydada tətbiqi ilə bağlıdır. Cavabdeh hesab edir ki, ##.##.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunla ##.##.2000-ci ildən etibarən əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara kişilərin güzəştli pensiya hüququ gözləntisi 52 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ ##.##.1997-ci ildən qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunla olan hüququn deyil, ##.##.2006-cı ilədək olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunla ("Vətəndaşların pensiya təminatı haqqında" Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə qeyd edilən mövqeni qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən "qazanılmış hüquq" konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman "əvvəllər qüvvədə olmuş" ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (##.##.1997-ci il və ya ##.##.2000-ci ilədək qüvvədə olan) şərtləşdirilməmişdir. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2020-ci il tarixli qərardadı). ##.##.1997-ci ilədək qüvvədə olmuş qanunla "pensiya hüququnun yarandığı" əsası ilə ##.##.2006-cı ildən ##.##.2010-cu ilədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur. Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qərarı da həmin təcrübəyə əsaslanaraq şəxsə 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməli olduğu qənaətinə gəlmişdir. Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, yenidən hesablamanın aparılması de-fakto yüksək məbləğdə pensiya təyin olunması ilə bağlıdır və təyin olunmuş pensiya məbləği iddiaçının mülkiyyətidir (iddiaçı artıq 17 ildir həmin hesablama əsasında pensiya alır) və yenidən hesablama həmin mülkiyyətə müdaxilədir. Həmin müdaxilənin isə qanuni əsası yoxdur. Belə ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni ##.##.1997-ci ilə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (* nömrəli siyahıya əsasən) 50 yaşından pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz. Faktiki olaraq ##.##.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmiş mövqeyi ilə uyğundur. Məhkəmə hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaya etirazının dəlillərini təkrarlamış, həmçinin göstərmişdir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Iddiaçı İddiaçı və onun vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. TƏTBIQ EDILƏN HÜQUQ: Qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu:

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

17. Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin "a" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, "b" bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. ... Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin "a" bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin "a" bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, "b" bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz.

71. Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır...

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. (##.##.2022-ci il tarixli Qanunla dəyişiklik edilənədək olan redaksiya) 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. (##.##.2017-ci tarixli Qanunla dəyişiklik edilənədək olan redaksiya) "Inzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu:

1. Qanunun müəyyən etdiyi qaydalar. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Işin halları bundan ibarətdir ki, iddiaçı İddiaçı 50 yaşının tamamlandığı ##.##.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 17 ildən sonra 2025-ci ildə cavabdeh inzibati icraat başlamış və iddiaçıya pensiyanın 50 yaşdan deyil, 52 yaşdan təyin edilməli olduğu qənaətinə gələrək ##.##.2025-ci ildə "Əmək pensiyasının yenidən hesablanması haqqında qərar" qəbul etmişdir. Iddiaçı hazırkı iddiada cavabdehin həmin qərarını mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və iddiaya etirazın dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hansı yaşdan təyin edilməsi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Eyni zamanda, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Cavabdeh öz apellyasiya şikayətində iddiaya etirazının dəlillərini təkrarlamış, əlavə olaraq bunu bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırmanın məqsədlərinə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, cavabdeh iddiaçının ümumi və xüsusi stajının mövcudluğunu, ümumiyyətlə, güzəştli şərtlərlə pensiya hüququnu mübahisələndirməmişdir. Cavabdehin etirazının əsas dəlili iddiaçıya pensiyanın 50 yaşdan deyil, 52 yaşdan təyin edilməli olmasıdır ki, bu dəlil məhkəmə tərəfindən tam həcmdə araşdırılmış və obyektiv qiymətləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar