Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-149/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən, 56 kv.m. sahəsi olan * saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən * saylı yaşayış sahəsinin (mənzilin) qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə etdiyi müraciət, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı binanın * nömrəli mənzilində müvafiq qurumların icazəverici sənədləri olmadan qapı oyuğunun açılaraq yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması əsası ilə təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən * saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2021-ci il tarixli, ********** N-li qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Qeyd olunan əmlak mənzil kimi qeyd olunsa da uzun müddətdir ki, 56 kv.m-dən ibarət sahə tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Qeyd edir ki, adıçəkilən sahə 1ci mərtəbədə yerləşməklə yaşayış sahəsinə ayrıca giriş-çıxışı mövcuddur. Yəni göstərilənlər mənzilin statusunun yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməyə tam imkan verməklə mənzilin hüquqi statusunun qeyri-yaşayış sahəsi kimi tanınması məqsədəuyğundur. Göstərilənlərə əsasən iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən * saylı mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2021-ci il tarixli, ********** saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmasını və həmin ünvanda yerləşən mənzilin uzun müddətdir ki, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsini bildirərək mülkiyyətində olan mənzilin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin hazırkı vaxtadək müraciəti Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən cavablandırılmamış və müraciəti müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, əməkdaşlar tərəfindən ünvana baxış keçirilən zaman sözügedən mənzildə müvafiq icazəverici sənədlər olmadan pəncərə oyuğunun sökülərək qapı oyuğu ilə əvəz olunduğu və digər yenidənqurma və yenidən planlaşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur. Mənzildə yenidən planlaşdırma və ya yenidənqurma işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2, 22.1.3, 24.2, 25.1.3, 25.1.4, 25.1.5, 25.1.6-cı maddələrində nəzərdə tutulan sənədləri, şəhərsalma haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilib-yetirilməməsi, tikinti norma və qaydalarına uyğun aparılması (dayanıqlılığı və möhkəmliyi) barədə müvafiq qurumların rəyini Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən, ona Mənzil Məcəlləsinin 22-ci maddəsinə uyğun olaraq imtina cavabı verilmişdir. Qeyd edilir ki, iddiaçı icraat qaydalarını pozaraq mənzildə ilk olaraq yenidənqurma və yenidən planlaşdırma işlərini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23-26-cı maddələrinin tələblərinə əsasən aparmalı idi. Lakin, iddiaçı rayon icra hakimiyyətinə yenidənqurma və yenidən planlaşdırma işlərini aparmaq üçün müraciət etmədən, həmin işləri gizli surətdə özbaşına aparmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.2-ci maddəsinin tələbləri həmin məcəllənin 23-26-cı maddələrinə əməl etməyi şərtləndirir. İddiaçı Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş yenidənqurma və yenidən planlaşdırma layihəsini, mənzilin yerləşdiyi binanın mərtəbəli planını və Mənzil Məcəlləsinin 21.2.4, 24.2.1-24.2.4-cü maddəsində nəzərdə tutulan digər sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etmədiyindən yaşayış sahəsinin şəhərsalma haqqında qanunvericiliyin tələblərinə və tikinti norma və qaydalarına əməl olunub-olunmamasını müəyyənləşdirmək imkan xaricində olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1 və 23.2-ci maddələrinə əsasən mənzilin texniki pasportunda dəyişiklik edilməsini şərtləndirən konstruktiv dəyişikliklər edildiyindən vətəndaşa bildirilmişdir ki, Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan mənzilin mövcud vəziyyətini özündə əks etdirən Texniki Pasport və binanın mövcud vəziyyətinə uyğun mərtəbəli planı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş sənədləri Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İddiaçı qeyd edilən sənədləri təqdim etmədən birbaşa Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən * saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 22-ci maddəsində yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsindən imtinanın əsasları birmənalı olaraq təsbit edilmişdir. Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədlərin hər hansı birinin təqdim edilməməsi və yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda imtina üçün əsas kimi təsbit olunmuşdur. Rayon İcra Hakimiyyəti imtina verərkən bu əsaslara istinad etmişdir. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan sənədləri nə cavabdehə, nə də ki, məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 23.1 və 23.2-ci maddələrində mənzilin texniki pasportunda dəyişiklik edilməsini şərtləndirən konstruktiv dəyişikliklər edildiyindən mövcud vəziyyəti özündə əks etdirən Texniki Pasport və binanın mövcud vəziyyətinə uyğun mərtəbəli planı, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərində nəzərdə tutulmuş sənədləri Rayon İcra Hakimiyyətinə təqdim etməmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Rayon İcra Hakimiyyəti haqlı olaraq imtina cavabı verərkən tək Mənzil Məcəlləsinə deyil, eyni zamanda şəhərsalma haqqında qanunvericiliyin tələblərinə istinad etmişdir. Məhkəmə ## ###### 2025-ci il tarixdə saat 12:10:34-də cavabdehə bildiriş göndərərək iş üzrə hazırlıq icraatı iclasını ## ###### 2025-ci il tarixə saat 15.15-ə təyin etmişdir. Hazırlıq iclası iddiaçının iştirakı olmadan təqribən 2 dəqiqə davam etmiş və dərhal baxışa təyin edilmişdir. Cavabdehin ekspertiza təyin edilməsi barədə vəsatət verməsinə baxmayaraq vəsatət rədd olunmuş və cavabdehə yekun çıxış üçün söz verilmişdir. Lakin cavabdehin təkidlə çıxış üçün vaxt tələb etməsi səbəbindən 10 gün təxirə salınmışdır. Bütün bunlar onu göstərir ki, məhkəmə iş üzrə mövcud olan halları araşdırmaq fikrində olmamışdır. Yenidənqurma və yenidən planlaşdırmanın şəhərsalma haqqında qanunvericiliyin tələblərinə uyğun aparılması, tikinti norma və qaydalarına əməl olunubolunmaması və s. barədə müvafiq rəylər rayon icra hakimiyyətləri tərəfindən deyil, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan publik hüquqi şəxslər tərəfindən ödənişli əsaslarla verilir. Analoji işlərlə bağlı tərəflərindən həmin qurumlara müraciətlər olunmuş, lakin verilmiş imtina cavablarında müraciətin balanssaxlayıcı təşkilat və ya mülkiyyətçi tərəfindən verilməli olduğu göstərilmişdir. Bu barədə Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir araşdırmanın aparılmaması iradə ifadəsinin nəticəsi olmadığından cavabdeh tərəfindən araşdırmanın aparılmaması kimi başa düşülməməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - X5 adına olan ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli (çıxarış RX № *******) Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən 50,0 kv.m. qeyri yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir; - X2 adına olan ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli (çıxarış RX № *******) çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən 70,0 kv.m. qeyri yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir; “Müstəqil Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** saylı mütəxəssis rəyində göstərilmişdir ki, baxışa təqdim edilən, ünvan 1 ünvanında yerləşən * saylı mənzilin təyinatı üzrə qeyri-yaşayış sahəsi kimi istifadəsi Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” qaydalarından irəli gələn tələblərə uyğundur. Bu onunla izah olunur ki: - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və ayrı-ayrılıqda küçəyə iki giriş-çıxış qapıları vardır; - Sözügedən sahə mənzilin tərkib hissəsi kimi deyil, ayrıca qeyri-yaşayış sahəsi kimi istifadə olunur; - Həmin sahə xüsusi mülkiyyətdədir; - 20.3. Mübahisəli sahə binanın birinci mərtəbəsində yerləşir; - 20.4.Sözügedən sahə ************-*****-****** nömrəli Çıxarışla İddiaçı xüsusi mülkiyyətindədir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin # ##### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda qeyd olunmuşdur ki, “Milli arxiv fondu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlanma müddəti 5 ildir. Həmin müddət bitdiyindən 2021-ci ilədək olan bütün sərəncam və onlara aid sənədlər daimi saxlanılmaq üçün Dövlət arxivinə təhvil verilmişdir. 2021-ci ildən sonra isə Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ** nömrəli evin mənzillərindən qeyri-yaşayış sahəsinə keçirilməsi halı olmamışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində qeydiyyatdan keçmiş qeyri-yaşayış sahələrinə dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir: - X2 adına olan ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli (çıxarış RX № *******) çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən 70,0 kv.m. qeyri yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir; - X3 adına olan ********** qeydiyyat nömrəli, ##.##.2010-cu il qeydiyyat tarixli (çıxarış MA № *******) çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 15 ünvanında yerləşən 50,0 kv.m. qeyri yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: III fəsil Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin III fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə 22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin məhkəməyə təqdim olunmuş iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materiallarından müəyyən olunur ki, hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan həmin mənzil faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, bu növ qərar qəbul edilərkən hüquqi qiymətləndirilmənin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları əsasında həyata keçirilir. Məcəllənin III fəslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydası və imtina əsasları konkret olaraq göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədən imtinanın konkret əsasları göstərilsə də, cavabdeh həmin imtina əsaslarına uyğun olmayan imtina dəlilləri ilə çıxış etməklə iddiaçının müraciətinin təminindən əsassız olaraq imtina etməkdədir. Belə ki, imtina dəlili onunla bağlı olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən müvafiq rəy təqdim edildikdən sonra məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh inzibati orqan imtina məktubunda göstərməsə də, məhkəmə icraatı zamanı mənzilin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması məsələsini qaldırmışdır ki, bunun bağlı məhkəmə kollegiyası bildirir ki, hazırkı halda yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmə barədə imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh həmin halı sübut edə bilməmiş, mənzilin qeyri-yaşayış sahəsi kimi istismara yararlı olması barədə rəyin təqdim edilməməsini bildirir. Halbuki, MM-nin 21.3-cü maddəsinin tələbləri konkret olaraq müəyyən edir ki, sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Təqdim edilməli olan sənədlərin siyahısı isə, sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) və keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır (işin mübahisəsiz halıdır ki, iddiaçının yaşayış sahəsi həmin binanın birinci (yarımzirzəmi) mərtəbəsində yerləşir) ki, işin faktiki halları ilə müəyyən olunur ki, həmin sənədlər cavabdeh tərəfindən əldə edilmiş, lakin cavabdeh 21.3-cü maddənin tələblərinə uyğun olmadan imtina etmiş, məhkəmə icraatı zamanı isə, ümumi olaraq rəyin təqdim edilməli olmasına istinad etmişdir. Halbuki, cavabdeh göstərilən sənədlərdən əlavə hər hansı sənədin təqdim edilməli olmasına istinad edə bilməzdi ki, cavabdeh tərəfindən müraciət əsassız olaraq icra edilməmişdir. Digər tərəfdən, cavabdeh inzibati orqanın tərtib etdiyi aktda da, mənzilin daxilində yükdaşıyan divarların etibarlılığına (dayanıqlığı və möhkəmliyinə) təsir edəcək hər hansı rekonstruksiya işlərinin aparılması qeyd edilməmişdir. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Cavabdeh heç bir sübuta əsaslanmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməklə, o, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədiyini və nəticə etibarı ilə inzibati orqan kimi üzərinə düşən araşdırmanı aparmadığını göstərir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, cavabdeh məhkəmə icraatı zamanıda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsində hər hansı maneə olduğunu təsdiq edən dəlil təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası, hüquqi mübahisənin predmeti olan yaşayış sahəsinin funksional təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi məsələsini hüquqi müstəvidə hərtərəfli təhlil edərək, xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, belə təyinat dəyişikliyinin həyata keçirilməsi üçün hər hansı maneə yoxdur. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçının da mənzilinin olduğu həmin mərtəbə (birinci və yarımzirzəmi) faktiki olaraq qeyri-yaşayış sahələri kimi istifadə olunur. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi sənədlərə əsasən onların bir neçəsi artıq daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh konkret olaraq müraciətin təminini istisna edən halları sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Rəşid Səmədov Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-149/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-149/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver