Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1511/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Cavabdeh qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı Bakı şəhəri, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində ona ayrılmış 0,08 ha torpaq sahəsinin yerləşmə sxeminin tərtib edilərək verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon keçmiş Donuzkökəltmə sovxozunun ## ###### 1991-ci il tarixli *** nömrəli əmri ilə ona Xəzər rayonu Binə qəsəbəsinin inzibati ərazisində fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi qanuni əsaslarla ayrılarkən yerləşmə sxemi əmrə əlavə edilməmişdir. Hazırda torpaq sahəsinin sənədləşdirib çıxarış alınması üçün yerləşmə sxeminin alınmasına zərurət yaranmışdır. Bu məqsədlə inzibati ərazi aidiyyəti üzrə Cavabdeh tərəfindən müraciətinə imtina ilə cavab verilmiş, yerləşmə sxeminin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəuyğun sayılmışdır. Bu imtina əsassızdır və qanuni əsaslarla ayrılmış torpaq sahəsinə cizgi və yerləşmə sxeminin verilməsi öhdəliyi ərazi adiyyəti üzrə Cavabdeh üzərinə qoyulmalıdır. Belə ki, fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi inzibati ərazisində yerləşir və ərazidə uzun müddətdir ki, yaşayış massivi salınmış və hazırda vətəndaşların mülkiyyətindədir. Cavabdeh iddia ərizəsinə yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Iddia ərizəsindən göründüyü kimi, torpaq sahəsi Abşeron rayon keçmiş Donuzkökəltmə sovxozunun ## ###### 1991-ci il tarixli, *** saylı əmrinə əsasən ayrılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia tələbinin təmin edilməsi, İddiaçı Abşeron Rayon Donuzkökəltmə sovxozu direktorunun ## ###### 1991-ci il tarixli *** nömrəli əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində fərdi yaşayış evinin inşa edilməsi məqsədilə ayrılmış 0.08 ha olan torpaq sahəsinə dair iddiaçının adına yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xəzər rayon Icra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinəe riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Iddia ərizəsindən göründüyü kimi, iddiaçının cavabdeh Cavabdeh ünvanladığı müraciətinə cavab olaraq dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunmuşdur. Azərbaycan Respublikasında torpaq sahələrinin istifadəsinə və mühafizəsinə dövlət nəzarətini həyata keçirən Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2021-ci il tarixli, ************ saylı məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin yerinin müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Sənədlərdən göründüyü kimi, torpaq sahəsi Cavabdeh tərəfindən ayrılmadığından plan (cizginin) verilməsi də Cavabdeh səlahiyyətləri xaricindədir. Iddiaçıya torpaq sahəsi Abşeron rayon XDS IK-nin müvafiq qərarına əsasən 1990-cı ildə ayrılmışdır. Abşeron rayon XDS IK tərəfindən ayrılan torpaq sahələrinə dair sənədlər (qərarlar, sərəncamlar və ona aid digər sənədlər) Milli Arxiv Idarəsinin Bakı filialında deyil, Abşeron rayon Dövlət Arxivində saxlanılır. Torpaq sahəsi Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən ayrıldığından və torpaq sahəsinin ayrılması barədə Cavabdeh hər hansı məlumatlar (sənədlər) mövcud olmadığından Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində cəlb edilə bilməz. Eyni zamanda iddiaçıya ayrılmış Abşeron Rayon Icra Hakimiyyətinin idarəçiliyində olan Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin Cavabdeh qaytarılması barədə rəsmi (təhvil-təslim aktları, təhkim aktları və s.) sənədlər mövcud deyildir və torpaq sahəsi rəsmi qaydada Cavabdeh təhvil verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Abşeron Rayon Dövlət Arxivindən təqdim edilmiş sənədlə müəyyən olunur ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun ## ###### 1991-ci il tarixli *** nömrəli əmri Abşeron Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ## #### 1991-ci il tarixli ** nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı komitəsinin ## ###### 1991-ci il tarixli * nömrəli protokoluna əsaslanmış, həmin əmrlə İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Arxiv sənədində əmrə ayrıca aktın, təhkim aktının və ilkin baş planın əlavə edilmədiyi də qeyd olunmuşdur. Başqa sözlə, iddiaçının torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədi mövcuddur, lakin həmin inzibati qərarın icrası zamanı hazırlanmalı olan yerləşmə sənədi arxivə təhvil verilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin apardığı yerli baxış nəticəsində torpaq sahəsinin mişar daşı ilə hasarlandığı, faktiki sahəsinin 883 kv.m. olduğu və üzərində yaşayış evinin yerləşdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr bazasına əsasən, sahə Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli **** nömrəli sərəncamı ilə Bakı Şəhər Icra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid dövlət mülkiyyətində olan torpaqda yerləşir və hər hansı dövlət təsisatının balansında olması barədə məlumat yoxdur. Beləliklə, torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqi əsas, sahənin faktiki mövcudluğu, onun uzun müddət iddiaçının istifadəsində olması, üzərində yaşayış evinin yerləşməsi və hazırda Xəzər rayonunun inzibati ərazisində olması işdəki mötəbər sübutlarla təsdiq edilmişdir. Cavabdeh isə nə ## ###### 1991-ci il tarixli əmrin ləğv olunduğunu, nə torpaq sahəsinin iddiaçıdan qanunla müəyyən edilmiş qaydada geri alındığını, nə də tələb edilən 0,08 hektar hissənin başqa şəxsin hüquqları ilə üst-üstə düşdüyünü təsdiq edən hər hansı sübut təqdim etmişdir. Cavabdehin Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarına istinadı birinci instansiya məhkəməsinin nəticəsinin yanlışlığını təsdiq etmir. Əvvəla, şikayətdə həmin qərarın tarixi ## ### 2015-ci il kimi göstərilsə də, sözügedən * nömrəli Plenum Qərarı ## ##### 2015-ci ildə qəbul edilmişdir. Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmə iddiaçının subyektiv hüququnun olubolmadığını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmadığını və inzibati orqanın imtinasının mövcudluğunu yoxlamalıdır. Öhdəliyin icrası haqqında iddialarda isə iddiaçının əvvəlcə müvafiq inzibati orqana müraciət etməsi xüsusi mümkünlük şərtlərindən biridir. Hazırkı işdə bu şərtlərin hamısı mövcuddur. Iddiaçı 1991-ci il tarixli qüvvədə olan torpaqayırma sənədinə əsaslanan hüquqi mövqeyə malikdir. O, məhkəməyə müraciət etməzdən əvvəl torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanması və verilməsi barədə Cavabdeh ərizə təqdim etmiş, həmin orqan isə ## ####### 2025-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Iddia məhz cavabdehin bu imtinasından və tələb edilən faktiki hərəkəti yerinə yetirməməsindən irəli gəlmişdir. Torpaq sahəsinin hazırda Xəzər rayonunun inzibati ərazi hüdudlarında yerləşməsi, iddiaçının məhz həmin ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməsi və imtina məktubunun həmin orqan tərəfindən verilməsi nəzərə alındıqda, Cavabdeh mübahisə üzrə cavab verməli olan inzibati orqandır. Cavabdehin mübahisələndirilən imtinanı qəbul etdikdən sonra məhkəmə prosesində özünün ümumiyyətlə lazımi cavabdeh olmadığını bildirməsi, imtinanın hüquqi nəticələrinə görə məsuliyyətdən azad olunması üçün əsas yarada bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsi torpaq sahəsinin yerquruluşu planını müəyyən miqyasda tərtib edilən, ərazinin vəziyyətini xəritə üzərində əks etdirən sənəd kimi müəyyən edir. Həmin maddənin 5-ci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, sərhədlərinin naturaya keçirilməsi yerquruluşu işlərini aparmaq hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddənin 6cı hissəsi isə təsdiq edilmiş planın torpaq sahəsinin istifadəyə, icarəyə verilməsi və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi olduğunu nəzərdə tutur. Bu müddəalardan torpaq sahəsi ilə bağlı hər hansı yerləşmə xarakterli sənədin yalnız Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilə biləcəyi və yerli icra hakimiyyəti orqanının belə məsələdə heç bir vəzifəsinin olmadığı nəticəsi çıxmır. Əksinə, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci hissəsi müəyyən edir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.3-cü bəndinə görə, yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini təmin edir. Əsasnamənin 3.1.4-cü bəndi müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsini yerli icra hakimiyyətinin vəzifəsi kimi müəyyənləşdirir. Əsasnamənin 3.16.2-ci bəndinə əsasən, yerli icra hakimiyyəti müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir. Əsasnamənin 4.16.3-cü bəndində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadənin planlaşdırılması, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadəyə nəzarət edilməsi, 4.16.6-cı bəndində isə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərilməsi yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Əsasnamənin 4.18-ci bəndində şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən səlahiyyətlər ayrıca və konkret şəkildə göstərilmişdir. Dövlət torpaq kadastrının aparılmasına dair 3.16.3-cü bənddə nəzərdə tutulan vəzifə və dövlət torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinə dair 4.16.4-cü bənddə nəzərdə tutulan səlahiyyət şəhər rayonlarının icra hakimiyyətlərinə şamil edilmir. Bununla belə, 3.1.3, 3.1.4, 3.16.2, 4.16.3 və 4.16.6-cı bəndlər həmin istisnalar sırasına daxil edilməmişdir. Inzibati orqan özünün texniki imkanlarının və ya müəyyən xüsusi fəaliyyət sahəsi üzrə peşəkar səlahiyyətinin olmamasını vətəndaşın müraciətini bütövlükdə rədd etmək üçün əsas kimi istifadə edə bilməz. Belə vəziyyətdə inzibati orqan aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərməli, zəruri texniki işlərin səlahiyyətli təşkilat tərəfindən yerinə yetirilməsini təşkil etməli və öz səlahiyyətinə aid yekun hərəkəti həyata keçirməlidir. Əks yanaşma yerli icra hakimiyyətinin dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti təmin etmək vəzifəsini məzmunsuz edərdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2021-ci il tarixli məktubuna istinad edərək torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlərin torpaqayırmanı həyata keçirən qurum tərəfindən hazırlanmalı olduğunu bildirmişdir. Lakin həmin mövqenin hazırkı işə mexaniki şəkildə tətbiqi hüquqi və faktiki baxımdan mümkün deyildir. Torpaq sahəsinin ayrılması barədə qərarı qəbul etmiş Abşeron Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsi və torpaqayırma əmrini vermiş Donuzkökəltmə sovxozu hazırda mövcud deyildir. Həmin orqanların ləğv edilməsi və ərazi idarəçiliyinin sonradan dəyişməsi 1991-ci ildə qəbul edilmiş torpaqayırma sənədini öz-özlüyündə qüvvədən salmır. Iddiaçının hüquqi vəziyyəti dövlət idarəetmə sistemində baş vermiş təşkilati dəyişikliklərdən asılı vəziyyətə salına bilməz. Cavabdehin mövqeyi qəbul edildiyi halda, torpaq sahəsinin ayrılmasına dair sənəd qüvvədə qalsa da, onu qəbul etmiş qurumun artıq mövcud olmaması səbəbindən həmin sənədin icrasının tamamlanması qeyri-mümkün olardı. Bu isə inzibati qərarın formal olaraq qüvvədə saxlanılması, lakin onun yaratdığı hüquqi imkanın faktiki olaraq aradan qaldırılması nəticəsinə gətirib çıxarardı. Belə yanaşma hüquqi müəyyənlik, dövlət idarəçiliyinin davamlılığı və inzibati fəaliyyətin səmərəliliyi prinsipləri ilə uzlaşmır. Dövlət orqanları arasındakı sənəd dövriyyəsinin vaxtında aparılmaması, ləğv edilmiş qurumların sənədlərinin tam şəkildə müvafiq arxivə və ya yeni ərazi üzrə inzibati orqana təhvil verilməməsi vətəndaşın təqsiri ilə bağlı hal deyildir. Dövlət idarəçiliyinin daxili təşkilati çatışmazlıqlarının mənfi nəticələri vətəndaşın üzərinə qoyula bilməz. Cavabdehin arxivində müvafiq təhvil-təslim aktlarının olmaması 1991-ci il tarixli əmrin mövcudluğunu və onun hüquqi qüvvəsini aradan qaldırmır. Həmin əmrin mövcudluğu dövlət arxivinin rəsmi sənədi ilə təsdiq edilmişdir. Yerli baxış zamanı hasarlanmış sahənin 883 kv.m. olması, 1991-ci il tarixli əmrlə isə 800 kv.m. torpaq ayrılması birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Məhkəmə 883 kv.m.. sahə üzərində iddiaçının hüququnu tanımamış və bu sahənin bütünlüklə rəsmiləşdirilməsini cavabdehə həvalə etməmişdir. Qərarın nəticəvi hissəsində öhdəlik konkret olaraq 0,08 hektar torpaq sahəsinə münasibətdə müəyyən edilmişdir. Buna görə faktiki hasarlanmış sahənin ayrılmış sahədən 83 kvadratmetr artıq olması həmin artıq hissənin qanuniləşdirilməsi mənasını daşımır. Apellyasiya şikayətində “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrinə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına, dövlət reyestrindən çıxarışın verilməsinə və kadastr sənədlərinin tərtibinə dair normalara istinad edilmişdir. Lakin həmin normalar hazırkı mübahisənin bilavasitə predmetini təşkil etmir. Iddiaçı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsini, özəlləşdirilməsini və ya daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyət hüququnun qeydə alınmasını tələb etmir. Birinci instansiya məhkəməsinin qərarı da dövlət qeydiyyatını həyata keçirən orqanın gələcəkdə aparmalı olduğu hüquqi və texniki yoxlamaların nəticəsini əvvəlcədən müəyyən etmir. Yerləşmə cizgisinin verilməsi torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatı üçün tələb oluna biləcək sənədlərin formalaşdırılması prosesinin mərhələlərindən biri ola bilər. Lakin belə sənədin hazırlanması iddiaçıya avtomatik olaraq mülkiyyət hüququ verilməsinə və ya qeydiyyat orqanının müstəqil səlahiyyətlərinin məhdudlaşdırılmasına səbəb olmur. Daşınmaz əmlakın dövlət reyestrini aparan orqan sonrakı müraciət zamanı təqdim edilmiş sənədləri, sahənin hüquqi statusunu, sərhədlərini, mümkün məhdudiyyətləri və digər qeydiyyat şərtlərini qanunvericiliklə müəyyən edilmiş qaydada ayrıca qiymətləndirə bilər. Bu səbəbdən dövlət qeydiyyatı və özəlləşdirmə qaydalarına dair dəlillər yerləşmə cizgisinin verilməsi barədə hazırkı tələbin rədd olunmasını əsaslandırmır. Beləliklə, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə ## ###### 1991-ci il tarixli *** nömrəli əmr qüvvədədir, həmin əmr dövlət arxivinin rəsmi sənədi ilə təsdiq olunur, iddiaçı uzun müddətdir torpaq sahəsindən faktiki istifadə edir, sahə hasarlanmış və üzərində yaşayış evi inşa edilmişdir, torpaq sahəsi hazırda Xəzər rayonunun inzibati ərazisində yerləşir, iddiaçının tələb etdiyi sənəd vaxtında hazırlanmadığına və arxivə təhvil verilmədiyinə görə onun hüquqlarının rəsmiləşdirilməsi mümkün olmur. Cavabdehin imtinası isə mahiyyət etibarilə dövlət idarəçiliyində baş vermiş ərazi və təşkilati dəyişiklikləri, ləğv edilmiş qurumların sənədlərinin tam təhvil verilməməsini və texniki yerquruluşu işlərinin başqa qurumun iştirakı ilə həyata keçirilməli olmasını iddiaçının üzərinə qoyur. Halbuki bu halların heç biri iddiaçının davranışı ilə bağlı deyildir və qüvvədə olan torpaqayırma sənədini hüquqi təsirdən məhrum etmir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanması ilə dövlət kadastr planının və plan-ölçü sənədinin hazırlanmasının fərqli mərhələlər olduğunu, ilkin torpaqayırma sənədinin icrasının tamamlanmasının ərazi üzrə yerli icra hakimiyyəti orqanının iştirakı olmadan mümkün olmadığını və dövlət orqanlarının daxili təşkilati dəyişikliklərinin iddiaçının hüququnun həyata keçirilməsinə maneə yaratmamalı olduğunu düzgün nəzərə almışdır. Məhkəmə həmçinin yerləşmə cizgisinin yalnız 1991-ci il tarixli əmrlə ayrılmış 0,08 hektar sahəyə münasibətdə verilməsini müəyyən etməklə iddia tələbinin həddindən kənara çıxmamışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin maddi hüquq normasını yanlış tətbiq etdiyi, tətbiq edilməli olan konkret normanı tətbiq etmədiyi və ya işin nəticəsinə təsir edən prosessual pozuntuya yol verdiyi müəyyən edilmir. Şikayətin dəlilləri tələb edilən yerləşmə cizgisini dövlət kadastrı və qeydiyyat sənədləri ilə eyniləşdirməyə, cavabdehin texniki işləri şəxsən həyata keçirməməsini ümumiyyətlə inzibati vəzifəsinin olmaması kimi təqdim etməyə və dövlət orqanları arasındakı təşkilati çatışmazlıqların nəticələrini iddiaçının üzərinə qoymağa əsaslanır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(112)-18386/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1511/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1511/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver