Məhkəmə qərarları › İş №2-1(3-6)-152/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-152/2026

03.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-152/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya məktub göndərərək bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, iş materiallarında mövcud olan poçt xəbərnaməsindən görünür ki, üçüncü şəxs X7 Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-122/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərarını xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-122/2025 saylı, 10 iyul 2025-ci il tarixli qərarının əldə olunması üçün üçüncü şəxs X7 Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin qərar xx.xx.2025-ci il tarixdə təkrarən ona təqdim edilmişdir. Üçüncü şəxs X7 tərəfindən təqdim olunmuş apellyasiya şikayətində isə qeyd olunmuşdur ki, iş materiallarında mövcud olan xx.xx.2025-ci il tarixli poçt xəbərnaməsindəki yazı və imza xətt ona məxsus deyil. Həmçinin, qeyd olunan ziddiyətlə bağlı məhkəmə-xəttçünaslıq ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, yaranmış ziddiyətlə bağlı məsələnin araşdırılması üçün mümkünlük iclası təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 şikayətin mümkün hesab edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə Kollegiyasının suallarına verdiyi cavabında bildirmişdir ki, qərardad onun yaşadığı ünvana göndərilmiş, lakin özü evdə olmamışdır, arvadının isə ona görə qəbul etmək ehtimalı yoxdur ki, özü işə gedəndə darvazanı bağlayıb gedir.Məhkəməyə məhkəmə sənədlərinin həmin ünvana göndərilməməsi barədə müraciəti olmamışdır.Odur ki, məhkəmə qərarının təqdim edildiyini təsdiq edən xəbərnamədəki imza ona məxsus deyil. Lazım gəlsə imzanın ona aid olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin mümkünlük məsələsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə icraatının digər tərəfi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3- cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası üçüncü şəxs X6 dəlillərini əsaslı saymır, odur ki, həmçinin ekspertiza təyin olunmasına lüzum görmür.Beləliklə apellyasiya şikayəti verilməsi müddətini üçüncü şəxsin ötürmədiyi dəlilini əsaslı saymır. Belə ki, iş materiallarında mövcud olan məhkəmə qərarının təqdim edildiyini təsdiq edən xəbərnamədən (İ/v-49)görünür ki, Bakı İnzibati Məhkəməsinin e--2-1(112)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı yaşadığı ünvana göndərilmiş və xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İddiaçının özü evdə olmaması, işə gedəndə darvazanı bağlayıb getdiyi səbəbdən arvadının poçt çatdırılmasını qəbul etməməsi dəlili isə ağlabatan deyidir. Belə ki, şəxs X6 məhkəməyə məhkəmə sənədlərinin həmin ünvana göndərilməməsi barədə müraciəti olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. ...... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) verməsi imkanını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-122/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar