Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1542/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməklə bərpa edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməklə bərpa edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməklə bərpa edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (**)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı ##.##.2008-ci ildən 2004-2005-ci illərin orta əmək haqqından hesablanmaqla ##.##.2008-ci ildən bugünədək yaranan fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondnun Bakı şəhəri Xətai rayon şöbəsini üzərinə qoyulmuşdur. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyindən ##.##.2014-cü il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərarı Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən Komissiyasının ##.##.2009-cu il tarixli *** nömrəli Qərarı ilə İddiaçı ##.##.2008-ci il tarixdən II dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2016-cı il tarixli **** nömrəli Qərarına əsasən İddiaçı ##.##.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçasına əsasən İddiaçı ##.##.2004-cü il tarixində “xxxx” Arxitektura Layihə Sənaye Müəssisəsində layihəçi vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № **/k ##.##.2004-cü il), ##.##.2005-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir (Əmr № **, ##.##.2005-ci il). xxxx Arxitektur Layihə-Sənaye Müəssisəsi tərəfindən verilmiş ##.##.2014-cü il tarixli Arayışda qeyd edimişdir ki, İddiaçı həqiqətən yanvar ayı 2004- cü ildən sentyabr ayı 2005-ci ilədək “xxxx” Arxitektura Layihə-Sənaye Müəssisəsində layihəçi vəzifəsində işləyib. Onun bu müddət ərzində qazandığı əmək haqqı müvafiq cədvəldə göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyə görə əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsi və onun pensiyasının bərpa edilməsi, eləcə də ödənilməyən məbləğlərin ödənişinin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilməsin xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmiş və iddiaçının əlilliyə görə əmək pensiyasının ##.##.2020-ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməklə həmin tarixdən bərpa edilərək ödənilməsi, həmçinin hazırki dövrə qədər ödənilməyən pensiya məbləğlərinin ödənişinin həyata keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbində texniki səhv olaraq “əlilliyə görə əmək pensiyası” söz birləşməsi qeyd olunmuşdur. Həmin söz birləşməsinin “yaşa görə əmək pesiyası” kimi oxunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-****/**** №-li, ##.##.2014-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı ##.##.2008-ci ildə DSMF-nin Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Daha sonra Məhkəmənin qərarı ilə iddiaçının ##.##.2008-ci ildən 2004-2005-ci illərin orta əmək haqqı hesablanmaqla ##.##.2008-ci ildən bu günədək yaranan fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Xətai rayon şöbəsinə həvalə edilmişdir. Adıçəkilən qərar bir müddət cavabdeh inzibati orqan tərəfindən icra edilsə də təxminən 2020-ci ildən etibarən həmin qərarın icrasından imtina edilmiş və ümumiyyətlə şəxsin yaşa görə pensiya hüququnun olmasına baxmayaraq ona heç bir ödəniş həyata keçirilməmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri dövlətin adından qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsinə gətirib çıxarır. Çünki iddiaçıya əmək pensiyası dövlətin adından qəbul edilmiş və qanuni qüvvəsini almış adıçəkilən qərar ilə təyin edilmişdir. Həmin qərar qüvvədə ola-ola iddiaçıya münasibətdə hər hansı bir inzibati icraatın aparılması və bunun nəticəsində həmin əmək pensiyasının dayandırılması yolverilməzdir. Bununla bağlı olaraq, Bakı İnzibati Məhkəməsinə adıçəkilən qərarın AR İPM-nin 120-ci maddəsinə əsasən məcburi icrasının təmin edilməsi ilə bağlı müraciət etsələr də, məhkəmənin ##.##.2025-ci il tarixli, 2-1(82)-****/**** №-li qərardadı ilə ərizələri təmin olunmamışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, hazırda məsələ ilə bağlı iddiaçı tərəfindən ayrıca iddia icraatı qaydasında məhkəməyə müraciət olunmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən İddiaçı ##.##.2008-ci il tarixindən əmək pensiyası təyin edilmişdir. İddiaçı iddiasına dair iş üzrə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)- ****/**** nömrəli qərarı Fondun keçmiş Xətai Rayon Şöbəsi (bundan sonra - Şöbə) tərəfindən icra edilərək onun pensiyasının məbləği yenidən hesablanaraq əmək pensiyasının sığorta hissəsi 833,10 manat təşkil etmişdir. Bu səbəbdən ##.##.2008-ci il tarixindən (##.##.2020-ci il tarixinədək ödənilən) İddiaçı pensiyasının məbləği aşağıdakı kimi hesablanmışdır: ##.##.2008 - 75 (baza hissə) + 833,10 (sığorta hissə) = 908,10 manat; ##.##.2009 - 75 (baza hissə) + (833,10 + 20,8%) = 1081,38; ##.##.2010 - 75 (baza hissə) + (1006,38 + 1,5%) = 1096,48; ##.##.2010 - 85 (baza hissə) + 1021,48 = 1106,48; ##.##.2011 - 85 (baza hissə) + (1021,48 + 5,7%) = 1164,70; ##.##.2012 - 85 (baza hissə) + (1079,70 + 7,9%) = 1250 manat; ##.##.2013 - 85 (baza hissə) + (1165 + 1,1%) = 1262,82 manat; ##.##.2013 – 100 (baza hissə) + 1177,82 = 1277,82 manat; ##.##.2014 - 100 (baza hissə) + (1177,82 + 2,4%) = 1306,08 manat; ##.##.2015 - 100 (baza hissə) + (1206,08 + 1,4%) = 1322,97 manat; ##.##.2016 - 100 (baza hissə) + (1222,97 + 4,0%) = 1371,89 manat; ##.##.2016 - 110 (baza hissə) + 1271,89 = 1381,89 manat; ##.##.2017 - 110 (baza hissə) + (1271,89 + 12,4%) = 1539,60 manat; ##.##.2018 - 1539,60 + (1539,60 x 5,7%) = 1627,36 manat; ##.##.2019 - 1627,36 + (1627 x 3%) = 1676,18 manat; ##.##.2020 - 1676,18 + (1676,18 x 16,6%) = 1954,45 manat. İddiaçıya məxsus pensiya işindən görünür ki, o, ##.##.2016-cı il tarixində pensiya növünün dəyişdirilərək əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirilməsi barədə ərizə ilə Şöbəyə müraciət etmiş, Şöbənin ## ######## 2016-cı il tarixli **** nömrəli qərarı ilə iddiaçıya yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının ödənişi ##.##.2020-ci il tarixindən dayandırılmışdır. Belə ki, yuxarıda sözügedən məhkəmə qərarında (* saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli *-*(**)-****/**** nömrəli qərarı) qeyd edilənlərə görə iş materiallarında olan əmək kitabçasına əsasən İddiaçı ümumilikdə 27 ilə yaxın əmək stajı olmuşdur. Lakin Fondun keçmiş Xətai rayon şöbəsi tərəfindən aparılmış riyazi hesablama ilə vətəndaşın 32 il 4 ay iş stajının olduğu müəyyən edilmiş, sonuncu işdənçıxma tarixi ##.##.2005ci il kimi qeyd olunmuşdur. Göründüyü kimi, iki qurum tərəfindən müəyyən edilmiş iş stajı bir-biri ilə uyğunluq təşkil etməmişdir. Məhkəmə qərarının alınmasına nail olunduqdan sonra pensiya işinə tikilmiş əmək kitabçasının surətində həmin tarix “##.##.2004-cü il” tarixinə düzəldilmiş, sonrakı sətirlərə onun guya 2004-2005-ci illərdə işləmiş olduğu “xxxx” Arxitektura Layihə- Sənaye Müəssisəsinin iş stajı əlavə edilmişdir. Aşkar olunan ilkin faktlar pensiya işinə və uçot vərəqinə tikilmiş əmək kitabçasının, iş stajı və əməkhaqqı arayışının saxtalaşdırıldığını təsdiq edir. İddiaçıya ##.##.2008-ci ildə II qrup əlilliyə görə əmək pensiyası təyin edilərkən, iddiaçının əmək kitabçasında göstərilmiş ümumi iş stajı və sonuncu iş yeri olan “Dəmirbeton” məmulatları zavodundan təqdim edilmiş əməkhaqqı və sosial sığorta haqları nəzərə alınmışdır. Pensiya təyin edilərkən iddiaçının “xxxx” Arxitektura Layihə-Sənaye müəssisəsində işləyib, qazanmış olduğu əməkhaqqı barədə heç bir sənəd təqdim edilməmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması zamanı əsas götürülmüş və “xxxx” Arxitektura Layihə- Sənaye Müəssisəsinin möhürü ilə təsdiq edilmiş 2004-2005-ci illər üzrə iş stajı və əməkhaqqı arayışında qeyd edilmiş məlumatların və məbləğlərin düzgünlüyünün araşdırılması məqsədilə Mərkəzi Filial tərəfindən sözügedən müəssisə ilə yerində qarşılıqlı yoxlama aparılmışdır. 2004- 2005-ci illər üzrə əmr kitabları müəssisənin arxivində saxlanılmadığından yoxlama müəssisənin təqdim etdiyi İddiaçı şəxsi iş qovluğuna əsasən aparılmışdır. Yoxlama zamanı şəxsi iş qovluğunda ##.##.2004-cü il tarixli */k nömrəli əmrə əsasən İddiaçı işə qəbul edilməsi və ##.##.2005-ci il tarixli ** nömrəli əmr ilə işdən azad olunduğu müəyyən olunsa da, qeyd olunan dövr üzrə müəssisənin əməkhaqqı hesablama cədvəllərində adıçəkilən şəxsə aid məlumatlar aşkar edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə (hakim Aydın Babayev) iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının yaşa görə əmək pensiyasının ##.##.2020ci il tarixdən dayandırılmasının qanunsuz hesab edilməsi, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının ##.##.2020-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə cavabdeh tərəfindən qeyd edilən halları nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmiş, işin halları üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, bu səbəbdən iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış, iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv yol verilmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasınınn Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2022-ci il tarixli qərarında preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə aktının həqiqiliyi prezumpsiyasının təşkil etdiyi, məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi vəziyyətin hüquqi müəyyənlik prinsipi baxımından sonrakı icraatlarda nəzərə alınmalı olduğu, eləcə də məhkəmə aktları arasında kolliziya yarandıqda daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi nəticələrinin üstün tutulduğu qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğundur. Bununla belə, apellyasiya şikayətində irəli sürülmüş dəlillərin xarakteri nəzərə alınaraq həmin nəticənin aşağıdakı əlavə hüquqi əsaslarla izah edilməsi zəruridir. Hazırkı mübahisədə ilk növbədə bir-birindən fərqləndirilməli olan iki hüquqi məsələ mövcuddur. Belə ki, bir tərəfdən, cavabdeh inzibati orqanın pensiya işində olan sənədlərin mötəbərliyini və pensiyanın hesablanmasının düzgünlüyünü yoxlamaq səlahiyyəti, digər tərəfdən isə belə yoxlamanın nəticələrinə əsaslanaraq qanuni qüvvədə olan məhkəmə aktının və həmin aktın icrası əsasında formalaşmış əlverişli inzibati hüquqi vəziyyətin nəticələrini aradan qaldırmaq imkanı. Birinci səlahiyyətin mövcudluğu ikinci imkanın avtomatik olaraq mövcud olması demək deyildir. İş materiallarından görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)-****/**** nömrəli qərarı qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən icra edilmiş və iddiaçının pensiyasının məbləği həmin məhkəmə aktının nəticələrinə uyğun olaraq yenidən hesablanmışdır. Daha sonra cavabdehin ##.##.2016-cı il tarixli **** nömrəli qərarı ilə iddiaçıya ##.##.2016-cı ildən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, 2020-ci ildə ödəniş dayandırılanadək iddiaçının pensiya təminatı həm qanuni qüvvəyə minmiş məhkəmə aktına, həm də cavabdehin sonrakı əlverişli inzibati aktına söykənən sabit hüquqi vəziyyət kimi mövcud olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktının hüquqi nəticəsi ondan ibarətdir ki, həmin aktla həll edilmiş məsələ tərəflər üçün məcburidir və inzibati orqan sonrakı inzibati yoxlama yolu ilə həmin qərarın hüquqi nəticəsini faktiki olaraq qüvvədən sala bilməz. Məhkəmə qərarının əsaslandığı sənədlərlə bağlı sonradan şübhələrin yaranması inzibati orqana araşdırma aparmaq imkanı versə də, belə araşdırma qanuni qüvvədə olan məhkəmə qərarının inzibati qaydada təftişinə çevrilə bilməz. Əks yanaşma məhkəmə müdafiəsinin səmərəliliyini və hüquqi müəyyənlik prinsipini mənasızlaşdırardı. Bu baxımdan cavabdehin 2004-2005-ci illərə aid əmək kitabçası qeydləri və “xxxx” Arxitektura Layihə-Sənaye Müəssisəsinin arayışı ilə bağlı irəli sürdüyü şübhələr özlüyündə pensiya ödənişinin dayandırılması üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə görə təqdim edilmiş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə mötəbər sayılır. Həmin Qanunun 19.2-ci maddəsi əsaslı şübhə yarandıqda inzibati orqanın sənədlərin mötəbərliyini öz hesabına araşdırmaq vəzifəsini müəyyən edir. Deməli, qanun şübhə ilə həqiqətə uyğun olmamanın sübuta yetirilməsini eyniləşdirmir. Cavabdehin apardığı qarşılıqlı yoxlamanın nəticələri də bu baxımdan qəti nəticə doğurmur. Belə ki, yoxlama zamanı iddiaçının ##.##.2004-cü il tarixli əmrlə “xxxx” Arxitektura Layihə- Sənaye Müəssisəsinə işə qəbul edilməsi və ##.##.2005-ci il tarixli əmrlə işdən azad olunması müəyyən edilmiş, yalnız müvafiq dövr üzrə əməkhaqqı hesablama cədvəllərində ona dair məlumat aşkar edilməmişdir. İşə qəbul və işdən azad edilmə barədə ilkin sənədlərin mövcudluğu iddiaçının həmin müəssisədə işləməsi faktını istisna etmir. Əməkhaqqı cədvəllərində məlumatın aşkar edilməməsi isə əlavə və tamamlayıcı araşdırma aparılmadan, əvvəl təqdim edilmiş sənədlərin saxta və ya təhrif olunmuş olduğunun sübutu kimi qiymətləndirilə bilməz. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsi inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq vəzifəsini, 24.2-ci maddəsi isə maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyini təsbit edir. Bu səbəbdən cavabdeh yalnız sənədlərin mötəbərliyinə şübhə yaradan halları deyil, iddiaçının xeyrinə olan və onun həmin dövrdə əmək münasibətlərində olmasını təsdiqləyən işə qəbul və işdən azad edilmə əmrlərini də eyni hüquqi çəkidə qiymətləndirməli idi. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ##.##.2016-cı il tarixli qərar onun üçün əlverişli inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsi inzibati orqanların inzibati praktikasına etimadı qoruyur. Həmin Qanunun 67-ci maddəsinin məzmunundan isə görünür ki, əlverişli inzibati aktın qanunsuz hesab edilməsi belə, onun hüquqi nəticələrinin inzibati orqanın sadə faktiki hərəkəti ilə aradan qaldırılmasına əsas vermir. Başqa sözlə, aktın ləğvi və ya dəyişdirilməsi qanunda nəzərdə tutulmuş əsaslar, prosedur və müddətlər daxilində həyata keçirilməlidir. İşdə isə cavabdehin 2016-cı il tarixli əlverişli inzibati aktı ləğv və ya dəyişdirən ayrıca inzibati akt qəbul etməsi, iddiaçının həmin icraata cəlb olunması və dinlənilmə hüququnun təmin edilməsi müəyyən edilmir. Əksinə, pensiya ödənişinin 2020-ci ildə faktiki xarakterli hərəkətlə dayandırıldığı görünür. Belə üsul əlverişli inzibati aktın hüquqi qüvvəsini formal olaraq saxlayıb onun əsas nəticəsini - pensiyanın ödənilməsini - faktiki olaraq aradan qaldırdığı üçün inzibati icraatın qanunla müəyyən edilmiş təminatlarını təsirsiz hala gətirir və qanuni sayıla bilməz. Cavabdeh etimadın qorunmasının istisnalarını nəzərdə tutan Qanunun 67.6-cı maddəsinə istinad edə biləcək halların mövcudluğunu da tələb olunan sübutetmə səviyyəsində ortaya qoymamışdır. Xüsusilə, 67.6.2-ci maddənin tətbiqi üçün sadəcə sənədlərin düzgünlüyünə dair şübhənin olması deyil, maraqlı şəxsin səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədləri təqdim etməklə inzibati aktın qəbuluna nail olması müəyyən edilməlidir. Hazırkı işdə belə bir nəticəyə gəlməyə imkan verən qəti və bir-birini tamamlayan sübutlar mövcud deyil. Bununla yanaşı, Qanunun 67.12-ci maddəsi qanunsuz inzibati aktın onun ləğvini şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə biləcəyini imperativ qaydada müəyyən edir və həmin müddət qaydasından yalnız 67.6.1-ci maddədə nəzərdə tutulmuş hal üçün istisna müəyyən edir. Cavabdeh iddiaçının pensiya hüququ ilə bağlı hüquqi vəziyyəti 2020ci ildə faktiki hərəkətlə dəyişdirdiyi halda, nə 67.6.1-ci maddədə nəzərdə tutulmuş aldatma halını, nə də qanunda nəzərdə tutulmuş qaydada və müddətdə qəbul edilmiş ləğvetmə və ya dəyişdirmə aktını ortaya qoymuşdur. Sonradan, yəni 2024-cü ildə aparılmış yoxlamanın nəticələri isə 2020-ci ildə həyata keçirilmiş faktiki dayandırmanın qanuniliyini geriyə dönük şəkildə yarada bilməz. Məhkəmə kollegiyası cavabdehin sosial təminat sisteminin maliyyə dayanıqlılığı və pensiyaların yalnız qanuni əsaslarla ödənilməsi barədə dəlillərini də nəzərə alır. Şübhəsiz ki, dövlət büdcə və sosial sığorta vəsaitlərinin qanunauyğun istifadəsini təmin etməli, əsassız ödənişlərin qarşısını almalıdır. Lakin bu legitim məqsəd inzibati orqanı qanunla müəyyən edilmiş prosedurlara riayət etmək vəzifəsindən azad etmir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq şəxsin hüquqi statusuna müdaxilə qanuni məqsədə çatmaq üçün zəruri, yararlı və mütənasib olmalıdır. Qanuni qüvvədə olan məhkəmə qərarı və əlverişli inzibati akt mövcud olduğu halda pensiyanın heç bir formal ləğvetmə qərarı olmadan tam dayandırılması bu tələblərə uyğun müdaxilə hesab edilə bilməz. Beləliklə, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar pensiya işində əlavə araşdırma aparılmasını əsaslandıra bilsə də, həmin hallar qanuni qüvvəyə minmiş ##.##.2014-cü il tarixli məhkəmə qərarının və ##.##.2016-cı il tarixli əlverişli inzibati aktın hüquqi nəticələrinin faktiki hərəkətlə aradan qaldırılmasına hüquqi əsas yaratmır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.