Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1544/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində xxxxnə qarşı əlilliyin müəyyən edilməsi tələbinə dair dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli, *- *(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə (*hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ##.##.2025-ci il tarixi İ********INA №-li göndəriş əsasında orqanizm funksiyalarının 35- 60% pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə ##.##.2025-ci il tarixdən əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1972-ci ildə doğulmuşdur. Şuşa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi prokurorluq tərəfindən barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd olunmaqla iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilədək Şuşa rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma-diaqnoz ... “təpə nahiyyəsindən toxunub keçən qəlpə yarası. Kontuziya” və ##.##.1993-cü ildən ##.##.1993-cü ilədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “kürəyin, sol sağının, hər iki budun, hər iki baldırın yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları", “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixdə *** №-li Qərarla şəhadətləndirilmişdir. Iddiaçıya müxtəlif vaxtlarda əlillik qiymətləndirilməsi həyata keçirilmişdir. Bundan əlavə, iddiaçıya Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cii il tarixli, **** saylı həkim psixiatr komissiyasının rəyi tərtib olunaraq verilmişdir. Həmin rəydə iddiaçıya qoyulmuş diaqnoz “üzvi (birinci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. Sonuncu dəfə iddiaçı tərəfindən ona təkrar əlillik qiymətləndirilməsi aparılması üçün qeydiyyatda olduğu poliklinika vasitəsi ilə forma 88 tərtib edilərək elektron qaydada cavabdehə göndərilmişdir. Iddiaçı keçmiş hərbi qulluqçu olduğundan adıçəkilən forma 88 əsasında iddiaçı əyani müayinəyə dəvət olunmuş və ona diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qərarın elektron versiyasında qiymətləndirmə tarixi ##.##.2025-ci il olaraq qeyd edilsə də, iddiaçıya imtina qərarı ##.##.2025-ci ildə 142 çağrı mərkəzi vasitəsi ilə məlumat verilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əyani müayinəsi həyata keçirilərək Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: "Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir." barədə qərar qəbul edilmişdir. Şuşa şəhər sakini ##.##.1972-ci il təvəllüdlü İddiaçı hazırki obyektiv müayinəsi zamanı otağa RRM-ə məxsus təkərli oturacaqda daxil olmuş, əsəbilikdən, ailə üzvlərinə qarşı səbəbsiz aqressiv olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında təxminən, 3 il öncə intihara cəhd etdiyini (yuxarı ətrafında kəsik), ##.##.2025-ci il tarixində mədənin distal subtotal rezeksiyası əməliyyatı keçirdiyini, yanaşı olaraq 20 ildir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Stimulaton”, “Insulin” (15il), “Pirasetam” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı çəkisi 71 kq, boyu 171 sm, BKI=24,28 müəyyənləşdirilmişdir. Cərrahi müayinə zamanı sağ sağrı, sağ topuq nahiyələrində, sol baldırın orta 1/3-də çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Həmçinin yuxarı orta laparotomiyanın (Mədənin distal subtotal rezeksiyası. Bilrot II.Roux- Y. üsulu ilə rezeksiyası. Stronq əməliyyatı) çapıqları müşahidə edilmişdir. Psixiatrik müayinə zamanı bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli olmuşdur. Müayinə prosesində simulyativ davranış sərgiləmiş, aparılmış müalicələr barəsində məlumat verə bilməmiş, şikayətlərini formal qeyd etmişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektualmnestik funksiyası yaşına, sosial məişət şəraitinə uyğun olmuşdur. Üzvü fonları təsdiq edən baş-beyinin instrumental müayinə nətuicələrini (KT, MRT, EEQ) təqdim etməmişdir. Oftalmoloji müayinə zamanı “Vis OD-0,6 k/e, Vis OS 0,4 k/e. OU Artifakiya, ikincili katarakta” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adı: Aşağı ətraf arteriyalarının Dopplerografiyası, Oftalmoloq müayinəsi. Qərarın əsaslnadırılması: Aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2-1(112)-13057/2025 saylı qərarı ilə (hakim A.V.Babayev) iddia təmin edilərək, İddiaçı sonuncu göndəriş əsasında qiymətləndirildiyi ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasının 2 il müddətinə müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07.0 Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq, eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEKin) hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, diaqnoz əlillik üçün kifayət deyildir. Eyni zamandan iddiaçı tərəfindən müəyyən yoxlanışa - maqnit tomoqrafiyası və yaxud kompyuter tomoqrafiyasına (MRT və ya KT) dair sənədlər təqdim edilməmişdir. Bu sənədlərin təqdim edilməməsi nəticəsində şəxsdə ağırlaşmaların olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də inzibati orqan tərəfindən imtina verilmişdir. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı son olaraq tələbini dəqiqləşdirərək ##.##.2025-ci il tarixli İ********INA nömrəli tibbi-sosial ekspertiza göndərişi əsasında, orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbdən, ##.##.2025-ci il tarixdən iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı Inzibati Məhkəməsinin qərarı ilə həmin tələb təmin edilmişdir. Apellyasiya şikayətinin əsas mahiyyəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin işin hallarını kifayət qədər araşdırmadığı, Agentliyin mütəxəssisləri tərəfindən aparılmış əyani müayinənin nəticələrinə lazımi qiymət vermədiyi, yalnız iddiaçının təqdim etdiyi tibbi sənədlərə və xxxxnin rəyinə əsaslandığı, F07.0 diaqnozunun mövcudluğunun özlüyündə əlillik üçün yetərli olmadığı, üzvi patologiyanın instrumental müayinələrlə təsdiqlənməli olduğu, ekspert rəyinin isə belə instrumental müayinəyə əsaslanmadığı və məhkəmənin xüsusi tibbi bilik tələb edən məsələni həll etməklə inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etdiyi barədə dəlillərdən ibarətdir. Bu dəlillərin hər biri işdə olan sübutların məcmusu ilə müqayisədə öz təsdiqini tapmır. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi F07.0 diaqnozunun mövcudluğunu müəyyən etməklə kifayətlənməmiş, məhz bu diaqnoz üzrə Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan funksional və klinik əlamətləri ayrıca müqayisə etmişdir. Qüvvədə olan normativ tənzimləmədə əlilliyin qiymətləndirilməsi məhz həmin Meyarlar əsasında həyata keçirilir. Belə ki, F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu üzrə 7.6.2.1-ci yarımbənddə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlərin yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan, iki il müddətində davam edən ağır, müalicəyə rezistent simptomlar və bütövlükdə sərbəst yaşamaq qabiliyyəti saxlanılmaqla bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın yaranması 35-60 faiz funksional pozuntuya uyğunlaşdırılmışdır. Daha ağır klinik və funksional vəziyyəti, o cümlədən davamlı müşahidə zərurətini nəzərdə tutan 7.6.2.2-ci yarımbənd isə 65-80 faiz diapazonunu müəyyən edir. Birinci instansiya məhkəməsi məhz həmin meyarlar arasında fərqləndirmə aparmış, iddiaçıda depressiv daxilolmaların, tez-tez dekompensasiyaların və koqnitiv funksiyaların enməsinin sənədlərlə təsdiq olunduğunu, lakin daimi kənar müşahidə zərurətinin kifayət qədər müəyyən edilmədiyini nəzərə alaraq daha ağır 65-80 faiz göstəricisini deyil, 35-60 faiz göstəricisini tətbiq etmişdir. Apellyasiya şikayətinin mühüm dəlillərindən biri iddiaçıda üzvi patologiyanın MRT, KT və ya digər instrumental üsulla obyektiv təsdiq edilməməsidir. Hətta şikayətdə üzvi psixi pozuntular zamanı üzvi patologiyanın obyektiv təsdiqinin, məsələn, MRT-də baş beynin atrofik dəyişikliklərinin müəyyən edilməsinin zəruriliyi ayrıca vurğulanır. Lakin qeyd olunan dəlil iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, ##.##.2025-ci il tarixli Forma 88-də iddiaçının psixi statusu “zahirən gərgin və narahat”, “diqqəti yayınıq”, “cüzi qıcığa həssas”, “əhval-ruhiyyəsi aşağı”, “yaddaşı aşağı”, “iradəsi zəif”, “emosional labil”, “tez-tez səbəbsiz özündən çıxır” kimi təsvir edilmiş, ##.##.2025-ci il tarixli həkim müayinəsində F07.0 - İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi diaqnozu qeyd edilmişdir. Eyni göndərişdə ##.##.2025-ci il tarixli baş beyin MRT müayinəsinin nəticəsi kimi “minimal beyin atrofiyası” göstərilmişdir. Bundan əlavə, əvvəlki - ##.##.2024-cü il tarixli Forma 88-də də ##.##.2023-cü il tarixli beyin MRT-si üzrə “minimal beyin atrofiyası” göstərilmiş, ##.##.2024-cü il tarixli baş beyin KT müayinəsində yan mədəciklərin və III beyin mədəciyinin genişlənməsi təsvir edilmişdir. Bu baxımdan xüsusilə əhəmiyyətlidir ki, ##.##.2025-ci il tarixli TSEK qərarında iddiaçının “baş-beyinin instrumental müayinə nəticələrini (KT, MRT, EEQ) təqdim etmədiyi” qeyd olunsa da, həmin qiymətləndirmənin əsasını təşkil edən ##.##.2025-ci il tarixli elektron göndərişin özündə ##.##.2025-ci il tarixli MRT nəticəsi açıq şəkildə əks etdirilmişdir. TSEK qərarında eyni zamanda Agentlikdə aparılmış instrumental müayinələr sırasında yalnız aşağı ətraf arteriyalarının doppleroqrafiyası və oftalmoloji müayinə göstərilmişdir. Apellyasiya şikayətində xxxxnin rəyinin “heç bir instrumental müayinə əsasında verilmədiyi”, “tamamilə subyektiv yanaşmanı əks etdirdiyi” və Mərkəzin iddiaçını əlavə müayinə etmədən rəy verdiyi bildirilir. Bu mövqe ekspertiza rəyinin məzmunu ilə təkzib edilir. Belə ki, iş üzrə ekspertiza təsadüfi qaydada və ya yalnız iddiaçının təşəbbüsü ilə aparılmamışdır. Cavabdeh Agentlik hələ birinci instansiya məhkəməsində özü mübahisənin xüsusi tibbi bilik tələb etdiyini bildirərək iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin olunması barədə vəsatət vermişdir. Məhkəmə həmin xüsusi bilik ehtiyacını nəzərə almış, ##.##.2025-ci il tarixli qərardadla ekspertiza təyin etmiş və ekspertiza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsində keçirilmişdir. Iş materiallarında olan ekspertiza rəyindən görünür ki, ekspert yalnız əvvəlki tibbi sənədləri nəzərdən keçirməmiş, iddiaçını şəxsən müayinə etmiş və onun somatik, nevroloji və psixi vəziyyətini qiymətləndirmişdir. Ekspertizanın tədqiqat hissəsində klinikpsixopatoloji metoddan istifadə edildiyi göstərilmiş, obyektiv nevroloji müayinədə mərkəzi sinir sistemi tərəfindən dağınıq üzvi zədələnmə əlamətləri qeyd edilmiş, psixi statusda təfəkkürün torpidliyi, bir mövzudan digərinə keçiddə çətinlik, xarici qıcıqlara həssaslığın yüksəlməsi, əhval-ruhiyyənin enməsi, koqnitiv funksiyaların zəifləməsi, astenizasiya və intihar haqqında tez-tez fikirləşmə kimi hallar müəyyən edilmişdir. Ekspert yekunda iddiaçıda “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri ilə (F07.0)” diaqnozunun mövcudluğunu təsdiq etmişdir. Ekspertizanın nəticəsi birinci instansiya məhkəməsinin qərarında da ayrıca tədqiq edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin TSEK-in əyani müayinəsinin nəticələrinə “ümumiyyətlə məhəl qoymadığı” bildirilir. Lakin məhkəmə qərarının məzmunu bunun əksini göstərir. Qərarda cavabdehin mövqeyi, iddiaçının TSEKdə aparılmış cərrahi, psixiatrik və oftalmoloji müayinələrinin nəticələri, TSEK-in simulyativ davranış barədə qeydləri, iddiaçının bələdliyinin saxlanılması, intellektual-mnestik funksiyalarının yaşına uyğun hesab olunması, eləcə də Agentliyin “əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika və patofunksional pozuntular aşkarlanmamışdır” nəticəsi ətraflı şəkildə qərarda əks etdirilmişdir. Həmçinin, TSEK-in öz qərarında da iddiaçının ailə üzvlərinə qarşı səbəbsiz aqressivlikdən şikayət etdiyi, təxminən üç il əvvəl intihara cəhd etdiyini bildirdiyi və emosional labil şəxs kimi qiymətləndirildiyi göstərilmişdir. Bu məlumatlar apellyasiya şikayətinin özündə istinad edilən psixi pozuntuların qiymətləndirilməsi göstəricilərindən aqressiv davranış, suisidal risk, şəxsiyyət və davranış dəyişiklikləri və sosial dezadaptasiya göstəricilərindən tamamilə kənar hallar deyildir. Digər tərəfdən, TSEK mübahisələndirilən inzibati qərarı qəbul etmiş inzibati orqanın strukturunda fəaliyyət göstərən komissiyadır. Onun tibbi qiymətləndirməsi, şübhəsiz, iş üzrə əhəmiyyətli sübutdur, lakin həmin qiymətləndirməyə əvvəlcədən üstün və ya məhkəmə nəzarətindən kənar hüquqi qüvvə verilməsi inzibati məhkəmə icraatının mahiyyətinə zidd olardı. Əks halda tibbi-sosial ekspert komissiyasının hər bir mənfi rəyi öz-özlüyündə həmin rəydən irəli gələn inzibati aktın qanuniliyini sübut etmiş olardı və həmin akt üzərində səmərəli məhkəmə nəzarəti faktiki olaraq mümkünsüz olardı. Hazırkı işdə TSEK-in mövqeyi ilə çoxsaylı ixtisaslaşdırılmış psixiatriya müəssisələrinin tibbi sənədləri arasında yaranmış ziddiyyət məhz məhkəmənin ekspertiza təyin etməsi vasitəsilə araşdırılmışdır. Buna görə də apellyasiya şikayətində Inzibati Prosessual Məcəllənin işin hallarının xidməti vəzifəyə görə araşdırılması prinsipinin pozulmasına istinad edilməsi iş üzrə aparılmış prosessual hərəkətlərin faktiki məzmunu ilə uyğun gəlmir. Iş materiallarından müəyyən olunur ki, F07.0 diaqnozu birdəfəlik tibbi müraciət əsasında formalaşdırılmamışdır. ##.##.2025-ci il tarixli göndərişdə iddiaçının 2022-2025ci illər ərzində müxtəlif tarixlərdə Bakı * saylı Respublika Psixiatriya Xəstəxanasında və * nömrəli Klinik Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar müalicə aldığı göstərilmişdir. Məsələn, 20.06-##.##.2023, 14.08-##.##.2023, 25.10-##.##.2023, 08.01- ##.##.2024 və 30.01-##.##.2025-ci il tarixlərində stasionar müalicələr aparılmış və həmin dövrlərdə F07.0 diaqnozu qeyd edilmişdir. Bununla yanaşı, Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyində “İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu müəyyən edilmiş, məhkəmə-psixiatrik ekspertizası isə sonradan F07.0 diaqnozunu yenidən təsdiq etmişdir. Beləliklə, xəstəliyin uzun müddət davam etməsi, müxtəlif vaxtlarda ixtisaslaşdırılmış psixiatriya müəssisələrində təkrar stasionar müalicələrin aparılması və həmin müalicələrdən sonra da depressiv, koqnitiv və davranış simptomlarının davam etməsi iş materialları ilə təsdiqlənir. Birinci instansiya məhkəməsinin 7.6.2.1-ci yarımbənddə nəzərdə tutulan müddət və davamlılıq göstəricilərinin mövcudluğu barədə nəticəsi bu baxımdan sübutların məcmusuna əsaslanmışdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçının döyüş zonasında hərbi xidmət zamanı aldığı “təpə nahiyəsindən toxunub keçən qəlpə yarası, kontuziya” və digər çoxsaylı qəlpə yaralarının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi müəyyən edilmişdir. Son Forma 88-də isə F07.0 diaqnozu birbaşa həmin müharibə dövründə alınmış qapalı kəlləbeyin travmasının nəticəsi kimi göstərilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, əlilliyin qiymətləndirilməsi sahəsində tibbi faktların müəyyən edilməsi mərhələsində inzibati orqanın xüsusi peşə biliklərinə əsaslanan müəyyən qiymətləndirmə imkanının olması onun qanunda müəyyən edilmiş meyarlardan kənar nəticə seçmək hüququnun olması demək deyildir. Müəyyən edilmiş xəstəlik və funksional əlamətlər qanunvericilikdə konkret faiz diapazonuna uyğun gəlirsə, həmin hüquqi nəticənin tətbiq edilib-edilməməsi inzibati orqanın sərbəst seçiminə buraxıla bilməz. Başqa sözlə, inzibati orqanın qiymətləndirmə səlahiyyəti ona normativ meyarlardan imtina etmək hüququ vermir. Qanunvericiliyin müəyyən etdiyi bütün şərtlər sübuta yetirildikdə və işin hallarına görə birdən artıq qanuni nəticə arasında real seçim imkanı qalmadıqda, inzibati orqanın mülahizə sahəsi də həmin həddə daralır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1544/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1544/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver