Məhkəmə qərarları › İş №2-1(3-6)-1571/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1571/2026

17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1571/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Icra Hakimiyyətinə qarşı "kirayə müqaviləsinin bağlanması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakıları qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı X10 adlı şəxslə ##.##.1990-cı ildə nikah bağlamış və ##.##.1991-ci ildə onların nikahı pozulmuşdur. Bakı Şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ** nömrəli Mənzil- Kommunal Istismarı Sahəsinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ** nömrəli evin ** nömrəli mənzili dövlət mülkiyyətindədir və Bakı Şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin mənzil X10 adına yazılmış, lakin mənzilə dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Hazırda həmin mənzildə X10 sabiq arvadı iddiaçı İddiaçı və iddiaçının 3 nəfər övladı yaşayır. Iddiaçı İddiaçı, onun övladları X8 (##.##.1989-cu il), X5 (##.##.1990-cı il), X6 (##.##.1995-ci il) göstərilən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Iddiaçının həmin övladlarının atası X10 deyil, başqa şəxsdir. Göstərilən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, cavabdeh isə ##.##.2025-ci il tarixli cavab məktubunda mənzilə dair hüquqi sənədlərin (order, XDS IK-nin qərarı, yerli icra hakimiyyətinin sərəncamı və s.) təqdim olunmasını təklif etmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdehlər Bakı Şəhəri Xətai Rayon Icra Hakimiyyətinə və Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ** nömrəli evin 2 otaqdan ibarət, ümumi sahəsi 58,7 kv.m olan ** nömrəli mənzilinə istifadə hüququnun tanınması, onunla kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək cavabdehlər sırasından Xətai Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin çıxarılmasını və kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə 30 ildən çoxdur ki, qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır, kommunal xidmətlər haqqını vaxtında ödəyir və bununla bağlı heç bir problemi yoxdur. Mənzilə keçmiş həyat yoldaşı ilə nikahdan sonra qeydə alınmışdır. Boşandıqdan sonra mənzil iddiaçının və ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Keçmiş həyat yoldaşı Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycandan 1992-ci ildə gedib və mənzilə dair hər hansı iddiası, tələbi yoxdur. Iddiaçı mənzildə yaşadığı müddət ərzində ailə büdcəsi hesabına dəfələrlə təmir-bərpa işləri görmüşdür. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz verməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi üzrə kirayə müqaviləsinin bağlanması üçün hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Iddiaçının iddia etdiyi mənzil üzrə onunla kirayə müqaviləsinin bağlanması üçün qanunvericiliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Ünvan üzrə qeydiyyatda olmaq təkbaşına qeyd edilən hüququn yaranması üçün əsas deyildir. Qeyd edildiyi kimi, kirayə müqaviləsinin bağlanması order və s. qismində hüquq müəyyənedici sənədə əsasən aparılır. Iddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə onun hüququnu sübut edən sənəd təqdim etmişdir. Bu da qanunvericiliyə əsasən, imtinaya əsasdır. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun yaşadığı binanın sakinləri məhz iddia ərizəsində qeyd etdiyi kimi eyni zavoddan mənzil alıb və onlar öz mənzilinə vaxtilə order, hazırda isə çıxarış ala biliblər. Analoji olaraq, o, yaşadığı mənzilin orderinə sahib olmuş, lakin order itdiyi üçün hazırda mənzil ilə bağlı hər hansı sənədləşmə işləri görə bilmir. Bakı Inzibati Məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğu ünvanlayıb məlumat ala bilərdi ki, onunla birlikdə eyni binada yaşayan sakinlərin barəsində çıxarışın verilməsinə əsas olmuş sənədlər hansılar olmuşdur. Orderin hansı qurum tərəfindən verildiyi məlum olar, onun mənzili ilə bağlı Milli Arxivə sorğu verilər və aydın olar ki, onun mənzili barədə də vaxtilə order verilib. Çünki hazırda onda order nümunəsi yoxdur, orderi verən qurum barədə məlumat yoxdur, bu səbəbdən arxivə dəqiq sorğu verə bilmir. Qonşuları artıq çıxarış alıb, hansılar ki, zavoddan onun keçmiş həyat yoldaşının babasının adına verilmiş order ilə analoji order almışdır, vaxtilə zavodda keçmiş həyat yoldaşının babasının adına verilmiş order ilə analoji orderlər qonşularına da verilib. Əgər həmin orderin nümunəsi olarsa Milli Arxivə dəqiq sorğu vermək imkanı yaranar, ən azı orderin nümunəsi üzrə aydınlaşdırmaq mümkün olar ki, hansı qurum tərəfindən və hansı qaydada orderlər vaxtilə mənzil sahiblərinə verilib, nəticədə Arxivə dəqiq sorğu vermək mümkün olar. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Işə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin ##.##.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və ##.##.2009-cu ilədək qüvvədə olan):

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır;

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.

53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

83. SSR Ittifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR Ittifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.

84. Icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

85. Icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Icarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu ildən qüvvəyə minmiş): 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Işdən görünür ki, iddiaçı İddiaçı X10 adlı şəxslə ##.##.1990-cı ildə nikah bağlamış və sonuncunun yaşadığı, dövlətə məxsus olan Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ** nömrəli evin ** nömrəli mənzilinə köçmüşdür. Onların nikahı ##.##.1991-ci ildə pozulmuşdur. Mənzil Bakı Şəhəri Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır, lakin mənzilə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Hazrda iddiaçı İddiaçı və övladları X8, X5, X6 göstərilən mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla orada yaşayırlar. İddiaçı onunla kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, mənzilin ayrılmasına dair sənəd mövcud olmadığına görə cavabdeh imtina etmişdir. Birinci instansiya məhkəməsi də eyni əsasa istinad edərək iddianı rədd etmişdir. Iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, mənzilə dair order vaxtilə onun sabiq ərinin babasının adına zavoddan verilmiş, lakin order itmişdir. Orderin hansı qurum tərəfindən verildiyini bilmədiyinə görə arxivə dəqiq sorğu verə bilmir. Qonşulara da mənzillərə dair eynilə orderlər verilmiş və qonşular artıq çıxarış almışlar. Birinci instansiya məhkəməsi həmin çıxarışların verilməsinə əsas olmuş sənədləri sorğu verib alsaydı, o, orderin hansı qurum tərəfindən verildiyini öyrənər və yaşadığı mənzilin orderi üçün Milli Arxivə sorğu verərdi. Iddiaçı Bakı Apellyasiya Məhkəməsinə vəsatət verərək bildirmişdir ki, sözügedən mənzili sabiq ərinin babası X18 1957-ci ildə indiki Bakı Neft Emalı Zavodunda işlədiyi müddətdə mənzil sahəsi hüququ əsasında almışdır. Həmin dövrdə işçilər siyahı əsasında evlə təmin ediliblər, lakin o, həmin siyahı barədə müstəqil məlumat əldə edə bilmir. X7 babası da Zavodun işçisi olub. Bununla bağlı ilkin hüquq müəyyənedici sənədlərin əldə edilməsinə ehtiyac var. Zavod tərəfindən mənzillər əməkdaşlarına verilərkən hansı qurum tərəfindən hansı hüquq müəyyənedici sənədlərin verildiyi aşkar olunarsa, arxivə hansı sənəd üçün sorğu verilməli olmasını müəyyən etmək mümkün olar. Ona görə də iddiaçı X1 adına verilmiş çıxarışın ilkin hüquq müəyyənedici sənədlərinin əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatətə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə sorğu edilərək daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi ev 12 mənzil 33-ə dair X1 adına aparılmış qeydiyyata aid olan bütün arxiv sənədlərinin surəti tələb olunmuşdur. Məhkəmənin sorğusuna * saylı Bakı Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə cavab verilmiş və həmin məktubla X2 miras əmlakına dair X1 adına verilmiş ##.##.2021-ci il tarixli "Vəsiyyətnamə üzrə vərəsəlk hüququ haqqında şəhadətnamə" və X1 adına olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" məhkəməyə göndərilmişdir. Göndərilmiş sənədlərin arasında mənzilə dair order mövcud deyil. Göründüyü kimi, iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına əsas verə biləcək hər hansı sənəd aşkar edilməmişdir. Iddiaçının vəsatətinə uyğun verilmiş sorğunun cavabı da səmərə verməmişdir. Eyni zamanda, iddiaçı keçmiş həyat yoldaşı ilə nikah münasibətlərinə xitam verildiyini, hazırda onunla birlikdə yaşayan övladlarının atasının X10 deyil, başqa şəxs olduğunu bildirmiş, mübahisəli yaşayış sahəsinə dair özünün müstəqil hüququnun yarandığını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan təqdirdə, cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas vermir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar