Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1610/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əvvəllər təyin edilmiş 2-ci qrup (orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz dərəcəsi ilə) müddətsiz əlilliyinin ## ###### 2022-ci il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, hərbi qulluqçu kimi, əlilliyə görə əmək pensiyaçıdır. Iddiaçıya, AR Müdafiə Nazirliyi tərəfindən ##.##.1996-cı il tarixindən 3- cü qrup əlilliyə, ##.##.1997-ci il tarixindən 2-ci qrup əlilliyə, ##.##.2007-ci il tarixindən isə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi - Sosial Ekspert Komissiyası tərəfindən, 2-ci qrup müddətsiz əlillik və buna müvafiq olaraq, müddətsiz əlilliyə görə əmək pensiyası təyin edilmiş və həmin əlillik qruplarına uyğun olaraq, pensiyalar hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının, iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli *-**-*/*-S-******/**** nömrəli məktubundan belə məlum olur ki, iddiaçının əlilliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra “cavabdeh” adlandırılacaq) tərəfindən etibarsız hesab edilmiş və bu səbəbdən ona ## ######## 2024-cü il tarixindən pensiya ödənişləri dayandırılmışdır. Bundan sonra, iddiaçı cavabdehə əlilliyinin bərpa edilməsinə dair ilk dəfə ## #### 2025-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin buna, nədənsə, baxılmamış və həmin müraciət cavablandırılmamışdır. Bu müraciətə, cavabdeh tərəfindən baxılaraq cavablandırlmasına köməklik göstərilməsi məqsədilə, AR-nın Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) və Prezident Administrasiyasına müraciət olunmuş, lakin bunların da heç bir müsbət nəticəsi olmamış, yəni cavabdeh tərəfindən müraciətə baxılmamış və müraciət cavablandırlmamışdır. Bu məsələni həll etmək məqsədilə, cavabdeh təşkilatın rəhbərliyinin qəbuluna bir neçə dəfə yazılsaq da, rəhbərlik iddiaçının nümayəndəsini qəbul etməmişdir. Nəhayət, yenidən, 2-ci dəfə - əlilliyinin bərpa edilməsinə dair ## ###### 2026-cı il tarixli ərizə ilə cavabdehə müraciət olunmuş və bu müraciətimlə bağlı, cavabdehdən ## ###### 2026-cı il tarixində, elektron poçtuma, ## ###### 2026-cı il tarixli *-**-*/*-B-****/**** nömrəli məktub daxil olmuşdur. Həmin məktubda göstərilir ki, iddiaçı, guya, əlillik vəziyyətinin qiymətləndirilməsi barədə cavabdehə müraciət etmiş və cavabdeh də bu qiymətləndirmə ilə bağlı dəlillərini qeyd etmişdir. Halbuki, əlillik vəziyyətinin qiymətləndirilməsi barədə cavabdehə hər hansı bir müraciət olunmamışdır. Cavabdeh, açıq-aydın surətdə, ## ###### 2026-cı il tarixli və ondan əvvəlki əlilliyinin bərpa edilməsinə dair ərizələrə mahiyyəti üzrə baxaraq cavablandırmaqdan imtina etmiş və bu da onu deməyə əsas verir ki, cavabdeh özünün haqsız olduğunu dərk edir, bu səbəbdən, ərizədə göstərilən dəlillərə münasibət bildirməkdə aciz olduğundan, ərizədə edilən xahişə heç bir aidiyyəti olmayan dəlillərlə - cümlələrlə məktub tərtib edərək, göndərmişdir. Halbuki, cavabdeh, “Vətəndaşların müraciətləri haqqında” AR qanununun tələblərinə uyğun olaraq, müracitət - ərizəyə mahiyyəti üzrə baxaraq, cavab verməli idi. “Lakin cavabdeh Qanununun bu tələbini pozmuşdur. Aşağıda qeyd edilən səbəb və əsaslara görə, hesab edir ki, cavabdehin, ##.##.2007-ci il tarixindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi - Sosial Ekspert Komissiyası tərəfindən, iddiaçıya təyin edilmiş 2-ci qrup müddətsiz əlilliyin etibarsız hesab edilməsinə dair qərarı əsassız və qanunsuzdur. Odur ki, həmin qərar ləğv edilməli və iddiaçının 2-ci qrup müddətsiz əlilliyi bərpa edilməlidir. Belə ki, cavabdeh Ombudsmana və elektron poçtuna ünvanladığı məktublarında da etiraf edərək bildirir ki, iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında ##.##.2007-ci il tarixində qiymətləndirilmiş və həmin tarixdə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 2-ci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bundan əlavə, həmin məktubda qeyd edilmişdir ki, iddiaçıya dair aparılmış əlillik təyinatı qərarı ##.##.2022-ci il tarixindən ləğv edilmişdir. Yeri gəlmişkən bildirir ki, iddiaçıya müddətsiz 2-ci qrup əlilliklə bağlı, AR ƏƏSMN X2-Sosial Ekspert Komissiyası tərəfindən 422109 № arayış və Hərbi Komissarlıq tərəfindən 048768 № vəsiqə də verilmişdir. Azərbaycan Respublikasının qanunvericilik normalarını təhlil etdikdə, məlum olur ki, müddətsiz təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hər hansı bir hal nəzərdə tutulmamışdır. Başqa sözlə desək, qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsinin hüquqi əsası mövcud deyil. Belə olan halda cavabdehin, iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə dair qərarının qanunsuz olması öz təsdiqini tapmış olur. Göründüyü kimi, iddiaçının əlilliyinin, qanunsuz olaraq, etibarsız hesab edilməsi nəticəsində, AR Konstitusiyası ilə ona verilmiş sosial təminat hüququ - pensiya hüququ pozulmuşdur. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçıya ##.##.2007-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik müddətsiz təyin edilmiş, lakin ##.##.2022-ci ildə ləğv edilmişdir. Həmin tarixdən sonra iddiaçı inzibati orqanın faktiki hərəkətlərindən nə inzibati qaydada nə də 4 il ərzində məhkəmə qaydasında mübahisələndirməmişdir. Hüquqdan sui istifadə halının nəzərə alınmaqla iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya təvin edilmiş müddətsiz 2-ci dərəcə əlilliyi birtərəfli qaydada, iddiaçıdan xəbərsiz, iddiaçıya heç bir məlumat vermədən ləğv etmişdir. Halbuki, Qanunun 62.1-ci maddəsinin tələblərinə görə, cavabdeh, inzibati orqan olaraq, iddiaçının əlilliyinin etibarsız hesab edlməklə ləğv edilməsi barədə iddiaçıya rəsmi məlumat verməyə borclu idi. Lakin cavabdeh qanunun bu tələbini kobud surətdə pozaraq, əlilliyin ləğvi barədə qərarın qəbulundan 4 il sonra, yəni, ##.##.2026-cı il tarixli 3-17- */*-B-****/**** nömrəli məktubla, ##.##.2026-cı il tarixində iddiaçının nümayəndəsinə rəsmi məlumat vermişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. IPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Bununla bağlı məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin Inzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubuna istinadən qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yol veriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər bir halda qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Iddiaçı İddiaçı əlillik vəziyyəti ** saylı Şəhər Poliklinikasının ##.##.2007-ci il tarixli göndərişi əsasında ##.##.2007-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin qərar ##.##.2022-ci il tarixdə müayinə nəticələrinin etibarsız sayılması nəticəsində qüvvədən düşmüşdür. Hazırda iddiaçı əlilliyinin etibarsız hesab edildiyi vaxtdan yenidən müddətsiz əlilliyin təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı Qərarında qeyd edilmişdir ki: 24.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.2018-ci ildən təyin edilmiş əlilliyin etibarsız hesab olunduğu ##.##.2019-cu il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də vermişdir. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq ##.##.2019-cu il tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2019-cu ildən 2024-cü ilə qədər bu halı mübahisələndirməmişdir. 25.Odur ki, məhkəmə kollegiyası bildirir ki, ##.##.2019-cu il tarixdə qəbul edilmiş qərar bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. 26.Lakin iddiaçı həmin inzibati aktı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı ona təyin edilmiş müddətsiz əlilliyin 2022-ci ildən dayandığını qeyd edərək 2026-cı ildə məhkəmədə iddia qaldırır və bu barədə məlumatının hazırda olduğunu bildirir. Iş materiallarından isə aydın görünür ki, iddiaçıya bu əsasla ödənilən pensiya # ######## 2024-cü il tarixindən dayandırılmışdır. Bu barədə XŞTMF tərəfindən ## ###### 2024-cü il tarixdə iddiaçıya məktub ünvanlanmışdır. Belə olan halda iddiaçı ən azından əlilliyə görə pensiya ödənişinin dayandırıldığı tarixindən artıq əlilliyinin etibarsız hesab edilməsindən məlumatlı olmuşdur. Bu halı isə 2026-cı ilədək mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iddiaçıya onu da izah edir ki, iddiaçı ona yenidən əlilliyin təyin edilməsini tələb edərsə bu zaman yeni göndəriş əsasında hazırki diaqnozları (ağırlaşmaları) ətraflı göstərilməklə müvafiq əlillik dərəcəsinin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi halda imtina qərarını müvafiq inzibati məhkəmədə mübahisələndirərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-1610/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1610/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver