Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1628/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı arayışın verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)- ***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri XDS Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi ilə mərhum atası X1 arasında bağlanmış ##.##.1985-ci il tarixli, ***** saylı müqavilə əsasında Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən **** saylı bağ (torpaq) sahəsinin mülkiyyət hüququ üzrə mərhum X1 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən **** saylı bağ sahəsi Bakı şəhər XDS Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Idarəsi ilə bağlanmış ## ###### 1985-ci il tarixli, ***** saylı müqaviləyə əsasən mərhum atası X1 qanuni istifadəsinə verilmişdir. Torpaq sahəsi ayrılan vaxtdan fasiləsiz olaraq ailəsinin sahiblik və istifadəsindədir. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət etmiş, ərizəsi əsasında vərəsəlik işi açılaraq, bu barədə 30.12.20204-cü il tarixli, *** saylı məlumat məktubu verilmişdir. Bundan sonra ##.##.2025-ci il tarixli, ********** saylı ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. Ərizəsinə cavab olaraq ##.##.2025-ci il tarixli, ************ saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş” verilmişdir. Bildirişdə imtina səbəbləri olaraq aşağıdakılar qeyd edilmişdir: “müraciətinizlə əlaqədar olaraq ümumi ərazidə yerləşən, sərhədləri şərti göstərilmiş torpaq sahəsinin yerləşməsinin sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən ərazinin qeyd olunan bağ nömrəsinə aidiyyəti yoxdur. Əlavə olaraq tədim edilmiş və idarənin arxivində mövcud olan sənədlərdə hüquq sahibinin doğum tarixində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, ***** nömrəli, ##.##.1985-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair Bağ Təsərrüfatı Idarəsi ilə mərhum X1 arasında bağlanılmış müqavilədə doğum tarixi “1925”, notariat ofisinin məktubunda isə “1935’’ kimi qeyd edilmişdir”. Bildirişdə qeyd olunanların bir hissəsi həqiqətə uyğun deyil, bir hissəsi isə vətəndaş olaraq onun səlahiyyətlərinə və məsuliyyətinə daxil olan məsələləri olmamaqla, yanaşı, cavabdeh təşkilatın da səlahiyyətlərində deyil. Torpaq sahəsi ayrıldığı gündən onlara təqdim edilmiş sərhədlərdə istifadə olunur. Bağ istifadəçisi olaraq üzərilərinə düşən həmin sərhədlərə əməl etməkdir ki, bu da tərəflərindən icra olunmuşdur. Iddiaçı göstərilən ərazinin qeyd olunan bağ nömrəsinə aidiyyatı olmaması ilə bağlı isə həmin səbəbin doğru olmadığı fikrindədir. Belə ki, cavabdeh təşkilat həmin ərazinin digər bağ sahəsinin ərazisinə uyğun gəlməsini imtina səbəbi kimi göstərərmişdir. Təqdim edilmiş və idarənin arxivində mövcud olan sənədlərdə hüquq sahibinin doğum tarixində uyğunsuzluq olduğu barədə cavabdeh təşkilatın verdiyi bildirişdə qeyd edilənlər isə, notariat qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Ərizəsi əsasında vərəsəlik işi açılmış, bu barədə verilmiş məlumat məktubunda **** saylı bağ sahəsinə dair Arayışın verilməsi xahiş edilmişdir. Arayışın məzmununda hüququn məxsus olduğu şəxsin doğum tarixi göstərilmir. Cavabdeh təşkilatın işi həmin arayışın verilməsidir. Arayış əsasında vərəsəlik şəhadətnaməsinin verilib-verilməməsi sırf notariat qurumunun səlahiyyətlərinə aid olan məsələdir. Notariat orqanı sənədləşmə zamanı zəruri araşdırmanın özü tərəfindən aparılması səlahiyyətinə malikdir. Bu cür imtina səbəbinin bildirişdə göstərilməsini cavabdeh tərəfindən səlahiyyətlərinin aşılması kimi qiymətləndirir. Əlavə olaraq, torpaq sahəsinin ayrıldığı gündən keçən 40 il ərzində torpaq sahəsinə sahibliklə bağlı hər hansı bir mübahisə, iddia olmamışdır. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ümumi ərazidə yerləşən, sərhədləri şərti göstərilmiş torpaq sahəsinin yerləşməsinin sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin qeyd olunan bağ nömrəsinə aidiyyəti olmadığı müəyyən edilmişdir. Əlavə olaraq təqdim edilmiş və idarənin arxivində mövcud olan sənədlərdə hüquq sahibinin doğum tarixində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, ##.##.1985-ci il tarixli, ***** saylı bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı Idarəsi ilə mərhum X1 arasında bağlanılmış müqavilədə doğum tarixi “1925”, notariat ofisinin məktubunda isə “1935” kimi qeyd edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən **** saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X1 məxsus olması haqqında arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi ərazidə yerləşən, sərhədləri şərti göstərilmiş torpaq sahəsinin yerləşməsinin sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etdiyi, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin qeyd olunan bağ nömrəsinə aidiyyəti olmadığı müəyyən edilmişdir. Əlavə olaraq təqdim edilmiş və idarənin arxivində mövcud olan sənədlərdə hüquq sahibinin doğum tarixində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, ##.##.1985-ci il tarixli, ***** saylı bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı Idarəsi ilə mərhum X1 arasında bağlanılmış müqavilədə doğum tarixi “1925”, notariat ofisinin məktubunda isə “1935” kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, qarşı tərəfin istinad etdiyi hallar sorğular vasitəsi ilə öz əsassızlığını sübut etmişdir. Torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir və həmin digər şəxslərin iddiaları və yaxud müraciətləri olmamışdır. Doğum tarixlərində olan fərqlilik isə notarius tərəfindən yol verilmiş texniki yanlışıqdır, hansı ki, bu imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin zəruriliyini mahiyyət etibarilə üç dəlillə əsaslandırmışdır: birincisi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə istinad etməklə, faktiki istifadə edilən torpaq sahəsinin sxematik xəritə və arxiv cizgisinə uyğun gəlmədiyini, elektron kadastr məlumatlarına görə həmin ərazinin **** saylı bağ sahəsinə aid olmadığını; ikincisi, ## ###### 1985-ci il tarixli, ***** nömrəli müqavilədə hüquq sahibinin doğum ilinin “1925”, notariat orqanının məktubunda isə “1935” göstərildiyini; üçüncüsü isə Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad etməklə birinci instansiya məhkəməsinin işin faktiki hallarını kifayət qədər araşdırmadığını bildirmişdir. Apellyasiya şikayətində bundan əlavə qərarın nəticəsini şübhə altına ala biləcək hər hansı yeni faktiki hal, sübut və ya hüquqi arqument irəli sürülməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmeti iddiaçının birbaşa öz adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarış verilməsi deyil. Iddia tələbi ## ###### 1985-ci il tarixli, ***** nömrəli müqaviləyə əsasən Ləhiş bağlar sahəsində yerləşən **** saylı bağ sahəsinə dair hüququn mərhum X1 məxsus olması barədə arayışın onun vərəsi olan iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Bu fərq iş üzrə hüquqi qiymətləndirmə baxımından prinsipial əhəmiyyət daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi məhz müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində hüquq əldə etmiş, lakin həmin hüququ təsdiq edən çıxarışı almadan vəfat etmiş şəxslərlə bağlı xüsusi hüquqi mexanizm müəyyən edir. Həmin normaya görə qeydiyyat orqanı vərəsəyə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verir, bundan sonra həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edilməklə çıxarış vərəsənin adına rəsmiləşdirilir. Başqa sözlə, qanunverici vərəsədən əvvəlcədən öz adına qeydiyyata alınmış hüququn mövcudluğunu tələb etmir, əksinə, arayışın verilməsini vərəsəlik hüququnun rəsmiləşdirilməsi və sonrakı dövlət qeydiyyatı üçün aralıq hüquqi mexanizm kimi nəzərdə tutur. Buna görə də apellyasiya şikayətində “torpaq sahəsi üzərində hüquqların iddiaçıya mənsub olubolmamasının araşdırılmaması”na edilən istinad mübahisənin predmetinə uyğun deyildir. Hazırkı mərhələdə müəyyən edilməli olan məsələ mərhumdan qalmış hüquqa dair qanunda nəzərdə tutulan arayışın verilməsi üçün hüquqi əsasların mövcud olubolmamasıdır. Iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri XDS Icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Idarəsi ilə X1 arasında bağlanmış ## ###### 1985-ci il tarixli, ***** nömrəli müqavilə ilə Ləhiş bağ massivində yerləşən 0,20 ha sahəsi olan **** nömrəli bağ sahəsi sonuncuya icarəyə verilmişdir. Məhkəmə sorğusu əsasında cavabdehin özünün təqdim etdiyi müayinə aktında hüquqmüəyyənedici sənəd üzrə sahənin 2000 kv.m., faktiki sahənin də 2000 kv.m. olduğu göstərilmişdir. Bundan əlavə, cavabdeh ## ###### 2026cı il tarixli məktubu ilə məhz “Ləhiş bağ massivi, **** saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini” məhkəməyə təqdim etdiyini bildirmişdir. ## ###### 2026-cı il tarixli digər məktubla isə həmin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, koordinatlar, sxematik xəritə və ortofoto görüntüsü məhkəməyə göndərilmişdir. Beləliklə, iş üzrə hüquqmüəyyənedici sənədin mövcudluğu və həmin sənəddə torpaq sahəsinin **** nömrəli bağ kimi göstərilməsi mübahisəli deyildir. Mübahisə həmin tarixi sənədin faktiki istifadə olunan sahə ilə məkan baxımından eyniləşdirilməsinə münasibətdə yaranmışdır. Torpaq Məcəlləsinin 68-ci maddəsi torpaq sahələri üzərində hüquqların yaranmasının ümumi qaydasını müəyyən edir. Lakin həmin norma daşınmaz əmlaka dair əvvəllər yaranmış hüquqların hansı sənədlər əsasında dövlət qeydiyyatına alınmasını tənzimləyən xüsusi normalardan təcrid olunmuş şəkildə tətbiq edilə bilməz. Qanunvericilik sistemli şəkildə təfsir olunmalıdır. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olmuş bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilmiş icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün birbaşa hüquqi əsaslardan biri kimi müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsində olan fərdi, kollektiv və kooperativ bağların, habelə dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olan bağların altındakı torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi, 10-cu maddəsində isə bağlar altındakı torpaqların vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətində istinad edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsi dövlət qeydiyyatı prosedurunun mərhələlərindən birini təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılmasını nəzərdə tutur. Qanunun 9.1.3-cü maddəsi bundan sonra bəyan olunan hüquqlarla qeydə alınmış hüquqlar arasında ziddiyyətlərin və qeydiyyatdan imtina və ya qeydiyyatın dayandırılması üçün digər əsasların mövcudluğunun müəyyən edilməsini tələb edir. Qeydiyyatdan imtinanın hüquqi əsasları isə həmin Qanunun 15.1-ci maddəsində ayrıca müəyyən olunmuşdur. Deməli, 9.1.2-ci maddədə nəzərdə tutulan yoxlamanın gedişində hər hansı fərqin aşkar edilməsi avtomatik olaraq qeydiyyatdan və ya 22.2-ci maddədə nəzərdə tutulan arayışın verilməsindən imtina nəticəsi doğurmur. Aşkar edilmiş fərqin hüquqi mahiyyəti müəyyən edilməli, onun qanunda göstərilmiş konkret imtina əsaslarından hansına uyğun gəldiyi və hüququn rəsmiləşdirilməsini həqiqətən istisna edib-etmədiyi əsaslandırılmalıdır. Hazırkı işdə isə cavabdeh faktiki istifadə edilən sahənin **** saylı bağ sahəsinə aid olmadığını bildirsə də, həmin nəticəni təsdiq edən elə bir texniki əsaslandırma təqdim etməmişdir ki, məhkəmə tərəfindən araşdırılmış arxiv sənədlərinin, sxematik xəritənin, ortofoto görüntünün və yerində baxışın nəticələrini təkzib etsin. Xüsusilə, apellyasiya şikayətində tarixi **** saylı bağ sahəsinin koordinatları ilə faktiki sahənin koordinatlarının müqayisəli təhlili, konkret kəsişmə və ya yerdəyişmə ölçüləri, mübahisəli sahənin əslində hansı başqa bağ nömrəsinə aid olması, həmin sahəyə dair başqa şəxsin mövcud və ya qeydiyyata alınmış hüququ, yaxud birinci instansiya məhkəməsinin müqayisə etdiyi xəritə və ortofoto materiallarının texniki baxımdan yanlış qiymətləndirildiyini göstərən hər hansı mütəxəssis və ya ekspert rəyi təqdim edilməmişdir. Əksinə, birinci instansiya məhkəməsi məhkəmə sorğuları vasitəsilə əldə olunmuş sxematik xəritə ilə qonşu bağ sahələrinin ortofoto görüntüsünü qarşılaşdırmış və faktiki istifadədə olan sahənin **** saylı bağ sahəsinə uyğun gəldiyini müəyyən etmiş, həmçinin cavabdehin təqdim etdiyi müayinə aktında faktiki sahə ilə hüquqmüəyyənedici sənəddə göstərilən sahənin ölçüsünün üst-üstə düşməsini nəzərə almışdır. Bu baxımdan apellyasiya şikayətində “elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin **** saylı bağ sahəsinə aidiyyəti yoxdur” ifadəsinin yenidən təkrarlanması birinci instansiya məhkəməsinin konkret sübutların müqayisəli tədqiqi əsasında gəldiyi nəticəni aradan qaldırmır. Məhkəmə aktının əsaslılığı onunla şübhə altına alına bilər ki, şikayət verən şəxs həmin nəticənin hansı sübutla ziddiyyət təşkil etdiyini, hansı texniki və ya hüquqi qiymətləndirmənin səhv aparıldığını və həmin səhvin işin nəticəsinə necə təsir etdiyini göstərsin. Hazırkı apellyasiya şikayətində isə belə əsaslandırma yoxdur, inzibati orqanın ilkin imtina mövqeyi mahiyyətcə təkrar edilmişdir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, ## ###### 1985-ci il tarixli, ***** nömrəli müqavilədə bağ sahəsinin 1942 nömrə ilə X1 ayrılması göstərilmiş, Bakı şəhəri ** saylı Notariat Ofisinin məktubunda isə eyni ad, soyad və ata adına malik şəxsin iddiaçının atası olduğu, ## ###### 1989-cu ildə vəfat etdiyi və mirasın məhz Ləhiş massivində yerləşən **** saylı torpaq sahəsinə aid olduğu qeyd edilmişdir. Notariat orqanı həmin əmlakla bağlı vərəsəlik işinin açılması ilə əlaqədar cavabdehdən mərhumun hüquqlarına dair müvafiq arayışın təqdim edilməsini xahiş etmişdir. Belə vəziyyətdə yalnız doğum ilində “1925/1935” fərqinin olması, digər eyniləşdirici məlumatlar - hüquq sahibinin soyadı, adı və ata adı, torpaq sahəsinin yerləşdiyi massiv, bağın 1942 nömrəsi, müqavilənin nömrəsi və tarixi, vərəsəlik münasibəti arasında ardıcıl bağlılıq olduğu halda, öz-özlüyündə hüquqmüəyyənedici sənədin başqa şəxsə aid olduğunu təsdiq etmir. Cavabdeh nə inzibati icraat zamanı, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayətində **** saylı bağ sahəsinin eyni ad və ata adına malik başqa bir şəxsə ayrıldığını göstərən hər hansı sənəd təqdim etmişdir. Həmçinin, qanun sənədlərin həqiqiliyinə ciddi şübhə yarandığı hallarda qeydiyyatın müəyyən müddətə dayandırılması və şübhə doğuran sənədlər barədə müvafiq dövlət orqanlarına sorğular göndərilməsi mexanizmini də nəzərdə tutur. Buna görə sənədlərdə aradan qaldırılması və yoxlanılması mümkün olan texniki xarakterli fərqin, onun hüquq sahibinin şəxsiyyətini həqiqətən qeyri-müəyyən etdiyi sübuta yetirilmədən, hüququn rəsmiləşdirilməsini qeyri-mümkün edən qəti maneə kimi qiymətləndirilməsi qanunun məqsədinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi də həmin fərqi bütün sənədlərin məcmusu daxilində qiymətləndirərək notariat sənədinin tərtibi zamanı yol verilmiş texniki səhv kimi qəbul etmişdir. Apellyasiya şikayətində bu nəticənin yanlışlığını təsdiq edən yeni sənəd və ya qarşılıqlı sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hallarının xidməti vəzifəyə görə kifayət qədər araşdırılmaması barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi məhkəmənin proses iştirakçılarının təqdim etdiyi materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyətli bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmasını, 12.2-ci maddə isə zəruri olduqda məhkəmənin öz təşəbbüsü ilə əlavə sübutlar toplamasını nəzərdə tutur. Eyni zamanda, Məcəllənin 12.3-cü maddəsi proses iştirakçılarının da faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etmək vəzifəsini müəyyən edir. Hazırkı işdə birinci instansiya məhkəməsinin məhz həmin prinsipə uyğun hərəkət etdiyi iş materiallarından aşkar görünür. Məhkəmə cavabdehdən **** saylı bağ sahəsinə aid arxiv hüquqmüəyyənedici sənədləri tələb etmiş, cavabdeh ## ###### 2026-cı il tarixli məktubla 26 vərəqdən ibarət təsdiq edilmiş sənədləri təqdim etmişdir. Daha sonra məhkəmənin sorğusu əsasında ## ###### 2026-cı il tarixli məktubla müayinə aktı, koordinatlar, sxematik xəritə və ortofoto görüntüsü də işə əlavə edilmişdir. Məhkəmə həmin materialları qarşılaşdırmış və imtinanın əsasını təşkil edən hər iki məsələ - torpaq sahəsinin identifikasiyası və doğum tarixindəki fərq barədə ayrıca hüquqi qiymətləndirmə aparmışdır. Bundan başqa, cavabdehin apellyasiya şikayətində “etirazda yazılan dəlillərin ətraflı araşdırılmadığı”na istinadı ayrıca diqqətə layiqdir. Iş materiallarına təqdim olunmuş “Etiraz” adlı sənədin elektron imzalanma tarixi ## #### 2026-cı ildir, halbuki mübahisələndirilən birinci instansiya məhkəməsi qərarı ## #### 2026-cı ildə qəbul edilmişdir. Inzibati Prosessual Məcəllənin 48.2-ci maddəsi proses iştirakçılarının yazılı etirazlarını və onlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayanadək təqdim etməsini nəzərdə tutur. Buna görə qərar qəbul edildikdən sonra imzalanmış etiraz sənədinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilənədək araşdırılmaması həmin məhkəmənin prosessual fəaliyyətsizliyi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatında sübutların qiymətləndirilməsi ayrı-ayrı sənədlərin formal şəkildə nəzərdən keçirilməsi ilə deyil, bütün sübutların qarşılıqlı əlaqədə araşdırılması ilə həyata keçirilməlidir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə 1985-ci il tarixli müqaviləni, cavabdehin arxivindən təqdim edilmiş sənədləri, yerində müayinə aktını, sxematik xəritəni və ortofoto görüntünü birlikdə qiymətləndirmiş, nəticədə torpaq sahəsinin **** saylı bağ sahəsinə uyğunluğu barədə daxili inam formalaşdırmışdır. Məhkəmə həmçinin sahənin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçülərinin eyni olmasını və bağ sahəsinin ayrılmasının hüquqi əsasının mövcudluğunu nəzərə almışdır. Apellyasiya şikayətində isə həmin sübutlardan hər hansı birinin mötəbərsizliyinə, yolverilməzliyinə və ya aidiyyətsizliyinə dair konkret irad bildirilmir. Sxematik xəritə ilə ortofotonun müqayisəsinin niyə səhv olması, müayinə aktında göstərilmiş ölçülərin niyə nəzərə alınmamalı olması və ya 1985-ci il müqaviləsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi baxımından niyə hüquqmüəyyənedici sənəd hesab edilməməsi əsaslandırılmır. Apellyasiya şikayəti, əslində, birinci instansiya məhkəməsinin cavab verdiyi inzibati orqan mövqeyinin təkrarından ibarətdir. Məhkəmə aktına qarşı şikayətin verilməsi özlüyündə birinci instansiya məhkəməsinin sübutlar əsasında müəyyən etdiyi faktları etibarsız etmir. Şikayət verən tərəf həmin faktiki nəticələrdə konkret səhvin mövcudluğunu göstərməlidir. Birinci instansiya məhkəməsinin qərarının 23-27-ci bəndlərində cavabdehin imtina səbəblərinin hər birinə ayrıca münasibət bildirildiyi halda, apellyasiya şikayətində həmin əsaslandırmaya qarşı mahiyyətcə yeni hüquqi və ya faktiki arqument irəli sürülməməsi qərarın ləğvi üçün kifayət edən əsas hesab oluna bilməz. Аzərbаycаn Rеspublikаsının Inzibаti Prоsеssuаl Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1628/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1628/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver