Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-164/2026 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X1 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6023/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2024-cü il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmış və həmin tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş yeni məlumat vərəqində qeyd edilən 34 il 5 ay 1 gün xidmət müddəti üçün cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına uyğun olaraq, xx.xx.2024-cü il tarixdən hesablanmaqla təminat xərcliyinin 83,83 faizi məbləğində yaşa görə pensiya müəyyən edilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciət, xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə məlumatların sonuncu xidmət keçdiyi orqandan onlara təqdim edilməməsi əsası ilə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təmin edilməmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş hərbi qulluqçu kimi pensiyanın yenidən hesablanaraq (2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyası haqqında” Qanuna müvafiq olaraq) təminat xərçliyinin 100 faizi miqdarında pensiya təyinatı aparılaraq hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1999-cu ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində gizir kimi bir çox vəzifələrdə xidmət etmişdir. xx.xx.2024-cü ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçıya Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyinatı aparılması üçün məlumat vərəqəsi tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinal İdarəsi tərəfindən pensiya təyin edilərkən pensiyanı düzgün hesablanmamışdır. Belə ki, iddiaçının pensiya hüququ 2017-ci ildə qüvvədə olmuş “Əmək pensiyası haqqında” Qanun qüvvədə olan müddətdə yaranmışdır, belə olan halda iddiaçıya təminat xərcliyinin 100 fazizi miqdarında pensiya təyin edilməli idi, lakin cavabdeh ona 2024-cü ilin yanvarında qüvvədə olan “Əmək pensiyası haqqında” Qanunu tətbiq edərək ona pensiya hüququnu pozaraq 83,83 faiz pensiya təyinatı aparmışdır. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya düzgün pensiya təyinatı barədə hesablama aparmadığı üçün pozulmuş pensiya hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuşdur. xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11042/2024 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında" Qərara əsasən ona xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən 1192,15 manat məbləğində pensiya təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-14714/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı 1192,15 manat pensiya məbləği 1433,16 manat məbləğində yenidən hesablanmışdır. Belə ki, onun vəzifə maaşı 575 manat, rütbə maaşı 124 manat, xidmət illərinə görə əlavə 40%-a əsasən 314 manat, ərzaq payı 64 manat, məharət dərəcəsinə görə 25%-a əsasən 143,75 manat, iqlim şəraitinə görə 15% əlavə 86,25 manat, xüsusi şəraitə görə 10%-a əsasəm 57,50 manat, DSX-də xidmətinə görə 10%-a əsasən 57,50 manat, vəzifə maaşına əlavəyə görə 50%-a əsasən 287,50 manat müəyyən edilmişdir. İddiaçı T.X2 tərəfindən 24 iyun 2024-cü il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. İddiaçı sonuncu xidmət etdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan 34 il 5 ay 1 gün xidmət müddəti üçün ona Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvədə olan redaksiyasına uyğun olaraq, 24 iyun 2024-cü il tarixdən hesablanmaqla təminat xərcliyinin (1709,60 manat) 83,83 faizi (25 ilə görə 65 faiz, 9 ilə görə 18 (9x2) faiz, 5 aya görə 0,83 faiz)-1433,16 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müəyyən edilmişdir. Həmçinin ötən dövr üzrə ona ödənilməli olan 538,26 manat pul vəsaiti hesablanmışdır. Həmin vəsaitin 269,13 manat hissəsi İddiaçı ödənilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6023/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddanın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının qanununa və həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 saylı fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Haqqında Əsasnamənin” 8.5-ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyaları maliyyələşdirilməsinin həyata keçirilməsi, 8.6.1-ci maddəsində isə ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq “Əmək pensiyaları xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi“ fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin əsasnamənin 9.4-cü maddəsində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetmənin, əmək pensiyalarının təyin edilməsini maliyyələşdirilməsini və ödənilməsini nəzarəti həyata keçirmək” fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 37.7-ci maddəsində keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi ” göstərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən, iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1977-ci il tarixdə doğulmuşdur; Məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi təminat xərcliyi 1709,6 manat təşkil etmişdir. Onun cəmi iş stajı 34 il 05 ay 01 gün təşkil edir. Bu xidmət müddətinə uyğun olaraq, pensiya təminatı 25 il üçün 65 faiz, 25 ildən artıq olan 9 il üçün 18 faiz (9×2), habelə əlavə 5 ay üçün 0,83 faiz olmaqla, ümumilikdə 83,83 faiz həcmində müəyyən edilmişdir; Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 11042/2024 nömrəli qərarından görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği 1192,15 manat müəyyən olunmuşdur; Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-14714/2024 nömrəli qərarına əsasən iddiaçının pensiyası 1192,15 manatdan 1433,16 manatadək artırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; (xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiya) 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya) 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”:
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda da göstərildiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi iki redaksiyada olmuşdur: xx.xx.2024-cü il tarixədək qüvvədə olan və həmin tarixdən sonra dəyişdirilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minən redaksiya. Maddənin ilkin redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi əlavələr hesablanır. Sonradan həmin maddəyə dəyişiklik edilmiş “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmiş və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi,” sözləri çıxarılmışdır (normativ mənbə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu-bu Qanun xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Yeni redaksiyadan fərqli olaraq əvvəlki redaksiyada qanunverici hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi əlavələr müəyyən etmişdir. Mübahisəsizdir ki, iddiaçının hərbi xidmətdən buraxılması ilə əlaqədar pensiya hüququ xx.xx.2024-cü il tarixdə yaranmışdır. Bu səbəbdən iddiaçı ilə cavabdeh inzibati orqan arasında yaranmış pensiya münasibətləri həmin tarixdə qüvvədə olan qanunvericiliyin müddəaları ilə tənzimlənməlidir. İş materiallarına əlavə edilmiş məlumat vərəqəsindən göründüyü kimi, iddiaçının ümumi xidmət müddəti 34 il 05 ay 01 gün təşkil etmişdir. Bu xidmət müddətinə uyğun olaraq, pensiya təminatı 25 il üçün 65 faiz, 25 ildən artıq olan 9 il üçün 18 faiz (9×2), habelə əlavə 5 ay üçün 0,83 faiz olmaqla, ümumilikdə 83,83 faiz həcmində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış hesablamalar iddiaçının pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun olmuş və bu baxımdan iddiaçının pensiya məbləğinin səhv hesablanması barədə irəli sürdüyü iddialar öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə istinad etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6023/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-6023/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov