Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1662/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən və çıxarışla onun mülkiyyətində olan 0.60 ha torpaq sahəsinə bitişik 0.28 ha torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi öhdəliyinin Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2- *(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və çıxarışla onun mülkiyyətində olan 0.60 ha torpaq sahəsinə bitişik 0.28 ha torpaq sahəsinin onun mülkiyyətinə ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0.88 ha torpaq sahəsini uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi hasara alınaraq üzərində fərdi yaşayış evi inşa edilmişdir. Lakin müraciəti əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən adına ##.##.2023-cü il tarixli, ********** saylı mülkiyyət çıxarışı verilən zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.60 ha sahəsinə mülkiyyəti qeydə alınsa da, bitişik 0.28 ha sahə hazırda bələdiyyə torpağı olduğundan nəzərə alınmamışdır. Faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsinə bitişik olmaqla, bir hasarın içərisində yerləşir və 30 ildən artıq müddətdir ki, bu vəziyyətdədir. Həmin bitişik torpaq sahəsi bugünədək mülkiyyətinin bir hissəsi kimi istifadə edilir. Habelə, qeyd edilən torpaq sahəsinə bu müddət ərzində heç kimin iddiası olmamış və həmin torpaq sahəsinin onun istifadəsində olması hamıya bəllidir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli 0.28 ha torpaq sahəsi İddiaçı uzunmüddətli faktiki istifadəsində olmaqla onun əsas (0.60 ha) torpaq sahəsi ilə birlikdə vahid hasar daxilində yerləşir. Həmin torpaq sahəsinin müstəqil şəkildə əsas yola çıxışı mövcud deyildir. Belə ki, mübahisəli sahədən küçəyə çıxışı yalnız iddiaçıya məxsus 0.60 ha torpaq sahəsi vasitəsilə mümkündür. Bundan əlavə, mübahisəli torpaq sahəsi digər qonşu torpaq sahələri ilə tam həmsərhəddir və ayrıca istifadə obyekti kimi mövcudluğu real deyil. Iddiaçı 30 ildən artıq müddətdir ki, 0.28 ha torpaq sahəsindən fasiləsiz və mübahisəsiz istifadə etmişdir. Bu müddət ərzində həmin torpaq sahəsinə dair heç bir şəxsin iddiası olmamışdır. Həmin torpaq sahəsinin uzun müddət onun istifadəsində olması hamıya bəllidir və orada yaşayan qonşular da bunu təsdiq edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bu hallar tam və hərtərəfli araşdırılmamış, torpaq sahəsindən uzunmüddətli faktiki istifadə halı nəzərə alınmamış və qeyd edilmişdir ki, qanunsuz istifadə edilən torpaq sahəsi üzərində uzun müddətli faktiki istifadə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə bir-birindən fərqləndirilməli olan iki torpaq sahəsinin hüquqi statusuna aydınlıq gətirilməlidir. Iddiaçının xüsusi mülkiyyətində olan sahə 0,60 ha, hazırkı iddianın bilavasitə predmeti isə həmin sahəyə bitişik 0,28 ha bələdiyyə torpağıdır. Iş materialları 0,28 ha sahənin əvvəllər hər hansı vaxt iddiaçının mülkiyyətinə keçdiyini deyil, əksinə, məhz 0,60 ha sahənin 2023-cü ildə əqd əsasında onun tərəfindən əldə edildiyini təsdiq edir. Daşınmaz əmlaka dair arxiv sənədlərində olan ## #### 2023-cü il tarixli, notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, 0,60 ha torpaq sahəsinin satıcısı X4, alıcısı isə İddiaçıdur. Müqavilədə həmin 0,60 ha torpaq sahəsinin satıcıya ## ####### 2004-cü il tarixli hüquqmüəyyənedici sənəd əsasında tam mülkiyyət hüququ ilə məxsus olduğu göstərilmiş, müqavilənin predmeti 0,60 ha ilə məhdudlaşdırılmışdır. Eyni müqavilədə satıcının daşınmaz əmlakı ## #### 2023-cü il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürməsi də nəzərdə tutulmuşdur. Arxiv çıxarışında artıq İddiaçı adına 0,60 ha torpaq sahəsi üzrə ## #### 2023-cü il tarixli dövlət qeydiyyatı əks olunmuşdur. Sonrakı, hazırda qüvvədə olan reyestr məlumatında isə 004013009600-***** reyestr nömrəli 0,60 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi göstərilmiş və qeydiyyat tarixi ## ###### 2023-cü il qeyd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında ## ###### 2023-cü il tarixinin göstərilməsinə baxmayaraq, arxiv sənədlərində ## #### 2023-cü il tarixli daha əvvəlki reyestr qeydinin mövcudluğu nəzərə alınmalıdır. Lakin bu fərq mübahisənin hüquqi nəticəsinə təsir göstərmir. Hər iki sənədin, habelə ## #### 2023-cü il tarixli alqı-satqı müqaviləsinin birlikdə qiymətləndirilməsindən birmənalı şəkildə müəyyən olunur ki, iddiaçı 0,60 ha torpaq sahəsini uzun illər əvvəl deyil, 2023-cü ildə X4 alqı-satqı yolu ilə əldə etmişdir. Mülki Məcəllənin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını tənzimləyən müddəalarının mənasına görə, daşınmaz əmlaka mülkiyyət hüququnun başqasına keçməsi dövlət qeydiyyatına alınmalı, daşınmaz əmlaka mülkiyyət hüququ isə qanunla müəyyən edilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Notariat qaydasında təsdiq edilmiş müqavilə belə qeydiyyatın hüquqi əsaslarından biridir. Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyində də Mülki Məcəllənin 178.1-ci maddəsinin məhz bu məzmunda tətbiq edilməli olduğu göstərilmişdir. Bu fakt hazırkı mübahisə üçün mühüm əhəmiyyət daşıyır. Iddiaçının əsaslandığı “30 ildən artıq istifadə” arqumenti onun hazırkı mülkiyyət hüququnun yaranma tarixindən irəli gəlmir və təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə təsdiq olunmur. Əksinə, 2023-cü il alqı-satqı müqaviləsində torpaq sahəsinin həmin vaxtadək başqa şəxsin - X4 mülkiyyətində olduğu və satıcının onu 2023-cü ildə alıcının faktiki sahibliyinə vermək öhdəliyi açıq şəkildə təsbit edilmişdir. Bu halda iddiaçının özünün həmin əsas torpaq sahəsi ilə birlikdə 0,28 ha əlavə sahədən 30 ildən artıq müddətdə fasiləsiz istifadə etdiyini qəbul etmək üçün ayrıca və mötəbər sübutlar tələb olunur. Belə sübutlar iş materiallarında mövcud deyildir. Əvvəlki mülkiyyətçinin və ya qeyri-müəyyən başqa şəxslərin torpaqdan faktiki istifadə etmiş olması isə həmin istifadə faktının avtomatik olaraq sonrakı alıcının şəxsi istifadə müddətinə əlavə edilməsi və ya bələdiyyə torpağı üzərində ona hər hansı əşya hüququnun keçməsi kimi qiymətləndirilə bilməz. ## #### 2023-cü il tarixli müqavilənin predmeti yalnız 0,60 ha torpaq sahəsidir. 0,28 ha sahə nə həmin müqavilənin predmetinə daxil edilmiş, nə onun barəsində hər hansı hüquq satıcıdan alıcıya ötürülmüş, nə də bu sahə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Əksinə, dövlət kadastr və reyestr orqanının məlumatına görə, 0,60 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alındığı halda, ona bitişik və eyni hasar daxilində yerləşən 0,28 ha sahənin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Iddiaçının özünün Səbail Bələdiyyəsinə ünvanladığı ərizənin məzmunundan da görünür ki, o, 0,28 ha sahənin ona artıq məxsus olduğunu deyil, həmin sahənin bələdiyyə torpağı olduğunu qəbul edərək onun gələcəkdə öz mülkiyyətinə verilməsini xahiş etmişdir. Bu baxımdan mübahisənin predmeti mövcud mülkiyyət hüququnun tanınması deyil, bələdiyyə mülkiyyətində olan ayrıca torpaq sahəsi üzərində iddiaçının xeyrinə yeni mülkiyyət hüququnun yaradılması məqsədilə inzibati aktın qəbuluna nail olmaqdır. Iddiaçının tələbinin əsas hüquqi dayağı kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə istinad edilir. Lakin həmin normanın yalnız mətninin bir cümləsinin ayrıca götürülməsi deyil, Qanunun 9 və 16-cı maddələrinin sistemi, bələdiyyə torpaqlarının ayrılmasının xüsusi proseduru və bu sahədə 2008-ci ildə həyata keçirilmiş qanunvericilik islahatı birlikdə nəzərə alınmalıdır. Qanunun 16.1-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2-ci maddə belə torpaqların ümumi qayda olaraq aidiyyəti üzrə geri qaytarılmasını müəyyən edir. 16.4-cü maddə isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahənin geri alınmasının mümkün olmadığı halda artıq sahələrin eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilməsini nəzərdə tutur. Deməli, 16.4-cü maddə özbaşına artıq istifadə faktının mövcud olmasını mülkiyyət hüququnun avtomatik yaranması üçün kifayət hesab etmir. Normanın tətbiqi üçün, ən azı, artıq istifadə edilən sahənin geri alınmasının mümkün olmaması kimi ayrıca hüquqi fakt müəyyən edilməlidir. “Geri alınmasının mümkün olmaması” şərti normanın təsadüfi deyil, həlledici elementidir. Əks yanaşma istənilən şəxsin öz mülkiyyətində olan torpağın sərhədindən kənara çıxaraq bələdiyyə torpağını hasara alması və müəyyən müddətdən sonra həmin faktiki vəziyyətə istinad etməklə bələdiyyə mülkiyyətinin onun adına rəsmiləşdirilməsini tələb edə bilməsi nəticəsinə gətirib çıxarardı ki, bu da həm 16.1 və 16.2-ci maddələrin, həm də bələdiyyə torpaqlarının dövriyyəsini tənzimləyən ümumi rejimin mahiyyətinə zidd olardı. Bundan başqa, 16.4-cü maddənin tətbiq dairəsinin müəyyənləşdirilməsində 2008ci il qanunvericilik dəyişiklikləri xüsusi əhəmiyyət kəsb edir. ## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Qanunla bələdiyyə torpaqlarının dövriyyəsi prinsipial surətdə dəyişdirilmiş və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində, qanunda ayrıca nəzərdə tutulan istisnalar xaricində, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə əldə olunması prinsipi təsbit edilmişdir. Eyni qanunvericilik aktı ilə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə də mühüm dəyişiklik edilmişdir. Həmin bənddə əvvəllər mövcud olan “Qanunun 16.3-cü və 16.4-cü maddələrinə uyğun olaraq” ifadəsi qanunverici tərəfindən çıxarılaraq onun əvəzinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanun qüvvəyə minənədək” ifadəsi daxil edilmişdir. Hazırkı redaksiyada Əsasnamənin 10-cu bəndi də hərrac və müsabiqəsiz rəsmiləşdirmənin müvafiq hissədə Qanunun qüvvəyə minməsindən əvvəl qeyri-qanuni istifadə edilən torpaqlarla bağlı olduğunu təsbit edir. Bu qanunvericilik tarixçəsi təsadüfi xarakter daşımır. Qanunverici bir tərəfdən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsində hərrac və müsabiqə prinsipini ümumi qaydaya çevirmiş, digər tərəfdən isə 16.3 və 16.4-cü maddələrə istinadla mövcud olmuş əvvəlki birbaşa rəsmiləşdirmə mexanizmini Qanun qüvvəyə minənədək yaranmış faktiki vəziyyətlərlə məhdudlaşdırmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun ## #### 2001-ci il tarixdə qəbul edilmişdir. Bu səbəbdən 16.4-cü maddənin digər normalardan təcrid edilmiş şəkildə, 2001-ci ildən sonra istənilən vaxt yaranmış artıq istifadəyə görə şəxsin xeyrinə birbaşa və qeydşərtsiz mülkiyyət hüququ tələb etmək imkanı verən norma kimi şərh edilməsi qanunvericiliyin sisteminə və qanunvericinin 2008-ci ildə aydın şəkildə ifadə etdiyi məqsədə uyğun hesab edilə bilməz. Iş üzrə isə iddiaçının məhz ## #### 2001-ci ilədək mübahisəli 0,28 ha sahədən özü tərəfindən istifadə olunmasını təsdiq edən mötəbər sübut mövcud deyildir. Əksinə, onun əsaslandığı 0,60 ha sahənin hüquqi tarixçəsi göstərir ki, həmin sahə 2004-cü ildən başqa şəxsin adına rəsmiləşdirilmiş, yalnız 2023-cü ildə alqı-satqı müqaviləsi ilə iddiaçı tərəfindən əldə edilmişdir. Birinci instansiya məhkəməsinin də 0,28 ha torpaq sahəsinin ## #### 2001-ci ilədək iddiaçı tərəfindən istifadə edildiyinin sübuta yetirilmədiyi barədə gəldiyi nəticə iş materiallarının məcmusuna uyğundur. Hətta 16.4-cü maddənin mətninə sırf qrammatik yanaşılaraq onun 16.3-cü maddədə nəzərdə tutulmuş ## #### 2001-ci ilədək istifadə şərtindən müstəqil tətbiq oluna biləcəyi mövqeyi qəbul edilsə belə, hazırkı iddianın təmin olunması üçün hüquqi əsas yenə yaranmır. Belə halda iddiaçı ilk növbədə 16.4-cü maddədə ayrıca göstərilən “artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olmaması” şərtinin mövcudluğunu sübuta yetirməli idi. Işdə olan ## ###### 2025-ci il tarixli mütəxəssis rəyində 0,28 ha sahənin iddiaçının hasarı daxilində yerləşdiyi, əsas yola müstəqil çıxışının olmadığı, qonşu sahələrlə həmsərhəd olduğu və digər şəxslərin həmin sahəyə sərbəst giriş-çıxış imkanının olmadığı göstərilmişdir. Lakin bu halların heç biri özlüyündə torpaq sahəsinin bələdiyyə tərəfindən geri alınmasının hüquqi və ya obyektiv baxımdan mümkünsüz olduğunu təsdiq etmir. “Başqa şəxslər tərəfindən sərbəst istifadə oluna bilməmək” ilə “mülkiyyətçi olan bələdiyyə tərəfindən geri alınmasının mümkün olmaması” eyni hüquqi məzmuna malik anlayışlar deyildir. Torpağın müstəqil yol çıxışının olmaması müəyyən torpaq sahəsinin istifadəsinin rahatlığını və iqtisadi səmərəliliyini xarakterizə edə bilər, lakin həmin torpağın bələdiyyə mülkiyyətində saxlanılmasını və ya geri qaytarılmasını obyektiv olaraq mümkünsüz edən hal kimi avtomatik qəbul edilə bilməz. Mütəxəssis qarşısında torpağın bələdiyyəyə geri qaytarılmasının texniki və ya hüquqi baxımdan mümkün olub-olmaması, sərhədlərin bərpasının, giriş imkanının, zəruri olduqda servitut və ya digər yerquruluşu həllərinin mümkünlüyü barədə sual qoyulmamışdır. Rəydə bu məsələlər tədqiq edilməmişdir. Buna görə həmin rəy Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş “geri alınmasının mümkün olmaması” hüquqi faktını təsdiqləyən sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, ## ###### 2025-ci ildə aparılmış baxış 0,28 ha sahənin həmin tarixdəki faktiki vəziyyətini müəyyən etməyə imkan versə də, ## #### 2001-ci ilədək hansı şəxsin, hansı hüquqi və faktiki əsasla və hansı sərhədlər daxilində bu sahədən istifadə etdiyini müəyyən etmir. Rəydə “uzunmüddətli istifadə” ifadəsinin işlədilməsi konkret başlanğıc tarixini müəyyən edən tarixi-kadastr sənədinə, arxiv materialına və ya müvafiq dövrə aid obyektiv geodeziya məlumatına əsaslandırılmamışdır. Buna görə həmin ifadə iddiaçının 30 ildən artıq şəxsi istifadəsi barədə iddiasını təsdiqləyən müstəqil sübut qüvvəsinə malik deyildir. Inzibati məhkəmə icraatında işin hallarının araşdırılması məhkəmənin xidməti vəzifəsi olsa da, bu prinsip sübut olunmamış faktın mövcud hesab edilməsinə əsas vermir. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmalı, lakin gəldiyi nəticəni tədqiq olunmuş sübutlara əsaslandırmalıdır. Iddianın təmin edilməsinə mane olan digər mühüm hal ondan ibarətdir ki, bələdiyyə torpaq sahəsinin mülkiyyətə verilməsi yalnız torpağın fiziki vəziyyətinin müəyyən edilməsi ilə yekunlaşan sadə prosedur deyildir. Qüvvədə olan “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə əsasən, bələdiyyə müraciətdə göstərilən sahənin ayrılmasının mümkünlüyünü ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı, planlaşdırma və tikinti layihələri, həmin yerin başqa şəxslərə verilib-verilməməsi, kommunikasiya xətlərinin mühafizə və sürüşmə zonalarında yerləşib-yerləşməməsi kimi hallar baxımından araşdırmalı, yerində baxış keçirməlidir. Bundan sonra sahənin planı və ölçüsü hazırlanmalı, müvafiq sənədlər əldə edilməli, mülkiyyətə birbaşa verilə bilən hallarda belə torpağın qiyməti müəyyən edilməli, qərar qəbul olunduqdan sonra alqı-satqı müqaviləsi bağlanmalı və torpağın dəyəri ödənilməlidir. Iş materiallarından həmin kompleks inzibati prosedurun tamamlandığı görünmür. Iddiaçının öz təşəbbüsü ilə əldə etdiyi mütəxəssis rəyi qanunvericiliklə bələdiyyənin və digər səlahiyyətli orqanların həyata keçirməli olduğu yerquruluşu, şəhərsalma, kadastr, qiymətləndirmə və hüquqi araşdırmanı əvəz edə bilməz. Bu mənada iddiaçının bələdiyyəyə müraciətinə cavab verilməməsi ilə onun tələb etdiyi məzmunda müsbət inzibati akt almaq hüququnun mövcudluğu bir-birindən fərqli məsələlərdir. Inzibati orqanın müraciətə baxmaq və qanunla müəyyən edilmiş qaydada qərar qəbul etmək vəzifəsinin olması, müraciət edən şəxsin mütləq şəkildə onun arzuladığı məzmunda qərar almaq hüququna malik olması demək deyildir. Cavabdehin hərəkətsizliyi maddi hüquqda mövcud olmayan mülkiyyət əldə etmək hüququnu yaratmır. Inzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin mənasına görə, inzibati orqanın üzərinə konkret inzibati aktın qəbul edilməsi öhdəliyi yalnız inzibati aktın qəbulundan imtinanın və ya hərəkətsizlik nəticəsində aktın qəbul edilməməsinin qanuna zidd olduğu və bunun iddiaçının hüquqlarını pozduğu müəyyən edildikdə qoyula bilər. Iddiaçının məhz tələb etdiyi inzibati aktın qəbul edilməsinə subyektiv publik hüququ müəyyən edilmədiyi halda, təkcə inzibati orqanın susması məcburetmə haqqında iddianın təmin edilməsi üçün kifayət deyildir. Inzibati Prosessual Məcəllənin 73.2 və 73.3-cü maddələrinin sistemi də göstərir ki, konkret məzmunlu inzibati aktın qəbul edilməsi üçün bütün maddi-hüquqi və faktiki şərtlər yetişmədikdə, xüsusilə inzibati orqan tərəfindən əlavə araşdırmanın aparılması və ya qanunla ona həvalə edilmiş qiymətləndirmənin həyata keçirilməsi zəruri olduqda, məhkəmə inzibati orqanın yerinə keçməklə həmin qərarı əvvəlcədən müəyyən edə bilməz. Hazırkı işdə isə iddiaçı birbaşa 0,28 ha torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul etməyə cavabdehin məcbur edilməsini tələb edir. Bunun üçün iddiaçının belə qərarın qəbuluna qeyd-şərtsiz hüququnun olması sübuta yetirilməli idi. Yuxarıda göstərilən hallar isə belə subyektiv hüququn mövcud olmadığını təsdiq edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli 0,28 ha torpaq sahəsinin bir hasar daxilində olması, həmin sahədən faktiki istifadə edilməsi və üçüncü şəxslərin bu sahəyə iddia irəli sürməməsi özlüyündə həmin torpaq üzərində xüsusi mülkiyyət hüququ yaratmır. Bələdiyyə torpağının fiziki olaraq hasara daxil edilməsi daşınmaz əmlakın hüquqi sərhədlərinin dəyişməsi demək deyildir. Torpaq üzərində hüququn mövcudluğu faktiki sərhədlə deyil, onun əldə edilməsinin qanuni əsası və dövlət qeydiyyatı ilə müəyyən olunur. Torpaq Məcəlləsinin müddəalarına əsasən, dövlət və bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərə verilməsi müvafiq qərar və müqavilə əsasında həyata keçirilir, torpaq üzərində hüquqlar isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınır. Iş üzrə 0,28 ha sahə ilə bağlı nə bələdiyyənin əvvəlki qərarı, nə müqavilə, nə də iddiaçının adına dövlət qeydiyyatı mövcuddur. Birinci instansiya məhkəməsi də haqlı olaraq uzun müddətli faktiki istifadənin qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla mülkiyyət hüququ yaratmadığını qeyd etmişdir. Əks yanaşma bələdiyyə mülkiyyətinin faktiki zəbt edilməklə xüsusi mülkiyyətə çevrilməsini mümkün edər və qanunla müəyyən edilmiş torpaq dövriyyəsi qaydalarını, o cümlədən hərrac, torpaqayırma, planlaşdırma, qiymətləndirmə və dövlət qeydiyyatı mexanizmlərini faktiki olaraq mənasızlaşdırardı. Qanunun 16.4-cü maddəsi belə nəticəyə gətirən ümumi “leqallaşdırma norması” kimi deyil, konkret və sübuta yetirilməli şərtləri olan istisna norma kimi tətbiq edilməlidir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus 0,60 ha torpaq sahəsi ona 30 il və ya daha əvvəl deyil, ## #### 2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında keçmiş, onun mülkiyyət hüququ 2023-cü ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Əvvəlki mülkiyyətçinin hüquqmüəyyənedici sənədi isə ## ####### 2004-cü il tarixinə aiddir. Alqı-satqı müqaviləsinin predmeti yalnız 0,60 ha sahə olmuş, mübahisəli 0,28 ha sahə həmin əqd üzrə iddiaçıya verilməmişdir. Buna görə də əvvəlki mülkiyyətçinin mümkün faktiki istifadəsinin iddiaçının 30 illik şəxsi istifadəsi kimi qəbul edilməsi və ya həmin faktiki vəziyyətin 0,28 ha sahə üzərində iddiaçıya hüquq ötürməsi üçün heç bir hüquqi əsas yoxdur. Iddiaçı 0,28 ha sahənin ## #### 2001-ci ilədək məhz onun tərəfindən qanunda nəzərdə tutulan formada istifadə olunduğunu sübut etməmişdir. Bundan başqa, 16.4-cü maddənin müstəqil tətbiq edilə biləcəyi fərz olunsa belə, həmin normanın əsas şərti olan torpaq sahəsinin geri alınmasının mümkünsüzlüyü də sübuta yetirilməmişdir. Nəhayət, bələdiyyə torpağının mülkiyyətə ayrılması üçün qanunvericiliklə müəyyən edilmiş inzibati prosedurun zəruri mərhələləri keçirilməmiş, torpağın ayrılmasının şəhərsalma və yerquruluşu sənədlərinə uyğunluğu, digər məhdudiyyətlərin mövcudluğu, torpağın planı, ölçüsü və qiyməti qanunla nəzərdə tutulmuş prosedur çərçivəsində müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1662/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1662/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver