Məhkəmə qərarları › İş №2-1(3-6)-1664/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1664/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1664/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işi üzrə Açar sözlər: (yaşa görə əmək pensiyasının yenidən hesablanması; 2006-cı ilədək iş stajı; mötəbərlik prezumpsiyası; formal qüsurlar; inzibati orqanın araşdırma vəzifəsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləğinin əmək kitabçasına əks olunanlara uyğun olaraq, yəni “xxxx” Tədris İstehsalat Firmasında işlədiyi 1 il 6 ay 17 gün və * saylı Təmir-Tikinti İdarəsində işlədiyi 5 il 3 ay 6 gün müddət də daxil olmaqla yenidən hesablanması, bu günədək hesablanmamış fərq məbləğinin iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı ##.##.2022-ci ildə yaşa görə əmək pensiya təyin edilmişdir. ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1995-ci il tarixindən ##.##.1996-cı il tarixinədək “xxxx” Tədris İstehsalat firmasında və ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək * saylı Təmir-Tikinti idarəsində işləmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Bakı Inzibati Məhkəməsində cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq “iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləğinin əmək kitabçasına əks olunanlara uyğun olaraq, yəni “xxxx” X3 işlədiyi 1 il 6 ay 17 gün və * saylı Təmir-Tikinti İdarəsində işlədiyi 5 il 3 ay 6 gün müddət də daxil olmaqla yenidən hesablanması, bu günədək hesablanmamış fərq məbləğinin iddiaçıya ödənilməsi” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyası alır. ##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək əyani təhsil almışdır. ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. ##.##.1995-ci il tarixindən ##.##.1996-cı il tarixinədək “xxxx” Tədris İstehsalat firmasında və ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək * saylı Təmir-Tikinti idarəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği hesablanarkən əmək kitabçasında əks olunmasına baxmayaraq “xxxx” Tədris İstehsalat firmasında işlədiyi 1 il 6 ay 17 gün və * saylı Təmir-Tikinti idarəsində işlədiyi 5 il 3 ay 6 gün müddət nəzərə alınmamışdır. Belə ki, ##.##.2022-ci il tarixinədək fərdi hesabımın siğorta hissəsində qeydə alınmış pensiya kapitalına “xxxx" Tədris İstehsalat firmasında və * saylı Təmir-Tikinti idarəsində işlədiyi ümumi 6 il 9 ay 23 gün müddət hesablanmamışdır. Lakin iddiaçı ilə birlikdə işləmiş keçmiş iş yoldaşlarına təyin olunmuş yaşa görə əmək pensiyası hesablanarkən onların adı çəkilən müəssisələrdəki əmək fəaliyyəti dövrü nəzərə alınmışdır. Əyani təhsil illəri, hərbi xidmətdə olduğum dövrlər də nəzərə alınmaqla ümumi siğorta stajı 32 (otuz iki) il 1 (bir) ay 10 (on) gündən ibarətdir. İddiaçı hazırki tələb ilə bağlı aidiyyatı üzrə müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Həmin müraciətə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın tərəfindən verilmiş ## ###### 2025ci il tarixli, *-**-*/*-Ə-*****/**** nömrəli cavab məktubu ilə Əmək kitabçasında əks olunmasına baxmayaraq “xxxx” Tədris İstehsalat firmasında işlədiyi 1 il 6 ay 17 gün və * saylı Təmir-Tikinti idarəsində işlədiyi 5 il 3 ay 6 gün müddəti düzgün doldurulmadığı əsası ilə hesablamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı İddiaçı ## #### 1957-ci il tarixdə doğulduğunu nəzərə alaraq, ona 65 yaşının tamam olduğu ## #### 2022-ci il tarixindən, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1- ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiya təyin edilmişdir. Azərbaycan Rrespublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1995-ci il tarixindən ##.##.1996-cı il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Belə ki, ##.##.1995-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrdə işdən azadolma barədə qeyddə əmrin nömrəsi və tarixi olmadığından, eyni zamanda ##.##.2002-ci il tarixli işdənçıxma əmrində ##.##.1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmdəən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının məbləğinin əmək kitabçasında əks olunanlara uyğun olaraq, yəni “xxxx” Tədris İstehsalat Firmasında işlədiyi 1 il 6 ay 17 gün və * saylı Təmir-Tikinti Idarəsində işlədiyi 5 il 3 ay 6 gün müddət də daxil olmaqla yenidən hesablanması, bu günədək hesablanmamış fərq məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini etirazın dəlillərinə uyğun əsaslandırmış, həmçinin əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən ##.##.1973-cü il tarixindən ##.##.1974-cü il tarixinədək təhsil illəri, ##.##.1976-cı il tarxindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 25 il 3 ay 17 gün sığorta stajı, ##.##.2006-ci il tarixindən ##.##.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 33562.98 manat (2022-ci il tarixinə indeksiəşdirilmiş) pensiya kapitalı əsasında İddiaçı əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (518,30 manat) dəyişiklik olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1995-ci il tarixindən ##.##.1999-cu il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Belə ki, ##.##.1995-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrdə işdən azadolma barədə qeyddə əmrin nömrəsi və tarixi olmadığından, eyni zamanda ##.##.2002-ci il tarixli işdənçıxma əmrində ##.##.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları”nın 3.5-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 3.6-cı bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. Bu hallar işçi iş yerini dəyişdikdən sonra aşkar olunduqda yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi kömək göstərməlidir. İşçi üçün onun ##.##.2006-cı il tarixinədək olan əmək fəaliyyətini təsdiqləyən əsas sənəd qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasıdır. Belə olan halda işçinin əmək kitabçasında yol verilmiş aşkar səhvlərin düzəldilməsini tələb etməməsi onun etinasızlığının nəticəsidir. İddiaçı İddiaçı əmək kitabçasında olan aşkar pozuntular və əmək kitabçasının doldurulması qaydalarına əməl edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il # #### tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019- cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il ## ######## tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir;

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya bu nəticəyə aşağıdakı əsaslarla gəlir. Hazırkı mübahisədə həll edilməli əsas məsələ iddiaçının əmək kitabçasında ##.##.1995ci ildən ##.##.1996-cı ilədək “xxxx” Tədris İstehsalat Firmasında və ##.##.1997-ci ildən ##.##.2002-ci ilədək * saylı Təmir-Tikinti İdarəsində işləməsi barədə aparılmış qeydlərin həmin dövrlərin onun 2006-cı il # ######adək qazanılmış pensiya hüquqlarının müəyyən edilməsində nəzərə alınması üçün yetərli və mötəbər sübut olub-olmamasından ibarətdir. İş materiallarından görünür ki, qeyd olunan əmək fəaliyyəti dövrləri iddiaçının ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında ardıcıl şəkildə əks olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçotu İdarəsinin məhkəməyə təqdim etdiyi məlumata əsasən, * saylı Təmir-Tikinti İdarəsi ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi mövcud olmuşdur. Bu məlumat əmək kitabçasındakı qeydlərdən ən azı birinin aid olduğu işəgötürənin real hüquqi subyekt kimi fəaliyyət göstərdiyini təsdiqləyən əlavə sübutdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69.1-ci maddəsi, 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarla təsdiq edilmiş Əsasnamənin 3-cü bəndi, habelə 1996-cı il ## ###### tarixli *** nömrəli Qərarla təsdiq edilmiş Qaydaların 1.1-ci bəndi əmək kitabçasını iş stajını və əmək fəaliyyətini təsdiq edən əsas sənəd kimi müəyyən etmişdir. Eyni yanaşma Əmək Məcəlləsinin 87.1-ci maddəsində də ifadə olunmuşdur. Hazırda qüvvədə olan, Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 4.1.1-ci yarımbəndinə görə də 2006-cı il ######ın #-dək olan dövr üzrə iş müddəti, bir qayda olaraq, əmək fəaliyyəti barədə sənədlər, o cümlədən əmək kitabçası əsasında müəyyən edilir. Beləliklə, əmək kitabçası 2006-cı ilədək əmək fəaliyyətinin təsdiq edilməsində qanunvericiliyin birbaşa nəzərdə tutduğu əsas sübut vasitəsidir. Bu sənəddəki hər hansı formal qüsurun mövcudluğu öz-özlüyündə həmin sənədin bütövlükdə sübut qüvvəsini itirməsi və orada göstərilən əmək münasibətinin baş verməmiş hesab edilməsi nəticəsini doğurmur. Belə nəticəyə gəlmək üçün aşkar edilmiş qüsurun qeydin həqiqiliyinə və ya əmək münasibətinin mövcudluğuna əsaslı şübhə yaratması müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi qüsurlar iki haldan ibarətdir: ##.##.1995- ##.##.1996-cı illər üzrə işdən azad edilmə qeydində əmrin nömrəsi və tarixinin göstərilməməsi və ##.##.2002-ci il tarixli işdənçıxma qeydində həmin tarixdə artıq qüvvədə olmayan Əmək Qanunları Məcəlləsinə istinad edilməsi. Kollegiyanın qənaətinə görə, bu hallar əmək kitabçasının tərtibində yol verilmiş formal qüsurlar olmaqla, ayrıca götürüldükdə iddiaçının həmin müəssisələrdə faktiki işləmədiyini təsdiq etmir. Xüsusilə, normativ akta yanlış istinad edilməsi işdənçıxma qeydinin hüquqi rəsmiləşdirilməsinə aid qüsur olsa da, əmək münasibətinin əvvəlki dövrdə mövcudluğunu avtomatik olaraq təkzib etmir. Bu məsələyə “İnzibati icraat haqqında” Qanunun 15 və 19-cu maddələrinin tələbləri baxımından da qiymət verilməlidir. Qanunun 19.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin təqdim etdikləri sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikcə mötəbər hesab olunur. Deməli, əmək kitabçasının mötəbərliyinin aradan qalxması üçün onun tərtibində qüsurun mövcudluğunu göstərmək kifayət deyil. Bu zaman, eyni zamanda həmin qüsurun sənəddəki məlumatların həqiqətə uyğun olmadığı barədə əsaslı nəticə yaratması tələb olunur. İş materiallarında isə əmək kitabçasındakı mübahisəli qeydlərin saxta olması, sonradan əlavə edilməsi və ya iddiaçının göstərilən müəssisələrdə işləməməsi barədə hər hansı sübut müəyyən edilmir. Daha mühüm olan odur ki, Qanunun 19.2-ci maddəsi təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandığı halda həmin şübhənin nəticəsini birbaşa maraqlı şəxsin üzərinə qoymur. Əksinə, inzibati orqanın müstəqil şəkildə və öz hesabına sənədin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməsini tələb edir. Eyni öhdəlik Qanunun 24.1-24.3-cü maddələrində təsbit edilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması prinsipindən də irəli gəlir. Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 4.1.1-ci yarımbəndi də məhz belə vəziyyət üçün xüsusi mexanizm müəyyən edir. Belə ki, normada qeyd olunur ki, əmək fəaliyyəti barədə sənədlərin mötəbərliyinə əsaslı şübhə olduqda Fond işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatları üzləşdirməli və bunun nəticəsi üzrə akt tərtib etməlidir. Buna görə cavabdeh əmək kitabçasındakı formal uyğunsuzluqları müəyyən etdikdən sonra yalnız həmin uyğunsuzluqlara istinad etməklə stajı nəzərə almaqdan imtina etməməli, qanunvericiliyin ona verdiyi araşdırma vasitələrindən istifadə etməklə qeydlərin həqiqiliyini yoxlamalı idi. Cavabdehin əmək kitabçasındakı səhvlərin vaxtında düzəldilməsini tələb etməməsini iddiaçının etinasızlığı kimi qiymətləndirməsi də qəbul edilə bilməz. Əmək kitabçasının düzgün tərtib edilməsi işəgötürənin üzərinə düşən vəzifədir. İşəgötürənin sənədin rəsmiləşdirilməsi zamanı yol verdiyi qüsurun, həmin qüsurun yaranmasında iştirakı müəyyən edilməyən işçinin üzərinə qoyulması, özü də bu qüsurun faktiki əmək fəaliyyətini təkzib edən sübut olmadığı halda, “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş formal tələblərdən şəxsin əleyhinə istifadə edilməsinin yolverilməzliyi prinsipi ilə uzlaşmır. Kollegiya onu da nəzərə alır ki, “xxxx” Tədris İstehsalat Firmasının və * saylı Təmir-Tikinti İdarəsinin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının iradəsindən asılı olmayan haldır. Arxiv sənədlərinin mövcud olmaması əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Əks yanaşma işəgötürənin sənədləşdirmə və arxivləşdirmə sahəsində yol verdiyi nöqsanların hüquqi nəticələrinin işçinin üzərinə keçirilməsinə gətirib çıxarardı. Apellyasiya şikayətində iddiaçının ##.##.2006-cı ilədək 25 il 3 ay 17 gün sığorta stajının və fərdi hesabında qeydə alınmış pensiya kapitalının nəzərə alınması nəticəsində pensiyanın məbləğinin dəyişmədiyi də göstərilmişdir. Lakin bu dəlil mübahisəli 6 il 9 ay 23 günlük əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməli olub-olmaması məsələsinə cavab vermir. Mübahisənin predmeti məhz həmin dövrlərin nəzərə alınmamasının qanuniliyidir. Bu dövrlər qanuni əsas olmadan kənarda saxlanılmışdırsa, pensiyanın yenidən hesablanması da həmin dövrlər daxil edilməklə aparılmalıdır və hesablamanın konkret nəticəsi bundan sonra müəyyən edilməlidir. Beləliklə, iş üzrə müəyyən edilmiş halların və tətbiq edilməli hüquq normalarının məcmusundan görünür ki, cavabdeh əmək kitabçasında mövcud olan formal qüsurları həmin sənəddə göstərilən əmək fəaliyyətinin baş vermədiyinə bərabər tutmuş, lakin sənədin həqiqətə uyğun olmadığını sübuta yetirməmiş və mötəbərliyə şübhə yarandığı halda qanunla üzərinə qoyulmuş əlavə araşdırma vəzifəsini yerinə yetirməmişdir. Buna görə mübahisəli əmək fəaliyyəti dövrlərinin yalnız göstərilən formal qüsurlara görə sığorta stajından çıxarılması qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticənin dəyişdirilməsi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar