Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1671/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddiaçıya təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə (*hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddiaçıya təyin olunmuş əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıya ümumi xəstəlik səbəbindən ##.##.2018-ci ildə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin edilmiş əlillik müddətsiz təyin edilmişdir. Əlillik təyinatı zamanı şəxsə “görmə sinirinin atrofıyası, OUgörmə sinirinin hissəvi atrofıyası. VIS OD=0.02 k/etmir (yüzdə iki), VIS OS=1.0 k/etmir (vahid). ODmürəkkəb miopik astiqmatizm 10.OD və 4.0D. Yüksək refraksion ambliopiya. Fəsadlı katarakta. Tor qişanın mərkəzi distrofıyası. Ağırlaşmış katarakta. Fəsadlı katarakta. Astiqmatizm, OD-mürəkkəb miopik astiqmatizm. 10.0D və 4.0D. Yüksək refreaksion ambliopiya. Arxa qütbün və ləkənin degenerasiyası, tor qişanın mərkəzi distrofıyası” diaqnozu qoyulmuşdur. Lakin sonradan yəni 2019-cu ildə ona təyin edilmiş əlillik altsistemində etibarsız hesab edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (M.T.Hacıbəyova) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə hazırkı iddianı məcburetmə haqqında iddia kimi qəbul etsə də, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Inzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, xxxxnin ** nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ## ###### 2018-ci il tarixli, *******0003 nömrəli qərarında iddiaçıya təyin edilmiş üçüncü dərəcəli əlilliyin ## #### 2019-cu ildə ləğv olunduğu göstərilmiş, iddiaçı həmin qərardan məlumatlı olduğu halda məhkəməyə yalnız ## ###### 2025-ci ildə müraciət etmişdir. Məhkəmə iddiaçının hüquqi marağının onun barəsində qəbul edilmiş və əlillik statusuna xitam verən əlverişsiz inzibati aktın hüquqi nəticələrinin aradan qaldırılmasına yönəldiyini, buna isə həmin aktın mübahisələndirilməsi yolu ilə nail oluna biləcəyini nəzərə alaraq iddianı mübahisələndirmə haqqında iddia kimi qiymətləndirmiş və Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. Apellyasiya şikayətində qərardadın ləğvi və işin sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunur. Şikayətin başlıca dəlili ondan ibarətdir ki, iddia öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməli, həmin iddia növü üçün qanunla müddət müəyyən edilmədiyinə görə ona 30 günlük iddia müddəti tətbiq olunmamalıdır. Iddiaçı, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə istinad edərək sosial təminat hüququnun müddət tətbiq edilməklə məhdudlaşdırıla bilməyəcəyini bildirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin müəyyən olunmuş hallarına, tətbiq edilməli prosessual normalara və inzibati məhkəmə təcrübəsində formalaşdırılmış hüquqi mövqelərə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu norma məhkəmənin iddiaçının seçdiyi sözlər və ya tələbə verdiyi hüquqi adla bağlı olmadığını, irəli sürülmüş tələbin həqiqi predmetini, onun yönəldiyi hüquqi nəticəni və həmin nəticəyə çatmaq üçün qanunun nəzərdə tutduğu münasib hüquqi müdafiə vasitəsini müəyyən etməli olduğunu ifadə edir. Başqa sözlə, iddia növü iddiaçının tələbi necə adlandırmasına görə deyil, mübahisənin obyektiv hüquqi mahiyyətinə görə müəyyən olunur. Konstitusiya Məhkəməsi Plenumunun T.Idrisovun şikayəti üzrə ## ###### 2015-ci il tarixli qərarında da qeyd edilmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verilərkən məhkəmə irəli sürülmüş iddia növünü düzgün müəyyən etməlidir. Həmin qərarda mübahisələndirmə haqqında iddianın hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğvinə və ya dəyişdirilməsinə yönəldiyi, bu iddia növü üzrə Inzibati Prosessual Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan iddia qaldırmaq səlahiyyəti ilə yanaşı, Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş müddətə də əməl olunmasının xüsusi mümkünlük şərti olduğu göstərilmişdir. Eyni yanaşma Ali Məhkəmə Plenumunun “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” ## #### 2026-cı il tarixli, ** nömrəli qərarının 1.1-ci bəndində daha aydın şəkildə ifadə edilmişdir. Həmin hüquqi mövqeyə görə, maraqlı şəxs əlverişsiz inzibati aktın çıxarılması ilə onun hüquqi vəziyyətinə edilmiş müdaxilənin aradan qaldırılmasına nail olmaq istədikdə mübahisələndirmə haqqında, bunun əksinə olaraq, arzuladığı əlverişli inzibati aktın qəbul edilməsi ilə özü üçün əlverişli hüquqi vəziyyətin yaradılmasını istədikdə isə məcburetmə haqqında iddia qaldırmalıdır. Hazırkı işdə iddiaçı yeni dövr üçün əlilliyinin qiymətləndirilməsini və cari sağlamlıq vəziyyətinə əsasən yeni əlverişli inzibati aktın qəbul edilməsini deyil, əvvəl təyin edilmiş əlilliyin məhz etibarsız hesab olunduğu tarixdən bərpasını tələb edir. Tələbin retrospektiv xarakteri onun hüquqi məqsədini birmənalı göstərir: ## #### 2019-cu il tarixli ləğvetmə nəticəsinin hüquqi təsirini aradan qaldırmaq və həmin akt qəbul edilməmişdən əvvəl mövcud olmuş hüquqi vəziyyəti bərpa etmək. Bu nəticəyə ləğvetmə barədə inzibati akt qüvvədə saxlanılmaqla nail olmaq mümkün deyildir. “Inzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin mənasına görə, inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid konkret məsələni həll etmək məqsədilə qəbul edilən və ünvanlandığı şəxs üçün hüquqi nəticə yaradan hakimiyyət tədbiri inzibati aktdır. Şəxsin əvvəllər mövcud olmuş əlillik statusuna xitam verilməsi onun hüquqi vəziyyətini dəyişdirən, sosial təminat hüquqlarının həyata keçirilməsinə birbaşa təsir edən və həmin şəxsi mövcud hüquqi statusdan məhrum edən hakimiyyət tədbiridir. Buna görə əlilliyin qiymətləndirilməsi nəticəsinin ləğvi mahiyyət etibarilə əlverişsiz inzibati aktdır. Inzibati Prosessual Məcəllənin 32.1-ci maddəsi mübahisələndirmə haqqında iddia vasitəsilə inzibati aktın ləğvinin və ya dəyişdirilməsinin tələb oluna biləcəyini müəyyən etməklə yanaşı, həmin iddianın inzibati aktın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə əlavə tələblə birlikdə qaldırılmasına da birbaşa yol verir. Deməli, iddiaçının əvvəlki hüquqi vəziyyətinin bərpasına dair tələbi ayrıca və müddətsiz öhdəliyin icrası haqqında iddia deyil, əlverişsiz inzibati aktın ləğvi tələbinə bağlı olan və onun nəticələrinin aradan qaldırılmasına yönələn hüquqi müdafiə vasitəsidir. Əks yanaşma qəbul edilərsə, şəxs mübahisələndirmə müddətini ötürdükdən sonra inzibati aktın ləğvini açıq şəkildə tələb etmədən, onun yaratdığı hüquqi nəticələrin əksinə olan hərəkətin inzibati orqanın üzərinə qoyulmasını istəməklə həmin aktı dolayı yolla hüquqi qüvvədən sala bilər. Belə yanaşma Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsini praktik əhəmiyyətdən məhrum edər, qanunda nəzərdə tutulmuş iddia növlərinin sərhədlərini aradan qaldırar və hüquqi müdafiə vasitələrinin süni şəkildə dəyişdirilməsi yolu ilə xüsusi mümkünlük şərtlərindən yayınmağa şərait yaradardı. Inzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən isə, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Normanın mətnində bu iddia növünün tətbiq sahəsi iki dəfə mənfi meyarla sərhədləndirilmişdir: tələb edilən hərəkət nə inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı, nə də inzibati aktın qəbul edilməsinə yönəlməlidir. Əlillik statusunun müəyyən edilməsi, dəyişdirilməsi, ləğvi və əvvəlki tarixdən bərpası şəxsin publik-hüquqi statusuna dair fərdi qərarın qəbulunu və ya qüvvədə olan fərdi qərarın hüquqi nəticəsinin aradan qaldırılmasını tələb edir. Bu, sadəcə faktiki xarakterli xidmətin göstərilməsi, məlumatın verilməsi, sənədin texniki qaydada təqdim edilməsi və ya inzibati aktdan kənar hər hansı hərəkətin yerinə yetirilməsi deyildir. Iddiaçının arzuladığı nəticə cavabdehin hakimiyyət səlahiyyətindən istifadə etməklə onun hüquqi statusuna dair qərar verməsini zəruri edir. Bu səbəbdən mübahisəyə hansı tərəfdən yanaşılmasından asılı olmayaraq, tələb öhdəliyin icrası haqqında iddianın predmetinə aid edilə bilməz. Əgər tələb ## #### 2019-cu il tarixli əlverişsiz inzibati aktla hüquqi vəziyyətə edilmiş müdaxilənin aradan qaldırılmasına yönəlmişdirsə, münasib hüquqi müdafiə vasitəsi mübahisələndirmə haqqında iddiadır. Əgər tələb cari dövr üçün yeni əlverişli inzibati aktın qəbul edilməsinə yönəlsəydi, o halda belə münasib hüquqi müdafiə vasitəsi, Ali Məhkəmə Plenumunun ## #### 2026-cı il tarixli qərarında göstərildiyi kimi, məcburetmə haqqında iddia olardı. Heç bir halda əlillik statusunun bərpasına dair hakimiyyət qərarının qəbulunu tələb edən mübahisə, yalnız iddia müddətinin tətbiqindən yayınmaq məqsədilə, inzibati aktla bağlı olmayan faktiki hərəkət kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddianı məcburetmə haqqında iddia kimi qəbul etdiyi göstərilsə də, mübahisələndirilən qərardadın məzmunu bu dəlili təsdiqləmir. Qərardadda açıq şəkildə qeyd olunmuşdur ki, iddiaçı hüquqi marağına onun barəsində qəbul edilmiş inzibati aktın ləğvindən sonra nail ola bilər və buna görə tələb mübahisələndirmə haqqında iddianın hüquqi təbiətinə uyğundur. Beləliklə, apellyasiya şikayəti bu hissədə qərardadın həqiqi əsaslandırmasına deyil, qərardadda mövcud olmayan hüquqi təsnifata etiraz edir. Inzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinin ikinci cümləsində inzibati orqanların ümumi hüquqi öhdəlikləri pozması nəticəsində vurulmuş ziyana görə kompensasiya tələb etmək imkanının nəzərdə tutulması da apellyasiya şikayətinin mövqeyini əsaslandırmır. Hazırkı iddianın predmeti kompensasiyanın ödənilməsi deyil. Bundan başqa, ümumi hüquqi öhdəlik anlayışı qüvvədə olan əlverişsiz inzibati aktın qanuniliyinin yoxlanılmasını və hüquqi nəticələrinin aradan qaldırılmasını mübahisələndirmə haqqında iddiadan ayıraraq müstəqil faktiki hərəkət tələbinə çevirmir. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan, inzibati şikayət verildikdə isə şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu müddət mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir və onun mövcudluğunu məhkəmə tərəflərin etirazından asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 1.1, 1.3, 1.4, 2.1, 2.3 və 9-cu bəndlərindən də belə nəticə irəli gəlir ki, iddianın əsaslılığının araşdırılmasının ilkin şərti onun mümkün olmasıdır; mümkünlük əsaslılıqdan əvvəl aparılan hüquqi qiymətləndirmədir; məhkəmə mümkünlük şərtlərini xidməti vəzifəsinə görə yoxlamalı və ayrı-ayrı iddia növləri üçün nəzərdə tutulmuş xüsusi şərtlərə, o cümlədən iddia müddətinə əməl edilib-edilmədiyini müəyyən etməlidir. Bu baxımdan cavabdehin iddiaya yazılı etiraz təqdim etməməsi müddət məsələsinin yoxlanılmasına mane olmur və ötürülmüş müddətin hüquqi nəticəsini aradan qaldırmır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi və apellyasiya şikayətində konkret sübutlarla təkzib edilməyən hallara görə, əlilliyin qiymətləndirilməsi nəticəsi ## #### 2019-cu ildə ləğv edilmiş, iddiaçı həmin qərardan məlumatlı olmuş, lakin iddia yalnız ## ###### 2025-ci ildə qaldırılmışdır. Beləliklə, iddia 30 günlük müddət bitdikdən altı ildən artıq vaxt keçdikdən sonra verilmişdir. Apellyasiya şikayətində inzibati aktın iddiaçıya daha gec tarixdə təqdim və ya elan edilməsinə, onun qərardan 2025-ci ildə xəbər tutmasına, yaxud müddət hesablamasının başlanğıcını dəyişə biləcək başqa konkret hala dair hər hansı sübut və ya əsaslandırılmış dəlil göstərilməmişdir. Şikayət müəllifi müddətin faktiki hesablanmasını mübahisələndirmək əvəzinə, yalnız iddia növünün dəyişdirilməsi yolu ilə həmin müddətin ümumiyyətlə tətbiq olunmamasını tələb edir. Yuxarıda göstərilən səbəblərə görə bu yanaşma hüquqi cəhətdən qəbul edilə bilməz. Iş materiallarından, həmçinin görünür ki, birinci instansiya məhkəməsi Inzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş yardım etmək vəzifəsinə uyğun olaraq, müddətin ötürülməsində üzrlü hal mövcud olduğu təqdirdə onun bərpasına dair əsaslandırılmış ərizə vermək hüququnu iddiaçıya izah etmək məqsədilə məhkəmə iclasları təyin etmiş, lakin iddiaçı həmin iclaslarda iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Iddiaçı müddətin onun təqsiri olmadan buraxıldığını göstərən ərizə verməmiş, belə bir maneənin mövcudluğunu və davam etdiyi dövrü təsdiqləyən sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi hər kəsin sosial təminat hüququnu təsbit edir. Həmin maddənin III hissəsində bu hüququn qanunla müəyyən edilmiş yaş həddinə çatma, xəstəlik, əlillik, ailə başçısını və ya əmək qabiliyyətini itirmə, işsizlik və qanunla nəzərdə tutulmuş digər hallarda həyata keçirildiyi göstərilir. Konstitusion təminat sosial təminat sahəsində şəxslərin hüquqlarının effektiv müdafiəsini tələb etsə də, bu müddəa sosial təminatla bağlı hər bir mübahisəni qanunla müəyyən edilmiş maddi və prosessual şərtlərdən azad etmir. Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. Bununla yanaşı, məhkəməyə müraciət hüququnun həyata keçirilməsi qanunvericinin ədalət mühakiməsinin səmərəli təşkili, hüquqi müəyyənliyin və hüquq münasibətlərinin sabitliyinin qorunması məqsədilə müəyyən etdiyi prosessual qaydalara riayət olunmasını ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin II hissəsi də hüquq və azadlıqların Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşa biləcəyini və məhdudiyyətin gözlənilən nəticəyə mütənasib olmalı olduğunu təsbit edir. Apellyasiya şikayətində irəli sürülən “sosial təminat hüququna aid tələblərə 30 günlük müddət tətbiq edilə bilməz” mövqeyi qəbul olunarsa, Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tətbiqi inzibati aktın toxunduğu maddi hüququn növündən asılı vəziyyətə düşər. Qanunverici isə sosial təminat sahəsində qəbul edilən əlverişsiz inzibati aktları həmin müddətin tətbiq dairəsindən çıxarmamışdır. Məhkəmə qanunda nəzərdə tutulmayan istisnanı hüquqi şərh yolu ilə yarada bilməz. Belə istisna həm qanunçuluq və hüquqi müəyyənlik prinsipləri ilə, həm də eyni vəziyyətdə olan şəxslərə vahid prosessual qaydaların tətbiqi tələbi ilə ziddiyyət yaradardı. Müddətin tətbiqi iddiaçının sosial təminat hüququnun mövcudluğunu inkar etmir və onun cari sağlamlıq vəziyyətinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni qiymətləndirmə üçün inzibati orqana müraciət etmək imkanını aradan qaldırmır. Hüquqi nəticə yalnız ondan ibarətdir ki, 2019-cu ildə qəbul edilmiş və hüquqi qüvvə qazanmış əlverişsiz inzibati aktın altı ildən sonra, qanunda müəyyən edilmiş müddət və onun bərpası şərtləri gözlənilmədən mübahisələndirilməsinə yol verilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1671/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1671/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver