Məhkəmə qərarları › İş №2-1(3-6)-17/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-17/2026

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-17/2026 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X11 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər - X16, X14, X17, X12, X13, X18, X19, X25 və X2 “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15086/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarından üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X15, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.1986-cı il təvəllüdlü X8, xx.xx.1979-cu il təvəllüdlü X9, xx.xx.1978-ci il təvəllüdlü X20, xx.xx.1958-ci il təvəllüdlü X1 qeydiyyatını ləğv edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15086/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırıldıqda müəyyən olunmuşdur ki, üçüncü şəxs X2 tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmişdir. Ona görə də bu barədə məhkəmə bildirişi göndərilməklə xx.xx.2026-cı il tarixinə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilmədən qüvvədə saxlanmasını, 3-cü şəxs idə ötürülmüş prosessual müddəti üzürlü hesab edərək mahiyyəti üzrə apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəyəndəsinin iştrakını təmin etməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların nümayəndəsinin iştrakı olmadan keçirilməsinin məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxs X1 apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-15086/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarını xx.xx.2025-ci il tarixdə qəbzə imza etməklə əldə etmişdir.(i.v.59). Üçüncü şəxs X2 tərəfindən məhkəmənin qərarı xx.xx.2025-ci il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2025-ci il tarixinə düşür. Lakin, üçüncü şəxs X2 tərəfindən apellyasya şikayəti xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə daxil edilmişdir. Yəni, 06 gün apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Çünki İPM-in 1.2-ci və 81.2 maddələrinin göstərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eləcə də, iş materiallarından görünür ki, müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğuna dair hər hansı sənəd-sübut ərizəsinə əlavə etməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələbinə uyğun əsaslandırılmamışdır. Belə ki, İPM-in 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İPM-in 87.3-cü maddəs isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də, üçüncü şəxs X1 apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, icraata qəbul edilməsindən imtina olunması və onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15086/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar