Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1705/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Əliyeva Pürzə Əbülfəz qızının, Cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2- *(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (tələb dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017ci ilin fevral ayında həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən, yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququnun yaranması ilə əlaqədar iddiaçıya ədliyyə orqanlarının işçisi kimi qulluq illərinə əsasən pensiya təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ##.##.2016-cı il tarixli arayışına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasına müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri ##.##.2016-cı il tarixə (hərbi xidmətdə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 21 il 6 ay 18 gün, güzəştli hesablama ilə isə 27 il 7 ay 6 gün təşkil etmişdir. Bundan sonra, o ##.##.2025-ci il tarixədək əmək pensiyanın 50%-i məbləğində ödəniş almaqla ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməyə davam etmiş və səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya təyin edilən əmək pensiyasına tam arxayın olub cavabdeh orqanın həmin hissədə qəbul etdiyi inzibati akta etibar edərək öz arzusu ilə ədliyyə orqanlarındakı fəaliyyətinin dayandırılması və təqaüdə buraxılmağına dair ərizə ilə rəhbərliyə müraciət etmiş və həmin müraciət əsasında onun ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Ədliyyə orqanlarındakı fəaliyyətinə xitam verildiyindən pensiya ödənişinin 100%-i tam almaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət ünvanlasa da, cavabdeh tərəfindən ona ünvanlanan ##.##.2025-ci il tarixli məktubla pensiya hüququna yenidən baxılması zamanı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ## #### 2017-ci il tarixinədək qulluq stajı 25 ildən az olduğu üçün ədliyyə orqanlarının əməkdaşı kimi pensiya hüququnun olmadığının müəyyən edildiyi və təyin edilmiş əmək pensiyası ödənişinin dayandırıldığı bildirilmiş və 2025-ci ilin noyabr ayından etibarən pensiya ödənişi tamamilə dayandırılmışdır. Həmin məktub əsasında cavabdeh tərəfindən “sabiq ədliyyə orqanları işçisi kimi pensiya hüququnun olmadığının müəyyən edilməsi və təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması” tam əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.2.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, R, R və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti Ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilir. Həmçinin, həmin Qaydanın 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarının 2-ci maddəsinin ## #### 2005-ci il tarixədək qüvvədə olan müddəasına görə, zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin 1 ayı 3 ay sayılaraq uzun müddət xidmətə güzəştli şərtlər tətbiq edilir (## #### 2005-ci il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həmin müddəa çıxarılmışdır). Bundan əlavə, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarın hazırda qüvvədə olan redaksiyasında göstərilir ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır (bir xidmət günü iki xidmət günü). Belə olduğu halda, onun ##.##.1995-ci il tarixdən Ədliyyə Nazirliyində çalışdığı nəzərə alınmaqla ##.##.2017ci il tarixə olan qulluq illəri təqvimi hesablama ilə 22 ildən artıq, güzəştli hesablama ilə isə (hərbi xidmətdə 1 xidmət günü 2 xidmət günü sayılmaqla) yenə də 25 ildən artıq olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarlarına əsasən, onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində, döyüş bölgəsində yerləşən N nömrəli hərbi hissəsində motoatıcı tağım komandiri vəzifəsində ##.##.1996-cı il tarixdən ##.##.1999-cu il tarixədək olan hərbi xidmət illəri təqvimi hesablama ilə 3 il 10 gün, güzəştli hesablama ilə isə 9 il 1 ay təşkil etmişdir ki, bununla birlikdə, ##.##.2016-cı il tarixə ədliyyə orqanlarında olan qulluq illəri (hərbi xidmətdə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 21 il 6 ay 18 gün, güzəştli hesablama ilə isə 27 il 7 ay 6 gün təşkil etmişdir. Bununla da ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ## #### 2017-ci il tarixinədək qulluq stajının 25 ili ötməsi qanunamüvafiq qaydada tam təsdiqini tapmışdır. Bundan əlavə, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhvin düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il ## #### tarixli Qərar, §140). Bununla da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “sabiq ədliyyə orqanları işçisi kimi pensiya hüququnun olmadığı müəyyən edilərək təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması” zamanı iddiaçının həmin orqan tərəfindən 2017-ci ildə əmək pensiyasının təyin edilməsinə dair qəbul edilən inzibati akta (qərara) arxayın olub göstərdiyi etimad əsasında ##.##.2025-ci il tarixdə ədliyyə orqanlarındaki fəaliyyətinə xitam verilməsinə dair öz arzusu ilə könüllü şəkildə müraciət edərək işdən ayrılmağının, yəni yeganə gəlir mənbəyindən imtina etməyinin nəzərə alınmaması, faktiki olaraq həmin hissədə etimad hüququnun pozulması faktını tam təsdiq etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.M.Almazova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı barəsində qəbul etdiyi "Əmək pensiyası təyin edilməsinə dair qərarının ləğv olunması haqqında" *-**-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli və "Əmək pensiyasının dayandırılması haqqında" ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/** saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixində sabiq ədliyyə işçisi kimi vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar iddiaçı barəsində vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı inzibati icraat başladılmışdır. Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılan zaman sabiq ədliyyə orqanları işçisi kimi pensiya hüququnun olmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə ## #### 2017-ci il tarixinədək qulluq stajının 25 ildən az olduğu müəyyən edilmişdir. İddiaçının ədliyyə orqanlarında təqvimi qulluq stajının dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubunda qeyd olunan məlumatlara əsasən, iddiaçıya pensiya təyin edildiyi ## ##### 2016-cı il tarixinə ədliyyə orqanlarında xüsusi rütbəli vəzifədə təqvimi qulluq stajının (hərbi xidmət müddəti də nəzərə alınmaqla) 25 ildən az – 20 il 11 ay 3 gün, qulluğuna xitam verildiyi ## ######## 2025-ci il tarixinə isə 30 il 5 ay 2 gün (həmin tarixə staj tələbi 35 ildir) təşkil etdiyi müəyyən olunub. X1 rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq dövlət qulluğu və güzəştli qulluq stajı ədliyyə orqanlarında xüsusi rütbəli vəzifələrdəki təqvimi qulluq stajına birləşdirilib. Nəticədə qulluq müddəti 25 ildən çox – 27 il 7 ay 21 gün hesablanmaqla ## ##### 2016-cı il tarixindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq iddiaçıya vaxtilə təyin edilmiş ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası hüququnun olmaması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraat başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya məktub göndərilməklə Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala ##.##.2025-ci il tarixində gəlmiş və ona vaxtilə təyin edilmiş ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı halda pensiya təyin edildiyi barədə ətraflı məlumat verilmiş, daha sonra iddiaçının yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Lakin mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Buna dair isə aktın aşağı hissəsində qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Daha sonra İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarla pensiyanın dayandırılma səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən pensiya hüququnun olmaması göstərilmiş və qanunvericiliyin tələblərinə uyğun qaydada ##.##.2025-ci il tarixindən dayandırılmışdır. Buna görə də, yalnız son üç il üzrə məhdudlaşdırılmaqla iddiaçıya 57384,14 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. ... Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. ... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli ** №li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydalarına uyğun olaraq üç ulduz fərqləndirmə nişanı verilən *-*(***)-****/**** saylı qərarda qeyd edilmişdir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.. .. Ədliyyə Nazirliyinin arayışlarından və qanunvericilik normalarının təhlilindən də göründüyü kimi iddiaçının nə ##.##.2016-cı il tarixinə, nə də ##.##.2025-ci il tarixinə ona sabiq ədliyyə qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirmişdir: “ ... müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardaddan kassasiya şikayəti verilməmişdir. ... Fond artıq müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardadları kassasiya qaydasında mübahisələndirmir. ... İnzibati orqan tərəfindən pensiyanın səhv hesablanması faktı vətəndaşın müraciətindən sonra aşkar edilmişdir. Fondun iş yükünün çoxluğu nəzərə alınaraq mütəmadi olaraq hər ay monitorinqlər təşkil etmək mümkün deyildir. ... Konkret olaraq müəyyən müddət qeyd edə bilmir, amma mütəmadi olaraq dövrlər üzrə monitorinqlərin təşkil edilməsinə çalışılır”. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Əliyeva Pürzə Əbülfəz qızı izahatında bildirdi ki, pensiyanın güya düzgün hesablanmadığı vətəndaşın müraciətindən sonra aşkarlanmış və səhv hesablanmaya vətəndaş tərəfindən səhv məlumatın və yaxud sənədlərin təqdim edilməsi yox, məhz dövlət orqanı tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi əsas olmuşdur. Bu isə o deməkdir ki, pensiyanın səhv olaraq təyinində vətəndaşın günahı yoxdur, dövlət orqanın səhlənkarlığına görə isə vətəndaş cavab verməli deyildir. Bu istiqamətdə artıq məhkəmə praktikası da formalaşmış bu mövqeyi təsdiqləyən Ali Məhkəmənin bir çox məhkəmə aktları mövcuddur. Eyni zamanda burada vətənədaşın qanuna və dövlət orqanına olan etimad hüququ sarsılmış olur. Yəni şəxs öz tələbatlarını – ehtiyaclarını həmin pensiya məbləğini nəzərə alaraq planlaşdırmışdır. Hazırkı vəziyyətdə əgər pensiyanın hesablanması dayandırılarsa cavabdeh inzibati orqanın səhvinə görə ən çox zərər çəkən vətəndaş olacaqdır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin ## ##### 2016-cı il tarixli qərarı ilə İddiaçı ## ##### 2016-cı il tarixdən ədliyyə orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ədliyyə orqanlarında işləməsini davam etdirdiyi müddətdə pensiyanın 50 faizini almış, ## ######## 2025-ci il tarixdə qulluğuna öz arzusu ilə xitam verildikdən sonra pensiyasının yenidən hesablanması üçün ## ####### 2025-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh həmin müraciət üzrə yenidən hesablamanı həyata keçirmək əvəzinə, əvvəllər verilmiş pensiya hüququnun mövcudluğunu təftiş etmiş və ## ###### 2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla pensiyanın təyin edilməsi haqqında əvvəlki qərarı ləğv etmiş, eyni tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla isə pensiyanın ödənilməsini ## ####### 2025-ci il tarixdən dayandırmışdır. Eyni zamanda, iddiaçıya son üç il üzrə 57.384,14 manat artıq pensiya ödənildiyi müəyyən edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işin mühüm hallarını tam araşdırmadığı və ciddi prosessual pozuntulara yol verdiyi ümumi şəkildə göstərilsə də, hansı konkret halın araşdırılmadığı, hansı sübutun qiymətləndirilmədiyi, yaxud hansı prosessual pozuntunun işin nəticəsinə təsir etdiyi açıqlanmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh hər hansı yeni sübut təqdim etməmiş, əlavə araşdırma aparılması barədə vəsatət verməmişdir. Buna görə şikayətin bu hissəsi konkret faktlara deyil, ümumi mülahizələrə əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə bir-birindən fərqləndirilməli olan iki hüquqi məsələ mövcuddur: iddiaçıya 2016-cı ildə pensiya təyin edilməsi haqqında qərarın maddi hüquq baxımından düzgün olub-olmaması və həmin qərarın 2025-ci ildə ləğv edilməsinin qanunla müəyyən edilmiş müddət, prosedur, etimadın qorunması və hüquqi nəticələr baxımından qanuni olub-olmaması. Belə ki, əvvəlki qərarın qanunsuz olduğu fərz edilsə belə, bu hal inzibati orqana həmin qərarı istənilən vaxt və istənilən hüquqi nəticə ilə ləğv etmək səlahiyyəti vermir. Pensiyanın təyin edilməsi haqqında ## ##### 2016-cı il tarixli qərar iddiaçı üçün davamlı hüquqi və maddi nəticələr yaradan əlverişli inzibati aktdır. Belə aktın ləğvinə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən edilmiş xüsusi məhdudiyyətlər daxilində yol verilə bilər. Həmin Qanunun 67.5-ci maddəsi əlverişli inzibati aktın məzmununa göstərilmiş və qanunla qorunan etimadı müdafiə edir. Qanunun 67.6-cı maddəsində isə şəxsin etimadın qorunmasına istinad edə bilmədiyi hallar məhdud şəkildə sadalanmışdır: inzibati aktın rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə əldə edilməsi; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlərin təqdim olunması; şəxsin aktın qanunsuz olduğunu bilməsi və ya kobud ehtiyatsızlıq nəticəsində bilməməsi. İş materiallarında iddiaçının pensiyanı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə əldə etməsi, səhv və ya təhrif olunmuş sənəd təqdim etməsi, yaxud pensiyanın qanunsuz təyin olunduğunu bilməsi və ya kobud ehtiyatsızlıq nəticəsində bilməməsi barədə heç bir sübut yoxdur. Cavabdehin inzibati aktlarında və apellyasiya şikayətində də iddiaçıya belə bir davranış aid edilməmişdir. Pensiya təyinatı iddiaçının təqdim etdiyi saxta və ya təhrif olunmuş məlumatlar əsasında deyil, Ədliyyə Nazirliyinin rəsmi arayışları və cavabdehin özünün həmin sənədlərə verdiyi hüquqi qiymət əsasında aparılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə düşür. Cavabdeh nə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinin mövcudluğunu, nə də iddiaçının etimadının qorunmamasını şərtləndirən başqa faktı sübut etmişdir. Cavabdehin dövlət və ictimai maraqlara istinadı da onun mövqeyini əsaslandırmır. “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsi dövlət və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğvini mümkün hesab etsə də, belə ləğvin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmadığını ayrıca təsbit edir. Deməli, cavabdehin istinad etdiyi dövlət və ictimai maraq ləğvetməyə əsas sayılsa belə, bu əsas imperativ qaydalara riayət etməməyə, həmçinin əvvəlki dövr üzrə hüquqi nəticələrin geriyə qüvvə ilə aradan qaldırılmasına və həmin dövrün ödənişlərinin geri tələb edilməsinə imkan vermir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt onun ləğvini şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Bu imperativ müddətin istisnası yalnız 67.6.1-ci maddədə nəzərdə tutulan rüşvət, hədəqorxu və ya aldatma hallarına aiddir. Hazırkı işdə belə bir halın mövcudluğu nə iddia edilmiş, nə də sübuta yetirilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin 2025-ci ildə “yeni aşkar edilmiş hal” kimi təqdim etdiyi məlumatlar pensiya təyinatı zamanı onun sərəncamında olmuşdur. Ədliyyə Nazirliyinin ## #### 2016-cı il tarixli, */**-*** nömrəli arayışında iddiaçının qulluq müddəti həm təqvimi, həm də güzəştli qaydada ayrıca göstərilmiş, ## #### 2016-cı il tarixə təqvimi hesablamanın 21 il 6 ay 18 gün, güzəştli hesablamanın isə 27 il 7 ay 6 gün təşkil etdiyi açıq şəkildə qeyd edilmişdir. Arayış məhz Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün verilmiş və pensiyanın təyin edilməsi zamanı inzibati orqan tərəfindən qiymətləndirilmişdir. Bundan başqa, 2019-cu ilin dekabrında pensiya işi DSMF-nin xüsusi şərtlərlə pensiya təyinatına cavabdeh ixtisaslaşmış strukturuna göndərilmiş, 16 yanvar və ## ###### 2020-ci il tarixli qərarlarla pensiya yenidən hesablanmışdır. Həmin qərarlarda ilkin pensiyanın ## ##### 2016-cı il tarixdən təyin edildiyi və pensiyanın növünün ədliyyə orqanlarında qulluqla bağlı yaşa görə pensiya olduğu göstərilmişdir. Beləliklə, cavabdehin funksional sələfi ən geci 2020-ci ilin əvvəlində pensiya işini bütün sənədləri ilə qəbul etmiş, təyinatı tətbiq etmiş və yeni hesablamalar aparmışdır. İnzibati orqanın məlumatlılığı onun ayrı-ayrı əməkdaşlarının subyektiv məlumatı ilə deyil, institusional məlumatlılıq əsasında qiymətləndirilməlidir. İnzibati orqanın sərəncamında olan və təkrar hesablamalar zamanı baxılmalı olan pensiya işinin məzmunundan uzun müddət xəbərsiz qalması 67.12-ci maddədəki müddətin başlanmasını qeyri-müəyyən vaxta qədər təxirə sala bilməz. Ədliyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli məktubu da 2016-cı ildə mövcud olmayan yeni əmək və ya qulluq dövrü müəyyən etməmişdir. Həmin məktubda iddiaçının ## ###### 1994-cü ildən başlayan dövlət qulluğu, xüsusi rütbəli vəzifələrdə işi və hərbi xidmət dövrləri göstərilmiş, Nazirlər Kabinetinin ## ### 2008-ci il tarixli *** nömrəli Qərarına əsasən ## ######## 2025-ci il tarixə təqvimi qulluq müddətinin 31 il 1 ay 4 gün, güzəştli qulluq müddətinin 37 il 1 ay 22 gün olduğu və 25 illik güzəştli qulluq müddətinin ## ###### 2013-cü ildə tamamlandığı bildirilmişdir. Cavabdehin ## ##### 2016-cı il tarixə 20 il 11 ay 3 gün, ## ######## 2025-ci il tarixə isə 30 il 5 ay 2 gün qulluq müddəti müəyyən etməsi Ədliyyə Nazirliyinin yeni fakt təqdim etməsinin deyil, cavabdehin əvvəldən mövcud olmuş eyni qulluq dövrlərinə 2025ci ildə fərqli hüquqi qiymət verməsinin nəticəsidir. İnzibati orqanın əvvəlki hüquqi qiymətləndirməsini sonradan dəyişdirməsi 67.12-ci maddədəki müddətin yenidən başlanmasına səbəb ola bilməz. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi uyğunsuzluğun yalnız iddiaçının 2025-ci il müraciətindən sonra aşkar edildiyini, iş yükünün çoxluğu səbəbindən pensiya işlərinin mütəmadi yoxlanılmasının mümkün olmadığını bildirmişdir. Lakin inzibati orqanın iş yükü, daxili nəzarət mexanizmlərinin yetərsizliyi və ya uzun müddət yoxlama aparmaması qanunla müəyyən edilmiş birillik müddəti dayandıran, uzadan və ya yenidən başladan hallar deyil. Əks yanaşma 67.12-ci maddəni hüquqi məzmundan məhrum edər və əlverişli inzibati aktları inzibati orqanın istədiyi vaxt yenidən nəzərdən keçirə biləcəyi qeyri-sabit aktlara çevirərdi. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi Ali Məhkəmənin ## ###### 2024cü il tarixli, *-*(***)-****/**** saylı qərarı da cavabdehin deyil, iddiaçının mövqeyini təsdiq edir. Həmin qərarın yalnız inzibati orqanın öz səhvini prinsip etibarilə düzəldə bilməsi barədə hissəsinə istinad edilmiş, bu səlahiyyətin qanunla müəyyən edilmiş müddət və prosedurlarla məhdudlaşdırılması barədə həlledici hüquqi mövqe nəzərə alınmamışdır. Ali Məhkəmə həmin qərarda 67.12-ci maddədəki birillik müddəti imperativ təminat kimi qiymətləndirmiş, müddətin inzibati orqanın ləğvetməyə əsas olan halı bildiyi və ya bilməli olduğu vaxtdan hesablanmasını, bu vaxtı və ləğvetməyə əsas olan konkret halları sübut etmək vəzifəsinin inzibati orqanın üzərinə düşməsini təsbit etmişdir. Həmçinin vurğulanmışdır ki, inzibati orqanın uzun müddət hərəkətsiz qalması həyat şəraitini pensiya təminatına uyğun planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Beləliklə, ilkin pensiya işində ləğvetməyə əsas götürülən bütün faktiki məlumatlar 2016-cı ildə mövcud olmuş, pensiya işi ən geci 2020-ci ildə cavabdehin ixtisaslaşmış strukturuna daxil olaraq təkrar hesablanmışdır. Buna görə ## ###### 2025-ci il tarixli qərar 67.12-ci maddədə müəyyən edilmiş birillik müddət başa çatdıqdan sonra qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 61.1-61.4-cü maddələri yazılı inzibati aktın əsaslandırılmasını, işin faktiki və hüquqi hallarının, sübutların və tətbiq olunan hüquq normalarının qərarda göstərilməsini tələb edir. Qanunun 24-cü maddəsinə görə, inzibati orqan işin bütün hallarını, o cümlədən maraqlı şəxsin xeyrinə olan halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Cavabdehin ## ###### 2025-ci il tarixli qərarlarında iddiaçının etimad hüququ, 67.6-cı maddədəki istisnaların mövcud olub-olmaması, 67.12-ci maddədəki müddətin hansı tarixdən hesablanması, 2016-cı il arayışının məzmunu, 2020-ci ildə aparılmış yenidən hesablamalar və iddiaçının pensiyaya etimad edərək qulluğuna xitam verməsi qiymətləndirilməmişdir. Ləğvetmə qərarında 67.8-ci maddəyə formal istinad edilsə də, həmin normanın ləğvin əvvəlki hüquqi nəticələri aradan qaldırmaması barədə tələbi nəzərə alınmamışdır. İddiaçının ## ###### 2025-ci il tarixdə dinlənilməsi özlüyündə sonrakı qərarların qanuniliyini təmin etmir. Dinlənilmə hüququ inzibati icraatın mühüm təminatlarından yalnız biridir. İnzibati orqan həmçinin qərarı qanuni müddətdə qəbul etməli, bütün əhəmiyyətli halları araşdırmalı, etimadın qorunmasına qiymət verməli və qərarını əsaslandırmalıdır. Bu tələblərin yerinə yetirilməməsi yalnız dinlənilmə proseduruna əməl olunması ilə aradan qalxmır. Qərarlardan sonra göndərilmiş ## ###### 2025-ci il tarixli məktub mübahisələndirilən inzibati aktların əsaslandırılmasının əvəzi sayıla bilməz. Həmin məktub inzibati aktların tərkib hissəsi kimi qəbul edilsə belə, orada da 67.5-67.12-ci maddələrin tətbiqi, birillik müddətin başlanma anı, iddiaçının etimad hüququ və ləğvin hüquqi nəticələrinin zaman baxımından həddi qiymətləndirilməmişdir. Bundan əlavə, pensiyanın ödənilməsi ## ####### 2025-ci il tarixdən dayandırılmış, dayandırma və ləğvetmə qərarları isə ## ###### 2025-ci ildə qəbul edilmişdir. Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi və ya həmin şəxsə məlum olduğu andan hüquqi qüvvəyə minir. Buna görə ## ###### 2025-ci ildə qəbul edilmiş və sonradan iddiaçıya bildirilmiş qərarın ## ####### 2025-ci ildən hüquqi nəticə yaratması həm 64.1-ci, həm də 67.8-ci maddələrin tələbləri ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının nə ## ##### 2016-cı il, nə də ## ######## 2025-ci il tarixə pensiya hüququna malik olmadığı barədə dəlili də iş materialları öz təsdiqini tapmır. Ədliyyə Nazirliyinin həm 2016-cı il, həm də ## ###### 2025-ci il tarixli arayışlarında qulluq müddətləri təqvimi və güzəştli qaydada ayrıca hesablanmışdır. Sonuncu məktubda 25 illik güzəştli qulluq müddətinin ## ###### 2013-cü ildə tamamlandığı birbaşa göstərilmişdir. Cavabdeh isə dövlət qulluğu dövrünü və güzəştli hesablanmış müddətləri çıxmaqla fərqli nəticəyə gəlmişdir. Belə vəziyyətdə yalnız “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə istinad kifayət etmir. Cavabdeh 2016-cı ildə qüvvədə olmuş 9.7-ci maddə ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun və Nazirlər Kabinetinin ## ### 2008-ci il tarixli *** nömrəli Qərarının qarşılıqlı tətbiqini, dövlət qulluğu və hərbi xidmət dövrlərinin hüquqi statusunu, habelə güzəştli hesablamanın pensiya hüququnun müəyyən edilməsinə təsirini əsaslandırılmış şəkildə təhlil etməli idi. Mübahisələndirilən qərarlarda belə təhlil aparılmamışdır. Konstitusiya Məhkəməsinin apellyasiya şikayətində istinad olunan qərarlarında qanunvericinin pensiya sisteminin şərtlərini müəyyən edərkən malik olduğu mülahizə sərbəstliyi təsbit edilmişdir. Həmin hüquqi mövqe inzibati orqana qüvvədə olan qanunla müəyyən edilmiş etimad, müddət, əsaslandırma və hüquqi müəyyənlik təminatlarını tətbiq etməmək səlahiyyəti vermir. Qanunvericinin sosial təminat sahəsindəki mülahizə sərbəstliyi ilə inzibati orqanın konkret şəxsin xeyrinə qəbul edilmiş yekun aktı ləğv etməsi eyni hüquqi məsələ deyil. Dövlət büdcəsinin qorunması və sosial ədalətin təmin edilməsi legitim ictimai maraqlardır. Lakin qanunverici bu maraqlarla şəxsin hüquqi müəyyənlik və etimad hüququ arasındakı tarazlığı artıq 67.5-67.12-ci maddələrdə müəyyən etmişdir. Məhkəmə ümumi büdcə arqumentinə əsaslanaraq həmin imperativ təminatları tətbiq etməmək səlahiyyətinə malik deyil. İddiaçı doqquz ildən artıq müddətdə dövlət orqanının yekun qərarına əsasən pensiya almışdır. O, ədliyyə orqanlarında çalışdığı müddətdə pensiyanın 50 faizini almış, pensiya təyinatının qüvvədə olduğuna inanaraq ## ######## 2025-ci il tarixdə qulluğuna xitam vermiş və əməkhaqqından imtina etməklə gələcək həyatını tam pensiya ödənişinə uyğun planlaşdırmışdır. Bu dövlət orqanının uzun müddət tətbiq etdiyi əlverişli inzibati akta əsaslanan konkret etimad davranışıdır. İddiaçının pensiyasının tam dayandırılması, eyni zamanda 57.384,14 manat artıqödəmənin hesablanması onun üzərinə fərdi və həddindən artıq ağır yük qoyur. İnzibati orqanın öz hüquqi qiymətləndirməsində yol verdiyi səhvin bütün mənfi nəticələrinin heç bir təqsiri olmayan şəxsin üzərinə keçirilməsi hüquqi müəyyənlik və mütənasiblik prinsipləri ilə uyğun gəlmir. Avropa İnsan Hüquqları Məhkəməsi Moskal Polşaya qarşı və Čakarević Xorvatiyaya qarşı işlərdə sosial ödənişlər sahəsində dövlət orqanının səhvini düzəltmək imkanını inkar etməsə də, şəxsin təqsiri olmadığı, onun ödənişə əsaslı etimad göstərdiyi və ödənişin dayandırılması ilə geri tələb edilməsinin ağır fərdi yük yaratdığı hallarda dövlət səhvinin nəticələrinin bütövlükdə şəxsin üzərinə qoyulmasını mülkiyyət hüququ ilə uzlaşmayan müdaxilə kimi qiymətləndirmişdir. Hazırkı işdə də iddiaçının davranışında vicdansızlıq müəyyən edilməmiş, mübahisə inzibati orqanın özünün əvvəlki hüquqi qiymətləndirməsindən irəli gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, cavabdeh pensiyanın təyin edilməsinə dair əvvəlki əlverişli inzibati aktı qanunla müəyyən edilmiş birillik müddət keçdikdən sonra ləğv etmiş, iddiaçının etimad hüququnu və “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddədəki şərtləri qiymətləndirməmiş, ləğvetməni qanunsuz şəkildə geriyə tətbiq etmiş və hüquqi qüvvədə olmuş pensiya aktı əsasında edilmiş ödənişləri geri tələb etmişdir. Mübahisələndirilən qərarlarda bu nəticələri əsaslandıran yetərli faktiki və hüquqi təhlil aparılmamışdır. Apellyasiya şikayətində göstərilən ümumi büdcə, sosial ədalət və inzibati orqanın səhvini düzəltmək səlahiyyəti barədə dəlillər “İnzibati icraat haqqında” Qanunun 67.5- 67.12-ci maddələrdə müəyyən edilmiş imperativ təminatları aradan qaldırmır. Şikayətdə istinad olunan Ali Məhkəmənin təcrübəsi isə tam məzmununda cavabdehin deyil, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq onu qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqlarının müvəqqəti müdafiəsi məqsədilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə qərardad qəbul edilmiş, həmin qərardad apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, cavabdeh isə ondan kassasiya şikayəti verməmişdir. Bununla da sözügedən qərardad qanuni qüvvəyə minərək tərəflər üçün məcburi xarakter almışdır. Təbii ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zamanı verilən hüquqi qiymət mübahisənin mahiyyəti üzrə yekun qiymət olmadığından, həmin qərardadın kassasiya qaydasında mübahisələndirilməməsi cavabdehin iddianı etiraf etməsi və ya qərardadda ifadə edilmiş ilkin hüquqi mövqenin hazırkı iş üçün preyudisial xarakter daşıması kimi qiymətləndirilə bilməz. Lakin cavabdehin hazırkı mübahisə çərçivəsində malik olduğu hüquqi müdafiə vasitəsindən istifadə etməməsi və məhkəmələrin tələbin uğurluluğu ilə bağlı gəldiyi nəticəni faktiki olaraq mübahisələndirilməməsi inzibati orqanın davranışı prizmasından işin digər halları ilə birlikdə nəzərə alınmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1705/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1705/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver