Məhkəmə qərarları › İş №2-1(3-6)-1732/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1732/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1732/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndəsi X8, Üçüncü şəxs Üçüncü şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 38, mənzil 8 üzərində Üçüncü şəxs mülkiyyət hüququnun təsbit olunmasına dair dövlət reyestrində aparılmış qeydin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (tələb dəqiqləşdirilmişdir). Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə Üçüncü şəxs iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddiaçının Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, AB y/s, ** saylı evdə yerləşən * saylı mənzilə yaşayış hüququ tanınmış və həmin mənzilə pasport qeydiyyatına alınması vəzifəsi Suraxanı rayon Polis Idarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə həvalə edilmişdir. Həmin vaxtdan iddiaçı qeyd edilən ünvanda pasport qeydiyyatındadır və sözügedən qətnamə bu gün də qüvvədədir. Iddiaçı ilə yanaşı oğlu X5 və keçmiş əri, üçüncü şəxs həmin ünvanda qeydiyyatdadırlar. Onun üçüncü şəxs ilə evin özəlləşdirilib satılması barədə aralarında mübahisə var. Lakin, üçüncü şəxs iddiaçının və oğlunun razılığı olmadan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, AB y/s, ** saylı evdə yerləşən * saylı mənzili özəlləşdirmiş və mülkiyyət hüququna dair çıxarış almışdır. Iddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh həmin mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsini qanunvericiliyin tələblərini pozmaqla həyata keçirmişdir. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ** saylı evin * saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyata alınması zamanı hüquqmüəyyənedici sənədlərdə adları qeyd olunan və eyni zamanda ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiq edilmiş ərizələri tələb olunur. Belə ki, həmin mənzilə dair verilmiş Şaumyan rayon XDS IK-nın **/*b saylı, ##.##.1988-ci il tarixli qərarında və ****** saylı, ##.##.1988-ci il tarixli orderdə mənzil sahibinin ailə üzvü kimi iddiaçının və oğlunun adı qeyd olunmadığından müvafiq mənzilin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydiyyata alınması zamanı onların razılıq ərizələrinizin tələb olunması qanunamüvafiq hesab olunmamışdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 38, mənzil 8 üzərində Üçüncü şəxs mülkiyyət hüququnun təsbit olunmasına dair dövlət reyestrində aparılmış qeydin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən iddiaçının 2010-cu il tarixli məhkəmə qətnaməsi ilə mənzilə yaşayış hüququnun tanınmasını onun mənzilin özəlləşdirilməsinə razılıq vermək hüququnun mövcudluğu kimi qiymətləndirmişdir. Halbuki, bu yanaşma qanunvericiliyin mahiyyətinə ziddir. Iş materiallarından görünür ki, ##.##.1988-ci il tarixli qərarda, ##.##.1988-ci il tarixli ****** saylı orderdə iddiaçının və onun oğlunun adı ailə üzvü kimi göstərilməmişdir. Deməli, iddiaçı ilkin mənzil-hüquq münasibətlərinin iştirakçısı olmamış, order üzrə ailə üzvü statusuna malik olmamışdır. 2010-cu il tarixli məhkəmə qətnaməsi yalnız yaşayış hüququnu tanımışdır. Həmin qətnamə iddiaçıya mülkiyyət hüququ, pay hüququ, yaxud özəlləşdirmədə iştirak hüququ verməmişdir. Məhkəmə isə yaşayış hüququnu avtomatik olaraq özəlləşdirmədə veto hüququ kimi qiymətləndirmişdir ki, bu da maddi hüquq normasının yanlış tətbiqidir. Eyni zamanda məhkəmə “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5 və 8-ci maddələrini düzgün tətbiq etməmişdir. Qanunun 8-ci maddəsinə əsasən özəlləşdirmə zamanı yalnız həmin mənzilə hüququ olan, ərizəçi ilə birlikdə yaşayan, 18 yaşı tamam olmuş şəxslərin razılığı tələb edilir. Cavabdeh inzibati orqan da haqlı olaraq göstərmişdir ki, order və hüquqmüəyyənedici sənədlərdə iddiaçının adı olmadığından onun razılığı tələb edilməmişdir. Bir şəxsin sonradan qeydiyyata alınması və ya yaşayış hüququ əldə etməsi onun ilkin order münasibətlərində iştirakçı olması anlamına gəlmir. Əks yanaşma qəbul edilərsə sonradan qeydiyyata düşən istənilən şəxs, mənzilin özəlləşdirilməsinə mane olmaq hüququ əldə etmiş olar ki, bu da hüquqi müəyyənlik prinsipini tamamilə pozar. Xüsusilə, məhkəmə əvvəlki məhkəmə qərarlarını yanlış şərh etmişdir. Məhkəmə 2016-cı il tarixli inzibati iş üzrə qəbul olunmuş məhkəmə qərarlarına istinad edərək göstərmişdir ki, həmin qərarlarda iddiaçının razılığının olmaması əsas götürülmüşdür. Lakin həmin iş üzrə “mənzilin paylı mülkiyyət kimi özgəninkiləşdirilməsi” mübahisə predmeti olmuş, hazırkı işdə isə çıxarışın ləğvi tələb edilir. Bu səbəbdən əvvəlki iş üzrə müəyyən edilmiş hallar hazırkı iş üçün preyudisial xarakter daşımır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən preyudisiallıq yalnız eyni predmet, eyni əsas, eyni hüquqi münasibətlər üzrə tətbiq edilə bilər. Məhkəmə isə əvvəlki qərarları hazırkı iş üzrə birbaşa və mütləq sübut kimi qəbul etməklə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Iddiaçı uzun müddət ərzində öz hüququndan istifadə etməmişdir. Iş materiallarından görünür ki, iddiaçı uzun illər ərzində özəlləşdirməyə etiraz etməmiş, mənzildə faktiki yaşamamış, yalnız çıxarış verildikdən sonra iddia qaldırmışdır. Məhkəmədə bildirmişdir ki, iddiaçı təxminən iki ildən artıq müddətdə həmin mənzildə yaşamamışdır. Məhkəmə bu halı formal olaraq qiymətləndirmiş, lakin faktiki yaşayışın olmamasının, ailə münasibətlərinin pozulmasının, uzun müddət hüquqdan istifadə edilməməsinin özəlləşdirmə münasibətlərinə təsirini ümumiyyətlə araşdırmamışdır. Hüquqi müəyyənlik və sabitlik prinsipi pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən, hüquqi müəyyənlik prinsipi hüquq münasibətlərinin sabitliyini təmin etməlidir. Hazırkı işdə dövlət orqanı tərəfindən çıxarış verilmiş, daşınmaz əmlak dövlət reyestrində qeydiyyat aparılmış, mülkiyyət hüququ rəsmən tanınmışdır. Bu hüququn illər sonra ləğvi mülki dövriyyənin sabitliyini pozur və hüquqi etimad prinsipinə ziddir. Yekun olaraq bildirilir ki, məhkəmə aşağıdakı mühüm halları araşdırmamışdır: iddiaçı özəlləşdirmə zamanı faktiki olaraq mənzildə yaşayırdımı, kommunal ödənişlər kim tərəfindən edilirdi, mənzil təsərrüfatında faktiki istifadəçi kim idi, iddiaçının yaşayış hüququnun həcmi nə idi, həmin hüquq özəlləşdirməyə razılıq hüququ yaradırdımı. Bu hallar araşdırılmadan qərar qəbul edilməsi prosessual pozuntudur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, birinci instansiya məhkəməsində də qarşı tərəfə bu sual ilə müraciət edilib, nə cavabını ala bildi nə də ki məhkəmə tərəfindən həmin hal araşdırıldı. Ona görə sualı təkrarlayır: iddiaçıya məhkəmə qətnaməsi ilə mənzildə yaşamaq hüququnun verilməsi (2010-ci ildə verilmişdir) avtomatik olaraq mənzilin özələşdirilməsində razılıq verilməsinə dair hüquq yaradırmı? Eyni zamanda daha bir sualı da cavabsız qalmışdır. Belə ki, hazırda üçüncü şəxsin adına verilmiş çıxarış iddaçının hansı hüququnu pozur və yaxud çıxarış ləğv olunarsa iddiaçının hansı pozulmuş hüququ bərpa olunacaq? Hesab edirik ki, bu suallar arşdırılmalı idi. Məhkəmə qərarında iddiaçının müvafiq mənzilə köçürülməsinə dair qətnaməyə əsaslanaraq iddia tələbini qanuni və haqlı bilərək təmin etmişdir. Həmin qətnamənin mövcudluğu üçüncü şəxs tərəfindən mübahisələndirilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Lakin həmin qətnamə sadəcə iddiaçıya mübahisəli mənzildən istifadə və yaşamaq hüquqnu tanımışdır. Qətnamə iddiaçıya gələcəkdə müvafiq mənzilin özəlləşdirilməsində müvafiq maneələrin yaradılması və yaxud razılığın verilməsi və s. kimi hüquqlar tanımamışdır. Hazırda çıxarışın ləğvi iddiaçının hər hansı bir hüququnu pozmadığı (yaşamaq və ya isitifadə etmək kimi) və ya bərpa etmədiyi kimi, hazırda çıxarışın mövcudluğu da onun heç bir hüquqnu pozmamalıdır. Üçüncü şəxs çıxarış əldə edən kimi iddiaçı müvafiq quruma müracit etdi. Halbuki məhkəmə iclasında özünü də qeyd etdiyi kimi 3 ildən çoxdur ki, o həmin mənzildə yaşamır. Iddiaçıdan çıxarışın ləğv edilməsinin ona nə verəcəyi soruşulanda onun təklif edilən kompensasiyanın məbləğindən narazı olduğu aydın oldu. Hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə dair iş icraatdadır, hazırkı işə baxılıb qurtaranadək dayandırılıb. Həmin iş üzrə iddiaçı təklif edilən kompensasiya məbləği ilə razılaşmır. Bakı Inzibati Məhkəməsində də iddiaçı ondan çıxarışn ləğvinin tələb etməkdə məqsədi soruşulanda kompensasiyanın məbləğinin az olmasını əsas gətirmişdir. Iddiaçı kompensasiya kimi 60 mindən çox pul istəyir. Hazırda çıxarış ləğv olunduqda onda mülki iş üzrə iddiaçıya kompensasiya ödənilə bilmiyəcək, çünki artıq üçüncü şəxs mülkiyyətçi olmayacaq. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndəsi X8 izahatında bildirdi ki, mənzil özəlləşdirilən zaman “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən, mənzil kirayə müqaviləsində və yaxud orderdə adı göstərilən və faktiki yaşayan şəxslərin razılığ tələb olunur. Iddiaçı faktiki olaraq mənzildə yaşamır. Bu səbəbdən də onun, yəni iddiaçının razılığı alınmadan çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil/Nümayəndə izahatında bildirdi ki, qarşı tərəfin qeyd etdiyi kimi iddiaçının müvafiq mənzildən istifadə və yaşamaq hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır. Birinci instansiya məhkəməsinin qərarında bu qətnamə ilə bərabər eyni zamanda Bakı * saylı Inzibati-Iqtisadı Məhkəməsinin 2017-ci il tarixli qərarına isitnad olunmuşdur. Həmin qərar ilə Üçüncü şəxs xxxx publik hüquqi şəxsinə qarşı iddia tələbi rədd edilmişdir. Müvafiq qərardan apellyasiya və kassasiya şikayətləri verilsə də, qərar qüvvədə saxlanılmışdır. Həmin qərarda qeyd olunub ki, İddiaçı razılığı olmadan müvafiq məzil özəlləşdirilə bilməz. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, işin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil 1988-ci ildə X3 ailə üzvləri ilə birlikdə verilmişdir. Iddiaçı İddiaçı, əvvəlki soyadı Məmmədova olmaqla, 2001-ci ildə Üçüncü şəxs ilə ailə qurduqdan sonra həmin mənzilə köçmüş, mənzilin o vaxtkı kirayəçisinin və ailə üzvlərinin razılığı ilə orada yaşamış və onlarla ümumi təsərrüfat aparmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə məhkəmə məhz bu faktları araşdıraraq iddiaçının mərhum kirayəçi X3 ailə üzvü kimi qiymətləndirilməli olması nəticəsinə gəlmiş, onun mübahisəli mənzilə yaşayış hüququnu tanımış və həmin ünvanda qeydiyyata alınmasını qərara almışdır. Həmin qətnamə ## ### 2010-cu ildə qanuni qüvvəyə minmiş, icra olunmuş və iddiaçı mübahisəli mənzil üzrə yaşayış yeri qeydiyyatına alınmışdır. Buna görə də apellyasiya şikayətinin 1988-ci il orderində iddiaçının adının olmamasına əsaslanan dəlili özlüyündə həlledici əhəmiyyət daşıya bilməz. Iddiaçının 1988-ci ildə tərtib olunmuş orderdə göstərilməməsi təbiidir, çünki onun mənzilə köçməsi və müvafiq mənzil hüquq münasibətlərinin iştirakçısına çevrilməsi bundan xeyli sonra baş vermişdir. Mənzil sahəsi üzərində istifadə hüququnun yeganə yaranma mənbəyi ilkin order deyildir. Şəxsin sonradan kirayəçinin ailə üzvü kimi mənzilə köçməsi və qüvvədə olan mənzil qanunvericiliyinə əsasən həmin mənzildən istifadə hüququ əldə etməsi də hüquqi nəticə doğurur. Hazırkı halda isə bu hüququn mövcudluğu sadəcə faktiki hallardan irəli gələn ehtimal deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqi vəziyyətdir. Həmçinin, qeyd edilməlidir ki, Üçüncü şəxs həmin iş üzrə cavabdeh qismində iştirak etmiş, iddiaçının onun valideynlərinin razılığı ilə mənzilə köçdüyünü və orada yaşadığını təsdiq etmiş, habelə ## ###### 2008-ci ildə iddiaçının həmin mənzil üzrə qeydiyyata alınmasına notariat qaydasında razılıq verdiyini etiraf etmişdir. Beləliklə, hazırda iddiaçının 1988-ci il orderində adının olmamasına istinad edilməsi əvvəllər məhkəmə qaydasında araşdırılmış və müəyyən edilmiş sonrakı hüquqi faktları aradan qaldırmır. Apellyasiya şikayətinin “2010-cu il qətnaməsi iddiaçıya yalnız yaşamaq hüququ vermiş, özəlləşdirmədə iştirak və ya razılıq vermək hüququ yaratmamışdır” məzmunlu əsas dəlili də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun mahiyyətinə uyğun deyildir. Şikayətdə razılıq hüququnun “veto hüququ” kimi təqdim edilməsi həmin hüquqi institutun təyinatını dəqiq ifadə etmir. Qanunun 5-ci maddəsi özəlləşdirilən mənzilin yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı əsasında onlardan birinin, bir neçəsinin və ya hamısının mülkiyyətinə verilə bilməsini nəzərdə tutur. Qanunun 8-ci maddəsi isə özəlləşdirmə üçün təqdim edilməli sənədlər sırasında ərizəçi ilə birlikdə yaşayan, mənzilə hüququ olan yetkinlik yaşına çatmış şəxslərin, habelə müvəqqəti başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin razılıq ərizələrini ayrıca tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2012-ci il tarixli Qərarında da razılığın hüquqi təbiəti aydın şəkildə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi göstərmişdir ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu hüquqi mövqedən birbaşa nəticə çıxır ki, özəlləşdirməyə razılıq sadəcə texniki sənəd və ya başqa şəxsin mülkiyyət əldə etməsinə əsassız maneçilik vasitəsi deyil, o, mənzil üzərində hüququ olan şəxsin özəlləşdirmənin nəticəsində formalaşacaq mülkiyyət strukturuna münasibətdə iradə ifadəsidir. Razılıq verməklə şəxs özəlləşdirmədə iştirak etmək imkanından imtina edir. Deməli, belə razılıq olmadan şəxsin özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdiyi də qəbul edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətində yaşayış hüququ ilə razılıq hüququnun bir-birindən tamamilə təcrid olunmuş hüquqlar kimi təqdim edilməsi Qanunun məqsədinə və Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyinə uyğun gəlmir. Konstitusiya Məhkəməsi, əksinə, özəlləşdirmə hüququnun yaranmasını bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqələndirmişdir. Hazırkı işdə iddiaçının mənzil üzərində istifadə hüququnun mövcudluğu apellyasiya instansiyasında artıq mübahisə predmeti də deyil. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsinə iddiaçının mənzildən istifadə hüququnun mövcudluğunu qəbul edib-etmədiyi barədə birbaşa sual verilmiş və nümayəndə bunu qəbul etdiyini bildirmişdir. Ardınca iddiaçının istifadə hüququ olduğu halda onun razılığının alınmasının zəruriliyi barədə suala verilən cavabda da problemin məhz iddiaçının razılıq verməməsindən ibarət olduğu göstərilmişdir. Bu izahat apellyasiya şikayətində irəli sürülən “iddiaçının özəlləşdirməyə münasibətdə heç bir hüququ yoxdur” tezisi ilə ziddiyyət yaradır. Iddiaçının son illərdə mənzildə daimi faktiki yaşamaması barədə dəlil də başqa nəticəyə gəlmək üçün kifayət deyildir. Ilk növbədə, yuxarıda istinad edilən Qanunun 8-ci maddəsi yalnız fiziki olaraq hər gün mənzildə olan şəxsləri deyil, müvəqqəti başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxsləri də müdafiə dairəsinə daxil edir. Buna görə fiziki mövcudluqla hüququn mövcudluğu eyniləşdirilə bilməz. Şəxsin müəyyən müddət mənzildə faktiki yaşamaması, onun istifadə hüququna qanunla nəzərdə tutulmuş qaydada xitam verilməsi ilə eyni hüquqi nəticə doğurmur. Yəni, iddiaçının yaşayış və istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə aktı mövcud deyil. Əksinə, apellyasiya baxışında üçüncü şəxsin nümayəndəsinin izahatından iddiaçının istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə ayrıca mülki işin hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olduğu müəyyən edilmişdir. Bu hal özü göstərir ki, ## #### 2025-ci ildə özəlləşdirmə aparılarkən iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə tanınmış istifadə hüququ hüquqi qüvvəsini itirməmişdi. Gələcəkdə həmin hüquqa başqa məhkəmə qərarı ilə xitam verilə bilməsi ehtimalı artıq baş vermiş özəlləşdirmənin qanuniliyini geriyə qüvvə ilə təmin edə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin ## #### 2016-cı il tarixli, *-*(**)-****/**** saylı qərarından göründüyü kimi, X4 və hazırkı apellyator Üçüncü şəxs məhz bu mənzilin paylı mülkiyyət kimi özəlləşdirilməsinə nail olmaq üçün qeydiyyat orqanına və daha sonra məhkəməyə müraciət etmiş, İddiaçı isə həmin işdə üçüncü şəxs olmuşdur. Maraqlıdır ki, həmin vaxt Üçüncü şəxs mənzilin 1/3 hissəsinin məhz İddiaçı mülkiyyətinə verilməsini də tələb etmişdir. Bu fakt ayrıca hüquqdan imtina və ya hüquqi etiraf yaratmasa da, apellyatorun indiki “iddiaçının özəlləşdirmə münasibətinə heç bir aidiyyəti yoxdur” mövqeyinin onun əvvəlki prosessual davranışı ilə aşkar ziddiyyət təşkil etdiyini göstərir. 2016-cı ildə qeydiyyat orqanı özəlləşdirmədən məhz İddiaçı razılıq ərizəsinin təqdim edilmədiyi və mənzilin mübahisəli olduğu üçün imtina etmiş, məhkəmə də həmin imtinanı qanuni hesab etmişdir. Məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5 və 8-ci maddələrini tətbiq edərək iddiaçının razılığının olmamasını özəlləşdirməyə mane olan hal kimi qiymətləndirmiş və iddia tələbini rədd etmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bu məqamda həmin qərarın hazırkı işin fərqli predmetinə görə mübahisənin nəticəsini avtomatik olaraq müəyyən edən res judicata qüvvəsinə malik olub-olmaması barədə nəzəri mübahisəyə girmək belə zəruri deyil. Həmin məhkəmə akt(lar)ının iş üçün həlledici əhəmiyyəti ondan ibarətdir ki, eyni mənzil, eyni hüquq sahibləri, eyni qeydiyyat orqanı və eyni özəlləşdirmə qanunvericiliyi çərçivəsində iddiaçının razılığının olmaması artıq özəlləşdirməyə mane olan hal kimi qiymətləndirilmişdir. Apellyasiya iclasında cavabdehin nümayəndəsi 2016-cı ildən sonra müvafiq qanun normasının dəyişmədiyini də təsdiq etmiş, “bəs 2016-cı ildə niyə imtina edilmişdi?” sualına yalnız “ola bilər, həmin vaxt iddiaçı orada yaşayırdı” cavabını vermişdir. Belə ehtimal xarakterli izahat eyni inzibati orqanın dəyişməyən hüquqi tənzimləmə şəraitində əvvəlki yanaşmasından niyə imtina etdiyini hüquqi cəhətdən əsaslandırmır. Xüsusilə nəzərə alınmalıdır ki, ## #### 2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat arayışına əsasən, üçüncü şəxslə yanaşı iddiaçı İddiaçı və onların oğlu X5 da mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. Buna baxmayaraq, cəmi 17 gün sonra - ## #### 2025-ci ildə mənzil bütövlükdə üçüncü şəxsin xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır. Qeydiyyat orqanı bu zaman iddiaçının qüvvədə olan məhkəmə qətnaməsi ilə tanınmış istifadə hüququna hansı hüquqi əsasla xitam verildiyini, həmin hüququn niyə nəzərə alınmadığını və 2016-cı ildə zəruri hesab etdiyi razılığın 2025ci ildə hansı səbəbdən artıq tələb olunmadığını əsaslandıra bilməmişdir. Apellyatorun hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsipinə istinadı da onun xeyrinə nəticə doğurmur. Hüquqi müəyyənlik yalnız sonradan əldə edilmiş reyestr qeydinin sabitliyinin qorunması demək deyildir, bu prinsip ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının, həmin aktlarla müəyyən edilmiş hüquqi vəziyyətin və dövlət orqanlarının davranışının ardıcıllığının qorunmasını tələb edir. Hazırkı halda hüquqi müəyyənliyi pozan hal iddiaçının məhkəməyə müraciəti deyil, 2010-cu ildən qüvvədə olan məhkəmə qətnaməsi və 2016-2017-ci illərdə eyni mənzilə dair formalaşmış hüquqi vəziyyət nəzərə alınmadan 2025-ci ildə əks məzmunlu inzibati nəticənin yaradılmasıdır. Üçüncü şəxs həm 2010-cu il mülki işinin cavabdehi, həm də 2016-cı il inzibati işinin iddiaçısı olmuşdur. Buna görə onun iddiaçının mənzil üzərində hüququnun və razılıqla bağlı əvvəlki mübahisənin mövcudluğundan xəbərsiz olması barədə əsaslı gözləntidən söhbət gedə bilməz. Bundan başqa, şikayətdə qeydiyyatın “illər sonra” ləğv edilməsinin hüquqi sabitliyi pozduğu barədə yaradılan təsəvvür işin faktiki hallarına uyğun deyil. Üçüncü şəxsin mülkiyyət hüququ ## #### 2025-ci ildə qeydə alınmış, iddiaçı isə artıq 2025-ci ilin sentyabrınadək qeydiyyat orqanına həmin qeydiyyatın ləğvi ilə bağlı müraciət etmiş və ## ######## 2025-ci il tarixli cavab almışdır. Deməli, söhbət uzun illər ərzində sabitləşmiş və üçüncü şəxsin əsaslı etimad yarada biləcəyi hüquq münasibətindən deyil, yaranmasından qısa müddət sonra mübahisələndirilmiş dövlət qeydiyyatından gedir. Apellyasiya şikayətində və apellyasiya baxışında verilən “çıxarış iddiaçının hansı hüququnu pozur?” sualının cavabı da qanunvericilikdən birbaşa irəli gəlir. Iddiaçının hüququ yalnız mənzildə fiziki şəkildə yaşamaq hüququ ilə məhdudlaşmır. Onun qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmış istifadə hüququ, bu hüquq davam etdiyi müddətdə isə qanunda nəzərdə tutulmuş özəlləşdirmə prosesində iradəsinin nəzərə alınması hüququ mövcuddur. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyinə görə, razılıq vermək şəxsin mənzilin kimin adına özəlləşdirilməsini seçməsi və özünün özəlləşdirmədə iştirak etmək hüququndan imtina etməsi vasitəsidir. Iddiaçı belə iradə ifadə etmədiyi halda mənzilin bütövlükdə üçüncü şəxsin adına özəlləşdirilməsi onu qanunun verdiyi həmin seçim imkanından məhrum etmişdir. Məhz bu, iddiaçının subyektiv hüququna müdaxiləni təşkil edir. Qeydin ləğvi də iddiaçının hüquqi vəziyyəti baxımından real nəticə doğurur. Bu halda qanunla müəyyən edilmiş məcburi şərtlər pozulmaqla dövlət mənzil fondunun bir şəxsin xüsusi mülkiyyətinə keçirilməsi nəticəsində yaranmış hüquqi vəziyyət aradan qaldırılır və mənzilin sonrakı özəlləşdirilməsi yalnız bütün hüquq sahiblərinin hüquqları nəzərə alınmaqla, qanunda nəzərdə tutulmuş prosedura uyğun həyata keçirilə bilər. Buna görə apellyatorun çıxarışın mövcudluğunun iddiaçıya heç bir təsir göstərmədiyi barədə mövqeyi hüquqi reallığa uyğun deyildir. Üçüncü şəxsin kompensasiya ilə bağlı arqumentləri də hazırkı inzibati mübahisənin predmetindən kənardır. Apellyasiya iclasında iddiaçının nə qədər kompensasiyaya razı olması barədə sual məhz hazırkı işə aid olmadığı üçün məhkəmə tərəfindən çıxarılmışdır. Iddiaçının kompensasiya tələbinin məbləği, tərəflərin bununla bağlı razılığa gəlibgəlməməsi və ya istifadə hüququna kompensasiya müqabilində xitam verilməsi barədə ayrıca mülki işin nəticəsi ## #### 2025-ci ildə aparılmış dövlət qeydiyyatının həmin tarixdə qanuni olub-olmamasını müəyyən etmir. Inzibati aktın və ya inzibati hərəkətin qanuniliyi onun həyata keçirildiyi vaxt mövcud olmuş faktiki və hüquqi şərtlər əsasında qiymətləndirilməlidir. Sonradan istifadə hüququna xitam verilməsi ehtimalı əvvəl yol verilmiş hüquq pozuntusunu geriyə qüvvə ilə qanuniləşdirə bilməz. Beləliklə, apellyasiya şikayətinin əsasını təşkil edən müddəalar ayrı-ayrılıqda və məcmu halda birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. 1988-ci il orderində iddiaçının adının olmaması onun sonradan qanuni əsaslarla və məhkəmə qətnaməsi ilə tanınmış mənzil hüququnu aradan qaldırmır 2010-cu il qətnaməsi yalnız formal qeydiyyat deyil, iddiaçının həmin mənzilin kirayəçisinin ailə üzvü kimi hüquqi statusunu və yaşayış hüququnu müəyyən etmişdir; həmin qətnamə qanuni qüvvədədir və icra edilmişdir; üçüncü şəxs iddiaçının istifadə hüququnun hazırda da mövcud olduğunu apellyasiya iclasında qəbul etmişdir; iddiaçının bu hüququna özəlləşdirmədən əvvəl xitam verildiyini təsdiq edən hər hansı məhkəmə aktı yoxdur; onun özəlləşdirməyə razılığı mövcud deyil; 2016-cı ildə eyni mənzilin özəlləşdirilməsi məhz həmin razılığın olmaması səbəbindən mümkün hesab edilməmiş və bu hüquqi nəticə apellyasiya və kassasiya instansiyalarında qüvvədə saxlanılmışdır; 2016-cı ildən sonra tətbiq olunan qanun norması dəyişməmişdir; nəhayət, 2025-ci ildə qeydiyyat aparılarkən iddiaçının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatı və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış istifadə hüququ qüvvədə olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar