Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1739/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) cavabdehin imtinasının qanunsuz hesab edilməklə, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin texniki pasportda əks olunan faktiki ölçüsünü 810 kv.m. qeyd edilməklə, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xususi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən ##.##.2007-ci il tarixində tərtib edilmiş, inventar nömrəsi 11/902 olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) texniki pasportunda tikintialtı sahə 0,03732 hektar , faktiki sahə isə 0,08712 hektar qeyd edilmişdir. Iddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq onun faktiki istifadəsində olan və texniki pasportda əks olunan torpaq sahəsinin ölçüləri, yəni 871 kv.m. göstərilməklə torpaq sahəsi üzərində xususi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Imtina qanunsuzdur və formal xarakter daşıyır. Belə ki, sökülmüş əmlakın qeydiyyatının ləğv edilməsi barədə ərizə verilir və faktiki sahə ilə bağlı notarial təsdiqli həmin çatışmayan hissədən imtina ərizəsi təqdim edilir. Həmçinin, kadastr planı tək müstəqil hüquqmüəyyənedici sənəd deyil. Fərdi yaşayış evinin texniki pasportu ilkin olaraq 1955-ci ildə tərtib edilmiş, bundan sonra Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli, **** saylı sərəncamı əsasında yenidən inşa edilərək, həmin vaxtda da texniki pasport tərtib edilmişdir. Eyni zamanda, həmin ünvanda iddiaçının qonşusu X3 eyni sənədlər əsasında torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmış və ona ********** qeydiyyat nömrəli çixarış təqdim edilmişdir. 40 ildən artıq olaraq iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsi heç bir qurum, təşkilat və ya 3-ü şəxs tərəfindən mübahisələndirilməyib və bu gündə mübahisə predmeti deyil. Cаvаbdеhin iddiаyа qarşı yazılı еtirаzını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü müəyyən edilmiş, lakin sökülmüş hissə ilə bağlı hüquqların qeydiyyatının ləğvinə dair ərizə təqdim olunmamışdır. Həmçinin, qonşu sahədə yerləşən daşınmaz əmlaka giriş də göstərilən sahədəndir. Eləcə də, sənəd üzrə torpaq sahəsinin ölçüsü 871,2 kv.m. qeyd edilsə də, faktiki 864 kv.m. təşkil edir. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Üçüncü şəxs MMC-nin adına verilmiş kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən 810 kv.m. torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, sərəncam ləğv olunsa da, kadastr məlumatları qalmaqdadır. Əgər sərəncam ləğv olunubsa onda iddiaçı ilk olaraq məhkəmə qaydasında kadastr məlumatlarını ləğv etdirməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, hazırkı cavabdehin istinad etdiyi sərəncamın ləğv edildiyini müəyyən olunmuşdur. Həmçinin qonşunun giriş-çıxışına mane olması məsələsinə görə də iddia tələbinin həcmi 54 kv.m. azaldılmışdır. Hal-hazırda iddia tələbi 810 kv.m. həcmində müdafiə edilir. Həmçinin cavabdeh tərəf özü də sahənin 864 kv.m. olmasını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ ##.##.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. ##.##.2004-cü il tarixli texniki pasportda həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 871,2 kv.m., tikintialtı sahəsi 373,2 kv.m., digər torpaq sahəsi isə 498 kv.m. göstərilmiş, ##.##.2007-ci il tarixli 11/902 inventar nömrəli texniki pasportda da faktiki sahə 0,08712 ha, tikintialtı sahə 0,03732 ha və digər sahələr 0,0498 ha kimi qeyd edilmişdir. Cavabdehin özünün apardığı sonrakı texniki baxış zamanı isə faktiki sahənin 864 kv.m. olduğu müəyyən edilmişdir. Mübahisənin hüquqi həlli zamanı ilk növbədə nəzərə alınmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin və həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsi isə həyətyanı sahələrin vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini nəzərdə tutur. Bu hüququn rəsmiləşdirilməsi istifadə hüququnun qanuniliyini təsdiq edən sənədlər əsasında dövlət reyestrində aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsi də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədləri dövlət qeydiyyatının hüquqi əsası kimi qəbul edir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının hazırda qüvvədə olan 2.4-cü bəndində texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib edilmiş, həyətyanı torpaq sahəsinin ölçüsü göstərilən texniki pasportlar hüquqmüəyyənedici sənədlər sırasına daxil edilmişdir. ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanla edilmiş son dəyişikliklərlə eyni zamanda bu sənədlərin milli arxiv fondunda əsasının olması tələbi müəyyən edilmişdir. Hazırkı işdə isə tarixi texniki sənədlər bilavasitə dövlət orqanlarının arxivlərindən əldə olunmuş və cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MTK-nın şikayəti üzrə ## ###### 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, qanuni istifadədə olan həyətyanı torpaq sahəsinin texniki pasportla təsdiq olunması həmin torpağın “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin təsiri altına düşməsi baxımından hüquqi əhəmiyyət daşıyır. Eyni zamanda Konstitusiya Məhkəməsi belə sənədin formal mövcudluğu ilə kifayətlənilməməsini, onun həqiqiliyinin, mötəbərliyinin və torpaqdan istifadənin qanuniliyinin işin digər sübutları ilə birlikdə araşdırılmasını tələb etmişdir. Hazırkı işdə birinci instansiya məhkəməsi məhz belə yanaşmadan çıxış etmiş, texniki pasportla kifayətlənməmiş, tarixi arxiv sənədlərini, yaşayış evi üzərində dövlət qeydiyyatını, Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli sərəncamını, sonrakı texniki inventarlaşdırma materiallarını, cavabdehin yerində apardığı ölçmənin nəticəsini və üçüncü şəxsə aid sənədlərin hüquqi vəziyyətini birlikdə araşdırmışdır. Doğrudur, iş materiallarında 1969-cu ildə tərtib edilmiş texniki pasportda həyətyanı sahənin 396 kv.m. göstərildiyi müəyyən edilmişdir. Lakin həmin göstəricinin mövcudluğu sonrakı dövrdə yaranmış faktiki və hüquqi vəziyyətin nəzərə alınmamasına və mübahisənin yalnız bu rəqəm əsasında həllinə əsas vermir. Həmin sənəddən sonra Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli sərəncamı əsasında fərdi yaşayış evi sökülərək yenidən inşa edilmiş, 2004 və 2007-ci illərdə səlahiyyətli dövlət orqanları tərəfindən aparılmış texniki inventarlaşdırma zamanı eyni daşınmaz əmlak üzrə faktiki torpaq sahəsi ardıcıl olaraq 871,2 kv.m. həcmində rəsmən qeydə alınmış, daha sonra cavabdehin öz texniki baxışı ilə sahənin faktiki olaraq 864 kv.m. olduğu təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi də məhz bütün bu sənədləri və onların xronoloji əlaqəsini birlikdə qiymətləndirmişdir. Bu baxımdan xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh apellyasiya şikayətində 810 kv.m. sahənin hər hansı konkret hissəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq, küçə-yol sahəsi, yaxud başqa şəxsin qüvvədə olan hüququ ilə əhatə edildiyini müəyyən edən sənəd, koordinat, plan, yerquruluşu materialı və ya digər sübut təqdim etməmişdir. Əksinə, inzibati orqan faktiki istifadənin 864 kv.m. olduğunu özü müəyyən etmişdir. Iddiaçı isə qonşu daşınmaz əmlaka girişlə bağlı cavabdehin iradını nəzərə alaraq tələbini faktiki müəyyən olunmuş 864 kv.m-dən 54 kv.m. azaldıb 810 kv.m-lə məhdudlaşdırmışdır. Belə olan halda 810 kv.m-lik sahənin hansı konkret hissəsinin iddiaçının qanuni istifadəsinə aid olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədən, yalnız müxtəlif illərin texniki sənədlərindəki göstəricilərin fərqli olmasına istinad edilməsi iddianın rədd olunması üçün kifayət edə bilməz. Bu nəticə Inzibati Prosessual Məcəllənin sübutetmə vəzifəsinə dair 14.3-cü maddəsinin məzmunundan da irəli gəlir. Həmin normaya əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair iddialarda aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, inzibati orqan tələb olunan aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərə istinad etdikdə həmin istisnaedici halların mövcudluğunu sübut etmək vəzifəsini özü daşıyır. Hazırkı işdə iddiaçı öz hüququnun yaranmasını əsaslandıran arxiv və texniki sənədləri təqdim etmiş, cavabdeh isə hüququn qeydiyyatını istisna etdiyini iddia etdiyi halların - başqa şəxsin qüvvədə olan hüququnun, 810 kv.m. sahənin qonşu əmlaka girişlə faktiki toqquşmasının və ya həmin sahənin hər hansı hissəsinin qanunsuz zəbt olunmasının mövcudluğunu sübut etməmişdir. Apellyasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18ci maddəsinə istinad edilməklə yaşayış evinin söküldüyü, lakin onun qeydiyyatının ləğvi barədə ərizə verilmədiyi qeyd olunur. Bu dəlil mübahisənin predmetinə aid olmayan hüquqi nəticənin hazırkı tələbə şamil edilməsinə əsaslanır. Belə ki, istinad edilən Qanunun 18-ci maddəsi məhv olmuş daşınmaz əmlak obyektinin özünün dövlət qeydiyyatına xitam verilməsi məsələsini tənzimləyir. Hazırkı iddianın predmeti isə sökülmüş tikili üzərində mülkiyyət hüququnun saxlanılması deyil, həmin daşınmaz əmlakla tarixən bağlı olan və iddiaçının qanuni istifadəsində olmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasıdır. Tikili və torpaq sahəsi müstəqil daşınmaz əmlak obyektləri olduğundan, tikilinin fiziki olaraq mövcudluğuna son qoyulması həyətyanı torpaq sahəsindən əvvəlki qanuni istifadənin hüquqi nəticələrini öz-özlüyündə aradan qaldırmır. Birinci instansiya məhkəməsi də düzgün olaraq qeyd etmişdir ki, iddia predmeti torpaq sahəsinə aid olduğundan, fərdi yaşayış evinin sökülməsi torpaq sahəsi üzərində hüququn mövcudluğunu avtomatik olaraq aradan qaldıran hal deyil. Başqa sözlə, sökülmüş tikilinin dövlət qeydiyyatına xitam verilməsi zərurəti ayrıca qeydiyyat əməliyyatıdır və qanunvericilikdə bu əməliyyatın həyata keçirilməsi həyətyanı torpağın “Torpaq islahatı haqqında” Qanundan irəli gələn özəlləşdirilməsi hüququnun ilkin şərti kimi nəzərdə tutulmamışdır. Cavabdehin mövqeyi qəbul edildiyi halda, maddi hüquqda nəzərdə tutulmayan əlavə şərt inzibati orqan tərəfindən yaradılmış olardı ki, bu da hüquqların dövlət qeydiyyatından imtina əsaslarının genişləndirici təfsiri demək olardı. Cavabdehin qonşu daşınmaz əmlaka girişin də mübahisəli sahədən olması barədə dəlili birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi ilə faktiki olaraq aradan qaldırılmışdır. Cavabdehin apardığı baxış nəticəsində ümumi faktiki sahənin 864 kv.m. olduğu müəyyən edildikdən sonra iddiaçı qonşunun giriş-çıxış imkanının saxlanılması məqsədilə tələb etdiyi sahəni 54 kv.m. azaldaraq 810 kv.m. müəyyən etmişdir. Birinci instansiya məhkəməsi bu halı ayrıca qiymətləndirmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri elektron kadastr məlumatlarında mübahisəli sahənin vaxtilə Üçüncü şəxs MMC-nin adına tərtib edilmiş kadastr planının baza məlumatları ilə üst-üstə düşməsidir. Iş materiallarında olan sənədlərdən isə görünür ki, Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2007-ci il tarixli *** nömrəli sərəncamı ilə Üçüncü şəxs MMC-yə 0,18 ha torpaq sahəsi xəstəxana binasının tikintisinin layihələndirilməsi üçün icarəyə verilmiş, lakin Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2012-ci il tarixli *** nömrəli sərəncamı ilə məhz Üçüncü şəxs MMC-yə aid hissədə *** nömrəli sərəncam ləğv edilmişdir. Daha sonra icarə müqavləsinə xitam verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə məktubla müraciət edilərək həmin ləğv edilmiş sərəncam əsasında Üçüncü şəxs MMC-nin adına hazırlanmış A № ****** saylı kadastr planının ləğv edilməsinə dair göstərişin verilməsi xahiş edilmişdir. Beləliklə, apellyasiya şikayətində istinad olunan “üst-üstə düşmə” qüvvədə olan iki maddi hüququn toqquşmasını deyil, hüquqi əsası sonradan aradan qalxmış kadastr məlumatının informasiya sistemində saxlanılmasını ifadə edir. Hüququ yaradan inzibati akt ləğv edildikdən, həmin hüququn benefisiarı torpaqdan imtina etdikdən və kadastr sənədinin özünün ləğvi üçün səlahiyyətli dövlət orqanı tərəfindən prosedur başlandıqdan sonra, informasiya bazasında həmin məlumatın texniki olaraq qalması üçüncü şəxsin mövcud subyektiv hüququ kimi qiymətləndirilə bilməz. Bu nəticə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-9.1.4-cü maddələrinin sistemli təfsirindən də aydın görünür. 9.1.2-ci maddə sənədlərdəki məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılmasını, 9.1.3-cü maddə isə məhz bəyan olunan hüquqla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətin olub-olmamasının müəyyənləşdirilməsini tələb edir. 9.1.4-cü maddəyə görə isə imtina və ya qeydiyyatın dayandırılması üçün qanuni əsas olmadıqda hüquq qeydiyyata alınmalıdır. Deməli, 9.1.2-ci maddədə nəzərdə tutulan yoxlama prosedur xarakterli mərhələdir və onun özü ayrıca imtina əsası yaratmır. Hazırkı halda cavabdeh Üçüncü şəxs MMC-nin mübahisəli sahə üzərində hazırda dövlət reyestrində qüvvədə olan mülkiyyət, istifadə, icarə və ya digər əşya hüququnun mövcudluğunu göstərməmişdir. Əksinə, işdə olan sənədlər həmin hüququn ilkin hüquqi əsasının ləğv edildiyini göstərir. Bu baxımdan kadastr bazasında tarixi məlumatın qalması “qeydiyyata alınmış hüquqlar arasında ziddiyyət” anlayışı ilə eyniləşdirilə bilməz. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi də *** nömrəli sərəncamın ləğv olunduğunu mübahisələndirməmiş, yalnız kadastr məlumatlarının hələ də bazada qaldığını bildirərək iddiaçının ayrıca məhkəməyə müraciət etməklə həmin məlumatları ləğv etdirməli olduğunu irəli sürmüşdür. Bu izahat kadastrdakı uyğunsuzluğun inzibati orqanın informasiya sistemində hüquqi vəziyyətin aktuallaşdırılmamasından irəli gəldiyini göstərir. Hüquqi əsasını itirmiş məlumatın dövlət orqanının məlumat bazasında texniki olaraq saxlanılması həmin məlumatı yenidən hüquqmüəyyənedici sənədə çevirmir. Inzibati orqanın öz uçot sistemindəki belə vəziyyətin nəticəsini vətəndaşın üzərinə qoyaraq, onu artıq hüquqi əsasını itirmiş məlumatın ləğvi üçün ayrıca məhkəmə prosesinə yönəltməsi üçün qanunda konkret əsas olmalıdır. Cavabdeh belə bir normativ əsas göstərməmişdir. Əks yanaşma hüquqi səbəblə hüquqi nəticə arasındakı əlaqəni tərsinə çevirərdi: kadastr məlumatı hüququn mövcudluğu səbəbindən saxlanılmalıdır, kadastr məlumatının bazada saxlanılması isə özü-özlüyündə artıq xitam verilmiş hüququ qüvvədə saxlamaq qabiliyyətinə malik deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtina edilə bilən halları konkret şəkildə müəyyən edir. Bunlara müraciət olunan hüququn dövlət qeydiyyatına alınmalı hüquq olmaması, təqdim edilmiş sənədlərin forma və məzmununun qanunvericiliyin tələblərinə cavab verməməsi, müraciət edən şəxsin səlahiyyətinin olmaması, hüququn yaranmasına əsas olmuş inzibati aktın etibarsız sayılması, sənədi vermiş şəxsin sərəncam səlahiyyətinin olmaması və qeydiyyatın dayandırılmasına səbəb olan halların aradan qaldırılmaması daxildir. Cavabdehin imtinasında isə faktiki hallar sadalansa da, həmin halların Qanunun 15.1-ci maddəsinin konkret hansı bəndində nəzərdə tutulan hüquqi imtina əsasını yaratdığı göstərilməmişdir. Halbuki “Inzibati icraat haqqında” Qanunun 61.1, 61.2 və 61.4-cü maddələrinə görə, yazılı inzibati akt əsaslandırılmalı, əsaslandırmada işin faktiki və hüquqi halları, onları təsdiq və ya rədd edən sübutlar və tətbiq edilən hüquq normaları göstərilməli, inzibati orqan aktını yalnız inzibati icraat zamanı tədqiq etdiyi fakt və sübutlara əsaslandırmalıdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsindən irəli gələn xidməti araşdırma prinsipinə əməl etmədiyini ümumi şəkildə bildirmiş və etirazda göstərilən dəlillərin “ətraflı araşdırılmadığını” qeyd etmişdir. Lakin iş materialları bu dəlili təsdiqləmir. Inzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələri məhkəmənin tərəflərin təqdim etdiyi materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyətli halları xidməti vəzifəsinə görə araşdırmasını və zəruri sübutları öz təşəbbüsü ilə toplamasını nəzərdə tutur. Birinci instansiya məhkəməsi hazırkı işdə həmin vəzifənin icrası çərçivəsində Bakı Şəhər Icra Hakimiyyətindən ##.##.2012-ci il tarixli *** nömrəli sərəncamı və onun qəbul edilməsinə əsas olmuş sənədləri əldə etmiş, cavabdehdən 77A ünvanına aid arxiv qovluğunu və Üçüncü şəxs MMC-yə dair inzibati icraat materiallarını tələb edib araşdırmış, texniki pasportları, dövlət reyestrindən çıxarışı, kadastr planını, üçüncü şəxsə torpaq ayrılmasının və sonradan həmin hüquqi əsasın aradan qalxmasının sənədlərini tədqiq etmişdir. Daha əhəmiyyətlisi, birinci instansiya məhkəməsi cavabdehin etirazında göstərilən dəlillərin hər birinə ayrıca münasibət bildirmişdir: tikilinin sökülməsinin torpaq hüququna təsirini qiymətləndirmiş, qonşunun giriş-çıxışı ilə bağlı iddia tələbinin azaldılmasını nəzərə almış, Üçüncü şəxs MMC-yə dair sərəncamın ləğvini və kadastr sənədinin ləğvi üçün edilmiş müraciəti araşdırmış, nəhayət, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarının mövcudluğunu ayrıca yoxlamışdır. Apellyasiya instansiyasında keçirilmiş şifahi məhkəmə baxışı zamanı cavabdeh bu araşdırmanın hansı konkret faktiki hal üzrə natamam olduğunu göstərən yeni sübut təqdim etməmiş, əlavə sübutun tələb olunması, ekspertiza keçirilməsi, yerində baxış aparılması və ya digər prosessual hərəkətin həyata keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə tədqiqatı tamamlanmazdan əvvəl tərəflərdən yeni sübutların, birinci instansiya məhkəməsinin araşdırmaqdan imtina etdiyi sübutların və ya başqa vəsatətlərin olub-olmaması soruşulmuş, belə müraciətin olmadığı bildirilmişdir. Bu halda yalnız abstrakt şəkildə Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin pozulduğunu bildirmək qərarın ləğvi üçün prosessual əsas yarada bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1739/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1739/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver